Bu gün: 20 İyul 2008, Bazar

 

 
 
 

 

Azad Qarabağ - 5-cü səhifə

Lənətlə xatırlanmayaq

Dünyada elə bir dərd, elə bir həsrət ola bilməz ki, torpaq, Vətən itgisi qədər ağır olsun. Bunu hamı bilir. Lakin bu yanğını məlum səbəbdən – “qaçqın”, “didərgin”, “məcburi köçkün” adları altında Azərbaycanın dörd bir tərəfinə səpələnmiş Qarabağ camaatı qədər heç kəs duya bilməz. İnsanın vətəni doğulduğu torpağıdır. İnsanın yurdu üstündə dizin-dizin iməklədiyi, ayaq açdığı ocağıdır. Əgər belə olmasaydı bu ölkənin sərvətini talayan, xalqı düşmən gözü ilə görüb, çörəyə möhtac qoyan yerlibazlar da Azərbaycanı bölgələrə bölməz, birgə çalışar, milləti belə dilənçi vəziyyətinə salmazdılar.   ...Bu ayrı bir mövzudur.

Mənimsə sözüm bu gün ancaq sizədir. Min oyunun qurbanı olub, yurdundan, yuvasından didərgin düşən mənim qaçqın, köçkün qardaş və soydaşlarım! Bəs siz nə vaxta qədər dözəcəksiniz? Haçanacan şəhid qoyub gəldiyiniz əzizlərinizin saralmış şəkillərini yaşadığınız zirzəmilərin, çadırların, sınıq-salxaq vaqonların, qarğı-palçıq daxmaların, uçuq-sökük yataqxanaların divarından asacaqsınız. Budurmu şəhid ruhuna böyük ehtiramınız? Heç bir ölçüyə., mentalitetə sığmayan şəraitdə çadırlarda, yataqxanalrda yaşamaq sizi bezdirmədimi? Qoyub gəldiyiniz ata-baba yurdunun sönən ocaqlarının tüstüsü gecə yuxularınızda gözlərinizi göynətmirmi? Nə vaxtacan mövcud İqtidar bu xalqı aldatdığı kimi, “Allah qoysa yaxşı olacaq” deyərək siz də özünüzü, ailənizi, uşaqlarınızı beləcə aldadacaqsınız. Ölkənin şeyxi Allahı danıb yetim-yesirə yuxarıdan aşağı baxırsa, mollaları hüzn yerlərində qiymət danışıb bazar açırsa, hələ də yad qəbiristanlıqlarda ordan-burdan toplanmış pul hesabına yer tapıb ölümüzü basdırırıqsa, Allah qoymayacaq ki, yaxşı olsun. Qarabağ həsrətli, son nəfəsdə dili tutar-tutmaz “məni yurdumda dəfn edərsiniz”-deyə dünyadan nisgilli köçənlərmizin vəsiyyətini yerinə yetirə bilmiriksə, düşmənin tapdağı altda qalan ata-babalarımızın izi itməkdə olan qəbirlərinə, sənin, mənim, ana torpağımızın uğrunda sinəsini sipər edib şəhid olan igidlərmizin məzarlarına burdan durub rəhmət oxuyuruqsa, süşmən əsarətində girov saxlanılan minlərlə minlərlə soydaşlarımızın harayı qulaqlarımızı deşmirsə, Allah bizi necə bağışlayıb kömək olsun. Allah haqq tərəfdarıdır. Biz isə İlahinin bizə verdiyi,babalarımızın qoruyub bizə çatdırdığı elində, obasında yaşamaq haqqını və bu haqq taptalanarsa, qan savaşına kimlərə və nəyə görəsə danmışıq. Əvəzində pasportlarımızı möhürlədib uşaqlarımıza yardımlara necə əl açmağı öyrədirik. Bu uzun illəri donmuş qeyrətimizə söykənib, onlara “ATƏTpərəstlər”in sonu görünməyən uydurma “sülh” nağılını  oxuyuruq. Unutmayaq ki, bazarlarda, küçələrdə gündəlik çörək pulu dalınca qaçan, yaşından böyük görünən, ev-eşik dərdindən evlənə bilməyən bu gənc oğullar, gizlində cehiz həsrətilə gözləri dolan qız-gəlinlər bizim övladlarımızdır. Qonşu çadıra gəlin köçürdüyün qızının taleyini nəyə, hansı ümidə bağlaırsan?! Yüksək tribunalardan söylənilən yalan vədlərəmi? Üç dəfədən çox artan dövlət büdcəsi, daha dürüst desək məmur büdcəsi sənə yaxşı nə verdi ki, övladına nə verə. Onların öz yurdlarında belə problemləri olardımı? Əlbəttə ki, yox! Düz 15 ildir, ayaqyalın, başaçıq qaçqın boxçası çiynimizdə yol gedirik. Bu yolun kənarından azmı bizə daş atıblar, azmı töhmətlər yemişik?! Özümüz cəsur türk oğluykən, bu yolda kimlərə hansı millətlərə əl açmamışıq? Yeni nəsillər də ümidlə arxamızca gəlir. Daha bilmirlər ki, belə getsək bu yol bizi mənasız, ucuz bir ölümə doğru aparır və bu yolun sonu Vətən uğrunda şərəflə ölənlərin ölümünə həsədlə bitir. Günahsız övladlarımızı el-obasına qaytarıb, öz torpağında yurddaş eləməsən, gələcəkdə nə onlar səni, nə də özün-özünü son nəfəsdə belə bağışlaya bilməyəcəksən. Vaxt isə amansızcasına tez ötür və sənin xeyrinə işləmir.

