Bu gün: 20 İyul 2008, Bazar

 

 
 
 

 

Azad Qarabağ - 4-cü səhifə

MÜHARİBƏNİ BAŞLAMAQ ÜÇÜN, AZI 10 İL GECİKMİŞİK

(əvvəli 1-ci səhifədə)

Akif Nağı: Müharibə başlayarsa, qalib gəlməyimiz üçün lazım olan bütün konkret arqumentlər bizim tərəfimizdədir.

- «Meydan»da həmçinin dövlətin beynəlxalq təşkilatlarla apardıqları danışıqların mənasız və nəticəsiz olduğunu vurğuladınız. Sizcə, Azərbaycan dövləti artıq  heç bir beynəlxalq təşkilatla hesablaşmadan, danışıqlar  aparmadan müharibəyə başlamalıdır. Bu şərait Azərbaycanda indimi yetişib, yoxsa gecikmişikmi?

-  Gecikibdir. Minsk qrupu 1992-ci ildə yaranıb və 1994-cü ildən, yəni atəşkəs başlayandan bu danışıqlar intensivləşib, ancaq heç bir nəticə əldə edilməyib. Çünki bu danışıqların kökündə prinsiplər düzgün qoyulmayıb. Beynəlxalq  təşkilatlar, o cümlədən Minsk qrupu Ermənistanı təcavüzkar dövlət kimi tanımaq istəmir və bu təcavüzün nəticələrinin aradan qaldırılması məsələləri müzakirə  olunmur. Əgər bu məsələlər müzakirə olurmursa, aparılan danışıqların nə mənası var? O zaman bu danışıqlar ermənilərin mövqeyinə xidmət edir. Ona görə ki, onların istəyi də məhz vaxtı uzatmaqla azərbaycanlıların Qarabağ itkisiylə barışmasına nail olmaqdır. Yəni, vaxt keçsin, yaşlı nəsil dünyadan köçsün, Qarabağ əhalisi, azərbaycanlılar bu itkiyə alışıb, nəhayət, qəbul etsin. Beynəlxalq təşkilatlar özləri də etiraf edirlər ki, Minsk qrupunun yarandığı 14 il ərzində heç bir nəticə əldə olunmayıb. Əldə olunmayıbsa, Azərbaycan bunun üzərində düşünməlidir, çünki bu Azərbaycanın problemidir. Mənim fikrimcə, atəşkəsdən sonra bir-iki il gözləmək olardı, sonra artıq müharibəni başlamaq lazım idi. Həmin bir-iki il ərzində ordunu nizama salıb, müharibəyə hazırlaşmaq olardı. Biz ən azı 10 il gecikmişik.

Hakimiyyət səmimi olmalıdır. O, özündə cəsarət tapmalı, ya  Qarabağı qaytara bilmədiyini boynuna alıb hakimiyyətdən getməli, ya müharibəyə başladığını elan etməli, ya da  torpaqları verdiyini bildirməlidir. Hakimiyət  qarşısında duran bu üç yoldan birini seçməlidir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, hakimiyyət xalqı aldada-aldada ermənilərin maraqlarına xidmət edir. Biz çox vaxt itirmişik və indən belə də keçən hər saat, hər dəqiqə bizi  Qarabağdan uzaqlaşdırır.

-  Siz müharibəni başlayacağımız təqdirdə, mütləq udacağımızı əminliklə söylədiniz. Nəyə istinadən belə  söylədiyinizi bilmək istərdik. 1992-93-cü illərdə baş verən «arxadan zərbə»ni nəzərə almırsınızmı?

