Bu gün: 20 İyul 2008, Bazar

 

 
 
 

 

Azad Qarabağ - 5-cü səhifə

"Yalan vədlərdən yorulmuşuq..."

Komendant bizimlə söhbət etmək istəmədi

 “Belə yaşamaqdansa...” rubrikası bu dəfə yolunu Bakı Dövlət Universitetinin 3 saylı yataqxanasından saldı. Qarabağın ayrı-ayrı rayon və kəndlərindən təxminən 105 məcburi köçkün ailəsinin məskunlaşdığı bu yataqxanada sakinlər bizi o qədər də sevinclə qarşılamadılar. Yataqxananın komendantı 70-75 yaşlarında olan ağsaqqal Həsən kişi və sakinlərin əksəriyyəti bizimlə söhbət etməyə meyl göstərmədi. Həsən kişi qan təzyiqinin qalxdığını desə də, mənə elə gəldi ki, onun, eləcə də sakinlərin öz problemlərindən, güzəranlarından danışmaq istəməmələrinin əsas səbəbi inamsızlıqdır. Yalan vədlərdən yorulmuş, demək olar ki, hər şeydən bezmiş qaçqınlar insanlara olan ümidini itirərək, bir növ talelərilə barışıb birtəhər yaşayırlar. Onların bütün əzab-əziyyətləri, inamsızlıqları, hər şeydən bezmələri bu cümlələrdə öz əksini tapır: “Nəyi danışım? Güya ki, bilmirlər necə yaşayırıq? Biz danışmaqla nə dəyişəcək?”

 Bizi bu cür qarşılasalar da, onlardan incimirdim, çünki haqlıydılar. Yataqxananın bütün mərtəbələrini dolaşdıq, axır ki, bir neçə ailə ilə söhbətimiz baş tutdu.

Qaçqın 3 il, 5 il olar, nəinki ömür boyu

 Füzulidən olan Qərənfil xanım bizi içəri dəvət etməmişdən əvvəl belə bir şərt kəsdi ki, əgər dediklərini olduğu kimi yazmasaq, söhbət etmək fikrində deyil. Qərənfil xanım bildirdi ki, burada həyat yoldaşı və 3 oğlu ilə birlikdə yaşayır. Böyük oğlu III sinifdə oxuyur. Əkiz oğlanları isə 6 yaşda olmalarına baxmayaraq, hələ də danışmırlar. Müalicə lazımdır, ancaq buna imkanları yoxdur. Qapı-pəncərə sexində usta işləyən yoldaşının qazancı dolanmalarına güclə yetir. Yataqxanada yaşamaq üçün ən vacib şərait – su, qaz, işıq olduğuna görə, hamı kimi bu xanımın da əsas dərdi ev dərdi idi: “Axı nə vaxta kimi bizi yalan vədlərlə aldadacaqlar? Qaçqın 3 il olar, 5 il olar, biz elə ömrümüzün sonunanadək qaçqın olmayacağıq ki?! Hara gediriksə, istər xəstəxanalarda, istərsə də digər təşkilatlarda bizə güzəşt etmirlər. Elə onlar da deyirlər ki, daha qaçqın yoxdur. Əgər elə isə, biz nə vaxta kimi evsiz-eşiksiz qalacağıq? Mən də anayam, istəyirəm ki, balalarımın evi olsun, quş quşluğuyla özünə yuva qurur.” Qərənfil xanımla söhbətdən öyrəndim ki, onlar burada 8 ildir yaşayır. Ilk bir neçə ili bayramlarda (Yeni ildə, Novruz bayramında) hər adama 10 000 manat hesabı ilə yardım alıblar. Ancaq son beş il ərzində heç bir yardım almayan yataqxana sakinlərini bu il Qurban bayramında yenə yada salaraq, onlara ət veriblər. Əvvəlki illər Qurban bayramlarında şəhid ailələri və ən kasıblar, əlsiz-ayaqsızlar yad olunurmuş. Qərənfil xanım yana-yana söylədi ki, bir neçə il əvvəl Qarayev uşaq xəstəxanasında əkiz oğlanları zəhərlənmədən ağır vəziyyətdə yatırmış. Pulları qurtardıqdan sonra, uşaqlar tam sağalmamış onları xəstəxanadan bayıra atıblar: “Mənim gözümün yaşı həmişə ürəyimə axır. Küçədə gedəndə oğlum hündür, qəşəng binaları göstərib soruşur ki, o evlərdə varlılar yaşayırlar? Bəs bizim heç vaxt evimiz olmayacaqmı? Uşağıma cavab tapa bilmirəm.” Belə yaşamaqdansa – deyib sözlərinin ardını gətirmədi. Ancaq elə dedi ki, hər şey məlum oldu, soruşmağa ehtiyac qalmadı. Burada doğulub böyümüş III sinif şagirdi Cavid də vətəninin Füzuli olduğunu söyləyərək, ora qayıtmaq arzusundadır. Deyəndə ki, sən axı burada doğulmusan, qürurla cavab verir: “Nə olsun ki, burada doğulmuşam. Atam-anam Füzulidən olduğuna görə, mənim də vətənim Füzulidir. Çox istəyirəm ki, torpaqlarımız qaytarılsın və biz öz vətənimizə qayıdaq.”

