|
Azad Qarabağ - 14-cü səhifə
Vətən Sevgisi
İnsan oğlu yarandığı gündən bəri
onun üzərində bir sıra haqlar mövcuddur. İlk növbədə hamının öhdəsinə bu haqlara
sahib çıxaraq onu qorumaq düşür. Təbii olaraq bu müqəddəs amalları qorumaq üçün
insan onları ayrı-ayrılıqda sevməyi bacarmalıdır. İnsan həyatından qiymətli
olan anlayışlar ilk növbədə onun dini və vətənidir.
Din insanın
qəlbində olan boşluğu doldurub ona mənəvi hüzur bəxş etdiyi üçün ilk olaraq
gəlir. Dinlər içərisində ən kamili olan İslam dini bütün məsələlərdə, bütün
müqəddəs amallar haqqında üstün və fərli görüşə malikdir. Məhz bu baxımdan da
Allahın insanlığa bəxş etdiyi bu dinin konstitusiya kitabı olan Qurani-kərimdə
bütün zəruri məsələlər öz əksini tapmışdır.
İnancımıza görə
insan oğlu dininə sahib çıxmaqla ana vətəninə də sahib çıxmalıdır. Çünki dininə
sahib çıxmayanın quru cəsədindən başqa heç bir mənəvi dəyəri olmaz. Yaxud
vətəninə sahib çıxmayan ilk olaraq inancına xəyanət etmiş olar, yenə də bir
dəyəri qalmaz. Beləcə, insan oğlu sahib olduğu müqəddəs hər bir şeyi itirmiş
olar. Əgər belə olmasa idi Allah təala öz müqəddəs kitabında ayəni xatırlatmazdı
“(Ya Məhəmməd! (s.)” Musadan sonra bir dəfə Israil övladlarının başına gələnləri
görmədinmi? Onlar öz peyğəmbərlərinə: bizə bir hökmdar göndər ki, (onun köməyi
ilə) Allah yolunda vuruşaq. O da onlara: sizə vuruşma əmri olduqda bəlkə
vuruşmadınız? Onlar cavabında dedilər “Allah yolunda nə üçün vuruşmayaq ki,
yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq.” Lakin onlara vuruşmaq vacib
olduqda bir qismi istisna olmaqla hamısı (Döyüşdən ) üz çevirdilər. Allah özünə
zülm edənləri tanıyır. Gördüyümüz kimi Allah- təala bu ayədə vətən yolunda
savaşı vacib saymışdır. Eyni zamanda bu yoldan dönüb qaçanları özlərinə zülm
etmiş olduqlarını bizə xatırladır. Qeyd etdiyimiz kimi vətəni qorumaq bizim
haqqımızdır. Haqq isə Allaha aparan yolun başlanğıcıdır. Bu yolda ölən şəhid,
qalan qazidir. Deməli, vətən savaşı haqq savaşı olduğu üçün bu yolda nə ölən, nə
də qalan uduzmur. Əksinə ucalır. Həm allah qattında, həm də insanların gözündə.
Burda bir şeyi də təkrar xatırlamaq yerinə düşərdi: vətəni qorumaq sevgidən
doğur. Əgər biz onu ata-anamızdan, hətta canımızdan çox sevməsək qoruya
bilmərik. Sevimli bir şeyi qorumaq isə şərəf və iman məsələsidir. Məhz
Peyğəmbərimiz (s) bu baxımdan hədislərinin birində: “Vətəni sevmək imandandır.”
– buyurur. Bu mübarək hədisdən bizə aydın olur ki, vətəni sevmədən kamil imana
sahib olmaq olmaz.
Ey inanc
sahibləri və sevgi insanları! Bu gün bizim ən böyük borcumuz Allahın əmr etdiyi,
Rəsulunun buyurduğu kimi bu vətəni azad edib qorumaqdır. Gəlin həm inancımıza,
həm də vətənimizə sahib çıxaq. Şərəfimizi və inancımızı qurtaraq. Çünki “döyüş
meydanında ölmək rahatca uzanıb ölməkdən daha şərəflidir. ” (Həzrət Əli)Yaxud
can verməkdən daha yaxşıdır.
Əbədi ibrət
Yaşadığımız dövr
öz qayğı və problemləri ilə bütün zamanlardan fərqlənir. Günümüzdə hər bir
insana təsir edən. qloballaşma deyilən bir şey mövcuddur. Bu qloballaşma bu
günün insanını dünənin insanından xeyli fərqləndirir. Elə bunun nəticəsidir ki,
həyatımız bütün yönlərdə fərqli şəkillərə düşmüşdür. Demək olmaz ki, bu hal
bütün məsələlərə müsbət təsir etmişdir. Bizi dünənimizdən qoparmaqla mütləq
inkişafa gətirib çıxarmışdır. Çox təəssüf olsun ki, bəzi məsələlərin düzgün
anlaşılmaması nəticəsində tarixi, milli, dini dəyərlərimiz ikinci dərəcəli yerdə
dayanmışdır. Bunu deməklə biz heç də müasir zamanın tələb etdiyi qloballaşmanın
əleyhinə deyilik. Sadəcə hər şeyi müasirliyə-qloballaşmaya bağlayıb, mənəvi
dəyərlərimizdən uzaqlaşmağın əleyhinəyik! Unutmaq olmaz ki, dünənimiz bizim
işıqlı sabaha çıxmağımız üçün ən böyük məktəbdir. Ən azından ona görə ki, biz 18
illik Qarabağ savaşının içindəyik. Bir də ona görə ki, şəhidlik və qazilik bizim
hər birimizin alnına yazılıb!
