Bu gün: 20 İyul 2008, Bazar

 

 
 
 

 

Azad Qarabağ - 11-ci səhifə

QAT həmsədrləri etirazla qarşıladı

Ötən həftə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri diqqət mərkəzində oldu.Qarabağ Azadlıq Təşkilatı artıq xeyli vaxtdır ki, həmsədrlərin fəaliyyəti ilə bağlı narazılığını bildirir, Minsk qrupunun nizamasalma prosesindən kənarlaşdırılmasını tələb edir. Narazılığa səbəb danışıqlarda Ermənistannın təcavüzkar hərəkətlərinin müzakirəyə çıxarılmaması,əsasən Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin müzakirə olunması, Azərbaycanın təslimçisi sülhə sürüklənməsi, təcavüzə məruz qalan tərəflə təcavüzkar arasında heç bir fərqin qoyulmamasıdır. Aksiyalar Minsk qrupu həmsədrlərinin fəaliyyətinin dayandırılmasına, onların bölgəyə səfərlərinə son qoyulmasına yönəlmişdir.

Qarabağ Azadlıq Təşkilatı fəalları yanvarın 31-də axşam  saat 2000 radələrində hava limanına toplaşaraq həmsədrlərin gələcəyi təxmin olunan təyyarə reyslərini qarşılamaq üçün toplaşdılar. Həmsədrlərin səfərinin dəqiq vaxtı ilə bağlı məlumatlar ciddi cəhdlə hakimiyyət tərəfindən gizli saxlandığına görə onlardan yalnız biri, amerikalı həmsədr S.Mənn piketçilərin hədəfinə tuş gəldi. Piket iştirakçıları polis müqavimətinə baxmayaraq, S.Mənnə yaxınlaşaraq, sözlərini deyib şüarlarını səsləndirə bildilər. Amerikalı həmsədr təlaşını gizlətməyə çalışsa da, özünü ələ ala bilmədi və tələm-tələsik uzaqlaşaraq hava limanını tərk etdi. Aksiya iştirakçılarından Manaf Kərimov saxlanılaraq polis maşınına aparıldı. Lakin digər piket iştirakçılarının tələblərindən sonra sərbəst buraxıldı.

Qarabağ Azadlıq Təşkilatı fəalları səhəri gün də həmsədrlərin bütün hərəkətlərini, görüşlərini addımbaaddım izlədilər.Növbəti aksiya həmsədrlərin danışıqlar apardıqları Xarici Işlər Nazirliyi qarşısında baş tutdu. Aksiya iştirakçıları polisin müqavimətini yararaq nazirliyin binasına yaxınlaşdılar. Polis əlavə qüvvələr gətirdikdən sonra aksiyanı dağıda bildi və 12 nəfər saxlanılaraq Yasamal polis idarəsinin 27-ci bölməsinə aparıldı. Şahmar İbrahimov, Azər Abbasov, Xəyyam Nağıyev, Şaiq Süleymanov, Yusif Əliyev, Manaf Kərimov, Sovet Cavadov, Elbrus Heydərov, Xəyal Əliyev, Həmzə Süleymanov, Faiq Bəhrəmov,Vasif Hüseynov polis tərəfindən saxlanıldılar xəbərdarlıq edildikdən sonra onlar da sərbəst buraxıldılar.

Qarabağ Azadlıq Təşkilatı fəalları bundan sonra   da həmsədrlərin hərəkətlərini, keçirəcəyi görüşləri diqqətlə izləyərək mətbuat konfransını gözlədilər. Lakin həmsədrlər mətbuat konfransı keçirmədən heç bir açıqlama vermədən Bakını tərk etdilər. Aksiya iştirakçılarından Firidun Məmmədov bildirdi ki, biz aksiyaları keçirir, cəmiyyətin etirazını həmsədrlərə çatdırırıq, onlar cəmiyyətin mövqeyini nəzərə alıb səfər cəhdinin qarşısını almaq üçün daha təsirli vasitələrdən istifadə etməli olacağıq.

Xəyyam  Fəzailoğlu


 “Minsklilərin” susması

...Həmsdrlərin Azərbaycan və Ermənistana bu dəfəki səfərləri qeyri-ənənəvi söz qıtlığı ilə müşayiət olundu. Vasitəçilər Bakı və İrəvanda mətbuat konfransı keçirmədilər və tək-tək hallarda yalnız qısa şəhrlərlə kifayətləndilər.

Ola bilər ki, həmsədrlərin susması bundan əvvəlki səfər zamanı Qarabağ Azadlıq Təşkilatı  (QAT) fəallarının mətbuat konfransında qalmaqal yaratması, yarımsaatlıq monoloqla çıxış etməsi ilə bağlı olmuşdur. Bu dəfə də QAT etiraz aksiyaları ilə fərqləndi.

Lakin bu susqunluğu daha çox prezidentlər İlham Əliyevlə Robert Köçəryanın Paris görüşü ərəfəsində “incə məqamın” yaranması ilə izah etmək olar.

Yəqin vəziyyət o qədər incədir ki, həmsədrlərin qurduqları “karton evcik” hətta yarım pıçıltıdan da dağıla bilər.