Ümidimiz olmasa, yaşaya bilmərik

 Qərənfil xanımdan ayrılandan sonra ağdamlı Rafiq Quliyevin ailəsində olduq. Rafiq kişi bir otaqda həyat yoldaşı, oğlu, gəlini və nəvəsi ilə birlikdə yaşayır. Yataqxananın az-çox təmirli və burada yaşamaq üçün minimum şəraitin olmasına baxmayaraq, bu cür, yəni oğul-gəlinlə bir otaqda yaşamaq əlbəttə valideyn üçün çox çətindir. Rafiq kişi I qrup əlildir, 155 000 özü, 125 000 manat həyat yoldaşı təqaüd alır. Oğlu isə tikintidə fəhlə işləyir. Təbii ki, ailənin normal yaşaması üçün bu gəlir çox azdır, ancaq buna baxmayaraq, Rafiq kişi elə bir çətinlikləri olmadığını söyləyərək, yaşayışlarından narazılıq etmədi. Bu da hardasa, xalqımızın gözəl keyfiyyətlərindən, gözü tox olmasından, kişilərin şikayət etməyi qürurlarına sığışdırmadığından irəli gəlir. Torpaqlarına qayıtmaq ümidi onları yaşamağa, hər cür çətinliyə sinə gərməyə çağırır: “Bala, torpağıma qayıtmaqdan ümidimi kəssəm, bir gün də yaşaya bilmərəm. Məni, eləcə də qaçqınların hamısını yaşadan bu ümiddir. Qayıtmaq da ancaq müharibə yoluyla ola bilər. Müharibəni heç kim sevmir, ancaq o olmalıdır. Əgər desəm ki, özüm də müharibəyə gedərəm, bu gülünc çıxar, çünki ayağım şikəstdir. Ancaq bircə oğlum var, o, mütləq gedəcək. Belə yaşamaqdansa, müharibə edib, torpaqları qaytarmaq lazımdır.” Rafiq kişi başqalarından fərqli olaraq, xəstəxanada ona güzəşt edildiyini, 2003-cü ildə Travmotologiya İnstitutunda əməliyyat olunarkən, qaçqın olduğuna görə ondan pul almadıqlarını söylədi.

Şəhid anası Roza xala

 Daha sonra şəhid anası Roza xalanın ailəsində olduq. Füzulinin Horadiz qəsəbəsindən olan Roza xala 13 ildir yataqxanada həyat yoldaşı, iki oğlu, gəlini və nəvəsilə birlikdə yaşayır. 1994-cü ildə Füzulidə gedən döyüşlərdə oğlu – Xaliq Ocaqverdiyev şəhid olub. Rayonda evləri yandıqdan sonra şəhid ailəsi kimi onlar üçün Horadiz qəsəbəsində bir otaq tikib veriblər, o da yaşamağa yararsız vəziyyətdə. Burada isə o, şəhid ailəsi kimi onlara heç bir yardım və güzəşt edilmədiyini kədərlə söylədi: “Bura gələndən heç bir yardım görməmişik. Oğullarım fəhlə işləyir, onunla dolanırıq.” Roza xalanın oğulları da evdə idi. Onlar da müharibəyə, şəhidlərin qanını almağa hazır olduqlarını söylədilər.

