Bu gün: 20 İyul 2008, Bazar

 

 
 
 

 

Azad Qarabağ - 12-ci səhifə

Terrorçunun dini və milləti olmur

Avraam Linkolnun qətli.

Avraam Linkoln 1865-ci il aprelin 14-də Ağ evdə növbəti iş kününə başlayarkən bilmirdi ki, bu onun həyatında sonuncu gündür. Üç il əvvəl prezident ölümün pəncəsindən təsadüfən qutarmışdı, qatilin gülləsi onun şlyapasını deşib yan keçmişdi. Bu cəhdlər bir neçə dəfə təkrar olunmuşdu. Linkoln Amerikada quldarlığı ləğv etməklə plantasiya sahiblərinin düşməsinə çevrilmişdi.

Prezident 11 tamamadək səhər poçtunu nəzərdən keçirdi sonra kabinetin iclasına yollandı. Iclasda vətəndaş müharibəsinin qəhrəmanı, general U.S.Qrant da iştirak edirdi. İclas qurtardıqdan sonra prezident Qrantı xanımı ilə birlikdə Ford teatrında tamaşaya baxmağa dəvət etdi. Linkoln xanımı ilə birlikdə Tom Teylorun “Amerikalı bacımız” komediyasında məşhur aktrisa Laura Kinin oyununa baxmaq istəyirdi. Qrant Nyu-Cersiyə qayıdıb uşaqları ilə görüşməli olduğuna  görə dəvətdən imtina etdi. Onun ağlına da gəlməzdi ki, bununla həyatını xilas edir.

Linkolnun teatra gələcəyini aktyorların hamısı, o cümlədən quldarlığı ləğv etdiyinə görə prezidentə xüsusi nifrət bəsləyən Con But da bilirdi. But və onun həmfikirləri birlikdə terror planı hazırladılar. Müxtəlif variantların içərisində Linkolnun oğurlanması və həbsdə olan bir neçə tanınmış cənublu liderə dəyişdirilməsi də nəzərdə tutulurdu. Lakin sonda qərara aldılar ki, prezidentin, daha sonra isə vitse-prezident E.Constonun və dövlət katibi U.Suardın camaatın gözləri qarşısında öldürülməsi daha effektli ola bilər. C.But aprelin 14-də sui-qəsdçi dostları Corc Aserot, Sem Arnold, Devid Herold və Luis Peynlə birlikdə Meri Sarrotta məxsus pansionatda toplaşdılar. Burada qurduqları məclisdə hər kəsin görəcəyi işləri müəyyənləşdirdilər. Sem Arnold uzun müzakirələrdən sonra oyundan çıxmaq qərarına gəldi və sui-qəsddə iştirakdan imtina etdi.Bundan sonra iş bölgüsü aparıldı: dövlət katibi U.Suardı Peyn və Herold, vitse-prezidenti Aserot öz üzərinə götürür, C.But isə prezidentə atəş açmalı idi.

Prezident xanımı və onu müşayiət edənlərlə birlikdə teatra axşam saat 2000 –dan sonra gəldi, tamaşa artıq başlanmışdı. Lakin, aktyorlar oyunlarını dayandırmalı oldular, orkestr prezidentin şərəfinə musiqi səsləndirdikdən, zaldakılar ayaq üstdə onu salamladıqdan sonra tamaşa davam etdirildi. Prezident və onu müşayiət edənlər lojada öz yerlərini tutdular.

Axşam saat 10-nun yarısında başdan-ayağa qara paltara bürünmüş və qrimlənmiş But at üstündə teatrın binasına yaxınlaşdı. O, öz işini görmək üçün yaxşı hazırlaşmışdı, qursağına bıçaq taxmış, ciblərinə 2 kolt tapançası qoymuş, əlində isə atəşə hazır revolveri tutmuşdu.

But prezident lojasının yaxınlığında özünə yer seçərək, əlverişli məqamı gözləyirdi. Bu vaxt prezident qoruyucularından biri Con Parker lojanın qarşısındakı postunu tərk edərək bara yollandı. Yaranmış məqamdan istifadə edən But dərhal lojaya daxil oldu, “Tiranlara ölüm!” qışqıraraq atəş açdı. Güllə prezidentin başını dəlib keçərək, sağ gözü nahiyyəsində ilişib qaldı.

Mayor Retboun yerindən sıçrayaraq qatili dayandırmağa cəhd göstərdi. Lakin But bıçağı çıxararaq zabiti yaraladı və lojadan səhnəyə tullandı. But bu sıçrayış zamanı səhnə pərdələrinə ilişərək yıxıldı və dizdən yuxarı ayağını sındırdı. Bu sınıq qatilin yaranmış qarışıqlıqdan istifadə edərək teatr binasını tərk etməsinə mane ola bilmədi. But öz atına minərək gecənin qaranlığında aradan çıxa bildi.

Ağır yaralanmış Linkolnu yırğalanan kresloda ehtiyatla yaxınlıqdakı evlərdən birinə apardılar. Həkimlərin səyləri heç bir nəticə vermədi. Səhərə yaxın prezident dünyasını dəyişdi.

