|
Azad Qarabağ - 10-cu səhifə
Sonun əvvəli
və ya
müxalifət üçün “Nə etməli?” sualına cavab
Avtoritarizmin nəticəsi
olan sülalə rejimi heç bir dəyişikliyə yol vermədən Heydərizmi öz siyasi kursu
elan edərək sistemli şəkildə davam etdirir. İ.Əliyevin islahatçı görüntüsü
yaradılsa da, ölkə iqtisadiyyatında hərc-mərclik daha geniş vüsət aldı:
infilyasiya, bahalaşma, enerji daşıyıcılarının qiymətlərinin artırılması,
kasıblıq, işsizlik, insanları sosial partlayış həddinə gətirib çıxartdı.
Dövlətüstü məmurların inhisarçılığı sahibkar və iş adamlarının asılılığını daha
da artırdı. İqtisadiyyata total məmur nəzarəti davam etdirildi. Təbəqələnmə daha
da sürətləndi. Bir tərəfdə kasıb və işsizlərdən ibarət çoxluq, digər tərəfdə
milyardlara sahib olmuş hakim sülalə və məmur elitası xalqı bir-birinə nifrət
edən sosial qruplara böldü.
Saxta yolla dövlət başçısı seçilmiş İ.Əliyev bələdiyyə və parlament seçkilərini
də saxtalaşdırdı. Xalqın özünüidarəetmə forması olan bələdiyyələr və qanunverici
orqan üzvü olan millət vəkili mandatları məmur vəzifələri kimi satıldı.
Regionda gedən demokratik inqilablardan sonra parlament seçkilərinə bəslənilən
ümidlərin özünü doğrultmaması, saxtalaşdırılmış seçkilərin nəticələrinin Qərb və
ABŞ tərəfindən bəzi istisnalarla qəbul edilməsi müxalif düşərgəni çox çətin
vəziyyətə salmışdır. Parçalanma və qarşılıqlı ittihamlar səslənməkdədir.
Enerjisini antidemokratik rejimin dəyişdirilməsinə sərf etməli olan müxalif
siyasilər bir-birini zəiflətməklə məşğuldur. Bu olay yolverilməzdir.
İqtidarın sonundan əvvəl siyasi müxalifət millət və dövlətin gələcəyi naminə öz
vəzifələrini son dərəcə dəqiqliklə müəyyənləşdirməli və yerinə yetirməlidir. Bu
missiyanın milli azadlıq mübarizəsi qədər müqəddəs və əhəmiyyətli olduğunu
siyasi müxalifətin bütün üzvləri başa düşməli, mücadilə aparmalıdır.
Demokratik seçki keçirməyə hazır olmayan Iqtidar mənsubları Qərbin təzyiqlərini
hiss edən kimi Rusiya, İran və Çin avtoritar rejimlərinə sığınır. Demokratiyanı
sözdə qəbul etmiş Iqtidar işdə Mərkəzi Asiya dövlətləri ilə eyni mövqedə
olduğunu sübut etdi. Bu manevr rejimin asanlıqla hakimiyyətdən getməyəcəyinin
göstəricisidir.
Müxalifət qüvvələri proqramlaşdırılmış şəkildə fəaliyyət göstərməli, rejimin
gücünü düzgün qiymətləndirməli, minimum itki ilə vəziyyətdən çıxış yolu
tapmalıdır.
Həqiqi siyasi müxalifətin kimlərdən və hansı siyasi qüvvələrdən ibarət olduğu
müəyyənləşdirilməli, hakimiyyət və iş birliyinə girmiş yalançı müxalifətlə
əlaqələr kəsilməlidir. Saxta müxalifət xalqı çaşdırmaq, düşərgədə birliyin
olmaması haqqında mənfi rəy yaratmaqda davam etsə, əməlləri KİV-də müzakirə
edilməlidir.
Müxalifət düşərgəsinin birliyi, monalitliyi, kütləviliyi təmin edilməli,
partiyalararası münasibətlər səmimilik əsasında qurulmalıdır. Funksionerlərdən
tutmuş sıravi üzvlərə qədər hamı müttəfiq siyasi qüvvələr haqqında mənfi rəy
yaratmamalı, dost və qardaşcasına münasibətdə olmalıdır. Siyasi rəqabət sülalə
rejiminə qarşı olduğu üçün bütün siyasi qüvvələrin gücü və enerjisi xalqın
Iqtidara qarşı çevrilməsinə yönəldilməlidir.
