Bu gün: 19 İyul 2008, Şənbə

 

 
 
 

 

Azad Qarabağ - 6-cü səhifə

XOCALI - qanlı soyqırım

Bəli, 1992-ci il fevraln 25-dən 26-na keçən gecə Azərbaycanın Qarabağ adlı məmləkətinin Xocalı şəhərindən dünyada misli-bərabəri olmayan qanlı soyqırım həyata keçirildi. Bu faciəni həyata keçirən erməni qəsbkarları soyqırıma məruz qalan, öldürülən, yandırılan... doğma yurd-yuvasından, ocağından qovulan, vətənində məcburi köçkünə, didərginə çevrilən isə azərbaycanlılar oldu… Hərdən fikirləşirəm ki, bu qırğını azərbaycanlılar ermənilərin başına gətirsəydilər. Onda nə olardı? Dünya yenə də susardımı? Nə isə… Yaxşısı budur qayıdım Xocalı faciəsinə…

…O gecə elə bil bütün dünya, yer üzü qara rəngə boyanmışdı.

Gecənin zülmət baxışlarından ulduzlar da, ay da sanki yoxa çıxmışdı. Taleləri siyasi qumara qoyulan və bu oyundan xəbərsiz olan məzlum xocalılar o gecə taleyin ümidlərinə qalmışdılar.

Həmin gecə təfərrüatını bütün incəliklərinə qədər yazmaqda qələmin aciz olduğu dəhşətli Xocalı faciəsi baş verdi. Bu ağrılı Xocalı niskili dünya durduqca ürəyimizdən silinməyəcəkdir. Xalqımıza qarşı SOYQIRIM kimi qiymətləndirilən Xocalı hadisəsi biz azəri türkləri üçün ömürlük ürək ağrısı olaraq qalacaqdır.

XOCALI GENOSİDİ

Erməni ekstremistlərinin xalqımıza qarşı tarixən törətdikləri qanlı cinayətlər, vəhşiliklər, qırğınlar içərisində Tanrının, Tarixin şahidi olduğu və XX əsrə qədər analoqu belə olmayan ən dəhşətli alçaqlığıdır. Çox vaxt haqlı olaraq bir çox siyasi ədəbiyyatlarda bu kütləvi qırğın məhz GENOSİD kimi mənalandırılır…

Faciəyə aparan yol çox-çox əvvəllərə gedib çıxır. Bunun üçün bəzi hadisələrin xronologiyasına nəzər salaq:

1988-ci il

25 yanvar – Ermənistandan ilk qaçqınlar Azərbaycana pənah gətirir…

Fevral – Dağlıq Qarabağ Muxtar Vilayətinin bütün rayonlarında kütləvi mitinqlər keçirilir. Bu mitinqlərdə Azərbaycan dövlətinin, Azərbaycan xalqının müxtəlif ölçü-biçidə olan şüarlar səsləndirilir. Dağlıq Qarabağın mərkəzi Xankəndində, Xocalıda, Xocavənddə, Ağdərədə belə mitinqlər daha geniş vüsət alır. Bu mitinqlərdə milli zəmində azərbaycanlılara qarşı səsləndirilən şüarlar ermənilərin qəzəb hissini coşdurur. Mitinqlərdə çıxış edənlər adətən, kifayət qədər nüfuz qazanmış adamlar olurdular. Məsələn, Xankəndindəki mitinqdə daş karxanasının rəisi Manuçaryan DQMV-nin Ermənistana birləşməsi üçün bacardığını edəcəyini, Xankəndinin mərkəzi xəstəxanasının cərrahı Edik Uqasyan apardığı cərrahi əməliyyatlarda yüzlərlə azərbaycanlının şikəst etməsini və lazım gələrsə, əlindəki cərrah bıçağını silahla əvəz edib, azərbaycanlılara qarşı vuruşacağını, tanınmış erməni «ideorloq»u nankor niyyətli «Ocaq» müəllifi Zori Balayan ermənilərin Azərbaycan xalqı üzərində tezliklə qələbə çalacağını… bəyan edirdilər və təbii ki, mitinqçilər tərəfindən alqışlanırdılar.

10 fevral – Stepanakertdə çoxsaylı mitinq keçirilir;

22 fevral – Qarabağ uğrunda ilk qurbanlar – Bəxtiyar Quliyev və Əli Hacıyev Əskəranda şəhid olurlar;

May – Azərbaycan və Ermənistan KP MK-nin birinci katibləri dəyişdirilir.;

8 may – Kərkicahan qəsəbə sakinləri (180 imza) Azərbaycan KP MK-nin birinci katibi Ə.Vəzirova mövcud vəziyyətlə əlaqədar müraciət ünvanlayırlar;

25 avqust – Xocalı Deputatlar Sovetinin sessiyası çağırılır;

18 sentyabr – 10 minə qədər erməni silahlıları Xocalıya hücum etsələr də, onun alınmaz qala oşlduğunu dərk edib, geri çəkilirlər;

21 sentyabr – Azərbaycan hökumətinin rəsmi nümayəndələri H.Həsənovun başçılığı ilə Xocalıya gəlir; 

28 sentyabr – Azərbaycanlıların əksəriyyəti kütləvi işdən qovulur;

Oktyabr – Stepanakertdə evlər yandırılır;

DQMV-nin hər yerində yay-payız aylarında aramsız mitinqlər keçirilir. Mitinqçilər gecələr mitinq keçirdikləri yerdə qurduqları çadırlarda qalırlar. Uşaqdan böyüyə qədər hamı mitinqlərdə iştirak etməyi özünə borc hesab edir. Mitinqlərdə «azərbaycanlısız Dağlıq Qarabağ» fikirləri, şüarları açıq-aşkar səsləndirilir. Beləcə, günlər həftələri, həftələr isə ayları qovur.

