|
Azad Qarabağ - 1-ci səhifə
Baş redaktordan
Hörmətli oxucular!
Vətənsevərlər, Qarabağsevərlər!
Çox çətinlikdən sonra, hələ də
çətinliklər içərsində qalmaqla biz də qəzetimizi nəşr etmək qərarına gəldik.
Qəzetimizi sizlərin mühakiməsinə veririk. İstərdik ki, "Azad Qarabağ" sizlərin
hər birinin qəzeti olsun.
Bizi, Azərbaycanın ərazi bütövlüyü,
Qarabağ, Zəngəzur, Göyçə, İrəvan uğrunda yorulmadan mübarizə aparan qara
fəhlələrin məqsədi, məqamı, istəyi hamımıza məlumdur. İşğalçı ermənilər
torpaqlarımızdan rədd olub getməlidirlər. Torpağımızın taleyi döyüş meydanında
Azərbaycan əsgərinin silahı və rəşadəti ilə həll olunmalıdır. Cəmiyyətimizin hər
layı, təbəqəsi müharibə qanunları ilə yaşamalıdır. Heç bir səviyyədə işğalçı
Ermənistan nümayəndələri ilə danışıqlar, müzakirələr aparılmamalıdır. Hər bir
vətəndaş torpağımız uğrunda savaşa hazır olmalıdır.
"Azad Qarabağ" iqtidarın, müxalifətin,
qrupun yox, millətin qəzetidir!
"Azad Qarabağ" erməni işğalçılarına
qarşı mübarizəyə, müqəddəs savaşa səfərbərlik qəzetidir!
"Azad Qarabağ" öz millətinə. dininə,
adət-ənənələrinə bağlı olan vətənpərvərlik qəzetidi!
Hörmətli oxucular!
"Azad Qarabağ" hamımızın yazacağımız
və hamımızın oxuyacağımız qəzet olacaqdır. Gəlin hamımız bir yerdə olaq. Bu gun
hamımızın, bütün vətənsevərlərin bir yerdə olmağına ehtiyacımız və birsözümüz
var:
Ya Qarabağ, ya ölüm!
Mövqe
 |
İlham Əliyev, Azərbaycan
Respublikasının Prezidenti: Gələcək illərdə Azərbaycanın ərazi bütövlüyü
məsələsində heç bir güzəşt olmayacaq. Heç bir qərar qəbul edilməyəcək ki, nə
bu gün, nə sabah, nə də yüz ildən sonra imkan yaratsın ki, Dağlıq Qarabağ
Azərbaycandan ayrılsın. |
 |
İsa Qəmbər, Müsavat
partiyasının başqanı: Bir narahatçılıq doğuran məqam var - hakimiyyət Dağlıq
Qarabağda referendum keçirilməsinə razılıq veribmi? Əgər hakimiyyət buna
razılaşıbsa, bu o deməkdir ki, Qarabağın verlməsinə razılaşıb. Onda
hakimiyyət buna görə bütün xalqın qarşısında cavab verməlidir. Bu danışıqlar
prosesini çox diqqətlə izləyirik və Qarabağın verilməsi təhlükəsi olsa,
sakit dayanmaq fikirində deyilik. |
 |
Sabina Frayzer, Beynəlxalq
Böhran Qrupunun Cənubi Qafqaz üzrə nümayəndəsi: Biz açıq şəkildə
Azərbaycanın böyük hissəsinin işğal altında olduğunu bəyan etmişik...