Kütləni siyasi cəhətdən maarifləndirmək üçün KİV-də güclü, ciddi, davamlı
təbliğat aparılmalıdır. Siyasi rejimin iç üzünü açmaq üçün tayfa-klan və məmur
elitasının ayrı-ayrı üzvləri haqqında faktlara əsaslanan yazılarla çıxış
edilməlidir. Rüşvətxorluq və korrupsiyanın, inhisarçılığın miqyası haqqında xalq
tez-tez məlumatlandırılmalıdır. Rəsmi dövlət statistikasının yalanları üzə
çıxarılmalı, kasıblıq həddindən aşağı səviyyədə yaşayanların 40%-dən iki dəfə
çox olduğu müəyyənləşdirilməli, istehsal və kənd təsərrüfatında inkişafın saxta
rəqəmlərə əsaslandığını öyrənmək üçün müstəqil QHT-nin köməyi ilə monitorinqlər
keçirilməlidir.
Müxalif siyasilər ictimaiyyətlə - müstəqil ekspert, hüquqşünas iqtisadçı, alim,
yazıçı və jurnalistlərlə diskussiya, dəyirmi masa, konfrans və simpoziumlar
keçirərək demokratik dövlət quruculuğunun əsas prinsiplərini
müəyyənləşdirməlidir.
Xalq radikal iqtisadi islahatların keçirilməsinə, yeni iş yerlərinin açılmasına,
elm, təhsil, tibb sahəsinin inkişaf etdirilməsinə, insan aliliyinin önə
çəkilməsinə, ölkə sərvətlərinin millət və dövlətin ehtiyaclarına sərf
ediləcəyinə əsaslı şəkildə inandırılmalıdır.
Yuxarıdan aşağıya doğru seçki komissiyalarının tərkibinin paritet əsaslarla
dəyişdirilməsi üçün kütləvi hərəkat və mitinqlər davam etdirilməlidir.
Bu Iqtidarın ən böyük düşməni demokratiya, plüralizm, insan haqqları, azad
mətbuat, müstəqil fikirlilik, şəffaf və ədalətli seçkilərdir.
Qərbin demokratik institutları və analitik mərkəzləri ilə müntəzəm əlaqə
saxlamalı və Azərbaycan Respublikasında baş vermiş antidemokratik olaylar ən
kiçik detallarına qədər müzakirə predmeti olmalıdır.
Qərbə məxsus liberal-demokratik görüşlər müdafiə edilməli, şəxsiyyətin
suverenliyinə əsaslanan demokratik dövlət qurumunun proqram layihələri xalqa
elan edilməlidir.
Keçmiş hərəkatların, qazilərin, həqiqi müxalifət qüvvələri ilə birliyi
yaradılmalı,xalqın öldürülmüş inam hissi özünə qaytarılmalı, xüsusilə gənclərin
mübarizə əzmi, mütəşəkkilliyi təmin edilməli, əsas zərbə qüvvəsinə
çevrilməlidir. Sülalə rejiminin sonu düşünülmüş siyasətin nəticəsi olmalıdır.
İlqar
Atabəyli
Sorğu
Qarabağ
Azadlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı mitinq keçirmək üçün Bakı Şəhər
İcra Hakimiyyətinə müraciət ünvanlamışdı. Çox təəssüf ki, Bakı şəhər İH bu
mitinqə səbəb göstərilmədən icazə verməmişdir.
Bakı şəhər
icra hakimiyətinin bu qərarına paytaxt sakinlərinin də münasibətini öyrəndik:
Sadıqov Yusif, tələbə:
-
Mən bu xəbəri ANS TV-dən izlədim. Çox pis oldum. Hacıbala müəllimin
mövqeyi anti-Azərbaycan mövqeyidir.
Quliyeva Nüşabə, müəllimə:
-
Çox pis qərardır. Erməniləri müdafiə kimi qiymətləndirirəm.
Qənbərov Şükür, işsiz:
-
Onu Xocalı faciəsi yox, pul maraqlandırır. Yəqin yüksək çinli məmurlar
belə məsləhət verib.
Əhmədova Şəfəq, tələbə:
-
Bu hakimiyyət Qarabağ deyəni ya həbs edir, ya da sürgünə göndərir.
Qarabağ partizanlarına göstərilən münasibət bunun göstəricisidir.
Əhmədov Xasay, iqtisadçı:
-
Vallah, gözlənilən hərəkətdir. Bu iqtidar mənsubları həmişə hər hansı bir
mitinqə «yox» deyiblər.
Tağıyev Bəxtiyar, sürücü:
-
Məncə, Hacıbala Abutalıbov ya erməni, ya da ruhi xəstədir. Ermənidir, ona
görə ki, onlarla eyni mövqedən çıxış edir; ruhi xəstədir – ona görədir ki,
sağlam düşüncəli azərbaycanlı Xocalı soyqırımı ilə bağlı mitinqə «yox» deməzdi.
Buna münasibətim çox pisdir.
Məhəmmədova Məqbulə, tələbə:
-
Bir gənc və tələbə olaraq, merin bu addımına çox pis baxıram. Qarabağ
problemi bütün türklərin problemi olduğu üçün, belə bir qərar verilməməlidir.
