Bu gün: 20 İyul 2008, Bazar

 

 
 
 

 

Azad Qarabağ - 9-cu səhifə

Dönüşümüz döyüşdən keçir

 

İlk öncə özümüzdən başlayaq, özümüzü tanıyaq ki, Allahı tanıyaq. Allahı tanıyaq ki, ədalətli olaq və beləliklə

Mən: “Azad Qarabağ”qəzetinin azad müxbiri Yetim Qacar.

Siz: işğal olunmuş Qarabağın qazisi Gültəkin xanım.

Gültəkin xanım, siz bu gün bizim qəzetin dönüş rubrikasının qonağısınız. Mən dönüşümüzün döyüşdən başqa yolunu görmürəm. Bəs siz Qarabağ Qazisi olaraq dönüşümüzün döyüşdən keçməyən yolunu görürsünüzmü?

Bilirsiz müharibə başlayandan mən onun bütün ağrı-acılarını öz həyatımda hiss etmişəm. Müharibə nə qədər dəhşətli olsa da bizim bu gün ondan başqa yolumuz yoxdur. On iki illik sülh danışıqlarının nəticəsiz qalması əslində atəşkəs qərarının səhv olduğunu isbata yetirir. Bu gün dönüşümüzün döyüşdən keçməsinə məhkumuq. Quran oxumaqla darıdan çıxmayan, donuza çomağı dadızdırmağın artıq nəinki vaxtı çatıb, hətta mən deyərdim ki, on iki ildir  yubanır.

- Gültəkin xanım, Qarabağ qazisi adı altında nə gizlənir, siz kimsiniz? Özünüz barədə qısa məlumat.

- 1964-cü ildə Tərtərdə anadan olmuşam. Hələ uşaqlıq illərindən ədalət axtarmışam, olmuşam yəni döyüş ruhu, nahaq olanı həmişə üzə demək, haqqı müdafiyə etmək özümü dərk edəndən həyat  devizim olub. Özüm barədə bu qədər kifayət edər.

- Gültəkin xanım,  bir qədər hadisələrin başlanğıcına qayıdaq. Müharibə özünü sizə nə vaxt və necə təqdim etdi.

- Müharibə başlayandan doğulduğum Tərtər şəhəri hadisələrin ən qaynar nöqtələrindən birinə çevrilmişdi. O vaxtlar mən artıq ailə həyatını  qurmuş üç körpə anası idim. 1991-cı il martın 19-u axırıncı çərşənbə axşamı ermənilər Tərtərə güclü raket zərbələri endirdilər. On ikiyə yaxın ev dağıdıldı on nəfərdən çox dinc insan müharibənin günahsız qurbanına çevrildi ermənilərin gün-gündən çoxalan təcavüzü bir vətəndaş kimi məni də narahat etməyə bilməzdi. O vaxt Tərtərdə Tərtər, Şəmkir, Gəncə Qurtuluş batalyonu faliyyət göstərirdi. Sərdar Həmidov, Vəzir Orucov, Tahir Mehdiyev, Şahin Tağıyev kimi oğulların yanında olmağı özümün vətəndaşlıq borcum bilirdim. Elə oğulların yanında bəlkə də qadın döyüşçüyə ehtiyac yox idi, lakin mən millətimin bir əsgəri olmağımdan o zaman da, indi də fəxr duyuram. Bir fakt deyim - bibim oğlu Məzahir təhsilini yarımçıq qoyub döyüş üçün  Tərtərə qayıtmışdı. O zaman yüzlərlə belə gənc vətən yolunda döyüşməyi oxumaqdan üstün tuturdu. Əfsus ki, Məzahirin təhsili kimi ömrü də yarıda qırıldı. O, Dovşanlı əməliyyatında itgin düşdü, bu günə qədər ölüb-qaldısından xəbərimiz yoxdur.

- Gütəkin xanım, əsgər kimi müharibəyə hansı döyüşlə xoş gəldin dedin?

- Əsgər kimi döyüş yolun 1992-ci ildə Marquşavan əməliyyatı ilə başladı desəm yanılmaram. Tibb bacısı kimi Azərbaycan əsgərinin xidmətində durmaqdan şərəfli iş varmı Azərbaycan qadını üçün? Mən o günləri yaşadığım üçün, o şərəfi mənə layiq bildiyi üçün rəbbimə daima minnətdaram.