- Təbii ki, istənilən müharibə böyük risqlə bağlıdır. Ancaq əvvəlcədən məğlubiyyətini boynuna alıb döyüşə atılanlar heç vaxt qalib gələ bilməz. Sadəcə, mənim mövqeyim ondan ibarətdir ki, biz bu müharibəni başlamağa və qalib gəlməyə məhkumuq. Əgər, müharibədə qalib gəlməsək, bir millət və dövlət kimi məhv oluruq. İstərdim ki, Azərbaycan hakimiyyətinin başında duranlar, siyasi liderlər, eləcə də sıravi Azərbaycan vətəndaşları özlərini 1920-ci ildə, Atatürk özünü ingilis-yunan işğalı qarşısında necə hiss edirdisə, o cür hiss etsinlər, yaxud II dünya müharibəsində meşələrə çəkilmiş Fransa lideri Şarl De-Qol, eləcə də yenə II dünya müharibəsində SSRİ-nin paytaxı olan Moskva şəhərində düşmənlə  üz-üzə dayanan ordu generalları, dövlət başçısı özünü necə hiss edirdisə,  elə hiss etsinlər. O vaxt onlar əgər fikirləşsəydi ki, artıq hər şey bitdi, onda nə bugünkü Türkiyə olardı, nə Fransa, eləcə də SSRİ müharibədə qalib gələ bilməzdi.

Digər tərəfdən, bizim müharibəni udmağımız üçün konkret arqumentlər var. Müharibəni udmaq üçün, Napaleonun sözüylə desək, 3 şey lazımdır – pul, pul və yenə də pul. Biz maliyyə imkanları cəhətdən Ermənistandan qat-qat üstünük. Ermənistan vəsaiti xaricdən almalıdır, heç bir dövlət uzun müddət onun üçün donor rolu oynaya bilməz, bizimsə öz daxili imkanlarımız var. Azərbaycanın iqtisadiyyatı da güclüdür, əgər müharibə başlasa, hamısı müharibəyə səfərbər olunacaqdır. Müharibə, eyni zamanda insan ehtiyatları deməkdir. Biz bu göstəricidə də erməniləri iki dəfə üstələyirik. Başqa tərəfdən, müharibə həm də hərbi müttəfiqlər deməkdir. Bu tərəfdən də, ermənilərdən üstünük. Düzdür, deyirlər ki, Rusiya Ermənistanı dəstəkləyir, ancaq inanmıram ki, bu uzun müddət ardıcıl olaraq, davam etsin. Çünki Rusiya ikinci Çeçenistan hadisələrinin təkrar olunmasını istəməyəcək, ictimai rəy bunun əleyhinədir. Ruslar da azərbaycanlılarla münasibətləri kökündən dağıtmaq istəməz, ola bilsin ki, silaha, məsləhətlə kömək etsinlər. Azərbaycanın müttəfiq qazanmaq ehtimalı daha çoxdur – Türkiyə, Pakistan, Ukrayna, İran birmənalı şəkildə bildiriblər ki, müharibə başlasa, Azərbaycanı dəstəkləyəcəklər. İranın əhalisinin çoxu azərbaycanlıdır. Mən özüm də müşahidələr aparmışam və bilirəm ki, müharibə başlasa İrandan bizə ciddi dəstək gələcəkdir.  Almaniyadan dəstək ola bilər, çünki Almaniya həmişə məsələlərə obyektiv münasibəti ilə fərqlənir.

Bəzən deyirlər ki, beynəlxalq təşkilatlar bizə qarşı sanksiya tətbiq edəcəklər, ancaq bu həqiqətə uyğun deyil. Çünki BMT nizamnaməsinin 51-ci maddəsinə görə təcavüzə məruz qalan tərəf zəruri müdafiə hüququndan istifadə edərək, torpaqlarını işğaldan azad edə bilər. Əgər beynəlxalq təşkilatlar sanksiya tətbiq edəndirlərsə, ermənilər torpağımızı işğal ediblər, nə üçün onlara qarşı sanksiya tətbiq olunmur?

Azərbaycan həm də Ermənistanla müqayisədə mənəvi-psixoloji üstünlüyə mali kdirr. Yəni, bizim  döyüşçülərimiz ermənilərdən fərqli olaraq, öz torpaqlarımızı işğaldan azad etmək uğrunda mübarizə aparacaq.

