Bu gün: 20 İyul 2008, Bazar

 

 
 
 

 

Azad Qarabağ - 4-cü səhifə

Bu Vətən hamımızındır

F.Kərimova: Qarabağı satan əli yandıran xalq lazımdır...

O özünü xalqdan ayrı təsəvvür etmir. Xalqımıza yalnız səsiylə deyil, bütün varlığıyla xidmət edir. İnandığı, seçdiyi yoldan dönmədiyi üçün dəfələrlə incidilib, zaman-zaman efiri onun üzünə qapayıblar, sevdiyi sənətdən, səhnədən uzaq düşüb, sağlamlığını itirib. Yəqin ki, oxucular artıq söhbətin çox sevdiyimiz sənətkar, xalq artisti Flora Kərimovadan getdiyini başa düşdülər. Son vaxtlar Flora xanım yenə də efirdə demək olar ki, görünmür. Buna aydınlıq gətirmək və ümumiyyətlə, sənətkarın hazırkı fəaliyyəti ilə tanış olmaq məqsədi ilə Flora xanımla görüşdük.

- Flora xanım, xeyli vaxtdır efirdə yenə görünmürsünüz. Yəqin ki, yeni bir layihə üzərində işləyirsiz.

- Hazırda heç bir layihə üzərində işləmirəm, çünki xeyli vaxtdır yenə qadağadayam. Keçən ilin yayında Rəsul Quliyevin xanımıyla görüşdüyümə görə qadağaya düşdüm. Hərdən ANS efirə buraxır, son vaxtlar isə ictimai televiziyada da görünürəm.

- Namizədliyinizi irəli sürdüyünüz Sumqayıt 42 saylı seçki dairəsində yüksək səs çoxluğu topladığınıza baxmayaraq, millət vəkili seçilmədiniz. Bu barədə nə deyə bilərsiniz?

- Seçilmişəm, qızım. Ancaq MSK qələbəmi bilərəkdən təsdiq eləmədi, əmri yuxarıdan almışdı.

- Siyasətə qatılandan sonra çox əziyyət çəkmisiniz. Zaman-zaman efiri üzünüzə qapayıblar, səhnədən uzaq düşmüsünüz. Bu cür əziyyət çəkdikdə siyasətə qatılmağınıza peşman olursunuzmu? Ümumiyyətlə, bütün bunların kökündə ancaq siyasi fəaliyyətinizmi dayanır?

- Başa düşə bilmirəm, bu siyasətə qatılmaq nə deyilən şeydir? Siyasətə münasibəti ancaq siyasətçılərmi bildirməlidir? Bu vətən hamınındır, ağrı hamının ağrısı, itgi də hamının itgisidir. Mən öz görəvimi alnıaçıq yerinə yetirirəm. Qarabağı vəsf eləyib, bir şey olduqda isə qorxub qaçan müğənnilərə o sual verilməlidir, bu yanlış siyasətə niyə öz münasibətlərini bildirmirlər?

Bu əziyyətlərin kökündə müstəqil insan olmağım durur. Siyasətdə müstəqil olmaq çox təhlükəli bir şeydir, çünki adam yeri gəldikdə kiminsə maraqlarının əleyhinə gedə bilir. Ona görə də görünür, məndən çəkinirlər, hardasa söz deməyə, fəaliyyətimə yol vermək istəmirlər . Xalq özü seçir, kim haqlıdır, kim haqsız. Onlar mənə mane olmaqla gündəmdən düşməyə qoymurlar.

-Bu cür incidildikdə hər şeydən əl çəkib, vətəni tərk etmək fikrinə düşmürsünüzmü?

- Yox, elə bir fikrə düşməmişəm. Düzdür, bəzən çox hirslənəndə, görəndə ki, nəyisə dəyişdirməyə gücüm çatır, demişəm, hər şeyi atıb, ifadəmə görə üzr istəyirəm, hər şeyə “tüpürüb” gedəcəyəm. Ancaq bu hal çox tez keçib gedib. Məzlum gözlər, yazıq insanlar, taleyi qırılmış şəhidlər, yetim uşaqlar, torpağım məni bu yoldan saxlayıb və qəti olaraq elə bir addım atmağa qoymayıb. Seçimim birdir- vətənim, torpağım, xalqım. Başqa seçim etməyə ixtiyarım yoxdur.

- Bütün bunlar sənətinizə mane olduğuna görə, yəqin ki, sənətdə çox şey itirmisiniz.