- Gültəkin xanım, Qarabağsız Azərbaycan necə görünür ?

- Qarabağsız Azərbaycan necə görünə bilər axı?! Qarabağ Vətəndir, vətən isə Ana. Əgər Vətənimiz bu gün yağı tapdağındadırsa, yəni anamız əsirdisə, biz necə görünə bilərik?! Qarabağ təkcə torpaq söhbəti deyil həm də qeyrət məsələsidir. Mən Qarabağın azadlığını istəməyən bir insanın türklüyünə şübhə edirəm. Özü də başlanacaq savaş təkcə Qarabağın azadlığı ilə bitməməlidir. Hələ itirilmiş Göyçə, Borçalı, Dərbənd, Təbriz kimi torpaqlarımız var. Bu dəfəki döyüşdən Azərbaycan bütün torpaqlarını qaytarmaq şərti ilə qalib çıxmalıdır, yəni itirilmiş torpaq söhbətini gələcək nəslə saxlamaq olmaz.

- Gültəkin xanım belə döyüşçüləri olan millət niyə birinci Qarabağ savaşında erməniyə məğlub oldu?

- Sualın qoyuluşu ilə razı deyiləm. Biz uduzmadıq bizi uduzdurdular. Təkcə erməniyə qarşı döyüşmürdük, həm də Rus-Erməni birləşmələrinə qarşı vuruşurduq. Hətta onların gətirdikləri “nayomniklər” bizim qarşımızı kəsə bilmirdilər. Ağdərədə keçirilən bir əməliyyatda ermənilərin iki yüzdən çox muzdlu döyüşcüsü məhv edilmişdi. Topa zəncirlənmiş zənci döyüşcü ermənilərin döyüş əhval-ruhiyyəsinin göstəricisiydi. Rusiya özünün bütün imkanlarını geninə-boluna ermənilərin ixtiyarlarına buraxsa da Azərbaycan ordusu bu alyansa sarsıdıcı zərbələr endirib Xankəndi ətrafında döyüşlər aparırdı. Xankəndinin süqutu müharibənin sonunu yaxınlaşdırırdı. Bunu yaxşı anlayan birləşmiş qüvvələr Azərbaycanı daxildən parçalamaq planını işə saldı. Onlar yaxşı bilirdilər ki, bu millət daxildən parçalanmasa nəinki Xankəndində hətta Rəvanda canlarını qoymağa yer tapmayacaqlar. Əfsus ki, düşmən bizim zəif damarımızdan tutub öz planlarını ustalıqla hayata keçirə bildi.

- Gültəkin xanım, o dövrdən fərqli olaraq indi Azərbaycanda dinə qayıdış xeyli güclənib və İslam da buyurur ki vətəni sevmək imandandır. Bəs nə üçün bu gün dindarlarımızın bir çoxu Qarabağ probleminə biganədi? Bunu necə anlayaq, onlar imansızdı, yoxsa Qarabağı vətən kimi qəbul etmirlər?

- İslam gözəl dindir. Bəşəriyyətə nicat verən dindir. Lakin baxaq görək bu gün Azərbaycanda islam necə təbliğ olunur, Islamın işi təkcə ölü basdırmaqdan ibarət deyil ki. Əfsus ki, bu gün Islam belə təbliğ olunur. Dini dövlətdən ayırmaq kökündən yanlış bir qərardır. Bu günki şəraitdə bizə İslamın mənimsəməyə imkan vermirlər. Islam bizə ağlamağı öyrətmir, Islam səni torpağından vurub çıxaranı sən də vur çıxart deyir. Islamda hər bir işdə ifrata varmaq günah sayılır. On iki illik sülh danışıqları bizim dözümümüzün ifratı deyilmi?! Islam kimsəyə zülm etmə, nə də kimsənin zülümünün altına girmə, deyə bizə yol göstərir. Bu gün bu sadalananlardan hansına əməl edirik? Bugünkü dini rəhbərlərimiz bunu bilmirmi? Bilmirlər ki, bu gün Azərbaycan zülm altında inildəyir, qanı-qanımızdan olmayanların bizə etdiyi zülmə nə vaxt son qoyulacaq? Niyə dini rəhbərlərimiz bu barədə danışmırlar? Nəyə görə orta məktəblərdə Islam tədris olunmur? Bu gün bizə qabağa düşüb haqqı deyən dini liderlər lazımdır. Əfsus ki, bugünkü iqtidar buna imkan vermir, əksinə Azərbaycanda vəhabiliyin və qeyri müsəlman sektaların fəaliyyətinə öz fəaliyyətsizlikləri ilə cavab verirlər. Müsəlmanlar arasında təfriqə salmaq üçün ingilislər tərəfindən yaradılmış vəhabi təriqəti gələcəkdə Azərbaycanı Qarabağdan da böyük bir faciə ilə üz-üzə qoya bilər. Bu gün Kərbəlanı ağlayan gözlərin Xocalı faciəsinə barmaqarası baxması məmləkətimizdə Islamın səhv təbliğinin bariz nümunəsidir. İmam Hüseyn (ə) məktəbi bu gün bizə haqq yolunda necə mübarizə aparmağı açıq-aşkar göstərir.

