|
Azad Qarabağ - 11-ci səhifə
«Bizim yol» qəzeti, 11.02.2006
YAP Qarabağ sazişini təbliğ etmək tapşırığı alıb
İnformasiyalı
mənbədən aldığımız xəbərə görə, Qarabağ ətrafında gedən danışıqlarla bağlı
hökumətdə xüsusi plan hazırlanır.
Mənbə bildirir
ki, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin yanında keçirilmiş
məxfi müşavirədə hakimiyyət qəzetlərinə və telekanallara tapşırılıb ki, İlham
Əliyevin Koçaryanla görüşünü Azərbaycan diplomatiyasının qələbəsi kimi təqdim
etsinlər. Az.TV-yə İlham Əliyevin Qarabağla bağlı apardığı danışıqlara dair
ayrıca film çəkmək tapşırılıb.
Ramiz Mehdiyev
Yeni Azərbaycan Partiyasının nümayəndələrinə tapşırıb ki, xüsusi təbliğat
qrupları hazırlansın və məcburi köçkünlərin yığcam yaşadıqları yerlərə
göndərilsin. Həmin qruplar Ermənistanla imzalanacağı gözlənilən sazişin təbliği,
prezidentin məcburi köçkünlərə qayğısı haqda təbliğat aparmalıdırlar. YAP
funksionerlərinə o da tapşırılıb ki, nə yolla olursa-olsun, müstəqil və
müxalifət mətbuatına yol tapsınlar və İlham Əliyevin imzalaya biləcəyi sənədin
Azərbaycanın xeyrinə olduğu haqda fikirləri dərc etdirməyə çalışsınlar. Camaat
arasında belə məlumatlar yayılmalıdır ki, 7 rayon azad olunacaq və həmin
rayonlarda yaşayan hər bir ailəyə ən azı 10 min dollar pul veriləcək.
YAP
təmsilçiləri məcburi köçkünlərə, xüsusilə, Şuşa, Laçın və Kəlbəcər rayonlarından
olanlara belə bir fikri aşılamalıdır ki, Azərbaycan ermənilərə referendum
keçirmək hüququ verəcək, ancaq bəri başdan böyük dövlətlərlə danışılıb, əgər
onlar referendumda Qarabağın müstəqilliyinə və ya Ermənistana birləşdirilməsinə
səs versələr, Amerika, Fransa, Rusiya başda olmaqla bütün Qərb ölkələri
ermənilərə yardım dayandıracaq. Və Ermənistana qarşı sanksiya qoyulacaq. YAP
təmsilçiləri camaatı inandırmalıdır ki, bu yolla Azərbaycan Koçaryanın və
Qukasyanın cəzalandırılmasına nail olacaq.
“Azadlıq” radiostansiyası
...Paris görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ki-Uest
danışıqlarından sonra nizamlanmaya doğru ən ciddi cəhd olub. Tərəflər Dağlıq
Qarabağ və Kəlbəcər statusu məsələsində çox ciddi sınaqla üzləşiblər və bu
məsələdə irəliləyişə nail ola bilməyiblər. Dağlıq Qarabağda referendumun
keçirilməsi məsələsi də münaqişənin həllində əsas yerlərdən birini tutur.
Ermənistan tərəfi işğal olunmuş ərazilərdən qoşunlarını tədricən çıxarmaq
istəyir. Onlar istəyirlər ki, Kəlbəcəri ən sonda tərk etsinlər və bu,
referendumun keçirilməsi ilə eyni vaxta düşsün. Başqa sözlə, rəsmi İrəvan vaxtı
uzadaraq, referendumun keçirilməsinə nail olduqdan sonra Kəlbəcəri boşaltmaq
istəyir. Azərbaycan tərəfi bu təkliflə razılaşmayıb və məhz bundan sonra hər
hansı irəliləyiş mümkün olmayıb.
“Le Mond ”, Fransa.