Bütün bunlar onu göstərir ki, müharibə başlayarsa, qalib gəlməyimiz üçün lazım olan bütün konkret arqumentlər bizim tərəfimizdədir.

-   Akif bəy! «İqtidar»a münasibət aydındır. Bəs Qarabağın qaytarılması istiqamətində, müxalif partiyalardan hansının yürütdüyü siyasəti təqdir edirsiniz?

- Müxalif partiyalar arasında parçalanma yaratmaq istəmirəm, ancaq fəaliyyətlərinə görə onları bir neçə qrupa bölmək olar. Bəzi partiyalar Qarabağla bağlı «boğazdanyuxarı» kəskin bəyənatlarla çıxış edirlər, amma  ortada bir şey yoxdur. Bəzi partiyalar isə  astagəl mövqedən çıxış edirlər. Deyək ki, Qarabağla bağlı müəyyən bir proqram ortaya qoyublar və o qədər də radikallığa yol vermirlər. Amma Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiklərini, Qarabağın işğaldan azad olunmasının zəruriliyini bildirirlər və bu fikirləri vaxtaşırı dəstəkləməklə öz missiyalarını bitmiş hesab edirlər.

Digər bir qrup partiya da var ki, həqiqətən bu məsələyə səmimi yanaşırlar və Qarabağla bağlı gücləri müqabilində fəaliyyət göstərərək, çox vaxt QAT-la birlikdə olurlar. Onu da deyim ki, müxalif partiyalara, təşkilatımıza istər adamlarıyla, istərsə də ciddi bəyanatlarla dəstək vermək üçün müraciət etmişik, ancaq təəssüflər olsun, hələ istədiyimizə nail olmamışıq.

-  Qarabağ Azadlıq Təşkilatı 2000-ci ildə yaranıb və təbii ki, onun hərəkət istiqaməti də məlumdur. Ancaq bilmək istərdik, bu illər ərzində QAT əsasən nəyə çalışıb və nəyə nail olub?

-  Nə qədər ki, torpaqlarımız işğal altındadır, heç bir nəticədən danışmaq olmaz. Bizim məqsədimiz torpaqlarımızın işğaldan azad olunmasına nail olmaqdır. Əslində, bu işlə dövlət məşğul olmalıdır və bizim işimiz də ona yardımçı olmaqdır. Keçirdiyimiz bütün aksiyalar, piketlər hamısı buna yönəlib. Qısa şəkildə onu deyə bilərəm ki, bu günə qədər Azərbaycan ictimai rəyi təslimçi sülhlə razılaşdıra bilməyibsə, bunda QAT-ın xidməti var. Bu günə qədər Azərbaycanda, ermənilərin 1905 və 1920-ci illərdə həyata keçirdiyi ssenari həyata keçməyibsə, yəni də QAT-ın xidməti var. Eləcə də, beynəlxalq təşkilatlar bu günə qədər Azərbaycanın ictimai rəyi ilə hesablaşırlarsa, Azərbaycan indiyə qədər təslimçi sülhə imza atmayıbsa, bunlarda da təşkilatımızın xidməti var.

Onu da qeyd edim ki, həm dünya dövlətlərinin, həm beynəlxalq təşkilatların, eləcə də Azərbaycan dövlətinin və onun vətəndaşlarının nəzərində Qarabağın problemləriylə məşğul olan bir Mərkəz yaranıb – o da Qarabağ Azadlıq Təşkilatıdır. Qarabağla bağlı bir hadisə baş verəndə istənilən beynəlxalq təşkilat birinci QAT-ın mövqeyini izləyir. Qarabağla bağlı bir təhlükə yarandıqda, hər bir vətəndaş gözünü bu təşkilata dikir ki, görək QAT neyləyəcək? Bu, kiminin qorxuyla, kiminin ümidlə, kimininsə ehtiyatla yanaşdığı bir Mərkəz yarada bilmişik.

