|
Azad Qarabağ - 3-cü səhifə
“Artıq 12 ildir nə danışıqlar
baş tutur, nə də müharibə baş verir”
“ATƏT heç nədir, onu bilin. ATƏT-in heç nəyi də yoxdur.
ATƏT-in bapbalaca bir qərargahı var. İçində də 5-6 nəfər adam. ATƏT-in “xozeyni”
Amerikadır”.
Həmsöhbətimiz politoloq Vəfa Quluzadədir.
-Vəfa müəllim, Azərbaycan və
Ermənistan prezidentlərinin Fransa görüşündə danışıqların predmetinə aydınlıq
gətiriləcəkmi?
-Bilirsinizmi, bu çox çətin sualdır. Birincisi sualınız qəribədir. Nə deməkdir
ki, aydınlıq gətiriləcək? Bizim aydınlıq nəyimizə lazımdır, qaranlıq nəyimizə
lazımdır. Bizə lazımdır ki, işğal olunmuş torpaqlarımız BMT-nin qərarları
əsasında azad edilsin. Əgər siz soruşsanız ki, BMT-nin qərarlarının əsasında,
Azərbaycan torpaqları işğaldan tamamilə azad olunacaqmı? Mən buna bir qədər
şübhə ilə yanaşardım!
-Danışıqlar baş tutmasa, müharibə ehtimalını necə
qiymətləndirirsiniz?
-1994-cü ildən, artıq 12 ildir danışıqlar baş tutmur. Nə də müharibə baş vermir.
Ona görə müharibə ehtimalını hələlik görmürəm. Çünki hələlik danışıqlar
nəticəsində həmsədrlərin niyyəti güzəştli sülh əldə etməkdir. Və bu niyyəti də
bizə aşılamaq istəyirlər. Biz də bu niyyəti heç cür qəbul edə bilmirik. Ona görə
ki, Azərbaycan gərək öz torpaqlarını güzəşt etsin. Buna isə heç kəs cəsarət edə
biməz. Ona görə hələlik ki, danışıqlar bu səpgidə gedir. Onlar bizə təklif edir
ki, torpaqlarımızı güzəşt edək. Biz isə bunu qəbul edə bilmərik. Onlara izah
edirik ki, biz bunu xalqımıza necə başa salaq? Digər tərəfdən də sizə bildirim
ki, müharibənin əmrini verən mən deyiləm. Müharibə ehtimalını məndən
soruşmayın. Müharibə ehtimalını soruşun Müdafiə Nazirindən və ondan yüksək
prezidentdən. Mən sizə müharibə barədə heç nə deyə bilmərəm.
- Putinin Azərbaycana növbəti səfəri hansı məqsədi
daşıyır?
-Əgər biz Rusiyanın Azərbaycana qarşı apardığı siyasəti bir-bir təhlil etsək
görərik ki, Rusiya həmişə Azərbaycana qarşı düşmən mövqeyində dayanıbdır. Rusiya
Azərbaycanı çar dövründə işğal edib, kaloniyaya çevirib. Bizim pasportlara çar
hökuməti milliyətimizi tatar yazdırırdı. Türk dilimizi əlimizdən almışdılar.
Sonra isə Sovet Rusiyası Azərbaycan çoxlu zülmlər eləməyə başladı. Azərbaycanı
türklüyündən çıxardıb Azərbaycanlı yazdırdı. Demək tatardan keçirdi
azərbaycanlıya, yəni yer adını bizə verib, azərbaycanlı kimi tanıtdı. Türk
milləti adını götürməyə icazə vermədi.
-Ondan başqa torpaqlarımız işğal olundu. Demokratik
respublikamız darmadağın edildi, ordumuzu qırdılar, ziyalılarımızı məhv etdilər.
Hüseyn Caviddən tutmuş... daha hamısını sadalamıram. Özünüz yaxşı bilirsiniz.
Beləliklə, burada eybəcər bir Sovet Respublikası yaratdılar.
-Bir milyard beş yüz milyon ton neftimizi Azərbaycandan çıxardılar. Sovet
hökuməti yıxılanda isə bütün Azərbaycan əhalisi dilənçi vəziyyətində oldu. Ondan
sonra ikinci dəfə yenə işğal etdilər. Sovet dövründə bizim demokratik
respublikanı yıxandan sonra ermənilərə Zəngəzuru verdilər. İndi isə Rusiya
Dağlıq Qarabağa zərbə vurub, onun ətrafındakı rayonları işğal edib. Ermənilərin
dil il, həyasızcasına deyir ki, nə Dağlıq Qarabağı, nə Kəlbəcəri, nə də Laçını
strateji baxımlardan Azərbaycana verməyəcəyik. Bax, məsələ belədir. Ona görə mən
Putinn gəlməsini pisləyirəm. Putin kimi adamı burda qəbul etmək olmaz. Həmçinin
Yeltsin kimi adamı da burda qəbul etmək olmazdı, təəssüf ki, etdik. Yeltsin
Azərbyacan torpaqlarının 20%-nin işğalında bilavasitə iştirak edibdi. Ona görə
mən Rusiyadan heç nə gözləmirəm. Nə də heç kimdən... Allahdan başqa heç kimdən
heç nə gözləmirəm...
Bilirsinizmi, Rusiya da Azərbaycana qarşı düşmən mövqedədir. Başqa ölkələr də,
elə götürək Avropa ölkələrini, Məhəmməd peyğəmbəri təhqir etməyə qədər
qalxıblar. Onların İslam dininə, müsəlmanlara münasibəti bəllidir. Ona görə
belədir vəziyyət.
-Siz sülhməramlıların Azərbaycanda yerləşdiriləcəyinə
inanırsınızmı? Əgər yerləşdiriləcəksə onların tərkibində hansı ölkələrin
hərbiçilərini məqbul edirsiniz? Sülhməramlıların hansı ərazidə yerləşdirilməsini
düşünürsünüz?
