|
Azad Qarabağ - 10-cu səhifə
Qarabağ heç bir sövdələşmənin hədəfi ola bilməz
Azərbaycanın
ərazi bütövlü - ən vacib suverenlik atributlarından biri vaxtaşırı müzakirə,
mübahisə predmetinə çevrilirsə və biz bunun səbəblərini sırf xarici amillərlə
izah edib özümüzü təmizə çıxarırıqsa geci-tezi tarixin mühakiməsi ilə üz-üzə
qalacağıq.
Məgər vətənlə
bağlı dəyərlərə etinasız münasibətimizin çeşidli fraqmentləri, epizodları,
torpaqlarımızın işğalı kimi ictimai bəlaya qeyri-adi dərəcədə uyuşmağımız, mənfi
səciyyəli əməllərimizə görə beynəlxalq qurumların hesabatlarında adımızın
mütəmadi hallandırılması dünyanın siyasi dairələrinin mövqeyinə təsir etmirmi?
Referendum
vasitəsi ilə Qarabağı Azərbaycandan qoparmaq niyyətinin rişələri ötən yüzilliyin
20-40-cı illərinə uzanır. Bəhs etdiyim mətləblə əlaqədar doğruluğuna inandığım
ciddi bir məxəzdən kiçik parçanı olduğu kimi diqqətinizə çatdırmaq istəyirəm.
“1913-cü ildə saxta pasport düzəldərək Amerikaya gedib iri fermerlərdən birinə
çevrilən və 1947-ci ildə SSRİ-yə qayıdan Suvaryan Zaxar Musayeviç deyir: “Mən
qarabağlıyam və Qarabağa gedirəm, mən gəlmişəm ki, böyük Ermənistan yarana.
Referendum keçirəcəyəm və bu sadə aktla Qarabağ Ermənistana birləşəcək.”
Qarabağda ən
qədim erməni izinin tarixilik baxımından olduqca məhdud zaman çərçivəsindən
kənara çıxmadığı halda onların belə bayağı hərisliklə bu bölgəni ilhaq etməyə
can atmaları xeyli dərəcədə bizim bir xalqın müqavimət gücümüzün zəifliyi ilə
əlaqədardır.
Ermənilərin
əsassız ərazi iddialarına və Azərbaycanın ərazi bütövlüyünü referendum
predmetinə çevirmək qənaətinə gəlməklə həmin iddialara dolayı yolla bəraət
qazandıran beynəlxalq qurumların təzyiqlərinə müqaviməti gücləndirmək üçün biz
ilk növbədə mənəvi-psixoloji üstünlüyə malik olmalıyıq. Qarabağın Azərbaycan
xalqının taleyinə hansı miqyasda təsir etdiyinə bir daha təhlili nəzər salmaqla
və nəticələri gur səslə dünyaya bəyan etməklə buna nail olmaq mümkündür. Ancaq
bu idrak prosesində ağırlıq mərkəzi hökmən hissələrdən təməlində tarixi faktlar,
dəlillər duran məntiqin üzərinə keçməlidir. Əks təqdirdə arzu olunan effektə
nail olmayacağıq.
Millilik, daha
doğrusu milli təşəkkül prosesi tarixi xarakter daşıyır. Həmin müddəanın
prizmasından yanaşsaq Qarabağın dəyəri yalnız Azərbaycanın bir parçası olmasında
deyil, həm də zaman-zaman qoynunda yaranan sivilizasiyalar vasitəsi ilə
xalqımızın təşəkkülünə göstərdiyi təsirdir.
Ü.Hacıbəyov,
C.Qaryağdıoğlu, Ş.Şuşunski, Bülbül, F.Əmirov, Niyazi, Q.Primov kimi musiqi
xadimlərinin, Q.B.Zakir, Natəvan, N.B.Vəzirov, Ə.B.Haqverdiyev, S.S.Axundov,
Y.V.Çəmənzəminli, M.Mş.Nəvvab, İ.Əfəndiyev kimi fikir və söz sərraflarının,
intibah tipli şəxsiyyətlərin yaratdıqları sivilizasiyanın milli təfəkkürün
formalaşmasına müstəsna təsiri tarixi gerçəklikdir. Milli və bəşəri məzmun
dolğunluğu ilə fərqlənən bu sivilizasiyanın təməlinin Qarabağda yaranması
təsadüfü olmayıb, təbii-coğrafi və mədəni mühitlə “genetik kod”-un üzvü
vəhdətindən qaynaqlanıb.