Baş çavuş, müharibə veteranı Elminaz xanım

 6 il qospitalda tibb bacısı işləyən, müharibə veteranı, baş çavuş Elminaz xanımın işə gedən yerdə qarşısını kəsdik. O, yataqxanada həyat yoldaşı və oğlu ilə birlikdə yaşayır. İşə tələssə də, ayaqüstü müharibənin od-alovundan, bəzən yaralıların əlindən günlərlə çörək yeməyə belə vaxt tapmayaraq, meyitlərin arasında yatmalı olduqlarından ürək ağrısıyla danışdı: “Qızım, gözümüz elə şeylər görüb ki, nə qədər ömrümüz var yaddan çıxmayacaq. 6 il müharibədə ağır yaralılara qulluq etmişəm, günlərlə ac qalmışam, meyitlərin arasında yatmışam. İşimə görə dəfələrlə fəxri fərman, tərifnamə almışam. Artıq demək olar ki, hər şeydən getdikcə əlimizi üzürük. Belə yaşamaqdansa, gedib öz torpağımızda çovustanda yaşamaq yaxşıdır. Ev dərdindən oğlumu evləndirə bilmirəm.”

 Qaçqınların problemi necə deyərlər, “en qədərdir” , saymaqla qurtarmaz. Ancaq biz onları ağrıdan, narahat edən əsas nüansları oxucuların nəzərinə çatdırmaq istəyirik. Biz də onların, eləcə də hamımızın arzusuna qoşulub torpaqlarımızın qaytarılmasını istəyirik. Ancaq nəzərə almaq lazımdır ki, istəmək, arzu etmək çox azdır...

N.Orxan


Qarabağa məktublar

Əvvəla, salam Qarabağ!

Halımla maraqlansan, vəziyyətim heç o qədər də yaxşı deyil. Vallah, bilmirəm kimin dərdini çəkim. Kreslosuz qalan Murtuzun, «Azpetrol»u əlindən alınıb üzü MTN-ə sarı «yaxşı yol» deyilən Əliyev qardaşlarının, yoxsa itirilmiş torpaqların?! O gün qaragünlü eks-spikerin «eh, ötən günlər» - deyib, köks ötürməsini göz önünə gətirib, bərk pəjmürdə oldum. Məmləkətdə nə qocaya hörmət qalıb, nə cavana.

Gəlib-gedə bilməsəm də, səndən o qədər də xəbərsiz deyiləm. Ona görə də, halını soruşmuram. ANS bizi qəti məlumatsız qoymur. Sənin barəndə çox məlumatlar verir.

Elə düşünmə ki, səni tamam unutmuşuq. Hər kəndinin adına restoran, kafe tikdirmişik. Elə toy olmur ki, ümummilli maklerimiz kimi «gələn toyu mütləq Qarabağda keçirəcəyik» deməyək. Qonşumuz Əli oğlunun kiçik toyunda əhd etmişdi ki, mütləq uşağının böyük toyunu Şuşada edəcək. Edəcəkdi də. Oğlu dözməyib qız qaçırdığı üçün, məcbur olub toyu «Şuşa» restoranında keçirtdi. Və yenidən əhd etdi ki, nəvəsinin kiçik toyunu Şuşada keçirəcək. İndi də Allaha yalvarır ki, «Allah, mənə rəhm elə, əhdimi ürəyimdə qoyma, qohum-qonşu yanında məni biabır etmə».

Adın dilimizdən düşməsin deyə, bu yaxınlarda adına pul da buraxıldı. Daha «Şirvan»ın, «Məmməd»in dövranı bitdi. İndi zaman sənə işləyir. Bilmirəm daha bizdən nə istəyirsən?