- Təbii ki, mane olub və çox şey itirmişəm. Sənətimi itirmişəm, səsim ola-ola səsimi itirmişəm, yəni mahnılarımı insanlara çatdıra bilməmişəm. Səhnə sevincini yaşamaq imkanını, səhnə xoşbəxtliyini itirmişəm. Ancaq həyatda çox xoşbəxtəm, çünki insanları bədbəxt edən pis əməlləri və düzgün formalaşmamış ailəsidir. Allah məni belə şeylərdən qoruyub. Səhnəmi, sənətimi itirsəm də, bir şəxsiyyət kimi ayağa qalxmışam. Seçkilərdə mənə olan məhəbbəti, inamı gördüm, hansı ki, onu heç bir sərvətlə, heç bir vədlə qazanmaq mümkün deyil. Mən o inama illərimi, sağlamlığımı, rahatlığımı, sənətimi xərclədim və heç vaxt da peşman olmadım.

- Sizə güc verən də  yəqin xalqın inam və məhəbbətidir.

-Deyim ki, mən kimdənsə güc alıram, kiminsə sözü məni daha “əzmlə mübarizəyə səsləyir”, yox. Yazıq o insandır ki, xalqın yolunda kiminsə sözüylə mübarizə aparır və ya hər hansı xeyirxah işi sifarişlə görür.Mən kifayət qədər müstəqil insanam, ancaq özüm-özümdən güc, qüvvə alıram. Bu qüvvənin istiqamətinin düz olduğunu isə xalqımın mənə olan inamında, münasibətində görürəm .Düşünürəm ki, düz yoldayam və bu inama layiqəm. İndiyə qədər başa düşə bilmirəm, məni nə vadar  edir düz söz deyim, nə vadar edir çəkinmədən mübarizə aparım. Görünür, bu xarakterimdir.

- Qarabağ problemi və onun həlli barədə fikrinizi bilmək istərdik.

- Qarabağdan çox nigaranam, ancaq o problemin həlli mənim borcum deyil. Çünki nə prezidentin məsləhətçisiyəm, nə də onun aparatında işləyirəm. Mənim borcum tələb etmək və əgər gücləri çatmırsa, kömək etməkdir, hiylə işlətsələr ermənilərə qarşı olduğu kimi onlara qarşı da mübarizə aparmaqdır. Məsləhəti meydanda vermirlər, meydanda mübarizə aparırlar, bir də ki, məsləhəti eşidənə verərlər.

- Ümumiyyətlə, bu məsələdə xalqın üzərinə də bir şey düşürmü?

- Təbii. Xalqın üzərinə çox şey düşür, ancaq təəssüflər olsun ki, mənim xalqım qorxur və qorxa-qorxa qorxaq millət adını alacaq. Bir şey məni qorxudur, Qarabağı təslim edib verəndə, xalq ona baş əydiyi kimi, indiki vəziyyətlə də barışıb baş əysin. Belə görürəm ki, barışır da.

- Flora xanım, sənətinizə qayıdaq. Bir neçə gənc sənətçiylə, o cümlədən Faiq Ağayevlə, Nadir Qafarzadəylə duet oxumusunuz. Bu yəqin onların arzusu olub. Yenə də gənc müğənnilərlə duet oxumaq fikriniz varmı?

- Bəli, mən ancaq onların xahişini yerinə yetirmişəm və ayağım da düşərli olub, duetlər çox gözəl alınıb. Onların bəziləri haqq-sayı itirsə də, ancaq bunu qiymətləndirib, mənimlə duet oxuyandan sonra populyarlıq qazanaraq, sənətdə ciddi qəbul olunduqlarını deyənlər də var. Mənə müraciət edən heç bir müğənninin qəlbini sındırmamışam, hətta səsi olmayan müğənniylə oxuyanda elə mahnı seçməyə çalışmışam ki, onun səs imkanlarına uyğun olsun və mən onu öz səsimlə üstələməyim, təkləməyim. Indi də mənimlə duet oxumaq istəyənlər, mənə müraciət edən bəstəkarlar çoxdur, ancaq  qadağada olduğuma görə hələ bu işə qol qoymuram. Çünki mahnı canlı bir varlıqdır, ona nəfəs vermək, yaşatmaq lazımdır. Mahnını bir küncə atıb boğmaq olmaz. Gözləyirəm ki, səhnə imkanlarım açılsın, sonra o mahnılara nəfəs verim.

-Tez-tez efirdə səslənən səviyyəsiz mahnılar və onu oxuyan müğənnilər barədə nə deyə bilərsiniz? Bunun qarşısını almaq olarmı?