Təbii-coğrafi
mühitlə insan arasında ilahi hormoniyanın mövcud olması çoxdan bəlli olan bir
həqiqətdir. Əcdadımız qədim türklər bu ahəngdarlığı duyduqlarından yurd
yerlərinin ruha malik olması qənaətinə gəlmişlər. Təbii coğrafi mühit insanın
mənəvi-psixoloji xüsusiyyətlərinin formalaşmasına, estetik zövqünün
cilalanmasına, idraki inkişafına əhəmyyətli təsir göstərir. Bu o anlamı verir
ki, Qarabağın zirvələri, buludları dələn dağları, zümrüd meşələri, məcun
timsallı saf havası, daim çağlayan çeşmələri ilə təmasda olmadan o insanlar
Qarabağ renessansını yaradan böyük sənətkar kimi püxtələşə bilməzdilər. Nə
qaçqınların məskünlaşdığı çadırlarda, nə də yeni salınmış nümunəvi qəsəbələrdə o
qəbildən olan sənətkarların yetişməsi qeyri mümkündür. Çünki həmin təbii-
coğrafi mühit artıq yoxdur. Qarabağın tacı Şuşa qərar tutduğu zirvədə elə bir
mədəniyyət ocağı çatmışdı ki, onun şöləsi nəinki Qafqazı, hətta yaxın və orta
şərqi də işıqlandırmışdı. Dahi Üzeyir bəy özünün bir sənətkar kimi yetişməsində
Şuşadakı mədəni mühitin təsirindən bəhs edərək yazırdı “ilk musiqi təhsilimi
uşaqlıqda Şuşada mahir xanəndə və tarzəndələr arasında almışam. Mənim səsim
onlara çox xoş gəlirdi. Onlar mənə muğam və təsnifləri ifa etmək sənəti
öyrətdilər.” Şuşadakı əlvan mədəni mühütin yetirməsi olan bu böyük insan
sonralar “şərq musiqisinin atası” (Tixon Xrennikov) zirvəsinə yüksəldi. Həmin
mədəni mühüt erməni işğalcıları tərəfindən yerlə- yeksan edilib.
Itirdiklərimizin fərqindəyikmi?
Bütün bu
həqiqətləri bilə-bilə Milli dünyamızın bu ülvüyə, qüdsiyyət ocağını hər hansı
referendum nəticələrinin girovuna çevrilməsinə razılıq verməklə etnik mentaldakı
“yurd ruhuna”, Qarabağ intibahının yaradıcısı olan böyük şəxsiyyətlərin işıqlı
xatirələrinə, Qarabağ deyə-deyə bu dünyaya əbədi göz yuman bütün vətənpərvər
insanların müqəddəs həsrət düyğularına xəyanət etmiş olarıq. Gəlin Qarabağ
nisgili ilə dünyasını dəyişən bənzərsiz ədəbiyyatşunas alimimiz Yaşar Qarayevin
bizi milli mənlik və heysiyyət, milli şərəf və ləyaqət üçün əxlaqi məsulliyyətə,
cavabdehliyə çağıran nəsihətinə qulaq asaq. “Azərbaycanın ilahidən, qüdrətdən
musiqi və poeziya beşiyini, muğamat və bayatı, Natəvan və Vaqif, Üzeyir və
Bül-Bül ocağının işığı və istisi dünyada ”heç bir sövdənin və sazişin,
saf-çürüyün, götür-qoyun, çözlənmənin predmeti ola bilməz! Nə Natəvanın isməti
və örpəyi, nə bu ismətlə örpək üçün qurbanlıq olanın- şəhidin şərəf və köynəyi
siyasətə sövdələşmə hədəfi ola bilməz.
Həbibulla
Manaflı
Növbəti referendum oyunu
Azərbaycanın
daxili və xarici siyasəti özünü azərbaycanlı sayan və xalqına bağlı olan hər bir
vətəndaşı maraqlandırır.
1988-ci ildən bu
yana elə bir il yoxdur ki, Azərbaycanda istər mənfi, istərsə də müsbət izlər
qoymasın.
1991-ci ildə
Quzey Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra onun daxilindəki
çəkişmələr gənc respublikanın gerçək inkişafına mane olub və bu proses Qarabağın
geri alınmasına bu və ya başqa şəkildə əngəl törədib. İndiki hakimiyyətin
səriştəsizliyi ucbatından işğal altında qalan torpaqlarımızın geri alınması,
qaçqınların güzəranının yaxşılaşdırılması, çadır şəhərciklərinin ləğv edilməsi,
insanın insan kimi yaşaması öz həllini gözləyir.
Ölkədə gedən
qeyri demokratik proseslər, müxalifətdə olan insanların təqibi və onlara olan
təzyiqlər həmin insanların doğma vətənlərini tərk etməsilə nəticələnib. Özgə
yeri özlərinə ikinci vətən kimi seçən insanlar bu ölkələrəmüxtəlif səbəblərdən
gəliblər Kimisi yəhudi ilə, kimisi qaçqın statusu ilə, kimisi təhsilini davam
etdirmək məqsədi ilə, kimisi dolanışıq, bir qarın çörək tapmaq, kimisi də bayaq
dediyim kimi indiki hakimiyyətin şərindən qorunmaq üçün, ölkədə demokratiyanın,
söz azadlığının olmamasından “desəm öldürərlər, deməsəm ölləm” prinsipinə sadiq
qaldığından və bunun nəticəsində mövcud hakimiyyətin təzyiqinə düçar
olduqlarından vətəni tərk etmişlər. Adətən vətəni tərk edənlər demokratik
ölkələri özləri üçün məskən seçirlər. Belə ölkələrdən biri də Almaniya Federativ
Respublikasıdır.