Noyabr – Şuşa yaxınlığındakı Topxana meşəsi ermənilər tərəfndən dağıdıldığına görə, Bakıda irimiqyaslı mitinqlər keçirilir. Çox çəkmir ki, bütün azərbaycanlılar Xankəndindən zor ilə qovulur;

Dekabr - bütün azərbaycanlılar son nəfərinə qdər Ermənistandan qovulur…

1989-cu il

12 yanvar – Yuxarı Qarabağda Xüsusi İdarə Komitəsi yaranır.

Xocalıda sürətlə tikinti işləri aparılır. 2135 sakini olan Xocalı kəndinin əhalisi qaçqınların hesabına artaraq, 6 min nəfəri ötür. Həm köhnə Xocalı, həm Qaladərəsi Xocalısı, həm də Qaçqınlar Xocalısı yeni tikililərin hesabına böyüyüb genişlənir. Xocalıya şəhər statusu vermək planlaşdırılır.

Görülən işlər , tikilən evlər başdansovdu olsa da, Xocalı yaşayırdı, böyüyürdü, çiçəklənirdi. Onun 2010-cu ilə qədər şəhər kimi tam formalaşması da nəzərdə tutulmuşdu. Bunun üçün Bakıda və Xocalıda Baş plana uyğ un proyektlər də hazırlanmışdı. Amma aparılan tikililər zamanı dövlətlən ayrı-ayrı adamların ciblərinə külli miqdarda vəsait daxil olurdu, əyintilərə yol verilirdi. Hətta bəzən Xocalıya aparılası tikinti materialları müxtəlif rayonların ərazisində kimlər tərəfindənsə dədə malı kimi bölüşdürülürdü. Amma bütün bunlara baxmayaraq, Xocalı böyüyürdü;

9 iyul – Ağdam-Şuşa sərnişin avtobus marşrutu Əsgəranda daş-qalaq olunur;

Ermənilər Ağdam-Xocalı, Şuşa-Ağdam istiqamətində hərəkət edən avtomaşınları «daş atəşləri»nə tuturdularsa, xocalılar Əsgəran-Stepanakert və əks istiqamətdə şütüyən ermənilərin idarə etdiyi avtomaşınları həmin «daş üsulu» ilə hədəfə götürürdülər. Bu kimi hadisələr Qarabağın demək olar ki, bütün ərazilərində baş verirdi.

28 noyabr – SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Xüsusi İdarə Komitəsi ləğv olunur…

1990-cı il

7 yanvar – Ermənilər Kərkicahana hücum edir.

Azərbaycan hökuməti Xocalıda genişmiqyaslı tikinti işlərini davam etdirir. Strateji əhəmiyyət kəsb edən Xocalının müdafiəsi isə dövlət orqanları rəhbərlərinin heç yadına da düşmürdü. A. Mütəllibov da sələfləri K.Bağırov, Ə.Vəzirov kimi Qərbi Azərbaycandan qovulmuş qaçqınların yerləşdirilməsi ilə bağlı sərt mövqe nümayiş etdirə bilmədi. Ara-sıra bəzi yerlərdən tüfəng atışmaları da olurdusa, hətta ölüm halları baş verirdisə, əksər hallarda bu ildə ermənilərlə əsasən qol, yumruq, daş, dəyənək davası hökm sürürdü. Xocalı isə bütün bunlara baxmayaraq böyüyürdü;

22 avqust – DQMV üzrə respublika təşkilat komitəsinin Xocalı və Kərkicahan yaşayış məntəqələrində sosial obyektlərin tikilməsi müzakirə olunur;

Noyabr – Xocalı ilə Ağdam və Şuşa arasında əlaqə yaradan avtomobil yolları ermənilər tərəfindən tez-tez bağlanılır. Ümid ancaq hava yoluna qalır.