Içində olduğumuz
fevral ayı hicri tarixinin məhərrəm ayı ilə üst-üstə düşür. Məhərrəm ayı dedikdə
hamının nəzərinə ilk olaraq Kərbala hadisəsi və imam Hüseyn (ə) düşür. Təbii ki,
hər halı ilə. Kimisi şücaətinə görə, kimisi faciə baxımından, kimisi xəyanət
baxımından, kimisi də ibrət baxımından bu hadisəyə münasibət bildirir. Maraqlı
hal budur ki, 1400 illik bir zaman fasiləsində bu hadisə öz mahiyyət və təsirini
itirməmiş, əksinə günümüzə qədər bir sıra ölkələrin və millətlərin həyatında
inkişaf baxımından çox önəmli yer tutmuşdur. Azından ona görə ki, bu mücadilə
haqq savaşı idi. Haqqı yaşatmağa, həqiqətə qovuşdurmağa xidmət edirdi. Bəs bu
gün qloballaşmağa doğru kosmik sürətlə gedən dünyamızda Kərbala hadisəsinin və
imam Hüseyn(ə) böyüklüyünün hansı müsbət təsiri ola bilər?
Bu suala cavab
tapmaq üçün istər-istəməz imam Hüseyn(ə)-in kimliyinə baş vurub araşdırmalı
olacağıq. Qüsurumuzu Allah bağışlasın.
Kim idi imam
Hüseyn (ə)?- Allahın çox sevimli qulu, aləmlərin yaradılış səbəbkarı, iki cahan
sərvəri, Peyğəmbərlər sultanı, ən böyük həqiqət məktəbinin banisi Məhəmməd
(s)-in nəvəsi; Allahın aslanı adlanan, vəlilər sultanı, elmin qapısı,
natiqi-Quran olan Həzrəti Əli (ə)-ın eyni zamanda Cənnət xanımı, analar anası,
ayağını qoyduğu yerə başımızı qoymağımız lazım olan Fatiməyi-Zəhra (ə)-ın oğlu
və özündən sonra bəşəriyyətdə ədalətin və həqiqətin yaşamasına səbəb olan
mübarək şəxsiyyət!
Bu mübarək insan
ta ki dünyanın sonuna kimi unudula bilməz. Çünki haqq dedi, haqqa qulluq etdi,
haqqı yaşatdı və haqq uğrunda şəhid oldu. O günlərdən bizə bu kəlamını ibrət
olaraq deyə yadigar qoydu: “Əgər mənim şəhid olmağım İslamın-həqiqətin
yaşamasına xidmət edirsə, onda ey qılınclar, doğrayın məni!”- Doğrayın ki, haqq
yaşasın, haqq batildən ayrılsın, haqq qələbə çalsın.
Bəli, bu imam
Hüseyn(ə) məktəbi idi. Dünənimizi qoruyan, bu günümüzə xilas gətirəcək imam
Hüseyn(ə) məktəbi.
İmam Hüseyn (ə)
yaşadığı ömür içində hər şeyindən – oğlundan, qızından, qardaşından ,
yoldaşından, məqamından keçib həqiqəti seçmişdir.
Bu gün bu məktəb
bizə heç də ağlamağı öyrətmir. Bu məktəb bizə millət, din, vətən yolunda hər
şeydən keçməyi öyrədir. Bu məktəb bizə qazi olmağı, şəhid olmağı öyrədir. Bu
məktəb bizə qazilikdə bir şəhidlik, şəhidlikdə qazilik olduğunu öyrədir.
Unutmaq olmaz
ki, bu hadisə bəşəriyyətin faciəsi, həqiqətin qələbəsi idi. Yeri gəlmişkən, bu
fevral ayı bəxtimizə iki hadisə ilə yazılacaq. Kərbala vaqiəsi və Xocalı
faciəsi. Sizcə bu Məhərrəmlik bizi haqqımıza sahib çıxıb günahsız
vətəndaşımızın, şəhid qardaş-bacımızın qisasını almağa səsləmirmi?
Hədislərdən seçmələr
Aləmlərin
rəhməti, iki cahan sərvəri
-
Peyğəmbər (s)
buyurur: “Əməllər niyyətə bağlıdır və hər kişi üçün ancaq niyyət etdiyi şey
vardır.”