-  Qarabağ Azadlıq Təşkilatının indiyə qədər bir qurum olaraq qeydiyyatdan keçməməsi onun fəaliyətinə nə kimi mənfi təsir göstərib? QAT-ın hər hansı beynəlxalq təşkilatla əlaqəsi varmı?

-  İndiyə qədər qeydiyyatdan keçməməyimiz, təbii ki, fəaliyyətimizə təsirsiz ötüşməyib, ancaq elə bir ciddi problem də yaranmayıb. Qeydiyyatdan keçmək təşkilatı leqallaşdırır. Biz faktiki olaraq, qeyri-leqal bir təşkilat kimi fəaliyyət göstəririk.

Beynəlxalq təşkilatlarla münasibətə gəldikdə, deyə bilərəm ki, onlar əməkdaşlıq etmək üçün bizə dəfələrlə müraciət ediblər. Ancaq biz əməkdaşlıq etmək üçün beynəlxalq təşkilatlar qarşısında həmişə bir şərt qoymuşuq – Siz Ermənistanı təcavüzkar dövlət kimi tanıdığınız haqqında bəyanat verməlisiniz, əks halda, əməkdaşlığımız mümkün deyil. Onlar bu cür bəyanat verməkdən imtina ediblər.

Biz, əsasən, Azərbaycanın xaricdə olan diaspor təşkilatlarıyla əməkdaşlıq edirik və onlar maliyyə məsələlərində bizə müəyyən qədər köməklik göstərirlər. Diaspor təşkilatlarıyla bizim birlikdə fəaliyyətimiz Qarabağ hərəkatının beynəlxalq səviyyədə əlaqələndirilməsinə yönəlib. İnternet vasitəsilə onlarla mütəmadi olaraq əlaqə saxlayırıq və həftədə iki dəfə internet yığıncağı keçirərək, Qarabağla bağlı məsələləri müzakirə edirik. Hazırda Xocalı soyqırımının ildönümü ilə bağlı fəaliyyətimizi əlaqələndirmək üçün internet səhifəsində işləyirik. Artıq soyqırımla bağlı hansı ölkədə hansı ölkədə hansı tədbirin keçiriləcəyini planlaşdırmışıq. Azərbaycanda bununla əlaqədar mitinqin keçirilməsi və foto-sərginin açılması nəzərdə tutulub. Almaniya, İsveç, Hollandiya, Türkiyə, Kanada, İran, Rusiya və digər dünya ölkələrində soyqırımla bağlı bir sıra tədbirlər həyata keçirmək üçün qarşılıqlı hazırlıq işləri gedir. Onlar bu barədə lazım olan sənədləri – foto-şəkillər, video-materiallar və başqa lazımlı faktları bizdən istəyirlər.

Eyni zamanda biz qərara almışıq ki, Xocalı soyqırımı ərəfəsində, soyqırımla bağlı, beynəlxalq təşkilatlara, dünya dövlətlərinin parlamentlərinə, QAT-ın və dünyadakı diaspor təşkilatlarımızın birgə imzalayacağı müraciət göndərək. Həmin müraciətdə biz Xocalı soyqırımının mahiyyətini açıqlayaraq, onu soyqırım kimi tanıdırıq. Və onların soyqırımın tanınması və soyqırımı törədənlərin cəzalandırılmasıyla bağlı müzakirələr aparmalarını xahiş edirik.

Nüşabə Səməndər


Sorğu
(əvvəli 1-ci səhifədə)

Vəhdət Partiyası sədr müavini Vidadi Fərəcov:

- Biz hər il Xocalı abidəsini ziyarət edirik. Yaxşı olar ki, şəhər meri QAT-ın mitinqinə icazə verərdi. Bu faciə ümumazərbaycan faciəsidir. Bu mitinqə merin özü də qatılmalıdır. Mitinqə icazə verilməməsinə çox pis baxırıq. İnanırıq ki, mitinq baş tutacaq və biz də orada iştirak edəcəyik.

Qeyrət Partiyası, sədr Əşrəf Mehdiyev:

-  Hacıbala Abutalıbov Azərbaycanın düşmənidir. O ermənidir.

