Bu gün: 20 İyul 2008, Bazar

 

 
 
 

 

Azad Qarabağ - 1-ci səhifə

MÜHARİBƏNİ BAŞLAMAQ ÜÇÜN, AZI 10 İL GECİKMİŞİK

Akif Nağı: Müharibə başlayarsa, qalib gəlməyimiz üçün lazım olan bütün konkret arqumentlər bizim tərəfimizdədir.

Bu günlərdə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, «Azad Qarabağ» qəzetinin təsisçisi və baş redaktoru Akif Nağı ANS kanalında «Meydan» verilişinin qonağı oldu. Akif bəyin verilişdən aldığı təəssüratları və bəzi məsələlərə münasibətini oxucularımızla da bölüşmək istədik.

-     Akif bəy! Bu günlərdə ANS-in yayımladığı «Meydan» verilişinin qonağı oldunuz. Siz o verilişə, necə deyərlər,  «Çağırılan yerə ar eləmə,  çağırılmayan yeri dar»  el məsələsinə riayət edərək getdiniz, yoxsa ürəyinizdəki sözləri birbaşa efirdən xalqa çatdırmaq imkanı yarandığı üçün bu dəvəti sevinərək qəbul etdiniz?

-   Bildirim ki, öz mövqeyimizi cəmiyyətə çatdırmaq üçün məqam yarandığına görə bu dəvəti razılıqla qəbul etdim. KİV-lə xalqa müraciət etmək, xalqı düşündürən məsələlərə aydınlıq gətirmək, mövqeyimizi açıqlamaq vacib bir məsələdir. Çünki indiyə qədər özümüzün mətbu orqanımız olmayıb, «Azad Qarabağ» qəzetinin nəşrinə hələ təzə başlayırıq. Düzdür, müxtəlif qəzet və elektron informasiya vasitələri ilə vaxtaşırı sözümüzü xalqa çatdırmışıq, ancaq bu cür geniş şəkildə demək olar ki, birinci dəfə idi. Bu dəfə həm öz istəklərimizi cəmiyyətə çatdırmaq, həm də cəmiyyətin bizə ünvanladığı sualları cavablandırmağa çalışdıq. Belə bir imkanı bizə yaratdıqlarına görə ANS teleşirkətinin rəhbərliyinə öz təşəkkürümüzü bildiririk. Deyim ki, bu, yalnız Qarabağ Azadlıq Təşkilatı üçün deyil, həm də Azərbaycan xalqının Qarabağ uğrunda apardığı mübarizədə əhəmiyyətli bir hadisə oldu.

-     Verilişdə sizə ünvanlanan suallardan ən çox sizə toxunanı, yəni ürəyinizdən xəbər verəni hansı oldu?

-    Sualların, demək olar ki, hamısı ürəyimdən oldu, çünki, mən həmin sualların cavabını cəmiyyətə çatdırmaq istəyirdim. Düzdür, suallar içində məni müəyyən dərəcədə sıxan suallar da oldu. Məsələn, keçirdiyiniz aksiyalarda iştirakçıların sayı niyə az olur? Bu sual məni narahat edən sualdır və düşünürəm ki, bunu cəmiyyət arasında qabartmağa da dəyməz. Ona görə ki, məsələnin o tərəfdən qabardılması ermənilərin maraqlarına xidmət edir. Daha çox məni tərpədən, ürəyimdən xəbər verən sual isə – Partizan müharibəsi nə vaxt başlayır, yaxud niyə başlamır? – sualları idi. Çünki mən özüm də partizan müharibəsinin başlamasının tərəfdarıyam, hətta kortəbii şəkildə olsa belə. Elə orada da bildirdim ki, partizan hərəkatı dövlət tərəfindən təşkil olunub, istiqamətləndirilməlidir. Digər tərəfdən fikirləşirəm ki, həm də kortəbii şəkildə fəaliyyət göstərən partizan qrupları yaradılmalı, onlardan birinin qarşısı alındıqda, digəri onu əvəz etməlidir. Yəni, ermənilər bu partizan qrupları qarşısında başlarını itirib, naəlac qalmalıdırlar. Təəssüf ki, bu gün bunlar yoxdur. Ancaq çox istərdim ki, işğal olunmuş hər bir kəndin əhalisi ayrıca partizan qrupu yaratsın.

-  «Meydan»da bildirdiniz ki, hakimiyyətin, müharibə başlanmasını elan etməsi üçün ona təzyiqlər göstərilməlidir. Məsələn, nə cür təzyiqlər göstərilməlidir? Yəni, konkret olaraq, hansı addımlar atılmasını nəzərdə tutursunuz?

- Təzyiqin dünyada qəbul olunmuş müxtəlif formaları var. Buna keçirilən müxtəlif aksiyaları, yürüşləri, «dəyirmi masa»ları aid etmək olar. Son vaxtlar Azərbaycanda ayrı-ayrı siyasi qüvvələr tərəfindən hakimiyyət uğrunda mübarizəyə və demokratikləşməyə yönəlmiş müxtəlif addımlar atılır. Ancaq mən istərdim ki, təkcə Qarabağ Azadlıq Təşkilatı və bu təşkilatla bağlı qurumların deyil, ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən bütün ictimai-siyasi qurumların, partiyaların aksiyaları, hakimiyyətə müharibənin başlanılması üçün təzyiq məqsədilə həyata keçirilsin. On minlərlə adamın iştirakı ilə mitinqlər keçirilsin, dəyirmi masalar keçirilsin və ekspertlər tərəfindən əsaslandırılaraq belə bir tələb qoyulsun ki, müharibə başlanmalıdır, bizim başqa yolumuz yoxdur.

ardı 4-cü səhifədə


YADDAŞ

Ermənilərin ruslarla birlikdə törətdikləri Xocalı soyqırımının ildönümündə Rusiyanın Azərbaycan günləri başladı.