Terrorçular öz niyyətlərini axıra qədər yerinə yetirmək fikrində idilər. Teatrdakı hadisədən az sonra Peyn dövlət katibi U.Suardın evinə daxil ola bildi, burada dövlət katibinə bir neçə bıçaq yarası vurdu. Lakin yaralar ölümcül olmadı. Dəstənin digər üzvü Aserot vitse-prezidenti öldürməli idi, amma son məqamda o, qorxudan fikirini dəyişdi və şübhələri özündən uzaqlaşdırmaq, dəlil-sübut əldə etmək üçün bütün axşamı qəlyanaltıxanada oturub  sərxoş olana qədər içki içməklə məşğul oldu.

Terror aktlarından sonra dəstə üzvləri bir yerə yığışaraq gizlənməyə cəhd göstərdilər.

Teatrdan bir neçə kilometr kənarda But Heroldla görüşdü və Merilend  ştatına yollandılar. Onlar cənublu həmfikirlərinin köməyi ilə ara sakitləşənə qədər orada qalmaq istəyirdilər. Tanış həkimlərdən biri Butun yarasını sarıdı və onlar yollarına davam etdilər. On bir gün ərzində onları ələ keçirmək mümkün olmadı. Lakin polis, bütün digər dövlət orqanları geniş axtarış işləri görürdülər. Nəticədə terror dəstəsinin üzvlərini  Vircinya ştatında ələ keçirə bildilər. Onların gizləndikləri tütün ferması polislər tərəfindən mühasirəyə alındı. Könüllü təslim olmaq haqqında tələblər yerinə yetirilmədikdən sonra fermanı yandırdılar. Herold əllərini qaldıraraq gizləndikləri binanı tərk etməli oldu, But isə özünü güllə ilə vurub öldürdü. Terror qrupunun qalan üzvləri məhkəmə qarşısında dayandılar. Məhkəmə onların hamısını qətl hadisəsinin iştirakçısı kimi qiymətləndirib barələrində ölüm hökmü çıxardı.

Arnold sui-qəsddə iştirak etməməsinə baxmayaraq ömürlük katorqa işlərinə məhkum edildi. Butun sınmış ayağını müalicə edən həkim Semuel Madd da eyni cəzanı aldı.

Qətl hadisəsi törədilmiş teatrın səhnə quraşdırıcısı, fəhlə Edvard Spengler qatilə yardım göstərməkdə ittiham edilərək altı il həbs cəzası aldı.

Linkolnun öldürülməsindən az sonra bu cinayətin səbəbləri, kökləri, motivləri ilə bağlı hər cür fərziyələr, ehtimallar ortaya çıxdı. Bu ehtimallardan birinə görə, Linkolnun qətli onun yaxın köməkçisi və həmfikirlərindən biri, həmin vaxt müdafiə məsələləri üzrə dövlət katibi vəzifəsində çalışan Edvin Stenton tərəfindən təşkil oluna bilərdi. Bu versiya uzun müddət ciddi şəkildə müzakirə olundu, lakin dəlil-subutlar olmadığına görə elə versiya olaraq da qaldı. Tədqiqatçıların əksəriyyəti belə bir  fikrin üzərində dayandılar ki, sui-qəsd öz təşəbbüsü ilə hərəkət edən bir qrup fanatik tərəfindən həyata keçirilmişdir. O da qeyd edilməlidir ki, amerikalıların indi də xəcalət və dəhşətlə xatırladıqları bu qətl və terror aktını islam deyil, xristian fanatikləri törətmişdir.


  • Avraam Linkoln 1809-cu ildə Kentukki ştatında anadan olmuşdu. O, vətəndaş müharibəsini Şimal ştatlarının qələbəsi ilə başa çatdırdı və 1863-cü ildə quldarlığı ləğv etdi. İki ildən sonra qatilin gülləsi ilə ABŞ tarixində ən məşhur islahatçı prezidentin həyatına son qoyuldu.

  • Con Vilks But teatrla bağlı ailədə doğulmuşdu, onun atası Cunius But faciəvi rollar oynayan aktyor kimi İngiltərə və ABŞ-da tanınırdı, prezidentin qatilinin böyük qardaşı Edvin isə Amerikada Şekspir yaradıcılığının təbliğatçısı kimi məşhur idi. Con hələ gənc yaşlarında irqi ayrıseçkiliyin tərəfdarı olmuş, Cənubda plantasiya sahiblərinin qullar üzərində hakimiyyətinin saxlanılması mövqeyini müdafiə etmişdir. O, vətəndaş müharibəsi illərində özünü pasifist elan  etdi, səhnəyə qayıtdı, lakin bir aktyor kimi populyarlığından şimal ştatlarında  cənubluların həyat tərzinin təbliğ olunması üçün istifadə edirdi. Vətəndaş müharibəsində Cənubun məğlubiyyətindən sonra But qərara gəldi ki, qəti addımlar atmağın məqamı çatıb...

  • Prezident Linkolnun qatili ilə əlbir olan dörd nəfər – Meri Sarrott, Luis Peyn, Corc Aserot və Devid Herold 1865-ci il iyulun 7-də asıldılar.

  • Yeni tarixə düşmüş ilk terror aktlarından biri Dram teatrında baş verdi. Qatil hadisə yerindən qaça bildi. Lakin polis tezlikle onun izinə düşdü və cinayətkar öz cəzasını aldı.

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 11 12 13 ... 16

Sənədin sonuncu korrektə tarixi: 16/2/2006 - 6:33:34
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.167694