|
Azad Qarabağ - 9-cu səhifə
Qarabağ uğrunda
döyüşənlər çirkli siyasətin qurbanı oldular
İlk öncə «Azad Qarabağ»
qəzetinin azad müxbiri Yetim Qacar internet vasitəsilə İsveçdəki mühacir Qarabağ
döyüşçüçü Şahin Tağıyevi salamlayır.
- Şahin bəy, sizin fikrinizcə, dönüşümüzün
döyüşdən keçməyən yolu varmı?
-
Məncə, bu gün döyüş bizim dirəndiyimiz dalandan çıxmaq üçün son vasitəmizdir.
Özünü millət deyə tanıtmaq istəyən bizlər üçün özgə bir yol görmürəm. Ya biz
Qarabağ itkisi ilə barışaraq, aciz toplum ifadəsinə sahib çıxmalıyıq, ya da
silaha sarılıb, dığaları tək Qarabağdan deyil havadarları vasitəsilə ələ
keçirdikləri bütün ata-baba torpaqlarımızdan vurub çıxarmalıyıq. Ermənilərlə
nəinki barışmaq, hətta onların bundan sonra qonşu kimi qalmasına razı olmaq,
gələcək nəsillərə xəyanətdən özgə bir şey deyildir.
- Bir
qədər keçdiyiniz döyüş yolu barədə məlumat verərdiniz.
- 1991-ci
ilin noyabr ayında, əsasən, Milli Qurtuluş Partiyasının fəalları yığışaraq,
cəbhəyə getmək üçün tabor şəklində formalaşmaq qərarına gəldik. Müdafiə naziri
Tacəddin Mehdiyevin əmri ilə say tərkibi nəzərə alınaraq, tabor kimi yox,
müstəqil tağım kimi fəaliyyətə başladıq. Dekabr ayında Tərtərə yollanaraq
təlimlərə başlasaq da, ilk əməliyyatımız Xocalı faciəsinin qisasını almaq üçün
fevralın 27-si keçirilən Seysulan və digər yaşıyış sahələrində əməliyyatlar
oldu. Ermənilər bu kəndlərdən mütəmadi olaraq Tərtəri alazan tipli raketlərlə
vururdular. Bu əməliyyatda tağımın ilk komandiri kapitan Cahangir Kərimov və
sumqayıtlı balası İlqar öz adını Azərbaycan şəhidlərinin sırasına yazdılar.
Ondan əlavə, üç döyüşçümüz də yaralandı. İtkilərə baxmayaraq, əməliyyat uğurla
keçirildi və kəndlər düşməndən azad edildi.
1992-ci ilin
aprel ayında Tərtərdə fəaliyyət göstərən tabor komandirləri, OMON və goranboylu
Maşallah bəy birlikdə Marquşavan əməliyyatını hazırladılar. Aprel ayında hücum
başladı və Marquşavan düşməndən azad edildi. Əfsuslar olsun ki, talan məqsədi
ilə mülki geyimli insanların Marquşavana girməsi, bizim dili gözəl bilən
ermənilərin işinə yaradı. Talançılara qoşulan ermənilər Ağdərədən kömək gələn
kimi, onlarla birləşib, bizi kənddən geri oturtdular. Müdafiə Nazirliyinin tam
formalaşmaması və mülki insanların tamah məqsədləri Marquşavan uğurumuza kölgə
saldı. Bunu nəzərə alan Müdafiə Nazirliyi 1992-ci ilin may ayında Tərtərdə
briqada yaratdı və Nəcməddin Sadıqova briqada komandirliyi tapşırıldı. Mən
Sərdar Həmidovla birgə Goranboyda Nəcməddin Sadıqovla görüşüb, Marquşavana
növbəti hücum üçün razılığa gəldik. Danışdığımız kimi, səhər saat 7.00-da hücum
başladı. Nəcməddinin göndərdiyi əsgərlər bizim sağımızı boş qoyaraq qaçdı, bu
əməliyyatı axıra çatdırmağımıza mane oldu. Nəcməddinin Azərbaycan xalqına qarşı
etdiyi bu xəyanət 17 vətən oğlunun şəhid olması ilə nəticələndi. Bizim tağımın
şəfqət bacısı Rəhilə Orucova yaralı əsgərə ilk tibbi yardım göstərərkən, düşmən
gülləsi onların hər ikisini əbədiyyətə qovuşdurdu. O vaxtlar Tərtərə könüllü
olaraq,Bakı Dövlət Universitetindən on tələbə gəlmişdi. Mən onları da öz
tağımıma götürmüşdüm. Marquşavan döyüşündə o tələbələr də iştirak etdi. Və adını
unutduğum iki xaçmazlı tələbə bu döyüşdə şəhidlik zirvəsinə yüksəldi. Çox əfsus
ki, on tələbədən biri – İqbal Ağazadə döyüşü görəndən sonra bir daha bizim
aramızda görünmədi. İyun ayında briqadanın qərargah rəisi Şikar Şikarov Tərtər
istiqamətində növbəti hücum planını hazırlamaq üçün düşmənin bütün atəş
nöqtələrini nəzərdən keçirib, sonda Torpaqtəpə üzərində dayandı. «Torpaqtəpə»
əməliyyatı uğurla keçirildi. Əməliyyatın səhərisi günü, daha 6 kənd, o cümlədən,
Marquşavan azad edildi. Şikar Şikarov bu döyüşlərdə şəhid olsa da, onun
