|
Azad Qarabağ - 6-cü səhifə
Laçın Əməliyyatı
Əməliyyat
nəticəsində Laçının 40 kəndi azad edildi, Azərbaycan ordusu Laçın dəhlizinin 1
kilometrliyinədək irəlilədi.
1992-ci lin
yayında Azərbaycan Silahlı Qüvvələri bir neçə istiqamətdən həmlə edərək,
düşmənin müdafiəsini yardı. Gülüstan rayonu azad olundu və Ağdərə rayonunun
böyük hissəsi düşməndən təmizləndi. Azərbaycan ordusu hissələri Xankəndinin 5
km-dəki Bəng yüksəkliyinə qədər irəliləyə bildi. Ərazidəki bütün strateji
yüksəkliklər, Qlobus, Atrek, o cümlədən, Ağdərə-Kəlbəcər yolu ermənilərdən azad
olundu.
Xatırladaq ki,
Ağdərəyə hücum bir neçə istiqamətdən aparılırdı. Tərtər istiqamətindən 703 saylı
briqada, Kəlbəcərdən 701, Ağdam istiqamətindən isə 708 saylı briqadalar, daxili
qoşunların hissələri, XTPD, yerli özünümüdafiə taburları və polislər hücum
əməliyyatına cəlb olunmuşdular. Qeyd edək ki, o zaman 703 saylı briqadanın
komandiri polkovnik Nəcməddin Sadıqov, 701-in komandiri general-mayor Zaur
Rzayev idi.
Ümumilikdə
Ağdərə-Gülüstan istiqamətində hücum əməliyyatlarına 1991-ci il mayın sonunda
başlanmışdı. Avqusta qədər davam edən hücum əməliyyatları müəyyən səbəblərdən
avqustdan müdafiə döyüşləri ilə əvəzləndi.
1992-ci il
sentyabrın 7-də cəbhə komandanlığından verilən əmrə əsasən 701 saylı briqada
gözlənilmədən Ağdərədən çıxarılaraq Laçına göndərilir. Briqadanın sonuncu taburu
isə sentyabrın 17-də müdafiə mövqelərini onları əvəz edən bölüklərə təhvil
verərək Laçına gedir.
701 saylı hərbi
hissə və onunla birlikdə əməliyyata cəlb edilmiş digər bölmələr sentyabrın
17-də hücuma keçərək Laçının bir sıra kəndlərini, o cümlədən Qarabağ
istiqamətində strateji cəhətdən əlverişli sayılan Sarıbaba yüksəkliyini azad
edir. Bundan sonra bütün diqqət Laçınla Ermənistan sərhəddindəki Hocaz
yüksəkliyinin tutulmasına yönəldilir.
Yeri gəlmişkən
qeyd edək ki, Hocazdan Ermənistana məxsus Dığ,Vağazin, Bayandur və digər
kəndləri, həmçinin Gorusu nəzarət altına almaq mümkündür. Eləcə də Hocazdan
Zabux körpüsü istiqamətində irəliləməklə Laçın dəhlizini bağlamaq daha asandır.
Yüksəkliyin
tutulması məqsədi ilə sentyabrın 20-dək briqadanın tərkibindəki 710, 711 və 713
saylı taburların təşkil etdiyi hücumlar uğursuz olur və bu istiqamətdə hücumlar
müvəqqəti olaraq dayandırılır. Lakin digər Vağazin-Laçın istiqamətində döyüş
aparan taburlar xeyli irələməyə nail olur.
Hocaza təkrar
hücum.
Sentyabrın 28-də
yüksəkliyin tutulması əməliyyatına rəhbərlik 714 saylı taburun komandiri Çingiz
Əliyevə tapşırılır. 710, 711, 713 saylı taburlar və Laçın polisi qüvvələri
əməliyyata dəstək məqsədi ilə bir qərargahda birləşdirilir. Əməliyyatdan öncə
müşavirə zamanı yerli Hocazın 1918 metr olan yüksəkliyinin ermənilərin
nəzarətində olmadığı barədə məlumat verilir. Hansı ki, həmin yüksəklikdən
nisbətən aşağıda yerləşən erməni mövqelərini müşahidə etmək və nəzarətdə
saxlamaq mümkün idi. Ermənilərin məhz həmin yüksəkliyi nəzərdən qaçıraraq post
qoymaması Milli Ordunun işini asanlaşdırır.
Ç.Əliyev deyir:
“Polislərlə birgə həmin yüksəkliyi çıxdım. Buradan ermənilərin mövqeyi aydın
görünürdü. Arxayın oldum ki, yüksəkliyi az itki verməklə götürə bilərik. Sağ
cinahdan 713 saylı tabur Ermənistanla sərhəd istiqamətdən hərəkət edib
Qaraqışlaq kəndi tərəfdən erməni mövqelərinin arxasına keçməli idi. 710 və 714
saylı taburlar isə üzbəüz əsas istiqamətdən düşmənin üzərinə irəliləməli, Laçın
polisi isə sol cinahdan hücum edib Hocaz kəndi istiqamətindən televiziya
qülləsinə tərəf yolu bağlamalı idi. Bu addım erməni tanklarının mühasirədən çıxa
bilməməsi üçün atılırdı.”
