|
Azad Qarabağ - 14-cü səhifə
Ölsəm, bağışlama, Vətən!
Vətən, sənə
analar anası dedik, sən bizə ana olan kimsələrə öz qoynunu beşik etdiyinə görə.
Sən onlara öz lal dilində layla çaldığına görə. Vətən! Sənə namus dedik, özümüzə
şərəf bildik. Dağlarını iffətli bir gəlinə bənzətdik. Sənə duz-çörək mənbəyimiz
deyib, səni unutmağı özümüzə ar bildik…
Vətən! Sən
təkcə Azərbaycan deyildin ulu babalarımız üçün. Sən böyük Turan idin. Sənin
Orxan-Yenisey kimi abidən, Sabir xanlığı kimi möhtəşəm bir yurdun var idi… Bir
ucun Çin səddinə dayanmışdı. Qoruya bilmədik səni də, sənin böyüklüyünü də. Səni
bizə əmanət qoyub, köksündə özünə yer almış babamızın müqəddəs ruhunu da.
Vətən! Biz
nənəmizin sənə qorumaq üçün verdiyi ismətini də səninlə birlikdə itirdik, sənin
haqlı qınağına tuş olduq. Həsrətlə, kədərlə dolan gözlərimizin yaşını silməyə
gücümüz çatmadı. Acizliyimizi boynumuza almaq istəmədik. Bu aciz övladların
bir-birini qınadı. Şəhid övladlarının ruhu bizdən incik düşdü.
Bir ovuc
torpağında bir ovuc şəhid qanı olan vətən! Çayların da şəffaflığını itirdi,
dərddən-qüssədən. Araz yarandığına peşman oldu bəlkə də… Kəndlərinin suları da
qan rəngini aldı. Bəlkə də Araz heç çay deyildi. Araz sənin ürəyinə saplanmış,
vücudunu ikiyə ayırmış xəncərdən süzülən qanındır, Vətən!
Əslində, sən
mənim üçün yenə də Turansan – Böyük Turan. Amma sözdə, sən indi nəinki Turan
böyüklükdə, heç Azərbaycan boyda da qalmamısan, Vətən! Sən indi vücudunu vəhşi
tiranalar kimi yeyib-gəmirmiş, özününkü etmiş yağı əlində, yağı torpağında
əsirlikdəsən. Mən sənə həsrətəm, amma günah özündədir. Çünki sevə bilməmişəm
Səni. Səni düşmənlərin məndən daha çox sevib. Bu, mənim ömürlük cəzamdı, Vətən!
Bir gün Sabir xanlığını, o biri gün Təbrizini, Dərbəndini… itirib gəldim bu
günə.
«Dağlarının
başı dumanlı,
Qırmızı
qoftalı, yaşıl tumanlı», -
deyib, tərif
etdiyimiz Şuşanı itirmişəm bu gün. Cəbrayıla həsrətlə baxıram, Laçınını,
Kəlbəcərini yuxularımda görürəm indi. Namusu şüşə kimi çilik-çilik olmuş Xocalı
qızını anıram. Qarabağımın baş kəndi Xankəndini düşünürəm, Vətən! Bəzənib toy
otağında yaslı qalan Ağdamımı anıram.
On üç illik
bir zaman kəsiyində cığırları ayaq izlərimizə, dərələri səsimizə həsrət qalan
Zəngilanı düşünəndə, istər-istəməz şairin bu misraları yada düşür:
Dünən həsrət
idimsə mən Təbrizə,
Gedəmmirəm bu
gün öz kəndimizə…».
Bəli, bu gün
mən Təbrizə gedə bilirəm, viza ilə olsa da. Amma doğulduğum elə gedib, bircə
udum suyunu belə içə bilmirəm. Ürəyim köksümdə titrəyir, qələmimsə əlimdə. Nə
olsun? Sevə bilmədim səni, Vətən! Sevsəm, bir ovuc torpağını götürüb sıxardım,
şəhid qardaşımın qanı, qüruru sındırılmış qızımızın ahı tökülərdi o bir ovuc
torpağından.