Nizamasalmanın əsas prinsipləri
ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən nəzərdən keçirilən ssenari ondan
ibarətdir ki, erməni qüvvələri Dağlıq Qarabağ anklavının ətrafındakı işğal
olunmuş əraziləri tədricən tərk etməlidir. Bu addım Bakının Dağlıq Qarabağın
statusuna dair referendumun keçirilməsinə razılıq verməsi ilə möhkəmləndirilə
bilər. Referendum keçid dövründə, 5-15 il ərzində, yəni Dağlıq Qarabağın
təhlükəsizliyinə beynəlxalq təminat verilən dövrdə keçirilməlidir. ATƏT və
BMT-nin nəzarəti altında sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı məsələ
də müzakirə olunur. Bu məsələ daha ağrılı və incədir...
«The international Herald Tribune»,
ABŞ Yan Bremmer.
Qəddar münaqişənin sona
yetəcəyinə ümid yaranıb
…Ermənistan
və Azərbaycan Qarabağ məsələsinin həllində kompromisə gələ bilsələr,
bu
bütün qeyri-sabit
Qafqaz regionu üçün xoş xəbər olmaqla,
bərabər
Xəzər rayonundan Qərbə enerji ehtiyatlarının azad axınını təmin edəcəkdir…
Artıq
razılıq əldə edilməsinin vaxtıdır. Ermənistan və Azərbaycanın liderləri bilirlər
ki, münaqişənin nizama salınması onların milli maraqlarına uyğundur. Lakin son
kompromis variantının əldə olunmasına hər iki ölkənin ekstremist millətçi
qüvvələri imkan vermir… Əgər saziş əldə olunarsa, Koçaryan, nəhayət, anklavda
yaşayan etnik ermənilərin təhlükəsizliyini təmin edər və hərbi məqsədlərə
yönəltdiyi vəsaiti zəifləyən iqtisadiyyatın dirçəldilməsi üçün istifadə edər.
Azərbaycan Ermənistan ordusunun öz ərazilərindən çıxarılmasına nail olar və
Avropa Birliyi, ABŞ-la daha sıx əməkdaşlıq imkanları qazanar. Dağlıq Qarabağ isə
tədricən müstəqilliyinin beynəlxalq birlik tərəfindən tanınmasına nail olar…
«Azadlıq»
qəzeti,
Fərid. «Qarabağ münaqişəsinin Rambuye tapmacası»
Xatırladaq ki,
prezidentlərin Kazan görüşündən əvvəl olduğu kimi, İlham Əliyev Fransaya yola
düşməzdən qabaq, ABŞ Dövlət katibi Kondoliza Rays ona zəng etmişdi. Amerikalı
həmsədr isə bir neçə dəfə tərəfləri münaqişənin həll olunması üçün yaranmış
fürsətləri əldən verməməyə çağırıb. Bu şəraitdə dövlət başçıların qarşısında çox
seçim qalmır. Ya danışıqları kəsib müharibəyə hazırlaşmaq, yaxud nəticəsiz
danışıqları davam etdirməklə, imitasiya ilə məşğul olmaq. Üçüncü yol isə, qarşı
tərəfə gizli şəkildə güzəştə getməkdən ibarətdir. Rambuye danışıqları ilə bağlı
informasiyaların ictimaiyyətə xəsisliklə ötürülməsinin arxasında dayanan səbəb
də budur. Rambuyedə hansısa detallı güzəştlərin edildiyini söyləmək sadəlövhlük
olardı. Ona görə ki, bu görüş uzağı 8 saat davam etmişdi. Detallı razılaşmalar
üçün isə həndəsi silsilə ilə ölçülə biləcək prinsipial məsələlərin üzərində iş
aparmaq lazımdır. Bununla belə, Rambuye danışıqları zamanı hansısa «kobud
planın» ilkin müddəaları üzərində razılaşma əldə edilə bilərdi. Çünki, dünyada
baş verən hadisələr bu məsələdə tərəflərdən hansısa gedişlərin edilməsini tələb
edir. Misal üçün, deyək ki, Azərbaycan ərazi bütövlüyünə aldığı zəmanətin
qarşılığında bütün dünyaya problemin yalnız sülh yolu ilə həll ediləcəyinə
zəmanət verə bilər. Kimin Azərbaycanın əzari bütövlüyünü necə başa düşməsi isə,
ayrı bir söhbətin mövzusudur.