Bu illər ərzində verilən neçə-neçə fərmanların, bu münaqişə ilə bağlı keçirilən seminarların, görüşlərin, səfərlərin tarixlərini sadalamaq istəmirəm. Nəticələri göz qabağındadır. Ölkəmizin bayrağını təhqir etmək istəyərkən düşməni qətlə yetirən qeyrətli balamızın, fədakarcasına döyüşlərə atılan partizanlarımızın həbsxana həyatı, ermənilərin Bakıya-Azərbaycana gəlişinin qasrşısını alan mərd oğullarımızın həbsxanalardan keçən mübarizə yolu hamımıza bəllidir. Bunları törədənlər içərimizdən və kənradan buna dəstək olanlar da məlumdur. Ancaq bütün bunlar bizi öz haqq yolumuzdan döndərməməlidir. Etiraf etməliyik ki, ən böyük günahkar elə özümüzük. Haqqını tələb etməyənin haqqı tanınmaz. Bu torpağı bizə əmanət qoyub gedənlərimiz, həm də qalanlarımız qarşısında günahkarıq. Birləşib ayağa qalxaraq doğma torpaqlarımızı azad etməliyik. Bunun isə bircə yolu var- o da müharibədir. Ahıl qocalarımızın, körpə balalarımızın Xocalıda tökülən qanını sülhlə yox, ancaq qanla yuya bilərik. Əgər indi bunu etməsək, gələcək nəsillər demirəm ki, bizi xatırlamayacaq, tez unudacaqlar. Əksinə, bəlkə də daha çox xatırlayacaqlar: Ancaq lənətlə!