Dərdlərini
duyanlar, bu dərdlə birgə sığındı köksünə, Vətən!
«Mən Araz
şairiyəm, Araz boyda qəm daşıyam» – deyən Məmməd Araz babanı da Araz həsrəti,
yurd yanğısı yıxdı, dərdini «Heydər baba»yla bölən ulu Şəhriyar kimi. O da özü
ilə birgə Araz boyda dərd apardı. Ömrü boyu Xudafərin körpüsündən adlayıb gələsi
yarını gözlədi, amma əfsuslar olsun, nə yarına qovuşdu, nə də arzusuna.
Qorxuram bu
dünyadan mən də həsrətli gedəm. Gözlərim Savalan, Zəngəzur və Qarabağ tərəfə
baxa-baxa intizarla yumula. Qanını almadan ölsəm, nə sən, nə də anam məni qəbul
etməz və bağışlamaz. Layiq olmadığım göz yaşlarını mənim üçün axıtma, Ana! Sevə
bilmədiyim qoynunu mənim üçün açma, Vətən! Hələ mənim ölməyə də haqqım yoxdur.
«Nə qədər ki,
Araz çayın bir uduma içməmişəm,
Zəngəzurdan
adlayaraq İrəvana keçməmişəm» - sənin qoynunda mənə yer yoxdur. Yolunda şəhid
olmadan ölsəm, bağışlama, Vətən!
Nicat
Hədislərdən seçmələr
Əziz peyğəmbərimiz Məhəmməd (s) buyurur:
1. Elm
öyrənmək böyük günahların əfvinə səbəb olar.
2. Elm
öyrənmək kişilərə də, qadınlara da vacibdir.
3. Halal
qazanmaq üçün yorulub evinə dönən kimsə günahsız olaraq yatar, Allah-təalanın
sevdiyi kimsə olaraq qalxar.
4. Verən
əl alan əldən üstündür.
5. Ləzzətləri
yıxan, əyləncələrə son verən ölümü çox xatırlayın.
6. İçinizdə
ən çox sevdiyim kimsə, ən gözəl xasiyyəti olanlardır.
7. Hər
kimdə bu üç şey olmazsa, cənnət əhlidir; təkəbbür, həsəd, xəyanət.
8. Qəlb
sağlam olduqca bədən də sağlam olar.
9. Allah-təala
yüksək şeylərə qovuşmaq istəyənləri sevər.
10.
Üç şey imanın fəzilətini artırar: Allahı və onun Rəsulunu hər şeydən çox sevmək;
özünü sevməyən müsəlman Allah rizası üçün sevmək; Alla-təalanın düşmənlərini
sevməmək.
11. Bir
saat ədalət ilə idarəçilik etmək, 60 il müstəhəb ibadət etməkdən daha yaxşıdır.
12. İmanı
yüksək olanınız, əxalqı gözəl olanınızdır.
13. Mən
lənət etmək üçün, insanların əzab çəkməsi üçün göndərilmədim. Mən hər kəsə
yaxşılıq etmək üçün, insanların mənəvi saflığa çatdırılması üçün göndərildim.
14. Allah-təala
haram olan şeylərdə sizə şəfa yaratmamışdır.
15. Sonra
edərəm deyənlər həlak oldular.
İLAHİ SEVGİ
Bəşəriyyətin ən ali, ən
gözəl vardığı olan insana bu alilik və gözəlliklər məhz Allah tərəfindən bəxş
edilmişdir. İnsan haqqında danışdıqda, ilk öncə, göz önünə onun kimliyi və
nələrə sahib olduğu gəlir:
-
İnsan böyük kainatın kiçik modeli və Allah-təalanın ən kamil əsəri... Elə
bir kamillik və zənginlik ki, təsəvvürdən çox yüksəkdə dayanır. Hər şeyi ağlı
ilə dərk etmək istəyən insan bu həqiqətin qarşısında sadəcə heyrətdə qalır. Hər
şey düşünülmüş, hər şey ölçülmüş. Özü də ilahi bir qüdrətlə. Bu yaradılış
həqiqətini Qurani-Kərim bizə belə bəyan edir:
«Biz insanı
gözəl bir şəkildə xəlq etdik».
Görən nə idi
bu gözəllik? Təkcə fiziki quruluşumuzmu, yoxsa onun ruhumuzla olan vəhdətindən
əmələ gələn harmoniyamı?
İstər-istəməz
bu suallar Allahın yerdəki xəlifəsinin niyə məhz insan olduğunu araşdırmağa
gətirib çıxarır. Bu isə özlüyündə insanı özünüdərkə, mütləq ucalığı tanımağa
səbəb olur. Tanımaq isə, əlbəttə, insana o uca məqamı təsdiq etməyi öyrədir.
Yəni, insan gördükləri və görüb dərk etməklə yanaşı, dərk edə bilmədiklərini
Allah qüdrətinin içində tapır və sonunda: «Ya Rəbbim, sən həqiqətən hər şeyə
qadirsən» - deyir. Dediyimizə təsdiq də elə budur.
Söz açdığımız
təsdiqin özü bir yönəlmədir. Buradakı yönəlmə insanı fitrətinə qaytarır, ondan
dolayısı ilə Yaradanına sevgini öyrədir. Bildiyimiz kimi, insanlığın fitrətində
Quranın bizə çatdırdığı bir şey var:
«Allah bütün
ruhları yaradıb, onlara xitab etdi:
Mən sizin
Rəbbiniz deyiləmmi? Ruhlar dedilər: Bəli!»
Unutmaq olmaz
ki, bu təsdiq ruhumuzun təməl daşı olan İlahi sevgi idi! O ilahi sevgi ki, bizim
bəşəri sevgilər onun üzərində bərqərar olmuşdur. Bəs sevgi özü nədir?
«Sevgi
kamilliyə aparan yoldur» - deyib ulularımız. Çünki Allahın insan üçün qoyduğu
bütün qanunlar onun kamilləşməsinə xidmət edir.
«Sevgi insanı
doğru yola yönəldir». Necə ki, sevən insanlar gündə dəfələrlə deyirlər:
«Allahım, bizi doğru yola yönəlt». Bu həqiqət yolu Allaha bağlılıqdan, Ona
qayıtmaqdan keçir. Axı, bütün həqiqətlərin əzəlində bir Allah var!
Bu sevginin
maraqlı cəhətlərindən biri də odur ki, Xaliq öz məxluqunu qorxudur. «Qorx
Allahdan!» - deyir. Sual doğa bilər ki, sevgi olan yerdə qorxumu olar? Əslində,
Allah insanı sevdiyi üçün qorxudur, ona həqiqət yolunu göstərir. Cənnət və
Cəhənnəmdən danışır. Görən nədir bu qorxu, bu xof?
Bu qorxu heç
də Cənnətdən ayrı qalmaq, Cəhənnəm atəşində yanmaq qorxusu deyil. Sevdiyinin
(Allahın) özünə (insana) olan sevgisini itirmək qorxusudur.
İmam Əli (ə)
buyurur: «Ya Rəbbim, mən Sənin cənnətinin sevgisindən, cəhənnəminin qorxusundan
deyil, sənin bu sevgiyə layiq olduğunu dərk etdiyim üçün sənə ibadət etdim».
Burada
məsələnin ikinci tərəfi diqqəti çəkir ki, bu da Allahın insana bir seçim
verməsidir. Uca Yaradan məhz buna görə Cənnət-Cəhənnəmdən danışır, sevgi və
qəzəbi göz önünə gətirir.