«Versiya» qəzeti, Rusiya
Serqey Komarov. Qarabağ nizamlanması: yeni dairə üzrə
Gözləntilər
özünü doğrultmadı. Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və
Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ probleminə dair Fransa
danışıqları nəticəsiz bitdi… Ekspertlərin fikrincə, Qarabağ məsələsinin həllində
kompromislərin əldə olunması şansları gündən-günə azalır… Referendum ideyası
Azərbaycan prezidenti İlham Əliyev tərəfindən müdafiə olunmadı. Bakı, problemin
mərhələli həllinə təkid edir: əvvəlcə Ermənistan qeyd-şərtsiz bütün işğal
olunmuş əraziləri qaytarır, sonra isə Dağlıq Qarabağın statusu müzakirə olunur…
Hətta Rambuye görüşündən sonra Azərbaycan və Ermənistan rəhbərlərinin yeni
görüşü baş tutsa belə, heç bir «qızıl pəncərənin» əhəmiyyəti olmayacaqdır…
«Liberasion» qəzeti, Fransa, Lorren Milo
Müstəqil görünməyə çalışan Dağlıq Qarabağ ölkəsi
Müharibədən 12
il sonra erməni anklavi daim dağıntı içərisində yaşayır. Öz-özünü respublika
elan etmiş Dağlıq Qarabağın paytaxtı Xankəndinə (red.) gecə vaxtı gələndə dağın
başında ucaldılmış işıqlanan böyük xaç, daha sonra yenidən düzəldilmiş region
üçün qeyri-adi hamar yollar, restoranların, otellərin, barların işıqlarını
görmək olar. 1988-dən 1994-ə qədər 6 illik müharibə nəticəsində dağıdılmış
Qarabağın yenidən qurulmasına Ermənistan və erməni dliasporu çox vəsait
vermişdir. Gündüz vaxtı görünüş qüssəlidir. Sovet dövründən qalma köhnə binalar
arasındakı paltar qurudulan məftillər sakit, amma daim yoxsul həyatın
əlamətidir. Binalara su yalnız soyuq halda verilir və bu iki saatdan artıq
çəkmir. Orda-burda bərpa edilmiş binalar üzərindəki bayraqlar dünyada
Ermənistandan başqa heç bir dövlətin tanımaq istəmədiyi bir respublikanın…
nazirliklərin göstəricisidir. Qarabağın məhsulları arasında yalnız universitetin
rektoru Hamlet Qriqoryan bizimlə danışmağa razılaşdı və uzun-uzadı çək-çevirdən
sonra sözünü dedi: «Nə qədər ki biz varıq, min dənə prezident Əliyev olsun,
Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq». Müharibənin qızğın
çağında, 1992-ci ildə Stepanakert (Xankəndi) pedaqoji İnstitutu müstəqil
respublika üçün münasib sayılan universitetə çevrilmiş və rektor «ildən ilə
yüngülləşən» çətinliklər içərisində 5300 tələbə və 300 müəllimlə fəxr edə bilər.
Lakin tələbələr təəssüflənirlər ki, bu dövlət universitetinin diplomu xaricdə
tanınmır, tələbə mübadiləsi sıfır həddindədir. Çünki Qarabağ dünyada heç kim
tərəfindən tanınmamışdır.