-Sülhməramlıların Azərbaycanda yerləşdirilməsi o vaxt mümkün olar ki, bütün
Azərbaycan torpaqları işğaldan azad olsun. Dağlıq Qarabağ da, Kəlbəcər də, Laçın
da və başqaları... bizim işğal olunmuş torpaqlarımızda sülhməramlılar necə
gəlib yerləşdirilə bilər. Mən bunu heç cürə təsəvvür etmirəm. Nəyə görə
ermənilərin çıxdığı torpaqlarda Azərbaycan qoşunları yerləşməsin. Nə səbəbə
görə, Azərbaycan süvernliyini öz torpaqlarından bərpa etməsin. Bizim
sülhməramlılar nəymizə lazımdır? Nə sülhməramlı... Qonşu gürcülər
sülhməramlılardan ağlayırlar. Bilmirlər onlardan canlarını necə qurtarsınlar.
Sülhməramlıların yerləşdirilməsi elə işğal deməkdir.
-Vəfa müəllim, “ATƏT-in həmsədrlərinə istədiklərini
desələr, azərbaycan xalqı onları daş-qalaq edər.”
525-ci qəzetdə sizin belə bir fikriniz səslənib...
- Onların istədikləri odur ki, Azərbaycan Dağlıq Qarabağı birdəfəlik versin
ermənilərə, bununla da məsələni bitirək. Sülh müqaviləsi imzalansın və hər şey
qurtarıb getsin. Onların bütün fikirləri budur. Ancaq onlar bunu bərkdən deyə
bilmirlər. Mətbuat qarşısında söyləməyə qorxurlar.
1993-1999-cu illərdə mən bütün danışıqlarda iştirak etmişəm. Onlar bir dəfə də
olsun ermənilərə deməyiblər ki. Öz işğalçı qoşunlarınızı Azərbaycan
torpaqlarından çıxardın. Amma, Azərbaycana deyblər ki, gərək siz ermənilərə
güzəştə gedəsiniz. Nə güzəşt edək? Nəyi güzəşt edək?
-ABŞ-ın Ermənistandakı səfiri Con Evansın sözlərindən belə çızxır ki, qonşu
ölkələrin Türkiyə, İran və Gürcüstanın, eyni zamanda, həmsədr ölkələr kimi ABŞ,
Rusiya və Fransanın hərbiçiləri sülhməramlı qoşun yaranarsa, onun tərkibində
iştirak etməməlidir.
-Bilirsinizmi, onlar məsələni elə qoyurlar ki, güya sülhməramlıların yaradılması
həll olunub və Azərbaycan da buna razılıq verib. İndi də deyirlər ki, kim
iştirak etməlidir, kim iştirak etməməlidir.
Birincisi biz rasılıq vermişikmi? Sülhməramlı qüvvələr bura gəlsin? Ikincisi
Sülhməramlı qüvvələr varmı? Yoxdur. ATƏT heç nədir, onu bilin. ATƏT-in heç nəyi
də yoxdur. ATƏT-in bapbalaca bir qərargahı var. İçində də 5-6 nəfər adam ATƏT-in
“Xozeyni” Amerikadır. Nə vaxt Amerika əmr etsə ki, sülhməramlı qoşunları
filan-filan ölkələr versin, bax onda verəcəklər. Amma indiyə qədər nə
sülhməramlı qüvvələr var, nə də Azərbaycanın buna razılığı. Heç Ermənistanın
razılığı haqqda mənim xəbərim yoxdur. Sülh müqaviləsindən sonra, sülhməramlı
qüvvələr gəlir. Sülh müqaviləsi yoxdursa, heç bir razılıq yoxdur.
Söhbətləşdi: Qalib İbrahimoğlu
|
Xocalının ildönümünə mitinq
keçiriləcəkdir
Qarabağ Azadlıq Təşkilatı Xocalı
soyqırımının ildönümü ilə bağlı mitinq keçirmək haqqında qərar qəbul etmişdir.
Mitinqin kecirilməsi üçün dünən Bakı Şəhər Icra Hakimiyyətinə xəbərdarlıq
məktubu göndərilmişdir. Bütün ictimai, siyasi qüvvələrin də dəvət olunduğu
aksiyanın fevralın 26-da saat 1200-dan 1300-a qədər Xətai
metro stansiyasının yaxınlığında “Vətən harayı” abidəsinin qarşısında
keçirilməsi nəzərdə tutulur. Mitinqdə “Xocalı soyqırımını törədənlər
cəzalandırılsınlar!”, ”Qarabağa azadlıq!”, “Erməni işğalına son qoyulsun!”,
“Nəticəsiz danışıqlar dayandırılsın!”, və digər şüarlar səsləndiriləcək,
çıxışlar ediləcəkdir.
QAT mətbuat xidmətindən verilən
məlumata görə, Xocalı soyqırımının ildönümü ilə bağlı təşkilat bölgələrdə də
fərqli tədbirlər keçirəcəkdir. Bundan başqa, QAT-a daxil olan məlumatlara görə,
Dünya Azərbaycanlıları Konqresi, Dünya Azərbaycanlıları Məcilisi, Avropa İnsan
Hüquqları Təşkilatının Qafqaz bölməsi, ABAD Azərbaycan Təşkilatı, İsveç
Azərbaycanlıları birliyi, Moskva gənclərinin Koordinasiya Şurası, Qarabağ
Azadlıq Təşkilatı İsveç bürosu və digər qurumlar dünyanın müxtəlif yerlərində
fotosərgilər, yığıncaqlar, küçə yürüşləri, mitinqlər, piketlər keçirəcəklər.
|
 |
|