Diplomatik danışıqlar heç bir nəticə verməsə, Azərbaycan müharibə yolunu
seçə bilər... |
 |
Alen Deletroz, Beynəlxalq
Böhran Qrupunun vitse-prezidenti: Dağlıq Qarabağda gələcək referendum Dağlıq
Qarabağın müstəqilliyinin elan olunması ilə nəticələnəcək, və bütün tərəflər
əvvəlcədən bu nəticələri tanıyacaqlarını bildirməlidirlər. |
 |
Terri Devis, Avropa
Şurasının baş katibi: 6 həftədən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində
yeniliklər olacaq. |
 |
Vəfa Quluzadə, müsətəqil
politoloq: ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağı və Laçını
ermənilərə verməyimizi istəyirlər. Əgər həmsədrlər nə istədiklərini açıq
desələr, Azərbaycan xalqı onları daş-qalaq edər. |
Rambuye
qəsrində qurulmuş tələ
Sabah Paris
yaxınlığındakı Rambuye qəsrində yüksək səviyyədə keçiriləcək görüş diqqətlə
izlənilir. Müxtəlif proqnozlar verilir. Bəzi mülahizələrə görə, bu görüş Qarabağ
məsələsinin həlində dönüş nöqtəsi ola bilər. Bu fikirlə razılaşmaq olar. Amma
dönüş hansı istiqamətdə olacaqdır? Dəfələrlə məkrli planların qurulduğu bu
qəsrdə Azərbaycanı hansı swrprizlər gözləyir? Beynəlxalq qurumlar, birinci
növbədə Minsk qrupu həmsədrləri bu görüşdə ciddi nəticələrin əldə olunacağı ilə
bağlı bəyanatlar verirlər. Ermənistan tərəfi Rambuye görüşünə yüksək
əhval-ruhiyyə ilə getdiyini gizlətmir. Azərbaycan rəsmiləri istər-istəməz, nə
qədər gizlətməyə çalışsalar da, güzəştə getməli olduqlarını faktiki olaraq
etiraf edirlər. Xarici işlər naziri Elmar Məmmədyarov uzun müddət sülhməramlı
qüvvələrin münaqişə zonasına gətirilməsinə dair danışıqların aparılmadığını
bəyan etsə də, sonda bu məsələ ilə bağlı güzəştə getməli olduqlarını bildirdi.
Buradan da məntiqlə düşünsək uyğun nəticənin çıxarılması çətin deyil.
Sülhməramlıların gətirilməsinə razılıq verilirsə, bu tezi və ya geci
referendumun keçirilməsini şərtləndirir. Fransa prezidentinin bu görüşün
keçirilməsi üçün ev yiyəsi təşəbbüsü ilə çıxış etməsi də təsadüfi deyil. Fransa
mətbuatında belə fikirlər səslənir ki, Şirak hakimiyyət olimpini tərk etməmişdən
əvvəl öz xalqı və dost Ermənistan qarşısında əsas xidmətlərindən birini
göstərməyə çalışır, tarixə Qarabağ münaqişəsinin həllinə nail olmuş prezident
kimi düşmək istəyir. H.Əliyev dönəmindən başlayaraq Azərbaycan və Fransa
hakimiyyətlərinin “xüsusi münasibətləri” də heç kəs üçün sirr deyil.
Çoxsaylı
mülahizələrdən, rəsmi bəyanatlardan geniş iqtibaslar gətirmədən görüş öncəsi
situasiya və hadisələrin mümkün inkişaf ssenarilərini diqqətə çəkək. ABŞ və
Rusiya münaqişənin nəhayət ki, həllində maraqlı olduqlarını gizlətmirlər.