AXCP (k) sədri Mirmahmud Mirəlioğlu:

-  Azərbaycan iqtidarında kimin olmağından asılı olmayaraq, biz hamımız Xocalı faciəsini qeyd etməliyik. Hesab edirəm ki, Bakı meri öz səlahiyyət həddini aşıb və yaxud da biz öz səlahiyyətlərimizi yaxşı bilmirik. Merin bu hərəkəti doğru deyildir. Azərbaycan reallığına sığmır. QAT-ın israr etməsi isə, bu təşkilatın öz haqqıdır.

BAXCP sədr müavini Elçin Mirzəbəyli:

-  Hesab edirəm ki, verilən «yox» cavabı qanunauyğun deyil. Çünki Konstitusiyamızda var ki, Azərbaycan vətəndaşının sərbəst toplaşmaq hüququ var. Mer də hamı kimi bu hüququ hörmətlə yanaşmalıdır. Ümumiyyətlə, Hacıbala müəllimin belə qərarı heç də ilk dəfə deyil. Biz də BAXCP olaraq, bu qanunsuzluqlarla çox rastlaşmışıq. Mitinqlə bağlı bizə müraciət olunsa, biz də iştirak edəcəyik.

Azərbaycan Sosial Demokrat Partiyasının təbliğat katibi Təhməz Məmmədov:

-  Xocalı soyqırımı baş verib. Mer icazə versə də, verməsə də, millət çıxıb öz sözünü deməlidir. Biz də partiya olaraq bü məsələni müzakirə edəcəyik.

ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu:

- Azərbaycanda sərbəst toplaşma qanunu həmişə boğulubdur. Siyasi müxalifətin mitinqinə icazə verilməməsinə səbəb kimi, guya siyasi müxalifətin hakimiyyət iddiası, qrup maraqları ilə izah edirdilər. Ancaq Xocalı faciəsi ilə əlaqədar mitinqə icazə verilməməsi bir daha sübut edir ki, Azərbaycan Konstitusiyası qüvvədən salınıb. Dünya ictimaiyyətinin bu soyqırımı tanıması üçün, bu mitinqin baş tutması hakimiyyətə daha vacib idi. Yəni, iqtidar-müxalifət bu mitinqdə bir olmalı idi. Qaldı ki, QAT-ın mitinqə israr etməsi, bu təbiidir. Biz də ADP-çilərin iştirakını sərbəst buraxırıq. Ancaq QAT təşkilatçı olduğu üçün məsuliyyəti QAT daşıyacaq. Yaxşı olardı ki, hakimiyyətlə bir araya gələrək, QAT-çılar, YAP-çılar, müsavatçılar, ADP-çilər bir yerdə bu mitinqdə iştirak etsinlər.

QQH sədri Etimad Əsədov:

- QAT-ın apardığı mübarizəni diqqətlə izləyir və yaxından iştirak edirik. QAT-ın bu dəfəki mitinqində də iştirak edəcəyik. Çünki döyüşçülərin iştirakı lazımdır. Qaldı merin icazə verməməsi məsələsinə, bu hal yaxşı hal deyil. Torpağı işğal altında olan da biz, qaçqın düşən də biz, soyqırıma məruz qalan da biz… Ancaq təəssüflər olsun ki, bütün bunları dünya ictimaiyyətinə lazımi səviyyədə çatdıra bilmirik. Məmurların bu neqativ hərəkətləri heç kəs tərəfindən başa düşülən deyil. Azərbaycan xalqının başına fəlakətlər gətirilib. Azərbaycan xalqı bunu bütün dünyaya car etmək hüququna malikdir. Məmurların bu hərəkətləri isə millətə bağlılıqdan çox-çox uzaqdır. Bu da bizim çox təəssüfləndirir.

Hazırladı: Vüsal

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 3 4 5 ... 16

Sənədin sonuncu korrektə tarixi: 25/2/2006 - 15:15:54
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.015376