 İlqar Mehdi


Dözməyə güc verən yurd həsrəti

Azərbaycanda yaşayan bir milyona yaxın qaçqın və məcburi köçkünlərimizin taleyi hər birimizi düşündürməli, narahat etməlidir. Yataqxanalarda,çadır şəhərciklərində məskunlaşmış qaçqınların acınacaqlı vəziyyəti hamımıza məlum olsa da, bəzilərimiz, daha doğrusu kimlərin görməyi, bilməyi lazımdırsa, özünü görməməzliyə və bilməməzliyə vurur. Bundan sonra qəzetimizin hər sayında “belə yaşamaqdansa...” rubrikası sizləri qaçqınların həyat tərzi, problemləri, əhval-ruhiyyəsi, eləcə də arzu və istəklərilə tanış edəcək. Ümid edirik ki, oxucularımız arasında onlara hər hansı yardım göstərmək istəyənlər tapılacaq. Elə bu məqsədlə də yolumu qaçqınların toplu yaşadığı Dərnəgül qəsəbəsindən saldım. Bakı Slavyan Universitetinin 1 saylı yataxanasında oldum. Öyrəndim ki, bu binada Qubadlı, Zəngilan, Şuşa, Kəlbəcər, Ağdam, Füzuli, Xocavənd eləcə də Qarabağın digər rayon və kəndlərindən köçüb gələn 111 ailə yaşayır.

Binaya daxil olanda ilk rastıma çıxan təxminən 50-55 yaşlarında olan Solmaz xala oldu. Müxbir olduğumu biləndə məni içəri dəvət etdi. Söhbət əsnasında məlum oldu ki, bu kiçik, təmirsiz otaqda Qubadlı məcburi köçkünü olan Soltan kişi 6 nəfərlik ailəsi- həyat yoldaşı, oğlu, iki qızı və nəvəsi ilə birlikdə yaşayır. Qızının həyat yoldaşı rəhmətə getdiyinə görə övladı ilə birlikdə atasına sığınıb. Ailədə heç kim işləmir, üstəlik oğulları da əlildir. Solmaz xala güzəranlarınınçətinliyindən, imkansızlıqdan oğlunu müalicə etdirə  bilmədiklərindən gileyləndi: “Oğlumu 23 yaşı var, II qrup əlildir. Xəstə uşaqdır, müalicəyə ehtiyacı var, ancaq heç birimiz işləmirik. 200 000  manat təqaüdalıram, hərəmiz 25000 manat çörək pulu alırıq. Bu böyüklükdə ailə onunla dolanır. Oğluma kömək lazımdır, hökumət 100 000  manat pensiya verirdi, onu da dörd aydır ala bilmirəm. Soruşanda da deyirlər 100 000 manat təqaüd alanların sənədləri dayandırılıb. Hamı mənə deyir, oğlunu əlillər evinə qoy, ancaq mən balamı gözümdən uzağa qoya bilmərəm. Mən onu 15 yaşına kimi belimdə gəzdirmişəm. Kişiyə deyirəm, biz ölənə qədər saxlayaq, öləndən sonra nə olar, olar... Üstəlik qızım da zobdan zəhərlənib, gözləri görmür. Bala, belə yaşamaqdansa, ölmək yaxşıdır. Nəvəm indi məktəbdən gələcək, bilmirəm ona yeməyə nə verəcəyəm. Kişi uşaqların üzünə baxa bilmir.” Dərdli ana bunları danışdıqca üz-gözündəki ifadədən nələr çəkdiyini, hansı əzablara qatlaşdığını duymaq çətin deyildi. Danışdıqca qəhərlənir, elə bil ki, göz yaşlarını güclə saxlayırdı. Bununla belə, ailəsiylə kiçik bir otağa sığınmış, hər cür maddi və mənəvi əzablara dözməyə məcbur olan ananı bir ümid yaşadır – nə vaxtsa doğma ev-eşiyinə qayıtmaq ümidi. Rayondakı həyət-bacasından, toyuq-cücəsindən həsrətlə, nisgillə danışır: “Qızım, deyərlər ki, Qarabağ alınıb, piyada gedərəm. Qapıma çatandan sonra isə qoy Allah canımı alsın, ancaq bilim ki, vətənimə çatmışam. Şəhərdə yaşamaq mənə nə verir, rayonda hər şeyim var idi, burda heç nəyim yoxdur. Biz dilənçi deyilik, hökumətə demirik ki, gətirib bizə pul, yemək versin. Torpağımızı qaytarsın, vətənimizdə vətənsiz qalmışıq.”