Almaniyada istər
Güney, istərsə də Quzey Azərbaycandan gələn xeyli soydaşımız yaşayır. Və hər
birinin ürəyində ən böyük dərd Qarabağ dərdi, Qarabağ harayıdır. Bu insanların
hər biri vətəndə gedən prosesləri diqqətlə izləyir və Qarabağ probleminin dövlət
statusunda həllini gözləyir. Almaniyada xeyli cəmiyyətlər, mədəniyyət ocaqları,
qadın təşkilatları, məclislər fəaliyyət göstərir. Onlar hər il itirilmiş
torpaqlarımızın ildönümlərində mitinqlər təşkil edir, Erməni səfirliyinin
qarşısına qara cələnglər qoyur, Qarabağın verilməsini tələb edir və bu
tədbirləri öz büdcələri hesabına həyata keçirirlər. Oxuculara onu da demək
istəyirəm ki, Almaniyada Azərbaycanı tanıtdırmaq, işğal olunmuş torpaqlarımızın
gerçəklərini alman cəmiyyətinə çatdırmaq üçün dövlət səviyyədə iş demək olar ki
aparılmır. Qarabağa aid rəsmi toplantılarda Azərbaycan tərəfi ya susqun qalır,
ya da ermənilərə nisbətən etdikləri tələblər çox zəif səslənir. Burda olan
cəmiyyətlər və ya fərdlər nə etsələr də hər bir dövlət üçün rəsmi dairələrdən
gələn tələblər və ya etirazlar əsas götürülür.
Son zamanlar
Azərbaycanın işğal altında olan ərazilərinin hüquqi cəhətdən tamamən itirilməsi
təhlükəsi gündəmdədir. Qərbin, Amerikanın, Rusiyanın təzyiqi və indiki iqtidarın
zəifliyi bunun reallaşacağından xəbər verir. Dünya mətbuatını izlədiyimiz zaman
ancaq Ermənistan prezidentinin dünya mətbuatına verdiyi müsahibələrin şahidi
oluruq. Azərbaycan prezidentinin səsini, sorağını isə yalnız yerli televiziya
verilişləri efirdən eşitmək olur, bu səs o qədər zəif, o qədər inamsızdır ki,
hətta prezidentin dilindən çıxan qısa və həmişə təkrarlanan şablon sözlər artıq
Azərbaycan ictimaiyyətinə belə lazımi məlumatları verə bilmir. 2001-ci ildə
Parisdə aparılan danışaqlarda bəyan edilmişdi ki, Qarabağ məsələsi referendum
yolu ilə həll edilsin. Hətta Azərbaycanın o zamankı prezidenti H.Əliyevdən
şifahi də olsa bu məsələnin həllinə razılıq alınmışdı. Və bu barədə tərəflərə
tapşırılmışdı ki, iki prezident dövlət səviyyəsində xalqları bilgiləndirsinlər
və referendumun yeganə çıxış yolu olduğu ictimaiyyətin nəzərinə çatdırılsın. Ona
görə də Azərbaycan, Ermənistan və Qarabağ məsələsində maraqlı olan qüvvələr öz
rəsmi nümayəndələrini xarici xarici səfərlərə göndərir və yığıncaqlar,
konfranslar, toplantılar təşkil etdilərək insanlar arasında təbliğatla məşğul
olurdular.
Belə toplantının
biri də 2001-ci ildə Almaniyanın Hannover şəhərinin yaxınlığında keçirilirdi. Bu
beynəlxalq konfransı Minsk qrupunun həmsədrləri təşkil etmişdilər. Bu konfransın
məqsədi həm referendumun “vacibliyini” insanlara aydınlatmaq, həm də Almaniyada
yaşayan azərbaycanlıların və ermənilərin bu məsələyə rəyini bilmək idi. Bu
konfransda dünya ictimaiyyətinin bir çox nümayəndələri iştirak edirdi. Minsk
qrupunun nümayəndələri Almaniyada yaşayan vətənsevər insanlarımızın,
referendumun yolu ilə Qarabağın birdəfəlik itirilməsini dərk edən
soydaşlarımızın təzyiqi ilə qarşıladılar. Çıxış edən hər bir azərbaycanlı bu
referendumun yolverilməzliyini ən kəskin sözlərlə dilə gətirdilər.
Bu referendum
oyununun yenidən gündəmə gəlməsi bizi çox narahat edir. Mənim fikrimcə əgər,
İ.Əliyev Qarabağ məsələsinin həllində çətinlik çəkirsə, qərara verməyə məcbur
edilirsə və Qarabağın birdəfəlik itirilməsinə razı deyilsə mütləq xalqına
müraciət etməlidir. Təkəbbürlülüyü, umu-küsünü bir tərəfə buraxıb xalqına,
müxalifət qüvvələrinə üz tutmalıdır. Xarici İşlər Nazirliyi, prezident aparatı
və Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin xətti ilə
yaşayan soydaşlarımızla sız əlaqə qurmalı, onların güclərindən istifadə etməli
və cəmiyyətləri daim məlumatlandırmalıdır. Çünki Qarabağ hamımızın namus, ismət
qalasıdır.
Yaqut Qarabağlı,
Almaniyadan
|