Hər halda, vasitəçilər bu günlərdə prezidentlərin görüşü ərəfəsində son danışıqları apardılar. Hamı bu görüşdən çox şey gözləyir. “Praqa prosesi”-nin nə dərəcədə uğurla olub-olmaması fevralın 10-11-də Rambuyedə məlum olacaq. Əgər dövlət başçıları bu dəfə də problemli məsələlərlə bağlı razılığa gələ bilməsələr, proses kifayət qədər uzun müddət ləngiyə bilər.

Həmçinin qeyd edim ki, bu görüş ərəfəsində iki ölkənin KİV-lərində aydın tendensiya hiss olunur. Bağlı qapılar arxasında mümkün sülhün məhz hansı ünsürlərinin müzakirə olunduğunu dəqiq bilmədən erməni KİV-ləri “şaiyələrə” müsbət, azərbaycanlılar isə mənfi münasibət bildirirlər. Hər şeydən öncə bu onunla bağlıdır ki, müxtəlif mənbələr tərəfindən bu və ya digər dərəcədə detallar - artıq “dövriyyəyə” buraxılmış indiki həll variantı Azərbaycanın gələcəkdə Qarabağın itirilməsi ehtimalı ilə razılaşmasına, Ermənistanın isə, əksinə, bəzi əraziləri güzəştə getməklə Dağlıq Qarabağa rəsmi sahib olmaq üçün şans qazanmasına gətirib çıxara bilər...

Kənan Quluzadə,
“Zerkalo” qəzeti


 Postsovet düyününün həlli üçün ümidverici işartılar görünür

...Müxtəlif amerikalı diplomatlar fevralın 10-11-də dövlət başçılarının Paris görüşündə iştirak etməyə hazırlaşırlar və ümid edirlər ki, dövlət başçıları “müfəssəl plan” üzərində razılığa gələcəklər... Biz indi o nöqtəyik ki, dövlət başçıları danışıqlardan qərarlara keçməli və yerdə qalan boşluqları qapamalıdırlar... Danışıqlarla tanış olan bir çox şəxs bildirib ki, məsələnin özəyi olan sənəd iki mərhələdən ibarət prosesin əsasını təşkil edir: əvvəlcə prinsipcə razılaşma, daha sonra detallar üzərində iş aparılmalıdır...

Mümkün planlardan biri də Dağlıq Qarabağ ətrafındakı ərazilərin çox hissəsindən Ermənistanın hərbi qüvvələrinin çıxarılması, bununla eyni zamanda beynəlxalq sülhməramlı qüvvələrin əraziyə yerləşdirilməsidir. Daha sonra Dağlıq Qarabağın siyasi statusunun müəyyən edilməsi üçün referendum keçirilə bilər. Həll variantına doğru ilk  addım Əliyev və Köçəryanın bu təkliflər əsasında hazırlanmış planı təsdiq etmələri ola bilər. Əgər dövlət başçıları  razılaşsalar, hər iki ölkədən olan nümayəndələr vasitəçilərlə birlikdə detallar, o cümlədən qoşunların nə vaxt və haradan çıxarılmasına dair məsələlərlə məşğul olacaqlar. Danışıqlarda iştirak edənlər bildirirlər ki, referendum bir neçə ildən sonra keçirilə bilər...

Cey Sivers,
New York Times
” qəzeti


Əliyev və Köçəryan Rambuyedə razılaşmaya cəhd edəcəklər.

...Bu vaxta qədər regiona səfərlər zamanı həmsədrlər media nümayəndələrinə geniş açıqlamalar verir, səfərlərinin yekunu ilə bağlı mətbuat konfransları keçirirdilər. Ancaq bu dəfə anoloji hal müşahidə olunmadı. Əslində həmsədrlərin mətbuat üçün daha heç bir açıqlama verməməsinin iki önəmli səbəbi mövcuddur. Əvvəla, danışıqlar aparılan zaman istənilən fikir və bəyanat münaqişə edən tərəflərin cəmiyyətləri tərəfindən birmənalı qarşılanmır. İkinci tərəfdən, Azərbaycanda Qarabağ Azadlıq Təşkilatının fəaliyyəti müəyyən qədər Minsk Qrupunun işinə qəti mənfi təsir göstərir. Həmin təşkilatın fəalları belə hesab edir ki,  Minsk Qrupunun həmsədrləri daha çox ermənilərin mövqeyini müdafiə edir. Bu səbəbdən ATƏT-dən olan həmsədrlər hər dəfə Bakıda peyda olanda QAT  fəalları onları, necə deyərlər, daban-dabana izləyir, aeroportda, mehmanxana qarşısında piketlər təşkil etməyə başlayır. Bütün bunlara görə, Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ probleminin həlli yollarını nəzərdə tutan fikirlərini və Azərbaycan rəhbərliyi ilə danışıqların nəticəsini indi hər hansı neytral zonada şərh etməyə üstünlük verirlər...

Söhbət Mamedov
“Nezavisimaya qazeta”, Rusiya

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 10 11 12 ... 16

Sənədin sonuncu korrektə tarixi: 16/2/2006 - 6:33:31
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.011868