Soltan kişi də işsizlikdən, ailəsini dolandıra bilməməsindən şikayətləndi. Xəstə oğlunu dəfələrlə əsgəri xidmətə çağırıblar. Həkimdən, rayon icra hakimiyyətindən xəstəliyə görə arayış olduğuna baxmayaraq, Soltan kişini çox incidiblər, hətta məhkəməyə veriblər. Deyim ki, mən özüm gənci gördüm. 23 yaşı olduğuna baxmayaraq, 16-17 yaşlı yeniyetməyə bənzəyirdi və elə xarici görkəmindən onun xəstə  olduğunu təyin etmək mümkün idi. Orada olduğum müddətdə oğlan bir neçə dəfə danışsa da, danışığından heç nə başa düşmək olmurdu. Soltan kişi yaşlı və xəstə olduğuna baxmayaraq, Qarabağ  uğrunda müharibəyə hazır olduğunu söylədi: “Qarabağı ancaq  müharibə yoluyla almaq olar. Sülh yoluyla mümkün olsa bu illər ərzində alınardı. Mənim 55 yaşım var, özüm də xəstəyəm. Ancaq müharibə olsa birinci gedərəm. Mənə elə gəlir ki, əksəriyyət buna hazırdır. Burada  ölülərimizi basdırmağa yer də tapmırıq. Atam rəhmətə getdi, aparıb Mingəçevirdə basdırdıq, indi ziyarətinə getməyə imkanımız da yoxdur.”

Bu ailə ilə xudahafisləşib, bəzi şeyləri öyrənmək üçün yataqxananın komendantını axtardım. Məlum oldu ki, komendant yataqxananın işıq problemini həll etməklə məşğuldur. Komendantın həyat yoldaşı məni içəri dəvət edib, qonşuları başıma topladı. Onlarla söhbətdən öyrəndim ki, əsas problemləri yerlərinin dar olması və işsizlikdir. Elə ailələr var ki, 10-12 nəfər bir otaqda yaşayır. Ancaq binada su, qaz problemi yoxdur, işıqlar tez-tez sönürmüş, o problemlə də komendant məşğul idi. Sakinlər komendantdan xeyli razılıq edərək, onun qayğıkeşliyindən, bir çətinlik olanda onu aradan qaldırmağa çalışdığından söylədilər. Qaçqınlardan, onlara müəyyən güzəşt və yardım edildiyini xəbər aldıqda, məlum oldu ki, burada yaşadıqları 12-13 il ərzində 1-2 dəfə köhnə, yaramaz paltar paylayıblar, bir dəfə də hərəyə bir kiloqram qənd verilib. Bir də hər il Qurban bayramında 1-2 kq. ət verilir. Vəssalam.  Güzəştdən isə danışmağa dəyməz, çünki olmayan şeydən necə danışsan.

İbtidai sinif müəlliməsi Həsənova Nəcibənin söylədiklərindən: “Bu cür yaşayanda adam gələcəyə ümidini də itirir. Qarabağı almaq üçün prezident özü qabağa düşüb bütün xalqı ayağa qaldırmalıdır. Bizdə igid, qorxmaz oğullar var ki, bir sutkaya vurub İrəvana çıxarlar. 1993-cü ildən mən burada yaşayıram, heç bir yardım görməmişik. Ancaq həmişə qaçqınlara gələn yardımlardan danışırlar. Yardım varsa bizə niyə vermirlər?