1991-ci il

Hadisələr yüksələn xətt üzrə davam edir. Yollar (Əsgəran, Badara, Martuni və s.) hərdən açılsa da, tez-tez bağlanır;

9 yanvar – Xocavənd rayonunun Qaradağlı kəndinin sakini S.Bayramov qətlə yetirilir;

18 yanvar – Aeroportda yaxalanmış M.Akopov və İ.Stepanyan silah və narkotik maddə tutulur;

26 yanvar – Ağdamdan Şuşaya gedən 6 yük maşını gülləyə tutulur. Ağır yaralananlar var;

7 fevral – DQMV PK-nin binası üzərində respublikanın üçrəngli bayrağı dalğalanır, yaxınlıqdakı vilayət soveti icraiyyə komitəsi binası üzərində isə xeyli vaxtdın erməni bayrağı dalğalanır;

8 fevral – erməni quldurlarından S.Arakelyan və Y.Petrosyan tutulur;

24 fevral – Şuşa-Ağdam marşrutu ilə işləyən avtobus partladılır, ağır yaralananlar var… Cəmilli kəndinə silahlı basqın olunur, ölən və yaralananlar var.

Fevralda MTN-nin şuşa bölməsi yaradılır İnformasiyalar təcili nazirliklərə çatdırılır. Ermənilərin bir sıra cinayətkar əməlləri ifşa olunur.

9 mart – Xocavənd rayonunun Qaradağlı kəndinin heyvandarlıq kompleksinə hücum olunur. Ölənlər var…

11 mart – Xocalı tikinti idarəsinə məxsus vertolyot Ağdərənin Qazançı kəndinin üzərindən keçərkən güllə-barana tutulur. Vertolyot üç yerdən deşilir.

13 mart – Ağdam-Şuşa marşrutu ilə hərəkət edən 40 maşından ibarət avtomobil karvanı zədələnir.

14 mart – Ağdam-Şuşa sərnişin avtobusu Əsgəran yaxınlığında atəşə tutulur. Nəticədə üç nəfər ölür, dörd nəfər yaralanır.

Novruz bayramı ərəfəsində Xocalı 6300 nəfərdən çox əhali yaşayırdı. Camaat tikir, qurub-yaradırdı…

20-21 mart – Xocavənd-Qaradağlı kəndləri avtomatlardan və minaatanlardan atəşə tutulur.

11 aprel – Meşəli kəndi raket atəşinə tutulur.

16 aprel – erməni quldurları Ağdam-Füzuli avtomobil yollarında azərbaycanlılara məxsus 9369 AQZ nömrəli taksi maşınını güllə-baran edirlər. Sürücü və sərnişinlərdən biri həlak olur.

19 aprel – Şuşa-Ağdam istiqaməti ilə gələn maşın karvanı Ağa körpüsündə partlayışa məruz qalır, yaralananlar var…

20 aprel – Xocalı aeroportunda Stepanakert şəhər sakini M.Mirzəbekyan saxlanılır. Ondan 10 min manat pul, 40 şüşə konyak, 100 kq ət və narkotik maddə müsadirə olunur.

14 may – Əsgəran rayon DİS-nin əməkdaşı çox sayda azərbaycanlı qatili olan qatı millətçi Q.Arutyunyan həbs olunur;

15 may – Xocavənd rayonunun Qaradağlı kəndinə basqın olunur. Ölən və yaralananlar var;

26 may – Şuşa-Ağdam marşrutu ilə işləyən sərnişin avtobusuna ermənilər tərəfindən partlayıcı paketlər atılır;

29 may – Şuşa-Ağdam yolunda partlayış törədilir. 10 nəfər azərbaycanlı yaralanır. 3 nəqlyiyat vasitəsi ciddi zədələnir;

2 iyun – Əskəranın Harov və Kətik kəndləri aralarında ermənilərin raket bazası aşkar olunur;

3 iyun – Harov kəndi yaxınlığında J.Sarkisyanın yük maşınında çoxlu silah və sursat tapılır;

12 iyun – Cəmilli kəndi ermənilər yaşayan Xənəzək kəndi istiqamətindən atəşə tutulur;

19 iyun – Stepanakert-Şuşa avtomobil yolunda hərbi qulluqçulara basqın edilir, ölən və yaralananlar var…

28 iyun – Xocavənd rayonunun qaradağlı kəndi atəşə tutulur, ölənlər və yaralananlar var…

9 iyul – Cəmilli-Şuşa marşrutu ilə işləyən avtobus avtomat silahlardan atəşə tutulur, yaralananlar var;

14 avqust – Ağdam-Şuşa avtomobil yolunda maşın karvanı atəşə tutulur;

Avqust – DQMV Azərbaycanın tərkibindən çıxarılması haqqında qərar çıxarılır;

23 avqust – Şuşa-Cəmilli yolu ilə hərəkət edən avtobus erməni yaraqlıları tərəfindən atəşə tutulur. 4 nəfər həlak olur, 16 nəfər yaralanır;

23-28 avqust – Xocalı şəhəri raket atəşinə tutulur;

28 avqust – Xocalıda elektrik enerjisi qəti kəsilir. Az sonra «raket yağışı» başlayır; Məktəb binası və 20 yaşayış binası zədələnir.

4-5 sentyabr – Kərkicahan qəsəbəsi Stepanakert tərəfdən güclü pulemyot və avtomat atəşinə tutulur.

(Ardı var)

Nazim Tapdıqoğlu

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 5 6 7 ... 16

Sənədin sonuncu korrektə tarixi: 25/2/2006 - 15:21:28
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.026666