-
Yenə
buyururdular: “Bilin ki, hər bir hökmdarın yasaq
etdiyi bölgəsi var. Allahın yasaq bölgəsi də onun haram etdiyi şeylərdir.”
-
Yenə
buyururdular:“Sizdən hər hansı biriniz özü üçün istədiyini qardaşı üçün də
istəmədikcə iman etmiş olmaz ”
-
Yenə
buyururlar: “Harda olursan ol, Allahdan qorx və
pisliyin arxasından tez yaxşılıq çatdır ki, onu silsin. İnsanlarla da gözəl
bir əxlaqla davran”
-
Yenə
buyururdular: “Şəfqətli olmayana mərhəmət
edilməz.”
-
Yenə
buyururdular: “İki şəxsə qibtə edilər:-malını
Allah yolunda xərcləyən zənginə, elmini infaq edən alimə.”
-
Yenə
buyururdular: “Hədiyyəyə hədiyyə ilə cavab vermək
yaraşır.”
-
Yenə
buyururdular: “İnsanlara öz ağlınızın yetdiyi
qədər deyil, onların ağılların qavrayacağı dərəcədə söyləyin”
-
Yenə
buyururdular: “Amandı ölülərlə oturmayın.” Ey
Allahın Rəsulu, ölülər kimlərdi? Sualına Allah Rəsulu: ölülər dünyada
qalanlardır-buyurdu.
Fitnənin yeni növü
Son zamanlar
Norveç və Danimarkanın bir sıra qəzetləri bütün müsəlmanların inancına təsəvvürə
gəlməz dərəcədə təcavüz etmişdir. Bu kainatın əfəndisi, böyük İslam peyğəmbəri
Məhəmməd (s) –nə olan hörmətsizliklə bağlıdır.
Gördüyünüz kimi
bütün dünya müsəlmanları nəyinki Norvec və Danimarkaya eyni zamanda onları hər
formada dəsdəkləyən Avropa ölkələrinə də dərs verdi və verməkdə davam edir.
Əslində bizi maraqlandıran hadisələrin heç də görünən tərəfi deyildir. Çünki bu
adi qəzet səviyyəsində və yaxud təsadüfən olunan bir səhvə bənzəmir. Məhz belə
hadisələr gizli maraqların nədən ibarət olduğunu göz önünə çəkir. Təbii olaraq
hamımızı hiddətləndirən bu məsələnin formalaşmasında bir sıra önəmli amillər
mövcuddur. Əslində bu hadisə İslam mədəniyyətinə olan qısqanclıqdan, yaxud
düşmənçilikdən doğur. Çünki bu gün Avropa, eləcə də xristian mədəniyyətindən
çox-çox yüksəkdə dayanan İsalam mədəniyyətinin uğurlarını sözügedən cəmiyyətləz
qəbul edə bilməz. Eyni zamanda Avropa bu gün islamlaşır. Elm adamları, yüksək
elitar təbəqə artıq İsalmın və Quranın həqiqətlərinə varır və onu qəbul etmək
zorunda qalır. Məhz belə olduğu təqdirdə bu məsələnin ortaya atılması
mədəniyyətlərin qarşıdurmasına gətirib çıxarmalıdır ki, bütün müsəlmanların
əleyhinə olan bir silaha çevrilsin.
Hər bir insanın
özünün inancına olan hörmətsizliyə ciddi reaksiya verməsi təbii haldır. Çünki bu
inanc məsələsidir və birmənalı şəkildə ona qarşı təcavüz olmaz!
Bunu çox gözəl
bilən və bizim inancımıza təcavüz edən Avropa və xristian dünyasının
maraqlarının harada kəsişdiyi aydın görünür. Əslində onlar müsəlmanların bu
məsələyə daha aqressiv yanaşmasına çox maraqlıdır. Çünki belə olduğu təqdirdə
göründüyü kimi diplomatik nümayəndəliklərə qarşı təzyiq, bayraqların
yandırılması , hadisələri daha da qızışdıran ölümlər və s. baş verəsəkdir. Bu
da onlara uzun zamandan bəri dünya xalqlarının gözündə səhnələşdirmək
istədikləri “İslamın terror dini” olduğunu sübut etməyə kömək edir. Axı indi
“uran istehsalı” və “Bin laden oyunu” yüksək maraq dairəsi yarada bilmir.
Hadisələrin bu şəkildə qurulması fitnə yaratmaqdan başqa bir şey deyildir. O
zaman bu olaya sadəcə bir ad vermək olar.
Yeni Səlib
yürüşü!
Biz kimlərinsə
Qutsal inanclarımıza toxunmasına heç vaxt yol verməməli, eyni zamanda fitnəyə
getməməliyik. Axı Quranımızın bizə “Fitnə adam öldürməkdən daha böyük
günahdır”-deyir. Axı bizim dinimiz sevgi dinidir. Axı bizim Peyğəmbərimiz (s) ən
böyük sevgi insanıdır.
Səhifəni hazırladı:
Nicat
|