O gün İTV-də Səni göstərirdilər. Maşallah işğal günlərində lap teleulduza dönürsən. «Allah ermənilərin canına qıymasın» (Bakıdakı ermənilər dərd çəkər) yaxşı ki, Səni işğal etdilər, yoxsa indi Yardımlı kimi səni kim idi yadına salıb, millətə göstərən. Televizora baxa-baxa ağlıma axmaq bir fikir gəldi: səni dığalara icarəyə verəndən Azərbaycan gün-gündən inkişaf edir. Yəqin, elə ayağıbədlik Səndə imiş, qoymurmuş bizi inkişaf etməyə. Sözümü ciddi qəbul edib, ürəyinə salma. Özü də, hər deyilənə inanma. Rəhmətlik Bayram Bayramov düz deyirdi, Sən heç vaxt, indiki kimi bizim olmamısan. Bilmirəm niyə narahatsan. Qoy narahat olsun həmsədrlər ki, belə getsə, İlham əmi, atası kimi onları bir gün bərk danlayacaq. Hələ qorxuram bir az da qabağa gedib, hovuza-zada basa onları.

Qarabağ! Bir ara bir dəstə dəliqanlı cavan silah götürüb, dağlarına ova gəlmək istəyirdi. MTN-nin köhnə şefi Namiq əkə, onların, yatan erməni körpələrini oyadacağından narahat olub, hamısını basdı MTN-nin yeraltı barlarına. Düz sərasər onlara Baba Pünhanın

Dolanır arvad-uşaq,

Nəyimə gərək Qarabağ.

– şerini əzbərlədib, göndərdi Dəmir müəllimin «sanatoriya»sına. Erməni körpələr Namiq əkəni «ən gözəl dayə» mükafatına layiq gördülər. Mükafat demiş, qeyri-rəsmi mənbələrin rəsmi məlumatına görə, ermənilər Səfər qağaya vəzifə təklif edirlər. Nə az, nə azacıq, Ermənistanın müdafiə naziri vəzifəsini. Deyirlər ki, onsuz da, 12 ildir bizi bu türklərin hücumundan sən müdafiə edirsən, yoxsa elə bilirsən ordumuza güvənib yekə-yekə danışırıq. Güvəncimiz sənsənsə, niyə boş yerə özgəsi bu kresloda oturub, sənin halal haqqını mənimsəsin.

Sən bizə ümid olub, bizi gözləmə, öz işində ol. Xoruz yox idi, «Avropa» otelinin həndəvəri boş qalırdı? İndi də biz yoxuq, həyat davam etmir bəyəm? Sənin üçün nə fərqi, üstündə gəzən Mameddir, yoxsa Aşot. Aşot heç olmasa, səni bir balaca abra salıb. Mamedin ümidinə qalsaydın, bizim Xocahəsənin bir tayı olardı. Nə fərli asfaltın, nə də küçələrdə işığın olardı.

Nə isə, Qarabağ! Səni çox yormayım, serialın vaxtına az qalıb. Hələlik bu qədər. Öpürəm şəhid məzarından.

Bura «Qurdlar vadisi» deyil, bura «Qorxaqlar vadisi»dir.

P.S. Bu səhifəyə Azərbaycan qazilər cəmiyətinin sədri Etimad Əsədovun, Azərbaycan respublikası Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyevin, əmək və əhalinin sosial təminat naziri Füzuli Ələkbərovun baxmağı məsləhət deyil.

 

Qazisi dilənən millət lənətlənməli.

Qazisi dilənən məmləkət dağılmalı.

Qazisi dilənən millətin və məmləkətin

Prezidenti istefa verməli.

 

Lənətə gələsən millətim.

Dağılasan məmləkətim.

İstefa ver «Millətimin» və məmləkətimin prezidenti.

Bizim Qarabağ qazimiz bir qarın dolusu çörək üçün əl açıb dilənir.

 

İmza: Yetim Qacar

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 4 5 6 ... 16

Sənədin sonuncu korrektə tarixi: 25/2/2006 - 15:15:43
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.10821