- Gültəkin xanım, birinci Qarabağ savaşının xatirənizdə müsbət mənada iz qoyduğu hadisə varmı?

- Birinci Qarabağ savaşında millətimin öz gücünü ortaya qoyub mən də varam deməsi bu savaşın mənim yaddaşımda müsbət tərəfdən buraxdığı izdi. Türkün öz gücünə inamı qarşısında böyük imperiyanın dayanmasına, dünyanın əksər xristian dövlətlərinin erməniləri dəstəkləməsinə baxmayaraq onu qələbədən-qələbəyə aparırdı. Türklər heç vaxt açıq savaşda məğlub olmayıb. Ağdərə əməiliyyatı türk millətinin Azərbaycanda yaşayan ləzgi, talış və digər xalqların birliyinin qələbəsi idi. Ağdərə əməliyyatı birinci Qarabağ savaşının qanla yazılan qəhrəmanlıq səhifəsi idi.

- Gültəkin xanım, bəs sizi bu müharibədə ən çox kədərləndirən nə olub?

- Bayaq qeyd etdiyim kimi xəyanət, daxili didişmələr. Bizim millət xəyanətin önündə həmişə aciz qalıb, ona görə düşmənlərimiz aramıza daxili didişmələr salaraq bundan istifadə ediblər. Öz istəklərinə asanlıqla çatıblar. Xankəndini hədəfə alan ordumuzun daxili didişmələr  nəticəsində gözünü açıb özünü Tərtərə sığınmış vəziyyətdə görməsi növbəti döyüşlərdə bizə ibrət olmalıdır. Şəhid ruhları bizi bağışlamır. Onların qanları tökülən torpaq hələ də işğal altındadır. Görəsən bu millət şəhid ruhlarının üsyanından niyə qorxmur?! Nə qədər ki işğal altındakı torpaqlarımız azad edilməyib, bu millət Allaha yalvarıb qiyamət gününü yubatmağı xahiş etməlidir, yoxsa qiyamət günü işğalda qalan torpaqların, azana həsrət qalan məsçidlərin cavabını verə bilməyəcək.

- Gütəkin xanım, bir qədər də qazilik tituluna sahib çıxdığınız  an barədə...

- 1994-cü ilin aprel ayında cəbhədə şiddətli döyüşlər davam edirdi. Ağdam istiqamətində düşmənin güclü hücumunu nəzərə alaraq Tahir Mehdiyev kömək məqsədi ilə öz batalyonu ilə o istiqamətə ezam olunmuşdu. Güllücə istiqamətində gedən döyüşlərdə Tahirin ölümü barədə məlumat almışdıq. Kimi onun şəhid olduğunu, kimisə əsir düşdüyünü deyirdi. Tahirin itkisi hamı kimi mənə də pis təsir etmişdi. Demək olar ki, eşitdiyim bəd xəbərlərin çoxluğu bu xəbərləri mənim üçün adiləşdirmişdi. Artıq bu xəbərlərə reaksiya verəcək halda deyildim. Növbəti yaralı əsgərin yarasını sarıyan zaman yanımıza düşən qrat mərmisi məni bir qədər kənara çəkilib “dincəlməyə” məcbur etdi. Bəlkə də Allah yaşadığım dəhşətlərdən uzaqlaşdırmaq üçün məni bu şərəfə layiq görmüşdü. Onsuz da mən mənəvi cəhətdən kontuziya almışdım. İndi ötənləri xatırlamaq çox çətindir. Qələbənin bir addımlığında məğlubiyyətlə barışa bilmirəm.