rəhbərliyi ilə hazırlanan əməliyyat uğurla davam etdirilirdi. Sentyabrın 5-i
gözləmədiyimiz halda, əmr aldıq ki, «Qurtuluş» yenidən formalaşmaq üçün Bakıya
qayıtmalıdır. Düzdür, buna müəyyən dərəcədə ehtiyacımız var idi. Tağımın şəxsi
heyəti şəhidlər və yaralılar hesabına azalsa da, heç kim Bakıya dönmək
istəmirdi. Lakin əmr – əmr idi. Orduda verilən əmri müzakirə etmirlər, yerinə
yetirirlər – prinsipi ilə Bakıya döndük. Bakıda bizə «evlərinizə gedib, əmrimizi
gözləyin» əmri verildi. İki ay gözləsək də, heç bir tapşırıq almadıq. Özüm
təşəbbüs göstərərək, o vaxtkı müdafiə naziri Rəhim Qazıyevlə görüşdüm. Mən ondan
bizim cəbhə bölgəsindən uzaqlaşdırılmağımızın səbəbini soruşdum və geriyə
dönüşümüzün kimin ucbatından yubanması ilə maraqlandım. Rəhim Qazıyev məni
dinləyib, nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Yunusu yanına çağıraraq,
döyüşçülərimə müraciət etmək üçün şərait yaradılmasını tələb etdi. O vaxt
nazirliyin məlumatlarını efirdə səsləndirən Şəmistan bəy mənim döyüşçülərə
müraciətimi iki gün Az.TV-də səsləndirdi. Dekabr ayında biz Şəhidlər Xiyabanına
yığışıb, yenidən Tərtərə qayıtdıq. Tərtərdə bizi Surət Hüseynovun korpusuna tabe
etdilər. Belə ki, biz yalnız onun əmri ilə hərəkət etməli idik. Biz Tərtərin
Cıldıran kəndində məskunlaşdıq. Yanvarın 12-də Ağdərə şəhərində bütün
komandirlərin toplantısı keçirildi. Toplantıda briqada komandiri Nəcməddin
Sadıqov, korpus komandiri Surət Hüseynov və Rövşən Cavadov da iştirak edirdilər.
Növbəti və uğurlu alınacağı təqdirdə, sonuncu ola biləcək bu əməliyyatın bütün
detalları müzakirə edildi. Əmr belə idi: Biz saat 18.00-da Xaçınçayda görüşüb,
oradan Xankəndinə hücum edib müharibəyə son qoymalı idik. Əmrdə konkret olaraq,
«Qurtuluş»a Sırxavəndi, rəhmətlik Rövşənə Bala Sırxavəndi, Surətə Ballı Qayanı,
Sərdara isə Vəngi azad etmək tapşırığı verilmişdi. Surətin qoşunları həmçinin
Sərdara da kömək etməli idi. Rövşən otağı tərk edib gedəndə, Nəcməddin Sadıqov:
«Surət, on na ataku ne poydet» dedi. Surət Hüseynov: «Narahat olma, tapşırmışam,
gedəcək!» deyib, bizi rahatlandırdı. «Qurtuluş» batalyonu səhər saat 6.00-da
hücuma keçib verilən tapşırığı yerinə yetirərək, Sırxavəndə daxil oldu. Əmrə
uyğun olaraq, Vəngin azad olmasını gözləyirdik ki, əməliyyatı davam etdirək.
Gözlədiyimiz saatlarda hiss edirdim ki, ermənilər bizi arxadan atəşə tuturlar.
Mən bilsəydim ki, Ballıqaya götürülməyəcək, Sırxavəndə hücum edib şəhidlər
verməzdik. Gecə saat 3.00-də Babək-44-ün komandiri mənə ratsiya ilə məlumat
verdi ki, siz kənddən çıxmalısınız. Mən xasiyyətimə uyğun olaraq bu qədər şəhid
verdikdən sonra kənddən çıxmayacağımı bildirdim. Bir qədər sonra Nəcməddin
mənimlə əlaqə saxlayıb - əgər kənddə qalsanız hamınız mühasirəyə alınıb,
qırılacaqsınız - dedi. Mən «bəs Rövşən məni arxadan – Bala Sırxavənddən –
müdafiə etmir?» - deyə soruşdum. Nəcməddin «Rövşən hücuma keçmədi, hazırda Bala
Sırxavənd ermənilərin nəzarətindədir». Mən «bəs Ballıqayanı Surət götürməyib?» -
deyə soruşdum. Nəcməddin «Surət də hücuma qoşulmadı» cavabını verdi. Biz
məcburiyyət qarşısında qalaraq, Sırxavəndi tərk etdik. Sonra məlum oldu ki,
Tərtər batalyonu Vəngə daxil olsa da, Surətin döyüşçüləri onlara kömək etmədiyi
üçün, tutduqları mövqeləri tərk etməli olublar. Bu uğursuz əməliyyat növbəti
uğursuzluqlar üçün təməl rolunu oynadı. Və döyüşən ordu kiminsə çirkin
siyasətinin qurbanına çevrilərək, dalbadal məğlubiyyətlərə düçar oldu. Vaqauz və
Çıldıran düşmənə veriləndən sonra, məni axşam Ağdərəyə qərargaha çağırdılar.
Surətlə arası dəyən Rəhim Qazıyev, İsgəndər Həmidov və Nəcməddin Sadıqov mənə
Vaqauza hücuma keçmək üçün hazırlaşmağı əmr etdilər. