|
Azad Qarabağ - 3-cü səhifə
«Rambuye görüşündə irəliləyiş
əldə etmək ya çətin, ya da qeyri-mümkün idi»
Həmsöhbətimiz politoloq Rasim Musabəyovdur.
- Rasim
bəy, Fransanın Rambuye qəsrində təşkil edilmiş Azərbaycan və Ermənistan
prezidentlərinin növbəti görüşünə yola düşən Robert Koçaryan oraya nikbin və
ehtiyatla getdiyini bildirmişdi. Ermənistan mətbuatı bunu məsələnin həllinin
uzanacağı kimi nəzərə çatdırırdı. Sizin fikrinizi bilmək maraqlı olardı.
- Ermənilər
optimistcəsinə düşünürdülər ki, aparılan danışıqlar onların xeyrinə olan
müstəvidə tamamlanacaq. Halbuki mən hesab etmirdim ki, ermənilərin istəkləri
reallaşacaq. Mən gözləyirdim ki, Azərbaycan İqtidarı kiminsə təzyiqi altında
ermənilərin istəklərinə razılıq verir.
- Azərbaycan
özünü elə aparır ki, guya Qarabağda referendum məsələsini müzakirə etmir. Dağlıq
Qarabağ separatçıları isə, perspektivdə bunun mümkünlüyünü bildirir. Sizcə,
referendumun keçirilməsi baş tutacaqmı?
- Azərbaycan
Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəhbəri Tağızadə rəsmi şəkildə elan
etmişdir ki, Azərbaycan İqtidarı Azərbaycanın ayrı ərazisində referendum
keçirib, onun taleyinin həll olunmasına razılıq verməyib və müzakirə də etmir.
Referendum Konstitusiyada nəzərdə tutulduğu kimi, bütün Azərbaycan ərazisi üçün
keçirilə bilər.
- Ermənilər
isə, əksinə, bəyan edirlər ki, referendum danışıqlar masasında olan 9 bənddən
biridir. Və Azərbaycan bu məsələnin müzakirəsinə razıdır. Doğrudanmı bu belədir?
-
Hər
halda, Xarici İşlər Nazirliyinin bəyanatı bunun əksini deyir.
- Erməni
tərəfi Dağlıq Qarabağın müstəqilliyinin beynəlxalq aləmdə tanınması müqabilində
ərazi mübadiləsinə getməyə həqiqətənmi hazırdır?
- Xeyr,
göstərirlər ki, ərazi mübadiləsi variantı aktual deyil və gündəlikdə yoxdur.
- Rambuye
görüşü ərəfəsində Ermənistan parlamenti münaqişənin nizamlanma prinsiplərini
açıqlayıb. Bu prinsiplər Azərbaycanın ərazi bütövlüyünü tanımır və erməni
rəhbərliyinin əvvəlki bəyanatlarının üstündən xətt çəkir. Bu barədə nə deyə
bilərsiniz?
- Hesab
edirəm ki, bu mövqe və bunun tamamilə əksinə olan Azərbaycanın mövqeyi göstərir
ki, Rambuye görüşündə irəliləyiş əldə etmək ya çətin, ya da qeyri-mümkün idi. Bu
da baş verdi.
- Azərbaycan
və Ermənistan prezidentlərinin Fransanın Rambuye qəsrində baş tutan görüşü,
Azərbaycana qarşı növbəti cəfəng kimi görünmürdümü?
- Həm
dövlət başçısının, həm də xarici işlər nazirinin görüş ərəfəsindəki çıxışları
bunu deməyə əsas verirdi.

Söhbətləşdi: Qalib Qurban İbrahimoğlu
Qarabağ
münaqişəsinin həllində Kosovo modeli: uğursuz variant
Qarabağın statusu münaqişənin həllində əsas elementlərdən biri kimi ermənilər
tərəfindən dəfələrlə müxtəlif səviyyələrdə qabardılır. Azərbaycan isə məlum
olduğu kimi bu məsələyə ölkənin ərazi bütövlüyü şəklində baxılmasına hər zaman
hazır olduğunu bildirir. Amma Ermənistanın xarici işlər naziri Vardan Oskanyan
isə münaqişənin həllində işğalçı ölkənin birmənalı mövqeyini dəfələrlə bəyan
edib. Onların qənaətincə, problemin həlli yalnız Azərbaycanın Qarabağı itirməsi
reallığı ilə barışmasından keçir. Dolayısı ilə ermənilər dünya praktikasından
misal gətirərək, Qarabağın işğalını qanuniləşdirmək istəyirlər. Belə ki,
Ermənistan xarici siyasət idarəsinin rəhbəri Vardan Oskanyan Qarabağ
münaqişəsinin həllində Kosovo modelinin istifadə olunmasının tərəfdarı olduğunu
bəyan edib. Bu təkliflə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin razı olması sirr
deyil. Regionda maraqları toqquşan ölkələrin əksəriyyəti problemin həllində
Kosovo modelinə “yox” demirlər. Əslində isə bu münaqişələr bütün kriterilərinə
görə bir-birindən tamamilə fərqlənir. Təkcə ona görə ki, ermənilərin Qarabağa
yaxın iki yüz il tarixində köçürülməsi nəinki Azərbaycan, həm də rus və İran
mənbələrində öz təsdiqini tapıb. Digər tərəfdən, münaqişə başlayan zaman
ermənilər təzyiqə məruz qalmış toplum olmayıblar. Onlar “Böyük Ermənistan”
ideyasını gerçəkləşdirmək məqsədilə Azərbaycan torpaqlarına qarşı ərazi iddiası
ilə çıxış ediblər. Vardan Oskanyanın beynəlxalq aləmə sırıdığı “Qarabağ
erməniləri özlərini müdafiə edərkən azərbaycanlıların yaşadığı qəsəbələri
tutublar” fikirinin yanlış olmasını anlamaq münaqişənin tarixi haqda bilgisi
olanlar üçün çətin deyil. Bu mənada Kosovo münaqişəsinin Qarabağ problemi ilə
eyniləşdirilməsi və ikincinin birincinin modeli ilə həllini tapması kimi
təkliflər verilməsi ən azı siyasi savadsızlıqdan irəli gəlir.
Sadəcə ermənilər bu məsələdən də yararlanmaq istəyirlər. Prezidentlərin Fransada
bu günlərdə keçirilən danışıqları da deyilənləri təsdiq edir. Yəni ermənilər bu
dəfə də önəm verdikləri status məsələsinin üzərində dayanaraq, razılaşmadan
yayınıblar.
R.Məmmədli
Vladimir Putin vəd verir
“Mən
Azərbaycan
prezidentinə
söz
vermişəm
ki,
Ermənistanla
əlavə
məsləhətləşmələr
aparacağam.
Yaxın vaxtlarda Ermənistan prezidentini Moskvaya dəvət edib, onunla danışıqlar
aparmağı planlaşdırıram”. Bunu Azərbaycanda səfərdə olan Rusiya prezidenti
Vladimir Putin prezident İlham Əliyevlə birgə keçirdiyi brifinqdə bəyan edib
(APA). V. Putin bildirib ki, danışıqların müsbət nəticələnməsi üçün
Rusiya ondan asılı olan hər şeyi edəcək. Rusiya prezidenti tərəflər arasında
indiyə qədər keçirilmiş danışıqları səmərəli saydığını deyib. Onun sözlərinə
görə, problemin mürəkkəbliyinə baxmayaraq, hər iki tərəfin məsələnin həllində
qarşılıqlı razılaşma əldə edə bilməsi mümkündür.
Xocalı soyqırımının 14-cü ildönümü İstanbulda qeyd olunub
Xocalı soyqırımının 14-cü ildönümü Türkiyənin ən böyük şəhərinin əsas meydanında
qeyd olunub. Bu barədə APA-nın Şərqi Avropa bürosuna Türkiyədə fəaliyyət
göstərən azərbaycanlı tələbələrin ABAD təşkilatının rəhbəri Araz Aslanlı məlumat
verib. Onun sözlərinə görə, Xocalı faciəsi ilə əlaqədar həqiqətləri yerli və
beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə bu gün Türkiyə vaxtilə saat 12.00-da
İstanbulun Taksim meydanında aksiya keçirilib. Tədbirdə İstanbulda və Türkiyədə
təhsil alan azərbaycanlı tələbələr, eləcə də Türkiyə ictimaiyyətinin
nümayəndələri iştirak ediblər.
Azərbaycan və Rusiya arasında siyasi bəyannamə və bir neçə saziş imzalanıb
Dünən
Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin təkbətək
görüşüb. Görüşdən sonra dövlət başçılarının iştirakı ilə iki ölkənin
hökumətlərarası danışıqları keçirilib. APA-nın görüşü izləyən əməkdaşının
verdiyi məlumata görə, Azərbaycan prezidenti V. Putinlə görüşündən razı
qaldığını bildirib. İ. Əliyev danışıqların ikitərəfli əməkdaşlıq və regional
əlaqələrin inkişafı istiqamətində aparıldığını deyib: “Danışıqların aparıldığı
bütün məsələlərdə qarşılıqlı anlaşma və mövqe bərabərliyi hiss olundu. Həm
Azərbaycan, həm də Rusiyada iqtisadi inkişaf dinamikdir. İnanıram ki, bundan
sonra da ölkələrimiz arasında münasibətlər daha da möhkəmlənəcək”. Rusiya
prezidenti V. Putin isə görüşdə bır sıra beynəlxalq məsələlərdən, o cümlədən
Dağlıq Qarabağ münaqişəsindən danışıldığını deyib. İki ölkə arasında iqtisadi
əlaqələrin inkişafından danışan V. Putin mal dövriyyəsinin həcminin 1 milyard
dollardan artıq olduğunu bildirib. Bundan sonra iki ölkənin dövlət başçısı İlham
Əliyev və Vladimir Putin birgə bəyannamə imzalayıblar. Bəyannaməyə əsasən iki
ölkə arasında müxtəlif dövrlərdə bağlanmış sazişlər qüvvədə saxlanılıb. Bura
qarşılıqlı dostluq, əməkdaşlıq və birgə təhlükəsizlik haqqında, iqtisadiyyatın
strateji sahələrində birgə layihələrin həyata keçirilməsinə dair, milli
təhlükəsizlik baxımından hərbi və hərbi texniki əməkdaşlıq və digər sazişlər
daxil olub. Görüşdə, həmçinin Azərbaycanın baş nazirinin birinci müavini Abbas
Abbasov və Sverdlovsk vilayətinin qubernatoru Eduard Rossel ticari-qtisadi və
elmi-texniki əməkdaşlıq barədə razılaşmaya da imza atıblar.
|