Rusiya, bir tərəfdən, Kosovo üçün nəzərdə tutulan modelin universallığını, bu və
digər münaqişələrə də tətbiq olunmasının zəruriliyini vurğulayır. Rusiya Kosovo
modelinin Dağlıq Qarabağdan daha çox, Dnestryanı, Abxaziya və Cənubi Osetiya
ilə bağlı tətbiq olunmasında maraqlıdır. Rusiya Dağlıq Qarabağla bağlı ikili
mövqedən çıxış etməklə, hər iki variantda, yəni həm həll, həm də hələlik
qeyri-həll variantlarında öz dividentlərini götürməyə çalışır. Rusiya birinci
halda Azərbaycana hərbi bazalarını qaytarmaqla, ikincidə isə hər iki münaqişə
tərəfinə təsir vasitəsini əldə saxlamaqla maraqlarını təmin edir. ABŞ
münaqişənin nizama salınmasında Bakı-Ceyhan neft kəməri və İran məsələsi ilə
bağlı maraqlı görünür, lakin Kosovo variantının tətbiqindən qaçır. Yenə də bu
modelin tətbiqi ABŞ-a daha çox Dağlıq Qarabağla deyil, Abxaziya, Dnestryanı və
Osetiyanın taleyi ilə bağlı sərf eləmir. Ümumiyyətlə, ABŞ Dağlıq Qarabağa fərqli
münasibət göstərir, dünyanın 30-dan artıq bu tipli münaqişə zonasından yalnız bu
rejimə dövlət səviyyəsində yardım göstərir. ABŞ Ermənistana Rusiyadan daha çox
təsirə malik olsaydı, yəqin ki, Dağlıq Qarabağ münaqişəsinin Kosovo modeli ilə
həllinə uyğun nizamasalınmasına daha ciddi səy göstərərdi.
ABŞ və Rusiyanın
fərqli və eyni zamanda oxşar maraqlarının Rambuye görüşü ərəfəsində
uzlaşdırılması meyli hiss olunur. Bu razılaşma Azərbaycan üçün incəliklə
qurulmuş tələni xatırladır. Fransanın ev sahibliyi ilə qurulacaq, böyük
ehtimalla əsas ssenariyə görə, Azərbaycanı formal ərazi bütövlüyünün
saxlanılması şərti ilə Dağlıq Qarabağın faktiki müstəqilliyinə razı salmağa cəhd
ediləcəkdir. Dəfələrlə deyildiyi kimi, 3 əsas məsələ müzakirə olunur: Dağlıq
Qarabağın inzibati sərhədlərindən kənarda bir neçə rayonun boşaldılması və
məcburi köçkünlərin geri qaytarılması, Dağlıq Qarabağın statusu və referendum,
sülhməramlı qüvvələrin yerləşdirilməsi. Bu ssenariyə görə, bir neçə rayonun geri
qayıtarılması Azərbaycan hakimiyyətinə öz ölkəsində uyğun təbliqatın aparılması,
digər məsələlərlə bağlı gedilən güzəştlərin ört-basdır edilməsi üçün imkan
verəcəkdir. Bunun müqabilində Azərbaycan 10-15 ildən sonra statusla bağlı
referendumun keçirilməsinə razılaşır.Və formal olaraq bu mərhələdə məsələ
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunur. Beynəlxalq təşkilatlar bu
ssenari ilə Dağlıq Qarabağın Azərbaycan nəzarətindən çıxarılmasını tədricən
rəsmiləşdirməyə ümid edirlər. Sülhməramlı qüvvələr də regiona yerləşdirildikdən
sonra bu “tədrici rəsimləşdirmə” planının həyata keçirilməsində elə bir problem
qalmayacaqdır. Azərbaycan cəmiyyəti də tədricən Qarabağ itgisinə
uyğunlaşdırılacaqdır. Bu ssenarinin müəyyən variantlarda, məsələn bəzi
detalların götürülməsi və ya əlavə edilməsi şərti ilə də həyata keçirilməsi
mümkündür. Başqa bir variantda gizli sazişlərin bağlanması da istisna edilmir.
Dağlıq Qarabağın
statusu, sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı olan bütün
müzakirələr, ssenarilər Qarabağın itirilməsinə doğru aparır. Çünki heç vaxt öz
ssenarimizi qura bilməmiş, bütün yolların ya Romaya, ya Moskvaya, indi də
Rambuye qəsrinə aparması ilə razılaşmışıq. Bu, nə vaxta qədər davam edəcək?
Rambuye tələsindən çıxa biləcəyikmi? Çıxış yolu var, sadəcə, bu yolla getmək
istəyənlər olmalıdır.
Akif Nağı
|