Təsəvvür edin,
Allah yaratdığı başqa varlıqlara şüur vermədiyi kimi, seçim də verməyib. Bu da,
insana verilən önəm və diqqətin nə qədər böyük olduğunu göstərir. Görün, Allah
insanı nə qədər sevir ki, hər şeydə seçimi onun öz öhdəsinə buraxır. Amma, insan
seçiminin nəticələrini qabaqcadan bildirərək: «Bəzi insanlar mələk kimidir,
nəinki mələk, hətta mələkdən də üstündür».
Sevgidən doğan
bu seçimin özündə bir ehtiyat da vardır. Çünki Allah sevgisi ilə dolan könüllər
daima «Görən Allah razıdırmı?» sualı ilə üz-üzə dayanır. Bu da insanın cəmiyyətə
daha normal şəkildə xidmət etməsinə gətirib çıxarır.
Bu sevgidən
doğan seçimin nəticəsidir!
İlahi sevgi
həm də əxlaq meyarı, tərbiyə metodudur.
Bu sevgi bizə
ata-anamızı, yaxınlarımızı, əzizlərimizi, millətimizi, vətənimizi sevməyi
öyrədir.
Allah-təala
Musa (ə)a buyurur:
«Ya Musa,
mənim üçün nə etdin?» Musa (ə) deyir: «Namaz qıldım, oruc tutdum, zəkat verdim…»
«Ya Musa,
bunları özün üçün etdin. Mənim üçün edəcəyin şey, Məni sevənləri sevməyin, Mənə
düşmən olanlara düşmən olmağındır».
Sevənlər,
Allahı sevdiyin kimi onun sevdiklərini də sevin! Çünki, bizi bir-birimizə
bağlayan və bəşəriyyəti xilas edəcək yalnız Allah sevgisidir!
Qütb
Son günlər baş
verən olaylar dünyanı iki qütbə böldü. Müsəlman və xristian qütblərinə. Özlərini
dünyanın demokratiya məktəbi adlandıran Danimarka, Fransa, Almaniya və bir sıra
xristian dövlətləri müsəlmanların peyğəmbəri Məhəmmədi (ə) təhqir edərək, onun
karikaturasını çəkməklə, dünya müsəlmanlarının hədsiz qəzəbinə səbəb oldular.
Təəssüf doğuran hal odur ki, Avropa Şurası, BMT, NATO, ATƏT həmin xristian
dövlətləri tərəfindən idarə olunur, bu da onu göstərir ki, müsəlman
dövlətlərində yaradılan süni münaqişələrin həllində bu qurumlardan konstruktiv
mövqe gözləmək yersiz və məntiqsizdir. Çünki əsrlərdən bəri müsəlman
dövlətlərini bir-biri ilə toqquşdurmaq istəyən xristian dövlətləri onları güclü
görmək istəmirlər. Müsəlman dövlətlərini söz sahibi kimi qəbul etməkdən
ehtiyatlanırlar. Bunun bariz nümunəsi kimi, Türkiyənin Avropa Birliyinə qəbulu
prosesinə süni maneələr yaradılmasıdır. Xatırlayırsınızsa, Türkiyənin bu quruma
üzvlüyünün müzakirəsində bəhanələrdən bezən Rəcəb Tayyub Ərdoğan masadan
qalxmış, birliyin xristian birliyi olmasını söyləmişdir. Baş verənlər göstərir
ki, müsəlmanlar münaqişələrin həllində Avropa Birliyi, NATO, ATƏT kimi
qurumlardan umduqları dəstəyi özlərində - «İslam konfransı»nda axtarsınlar.
Müsəlman dövlətlərinin sayı və gücü də buna əsas verir. Müsəlman iqtisadi
birliyi yaradılmalıdır. Belə olduqda, xristian dünyası reallıqla hesablaşar,
müsəlmanların özünə, ərazi bütövlüyünə və dininə hörmətlə yanaşar.
Nemət Şahverdiyev
Səhifəni hazırladı:
Nicat
|