Əsəbilik. Və
birdən rektor dəlicəsinə partladı: «Nə istəyir dünya bizdən alim əvəzitnə
terrorçu yaratmaq?» universitetin rus dili müəllimi daha aydın danışdı:
«Müsəlmanların əhatəsində biz kiçik bir xristian hüceyrəsiyik. Siz başa
düşürsünüz ki, buranı tərk etmək olmaz?»
Tezliklə 15 il
olacaq «müstəqilliyi»n fonunda Qarabağ daim çıxılmaz, gündəlik həyat
çətinlikləri və ziddiyyətlər içərisindədir. 33 deputatlıq parlamentin hökuməti,
bayrağı, prezidenti, baş naziri (hər ikisi o dərəcədə «məşğul» idi ki,
müsahibədən imtina etdilər) olan 137 minlik sakini ilə bu respublikanın
müstəqilliyə can atması…
Xaricilərin
buraya gəlməsi üçün Ermənistan vizasından başqa xüsusi bir viza da tələb olunur.
Lakin heç yerə getməyən sakinlərin Qarabağ pasportu yoxdur. Onların hamısının
Ermənistan pasportu var. Ermənistan həmçinin «ordusu»nu çağırışçılarla təmin
edir.
Səfalət.
Göründüyü kimi, bu qarışıqlıqdan sonra millətçi intuziazm və təcridçilikdən
istifadə edənlər bir qrup siyasi biznesmenlərdir. Stepanakertin mərkəzində
yunan-roman üslubunda sütunları və xidmətçiləri olan 300 yerlik təmtəraqlı
restoranda nahar edənlər yaxşı geyinmiş «yeni zənginlər»dir.
«Görürsünüz,
Qarabağda tərəqqi var. Biz konyak içirik» - restoranın 43 yaşlı sahibi Emil
Ayrapetyan zarafat edir. Onda pul hardandır? «Deyək ki, mən həmişə məqamında
həmişə lazımlı yerdə olmuşam» - deyə o sualımızı eşitməməzliyə vuraraq, bununla
inandırmağa çalışdı ki, müharibə nəticəsində varlanmayıb. Qarabağa investisiya
qoymaq təhlükəli deyilmi? «Bəs Parisdə necə, bu təhlükəli deyil? Siz şəhər
ətrafındakı qiyamı görürsünüz?»
Stepanakertin
mərkəzi bazarında kasıbçılıq hökm sürür: Bir neçə piştaxta qoyulmuş Yerevandan
bir günlük yol keçib gələn kök, soğan, mandarin, yaxud portağalın qiyməti o
dərəcə bahadır ki, Ermənistandakı qiyməti üstələyir: 10 avrodan 20 avroya qədər
olan pensiyaları tənzimləmək 3 üçün nənələr süpürgəçilik və dilənçilik edirlər.
Konfet və siqaret piştaxtasının sahibi 48 yaşlı Anya bir çox başqaları kimi
etiraf edir ki, onun həyatı «axarına düşmür».
«Bazarda hər
ay 30 min dram (55 avro) qazanıram. Qızımın oxuduğu institut onun təhsilini
davam etdirilməsi üçün 450 dollar tələb edir. Pulu ödəmədən o, imtahanlarını
verə bilmir. Biz otaq kirayələməkdən imtina etmişik. Bir gün valideynlərimizin
yanında, başqa gün isə dostlarımızın evində gecələyirik». Dəhşət.
1989-cu ildə
Anya Bakını tərk etmişdi. Bu dəhşətləri görməyinə baxmayaraq, o respublikasının
rəhbərlərinə nisbətən daha bədbindir: «Bizim kimi kiçik adamlar üçün yeganə bir
şey varsa, o da münaqişənin nəhayət həllidir. Bu günə qədər bütün pullar Qarabağ
ordusuna gedir. Lakin qorunan bu torpaqları heç kəs özü ilə qəbrə aparmayacaq» -
deyə o nəfəsini dərir.
Nofəl Qaya
|