Ağdamlı Məhərrəmova Aynur yuxularında həmişə Ağdamı gördüyünü söylədi.: “Burada yoldaşım və iki oğlumla birlikdə yaşayıram. Uşağın biri dərs oxuyanda, o biri televizora baxmaq istəyir. Belə yaşamaq çox çətindir. Ümidlə yaşayırıq ki, nə vaxtsa torpaqlarımız alınacaq, doğma yerlərimizə qayıdacağıq. Ağdamı, oradakı evimizi  yuxularda tez-tez görürəm. Öz torpağımızı istəyirik. Belə yaşamaqdansa öz torpağımızda heç ev də olmasın, çadır qurub yaşayarıq.”

Süleymanova Nəzakətin dediklərindən: “ Burada vərəmli xəstələr, ümumiyyətlə hər cür xəstələr var. Balalarımıza görə qorxuruq. Dövlət əgər torpaqlarımızı qaytara bilmirsə, heç olmasa kiçik bir torpaq sahəsi versin, içində bir otaq tikək. Biz elə qaçqınıq deyə hər cür əzab-əziyyətə dözməli deyilik ki?!”

60-65 yaşlarında olan Şuşalı Dursun xala müharibə tərəfdarı deyil, torpaqlarımızın sülh yolu ilə qaytarılmasını istəyir. O belə yaşamaqdansa, gedib öz torpağında yenə də ermənilərlə birlikdə yaşamağa razıdır: “Ay bala, oğul-gəlinlə bir otaqda yaşayıram. Burada ölsəm, oğlum məni basdırmağa yer tapmayacaq. Allahdan arzum budur ki, gedib öz torpağımızda öləm.”

Ağdamdan olan 80 yaşlı Ağgül nənənin ağlı ATƏT-dən, Avropa Şurasından, onların “boş-boş danışıqlarından” bir şey kəsmir: “Bala, mən savadlı adamam. 30 il kitabxana müdiri işləmişəm. Indi 12 şirvan pensiya alıram, onunla necə dolanım? Allah yalvarıram ki, yataqxanada ölməyim. Hələ ki, ümidimizi üzməmişik, Ağdama qayıdacağımıza inanıram..”

Sonda komendant Piriyev Vüqar yataqxananın qayğılarından danışdı: “Yataqxanada əsas problemimiz işıq idi, onu da həll edirik. Hər hansı məsələyə görə Binəqədi İcra Hakimiyyətinə müraciət edəndə kömək edirlər. Biz Norveç Qaçqınlar Şurasının Azərbaycandakı nümayəndəliyinə yataqxanamızı təmir etdiklərinə görə minnətdarıq. Onlar yataqxanada ümumi istifadə yerlərini, dam örtüklərini, işıq sistemindəki nasazlıqları əsaslı təmir etdilər və hər mərtəbədə hamam tikdilər. Öz torpaqlarımıza qayıtmaq məsələsinə gəldikdə isə deyim ki, ümidimizi üzməmişik. Vətənpərvər gənclər yetişdirmək, onlarda ruh yüksəkliyi yaratmaq üçün təbliğat vacibdir, çünki gənclərimizdə vətənpərvərlik hissi olmasa, müharibə etmək olmaz.”

Bir neçə saat qaçqınlarla olduğum müddətdə bir şeyə əmin oldum; Onları yaşadan, hər cür məhrumiyyətlərə dözməyə güc verən yurd həsrəti, torpaq məhəbbətidir. Nə vaxtsa öz doğma ev-eşiklərinə qayıtmaq ümidiylə hər  əzaba qatlaşırlar. Vətən üçün, torpaq üçün canlarını qurban verməyə hazır olan bu insanların qocasının da, cavanının da gözlərində yurd həsrətindən doğan dərin kədərlə bərabər bir ümid işığı közərməkdədir. Onların bu ümidləri, Vətən üçün hər cür qurban verməyə hazır olmaları mənə də sirayət etdi. Gördüklərimin, eşidib şahidi olduğum faktların təsiri çox güman ki, yaddaşımda hələ çox qalacaq.

Nüşabə Səməndər.

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 4 5 6 ... 16

Sənədin sonuncu korrektə tarixi: 21/2/2006 - 13:9:52
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.016284