Əməliyyatda
Azərbaycan Silahlı Qüvvələrindən 713 saylı taburdan 90 nəfər, 714 saylı taburdan
250 nəfər, 710 saylı taburdan 70 nəfər iştirak edib. Hücum əməliyyatına həmçinin
Laçın polisinin 30 nəfər əməkdaşı qatılıb. Əməliyyatda Azərbaycan tərəfindən heç
bir hərbi texnika tətbiq olunmayıb.
Yüksəklikdə
cəmləşmiş əks tərəfdən isə 120 nəfərdən artıq canlı qüvvə, 4 tank və 3 PDM olub.
Oktyabrın 2-si
günorta saat 14-ə kimi taburlar öz mövqelərini müəyyənləşdirir. Ermənilərin post
qoymadığı Hocazın 1918 m. yüksəkliyində yerləşən müşahidə məntəqəsindən saat
14:00-da verilən “Şakal” parolu artilleriyanın atəşə başlamasına işarə olur.
Koordinat belə verilmədən atılan ilk mərmilər ermənilərin dincəldiyi çadırlara
düşdü. Ardınca bir neçə mərmi isə yüksəkliyə çıxarılmış ermənilərə məxsus sursat
vaqonuna düşür və partlayış baş verir...
Yolun üzərində
olan sursat vaqonunun partlaması çaşqınlıq içərisində olan ermənilərin işini
çətinləşdirir. Yalnız onların bir hissəsi özlərini dərəyə yetirərək vaqonda
yaranmış sursat partlayışından özlərini qoruya bilir. Bundan istifadə edən Laçın
polisləri yolu kəsir. Ermənilərin yolu bağlanır. 710 və 714 saylı taburlar
irəliləməyə başlayır və düşmənin salamat qalmış qüvvələri sıxışdırılır.
Yüksəklikdəki erməni tanklarından yalnız biri döyüş aparsa da vəziyyətin
çətinləşdiyini görən ekipaj tankı tərk edərək qaçır. Digər tankların ekipajı isə
ilk atəşlərdəcə məhv edilir.
Laçın polisi
geri çəkilmək istəyən 1 tank və 1 PDM-i vurur. Axşam yüksəkliyə hücum
dayandırılır. Səhəri gün heç bir müqavimət olmadan Hocaz yüksəkliyi geri
qaytarılır.
Ç.Əliyev səhəri
gün yüksəklikdə 18 nəfər erməninin meyidinin qaldığını deyir: “Gecə ikən
ermənilər meyitlərinin çoxusunu döyüş meydanından çıxara bilmişdilər. Şəxsən mən
yüksəklikdən müşahidə zamanı ən azından 60 nəfərin artileriya atəşindən öldüyünü
gördüm. Bu döyüşdə Azərbaycan tərəfindən 2 nəfər həlak oldu, 6 nəfər isə
yaralandı.”
Yüksəklik azad
olunarkən qənimət kimi 2 tank, 1 PDM, 1 ədəd 120 mm.-lik mina atan, 2 ədəd zenit
qurğusu, 18 qumbaraatan, 12 pulemyot AQS-17 və bir vaqon ərzaq ələ keçirilir.
Əməliyyatın üstünlüyü
“Hocaz
yüksəkliyinin azad edilməsinin üstünlüyü o idi ki, buradan Ermənistanın bir
sıra sərhəd kəndlərini nəzarətə götürmək olurdu. Həmçinin buradan hücuma
keçərək Laçın dəhlizini asanlıqla bağlamaq mümkün idi”-deyə Ç.Əliyev bildirib.
Oktyabrın 7-də
ermənilər onlardan qənimət kimi götürülən tanklardan birini vururlar. 2 nəfər
Azərbaycan ordusunun əsgəri şəhid olur.
Bunun
müqabilində ermənilərdən qənimət götürülən tanklar vasitəsi ilə ermənilərin
yaşadığı Dıc kəndi atəşə tutulur. Bununla da Ermənistan istiqamətindən hücum
cəhdlərinin qarşısı alınır.
Yüksəklik azad
olunandan sonra Qurban Qurbanovun komandirlik etdiyi 714 saylı tabur hücuma
keçərək Susa və Qızılca kəndlərini azad edir. Lakin oktyabrın 8-də əks hücuma
keçən ermənilər 711 saylı taburu tutduğu mövqelərdən çıxara bilir.
Qeyd edək ki,
711 saylı taburun tutduğu son mövqelərlə Qubadlı istiqamətindən Laçın dəhlizinə
doğru hücum edən 706 saylı briqadaya məsafə 4-5 km.-ə çatırdı.