- Mahnı heç vaxt pis olmur, sadəcə, ya zəif olur, ya güclü. Mahnı ifaçısının intellekt səviyyəsindən çox şey aslıdır, çünki müğənni mədəniyyətinə uyğun olaraq o mahnıya can verir. Mədəniyyətdən xəbəri olan müğənni sözləri düzgün tələffüz edib, tərbiyəsinə uyğun təqdim edirsə, təbii ki, yaxşı tərəfi nəzərdə tuturam, onda o mahnı pis ola bilməz. Əgər mahnını  içi puç bir insan oxuyursa, o ancaq qazancını düşünüb mahnını özünə tabe edirsə, yüngül zövqə təslim olursa, bu zaman mahnı çox ucuz səslənir və məhv olur. İfaçının naşılığı ucundan bu kimi mahnıları səviyyəsiz və ara mahnıları adlandırırlar. Əslində isə, mahnı yox, ifaçı səviyyəsizdir. O ifaçılar böyük bir sənət bağçasında dibindən qoparılıb atılası qanqaldır və həyat, əsl sənət o qanqalları zaman keçdikcə bir-bir qoparıb ataraq, sənət bağçasını təmizləyir. Qanqallar ekranlara gəlirlər, ancaq ömürləri elə ifa qədər olur. Bunların qarşısını almaq isə  asan deyil. Bu barədə teleşirkətlər düşünməlidir, təəssüflər olsun ki, qazanc naminə onlar da belə qanqallara yol verirlər. Nə qədər ki, qanqallar xərc töküb özlərini populyarlaşdırırlar, bir o qədər də əsl sənətin və sənətkarın necə olmağını xalqın yadına salırlar.

-Sizin sənətinizə mane olmaq istəyən sənətçilər olubmu? Olubsa, onlara sözünüz nədir?

-Bəli , konkret olaraq belə sənətçilər olub, ancaq onlar kimdir ki, əhəmiyyət  verib bu barədə söz deyəm. Onlar insan yox, məxluqdurlar. Mənim yerimə onların cavabını həmişə xalq verir. Müəyyən mənada sənətimə mane olsalar da, mənə elə böyük ziyan vura bilməyiblər. Çünki  səhərin qarşısını almaq mümkün deyil, nə edirsən, et, gecədən sonra səhər açılacaq və mənim səhərlərim həmişə göy qurşağıtək al-əlvan olub. Mən hər dəfə əlvan göy qurşağına öz səsimlə, varlığımla “sabahın xeyir”-deyirəm. O qaranlıq isə elə qaranlığın içində boğulur.

-Ürəyinizdə xalqımıza deyiləsi elə bir sözünüz varmı?

-Azərbaycan xalqının gözəl keyfiyyətləri – ürəyiaçıqlığı, son tikəsini bölüşməyi, qonaqpərvərliyi adi vaxtda ona başucalığı gətirən keyfiyyətlərdir.Ancaq bugünkü müharibə şəraitində bu xüsusiyyətlər “onurğasızlıq” deməkdir. Bir xalq ki, öz sözünü deməyə qorxur, o xalqın əlindən bir-bir hər şey alınır. Qarabağı da biz təsadüfən itirmədik. Qarabağı bizimkilər satdılar, ancaq satan əli də yandıran xalq lazımdır. O xalq yoxdur. Ümumiyyətlə, mən yavaş-yavaş artıq xalqımdan da, müxalifətdən də qırılmışam. Müxalifətdən ona görə qırılmışam ki, xalqı düz istiqamətə yönəldə bilmir, xalqımdan isə mübarizə apara bilmədiyinə  görə qırılmışam. Bütün bunlar mənə çox pis təsir edir. Son 16 ildə Iqtidarın mənə edə bilmədiyini Müxalifət elədi, yəni İqtidar məni bu yoldan döndərə bilmədi, Müxalifət isə öz yanlış addımlarıyla məni sarsıtdı. Bundan sonra nə edəcəyimi də bilmirəm, çünki içimdən onlara qarşı özgələşmişəm, çox bədbinləşmişəm. Müxalifətin bu dərəcəyə gəlib çatacağını bilmirdim, bəlkə də hardasa ürəyimdə hiss edirdim, ancaq dilimə gətirmirdim. Görün indi nə qədər bezmişəm ki, artıq bunları dilimə gətirirəm. Mən neyləyim ki, torpağımın və xalqımın müqəddəratından söhbət gedəndə özümü kənara çəkə bilmirəm. Məni ağrıdan hər birimizi ağrıtmalıdır, kimsə yaxasını kənara çəkəndə təəccüb edirəm, deyəsən elə ömrümün sonuna qədər də təəccüb edə-edə qalacağam. Mühit insanları elə günə salıb ki, hamı ancaq özünü düşünür. Elə olmaq istəyirəm, bacarmıram, bu  da məni incidir. Artıq heç bir yaxşı dəyişiklik gözləmirəm, çünki bizi mühitdən asılı insanlar, üzüdönüklər idarə edir.

 

Nüşabə Səməndər

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 3 4 5 ... 16

Sənədin sonuncu korrektə tarixi: 16/2/2006 - 6:35:29
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.016107