- Gültəkin xanım, ordumuz, onu təşkil edən millətimiz  qeyd etdiyiniz kimi döyüşə hazırdır. Bəs niyə İlham Əliyev müharibəni başlamır?

- Qarabağ məsələsi Beynəlxalq güclərin tam nəzarətindədir. İlham Əliyev Beynəlxalq təzyiqlərdən çəkinib müharibəni başlaya bilmir. Bu gün İlham Əliyev bunu etməsə də, ən yaxın müddətdə xalqın tələbi ilə bunu etməyə məhkumdur. Mən inanıram ki, yaxın müddətdə millətimiz İlham Əliyevi ya hərb, ya da istefa seçimi qarşısında qoyacaq. Hər bir xalqın özünəlayiq ali baş komandan olmalıdır. Ya İlham Əliyev sonsuz səbrə son qoyub, xalqın istəyi ilə razılaşıb hərb yolunu seçməli, ya da xalq özünə layiq ali baş komandanı seçib müharibəyə başlamalıdır. Qarabağ problemi təkcə faciəmiz yox, həm də bizi birləşdirəcək son ümid çırağımızdır. Yəni bu millət Qarabağ problemi ətrafında birləşsə amandadır, birləşməsə istər müxalifət, istərsə də iqtidar hər  ikisi iflasa məhkumdur.

- Gültəkin xanım, bir çoxu üçün müharibə atəşkəslə sona çatsa da, sizin üçün hələ də davam edir. Döyüşçü Gültəkin bu gün Qarabağ Azadlıq Təşkilatının səngərində müharibəni üç cəbhədə - ermənilərə, erməni havadarlarına və sapı özümüzdən olan baltalara qarşı davam etdirir. Hansı mübarizə daha çətindir?

- Hər üçü bir-birindən amansızdır. Bu gün saydığımız üç qüvvə bütün cəbhə boyu birləşərək  “10-15 nəfərlik” QAT  fəallarını məhv etmək istəyir. Qarabağ Azadlıq Təşkilatı Azərbaycanda yeganə təşkilatdır ki, az qüvvə ilə çox iş görmək bacarığını dəfələrlə sübut edir. QAT-ın elədiklərini danışmağa ehtiyac yoxdur. Xalq özü ağı qaradan seçməyi bacarır. Dünyada hegemonluq edən NATO-nun bizimlə hesablaşmaq istəməməsinin azı nəticəsi yəqin ki, çoxlarına dərs oldu. O ki qaldı sapı özümüzdən olanlara, vallah elə insanlara yazığım gəlir. Bizi həbs edən polislər arasında vaxtı ilə bir səngərdə vuruşduğum insanları görəndə ürəyim ağrıyır. Biz millətin dərd-yükünü çəkənlərik. Onlara mesajım belədir. Ya bizə kömək edin, ya da olmasa bizə mane olmayın. Onsuz da haqq yolunda vuruşanlara mane olmaq istəyənlər istədiklərinə nail olmayacaqlar. Yəni dəyirmən bildiyini edər, çax-çux baş ağrıdar. Biz bu millətə lazım olana qədər küçələrə çıxacağıq. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Polislərin yazdırdığı protokollar isə dəyirmanın saldığı çax-çuxdan başqa bir şey deyil.

- Gültəkin xanım, sizdəki bu tükənməyən enerji öz mənbəyini haradan alır? Nədir sizi gün-gündən ümidləndirib mübarizədən geri çəkilməyə qoymayan?

- Yalnız və yalnız şəhidlərin qanını yerdə qoymayacağım barədə içdiyim anddırş Mən də evimə çəkilib xanımlığımı edə bilərəm. Mənim də ailəm və uşaqlarım var. Bu gün mübarizədən bir anlığa kənara çəkilməyi kimsə mənə bağışlasa da özüm-özümə bağışlamaram. Mən də şəhid ola bilərdim, lakin bu gün qaziyəmsə, demək hələ mübarizədən kənara çəkilmək barədə düşünmək olmaz. Ya şəhidliyə qədər mübarizə aparmalıyıq, ya da şəhidlərin qanını alıb rahatlaşmalıyıq.