Oktyabrın 9-da
günorta ermənilər 120 nəfərə yaxın canlı qüvvə, 7 tank və1 PDM-lə hücuma keçir.
Texnikanın say çoxluğu ilə ermənilər Azərbaycan ordusunda panika yaratmağa
çalışsa da bu plan alınmır. Müdafiədə dayanan tanklardan birisi erməni tankını
vursa da sonda o da vurulur. Hücum edən tanklardan birisi elə döyüşün
başlanğıcında dərəyə yuvarlanır. Digər tank isə geri çəkilə bilmir və ekipaj
tankı tərk edir. Azərbaycan ordusu mövqelərini yarıb keçən PDM isə qayalıqda
mühasirəyə düşür. Geri çəkilmək istəyərkən döyüş maşını tırtırdan çıxır. PDM-in
ekipajı isə təslim olmayaraq özlərini qumbara ilə partladırlar. Vəziyyət
çətinləşdiyindən 10-dan artıq itki verən erməni piyadaları geri çəkilir.
Bir neçə gün
sonra oktyabrın 11-də 1 qırıcı təyyarənin və 3 vertolyotun atəş dəstəyi ilə
hücuma keçən ermənilər yenidən 1 tank itirərək geri çəkilməyə məcbur olur.
Dekabrın 3-nədək
seyrək döyüşlər gedir. Dekabrın 3-də səhər hücuma keçən ermənilər 711 saylı
taburun Pir yüksəkliyi deyilən yerdə dayanmış 3 əsgərini öldürərək postu ələ
keçirir. Lakin səhəri gün hücuma keçən Laçın polisi, 713 və 714 saylı taburun
əsgərləri həmin postu mühasirəyə alır və döyüşdə 20-dən artıq erməni silahlısı
məhv edilir. Qənimət kimi ermənilərdən silah və sursatla yanaşı videokamera və
çəkiliş kaset ələ keçirilir.s
Və sonda...
Hücum uğurla
davam etdirilsə də əlavə qüvvələrin olmaması səbəbindən Laçını azad etmək və
dəhlizi bağlamaq mümkün olmur. Bu vəziyyət 1993-cü ilin mart ayının 25-nədək
davam edir. Qeyd edək ki, sentyabrdan Kəlbəcərdən hücuma başlayan taburlar
Laçının 40 kəndini ermənilərdən azad etmişdi. Beləliklə, Laçın rayon mərkəzinə
bir neçə kilometr, dəhlizə isə 1 km. məsafə qalırdı.
“Hücumun
dayandırılmasının səbəbi bu gün də məlum deyil. Əlavə qüvvələr olsa da kömək
gəlmirdi. Qubadlı istiqamətindən hücum edən briqadaya kömək göstərə bilmirdik.
Bizim azad etdiyimiz dağlıq ərazi Ermənistanla sərhəddin 160 km-dən çox
hissəsini əhatə edirdi. Bu qədər ərazini isə cəmi 700-ə qədər əsgər qoruyurdu.
Əlavə qüvvələr olsaydı həm dəhlizi bağlayar, həm də Laçını azad edərdik”-deyə
Ç.Əliyev Laçın əməliyyatını belə xarakterizə edib.
1993-cü il
martın sonlarında erməni silahlı birləşmələri Ağdərə və Ermənistandan Kəlbəcərə
hücuma keçir. Yolun bağlanma təhlükəsi ilə əlaqədar Laçında döyüşən taburlara
geri çəkilmək əmri verilir.
Qeyd edək ki,
digər əməliyyatlar kimi sonu uğursuzluqla nəticələnməsinə baxmayaraq, Laçın
əməliyyatı taktiki cəhətdən uğurlu hərbi əməliyyatlardan sayılır. 1992-ci ilin
sentyabrından 1993-cü ilin martına qədərki dövrdə Azərbaycan Silahlı
Qüvvələrinin canlı qüvvə itkisi 80 nəfər təşkil etdiyi halda, ermənilərdə bu 200
nəfərdən çox olub. Döyüşlərdə ağır hərbi texnikadan istifadə etməyən Azərbaycan
tərəfindən fərqli olaraq ermənilərin texniki itkisi daha çox olub.
Rəşad Süleymanov.
Qeyd:
Azərbaycan ordusunu Qarabağda gedən hərbi
əməliyyatlarda məğlub adlandırmaq düzgün deyil. Azərbaycan Silahlı Qüvvələri
sona qədər döyüşüb. Bir qədər geri-birinci Qarabağ savaşı tarixinə nəzər salsaq,
əməliyyatların gedişini öyrənsək bunu daha aydın görmüş olarıq. Məğlubiyyəti
ordunun, əsgər və zabitlərin adına yazmaq düzgün deyil. Bir də ki, Azərbaycan
məğlub olmayıb. Hələ atəşkəsdir... və müharibə davam edir.
|