Mənə elə gəlir ki, icazəsiz də olsa belə, QAT bu mitinqi keçirməlidir. QAT sədri
Akif Nağı həmişəki kimi geri çəkilməməlidir və Azərbaycan gəncliyi bu mitinqdə
fəal iştirak etməlidir.
Süleymanova Gülnar, tarixçi:
-
Bildiyimiz kimi, ermənilər də 28 fevralda qondarma Sumqayıt hadisələrini
qeyd edəcəklər. Ona görə də Bakıda Xocalı mitinqinin keçirilməsi labüddür. Çünki
dünya ictimaiyyəti görməlidir ki, Azərbaycan xalqı bu faciəni heç vaxt
unutmayacaq. Və nə vaxtsa düşməndən öz öcülünü alacaq.
Təhməzova Təhminə, həkim:
-
QAT geri çəkilməməlidir. İnanıram ki, icazəsiz olsa belə, bu mitinq baş
tutacaq.
Quliyeva Ayişə, müəllimə:
-
Mən Hacıbala Abutalıbovla erməni arasında heç bir fərq görmürəm.
Salmanov Sakit, mühəndis:
-
Xocalı mitinqinə icazə verməyən hakimiyyət çətin ki, qarabağı geri alsın.
Həsənova Bəsti, jurnalist:
-
Bu merdən ancaq və ancaq anormal addımlar gözləmək olar. Təəssüf edirəm.
QAT heç bir vəcdlə geri çəkilməməlidir. Həmişə olduğu kimi, sonadək mübarizə
aparıb, hədəfə çatmalıdır.
Əliyeva Rəqsanə, tələbə:
-
Bu məsələ bizdə təəssüf hissi doğurur. Düzgün qərar deyil.
Hüseynova Məlahət, işsiz:
-
Belə olmasında heç bir qəbahət görmürəm. İcazə verilməyibsə, QAT bu
mitinqi keçirməsin.
Rəhimov Akif, tarixçi:
-
Bu milləti erməni qırır, məhv edir. Mövcud iqtidar isəac, işsiz qoyur,
səsini oğurlayır, hüquqlarını tapdalayır. Mən merin milliyyətcə azərbaycanlı
olmasına şübhə ilə yanaşıram.
Hazırladı: Vüsal
Sabah
müharibə başlayarsa…
Anar Əliyev –
Neft şirkəti
işçisi
Sabah müharibə başlayarsa, mən də bir gənc kimi, bu müharibədə iştirak edəcəyəm.
Elminaz
Qurbanova – Tibb bacısı
Mən 1992-1998-ci illərdə Füzuli hərbi qospitalında işləmişəm. Baş çavuş olmuşam.
Sabah müharibə başlayarsa, əlbəttə ki, yenə tibb bacısı kimi döyüş bölgəsində
olacağam.
Qərənfil
Quliyeva – BDU yataqxanası
Sabah müharibə başlayarsa, heç şübhəsiz ki, həyat yoldaşım bu müharibədə iştirak
edər və mən isə övladlarımın tərbiyəsi ilə məşğul olaram.
Adını deməyən bir gənc xanım
Sabah yox, müharibə çoxdan başlamalı idi.
Rəşad
Məmmədli – işsiz
Sabah əmr olsun, gedək torpaqlarımızı mənfur düşməndən azad edək, məncə bu
müharibəyə çoxdan başlamalı idik.
Pərviz
Hacıyev – tələbə
Müqəddəs torpaqlarımızı yağı düşməndən geri almaq üçün vuruşmağa canla-başla
hazıram. Özü də qələbə arzusu ilə…
Allahverdi
Quliyev – yaşlı qoca
Yaşımın çox olmasına baxmayaraq, mən də cavanlarla çiyin-çiyinə vuruşa bilərəm.
Faiq
Məmmədov – tələbə
O günü səbirsizliklə gözləyirəm. Sabah müharibəyə əmr verilsə, düşməndən
ürəyimdə qubar olmuş Xocalının intiqamını alardım.
Xəyyam Zahidov
Bir əsgər kimi, Qarabağ uğrunda vuruşardım. Bir oğul övladım var, onu da özümlə
götürüb döyüşə gedərdim.
Soltanova
Rəna – müəllimə
Sabah döyüş başlasa, oğlumun ikisini də döyüşə göndərərdim. Yetər ki,
torpaqlarımız azad olsun, qız-gəlinlərimiz əsirlikdən qurtulsun.
Kamran
İslamov – döyüşçü
Bizdə döyüşçüyə qiymət verilmir, buna baxmayaraq, yenə də döyüşərdim.
Nadir
Abbasov – ağsaqqal
Əlbəttə, istəyərdim ki, mən də döyüşəm. O vaxt mən Koçaryanla bir yerdə
işləmişəm. Onu tez-tez ora-bura buyururdum. Bilsəydim ki, bir vaxtlar belə bir
alçağa çevriləcək, başına bir güllə vurardım.
|