Sorğu

Qarabağ Azadlıq Təşkilatı Xocalı Soyqırımı ilə bağlı mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Ancaq Bakı şəhərinin meri QAT-ın bu müraciətini nəzərə almamışdır. Xocalı faciəsinin ildönümünə belə biganə münasibət nəinki başçıların, siyasi partiyaların, eləcə də paytaxt sakinlərinin ciddi etirazına səbəb olmuşdur.

Müsavat partiyası başqanı İsa Qəmbər:

- Biz hər il Xocalı abidəsini ziyarət edib, abidənin önünə əklil qoyuruq. Faciə qurbanlarını partiya olaraq, bu il də yad edəcəyik. Hakimiyyətin mitinqə münasibəti də bəllidir. İqtidarın Qarabağ probleminə, Xocalı soyqırımına bu münasibəti, yəni mitinqə icazə verilməməsi anlaşılan deyil. Və tamamilə səhv anlaşılmaz yanaşmadır. Ancaq hesab edirəm ki, 26 fevral tarixində mitinq baş tutmasa da, abidənin ziyarət edilməsi normal haldır. Və hakimiyyət bu məsələyə bu cür yanaşmalıdır. Xocalı ilə bağlı hakimiyyətlə qarşıdurma Azərbaycana yaraşan hadisə deyil. Hakimiyyət səhv edərək bu mövqeni tutursa, mitinq təşkilatçıları hakimiyyətə müəyyən şans verməməlidir. Belə bir şəkildə də qarşıdarma ilə mitinq keçirilməsi isə məqsədəuyğun deyil.

AXCP sədri Əli Kərimli:

-  Çox təəssüflər olsun ki, Bakı meri mütəmadi olaraq ölkə qanunlarını pozur. Bu da onun göstəricisidir ki, Azərbaycanda qanunları saya saymayan zorakı hakimiyyəti mövcuddur. Bu addım bizim ümumi marağımıza ziddir. Biz QAT-ın keçirmək istədiyi mitinqə dəstək qərarı vermişik. Çox təəssüf ki, bu iqtidar bundan artıq hərəkətə də qadir deyildir. Bir hakimiyyət ki, Xocalı ilə bağlı cəmiyyətin gözlədiyi bir qərarı qəbul edə bilmir. 17 azərbaycanlını siyahıya salıb, erməniləri məsuliyyətdən kənarda qoyub. Bundan artıq nəyi gözləmək olarmaz bu iqtidardan? Əgər QAT israr edirsə, AXCP də dəstək olacaq.

Azərbaycan Liberal Partiyası sədr müavini Elxan Abbasov:

-  Qarabağla bütün tədbirləri nəinki dəstəkləmişik, hətta partiya olaraq ön sıralarda getmişik. Qaldı QAT-ın mitinq keçirmək istəyinə, biz onları dəstəkləyirik. Müraciət olunarsa, ALP də bu mitinqdə iştirak edəcək.

Azərbaycan İslam Partiyası, Hacı Hacağa Nuriyev:

-   İstənilən halda biz bu mitinqdə iştirak edəcəyik. İslam partiyası olaraq QAT-ı dəstəkləyirik.

ardı 4-cü səhifədə


MÖVQE

Stiven Mənn. Amerikalı həmsədr

- Rambuye görüşünün nəticəsiz başa çatmasından sonra qorxuram ki, irəliyə gedə bilməyək.

Əli Kərimli. AXCP-nin sədri

- Əgər ölkənin taleyi ilə bağlı danışıqlar aparılır və rəsmən xarici işlər naziri tərəfindən 7 elementin razılaşdırıldığı, 2-sinin isə razılaşdırılmadığı bəyan olunursa, müzakirələrin gedişi barədə ictimaiyyətə məlumat verilməlidir.

Leyla Əliyeva. Müstəqil politoloq

-  Həmsədrlər təklif edirlər ki, münaqişə bölgəsinə sülhməramlı qüvvələr gətirilsin. Bunun mənfi tərəfi ondan ibarətdir ki, Azərbaycan hərbi yolla torpaqlarını azad etmək istəsə, sülhməramlı qüvvələr buna imkan verməyəcəklər. Burada belə bir təhlükəli məqam var.

Arif Yunus. Müstəqil politoloq

- Qərb istəyir ki, referendum yolu ilə Qarabağı ermənilərə versin. Onlar qorxurlar ki, birdən müharibə başlayar və Bakı-Ceyhanın taleyi təhlükə altına düşər. Azərbaycanın və Ermənistanın taleyi onları maraqlandırmır.

Elmar Məmmədyarov. Azərbaycanın Xarici İşlər naziri

-  Müzakirə olunan doqquz elementdən yeddisi artıq razılaşdırılıb. Prezidentlərin 8 saat davam edən görüşündə iki əsas element - qaçqın və köçkünlərin öz yerlərinə qaytarılması və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dair heç bir razılığa gəlinməyib. Tərəflərin işğal altında olan ərazilərdə sülhməramlıların yerləşdirilməsində ortaq məxrəcə gəlməsini nəticə kimi qeyd etmək olar.

Eldar Namazov. Politoloq

- Regionda güclərin balansı dəyişməyincə, danışıqlarda irəliləyiş olmayacaq.

 

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 2 ... 16

Sənədin sonuncu korrektə tarixi: 25/2/2006 - 15:16:44
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.011358