- Gültəkin xanım, son günlər “sülhməramlı qüvvələr” sözü tez-tez işlədilir. Sülhməramlıların Qarabağa gəlişinə münasibətiniz?

- Birmənalı şəkildə əleyhinəyəm. Birincisi, öz evimdə sülhü özüm qorumalıyam, özgələri yox. İkincisi, sülh barədə yalnız millətin tələbləri yerinə yetirildikdən sonra danışmaq olar. Əgər İ.Əliyev buna razılıq versə adını Qarabağın tarixinə qara hərflərlə yazdıracaq. Sülhməramlıların yerləşdirilməsi bizi Qarabağdan bir addım da uzaqlaşdıracaq. Bu gün Qarabağa gedən yolu təkcə ermənilər kəsibsə sabah onlar mişen kimi sülhməramlılardan istifadə edəcəklər. Necə ki, birinci Qarabağ savaşında onlar rus qoşunlarından bu məqsədlə istifadə etmişdilər. Sülhməramlılar erməni havadarlarının gizlicə gördükləri işi qanuniləşdirmək cəhdindən başqa bir iş deyil. Millət bu məqamda daha ayıq olmalıdır. Əgər beynəlxalq təşkilatlar Azərbaycan dövlətinə bunu qəbul etdirmək istəsələr onda şübhəsiz ki, xalq həm torpağına, həm də öz dövlətinə sahib çıxmaq haqqından imtina etməyəcəkdir. Azərbaycan vətənpərvərləri təkcə Qarabağ Azadlıq Təşkilatında cəmləşməyib. Qazilər, müharibə veteranları, şəhid ailələri... Siyahı bununla bitmir. Üzdə olmayıb qeyri-leqal fəaliyyət göstərən kifayət qədər vətənpərvər insanlar var. Məhz o anda bu saydığım  qüvvələr bir araya gəlib meydana çıxacaqlar. Onda görünəcək bu xalqın gücü. Biz istəməsək də terror da olacaq, özünəqəsd cəhdləri də, xarici səfirlik və vətəndaşlara hücum da. Bunun qarşısını almaq çox çətin olacaq. QAT –ın varlığı həmin o qeyri-leqal qüvvələri bir qədər sakitləşdirib. Sabah QAT  kənara çəkilsə hökumət vətənpərvərlərə nəzarət edə bilməyəcək. Bunu nəzərə alan hökumət bizə kömək etməlidir, amma əfsus hökumət bunu görmək istəmir və bizi sıxmaqla istəyinə çatacağını zənn edir. Qarabağ partizanları hələ bu millətin döyüş ruhunun ölmədiyinin sübutudur. İnanıram ki, bu birinci olsa da danışıqlar uzanacağı təqdirdə sonuncu olmayacaq.

- Gültəkin xanım, Müsahibəyə görə sizə təşəkkür edirəm. Azərbaycan qadını heç vaxt döyüş meydanında kişisini tək qoymayıb. Bəzən ürəyimdən sizə Azərbaycanın Həcəri deyə müraciət etmək istəyi keçir, bəzən də işimi unudub sizə “Əmr et komutanım!” demək istəyirəm. Qarabağın Həcəri Səbirə Mahmudova “XURAL” qəzetinə verdiyi müsahibədə Azərbaycan kişisini dolayısı yolla özündən mübariz qadının varlığını etiraf etmək istəməməkdə ittiham etmişdi. Mən isə sizin timsalınızda bunu etiraf edirəm. Qəzetimizə arzularınız.

- Mən də sizə öz təşəkkürümü bildirirəm.  Məni bu dərəcədə qiymətləndirdiyinizə görə, lakin məni tanıyanlara Tərtərin Gültəkini ifadəsi kifayət edir. Nə kiməsə oxşamaq, nə də kiminsə mənə oxşamasını istəmirəm. Allahdan arzu edirəm ki, sonuncu Qarabağ savaşında iştirak edib öz əhdimi yerinə yetirmək arzumu gözümdə qoymasın. Mən hələ müharibədə son sözümü deməmişəm. Sizin qəzetinizə Qarabağda yayım xoşbəxtliyi, şəxsən sizin özünüzə isə Qarabağda material hazırlamaq səadətini arzu edirəm.

 

 

 

 

 

        Yetim Qacar

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 8 9 10 ... 16

Sənədin sonuncu korrektə tarixi: 16/2/2006 - 6:36:23
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.012901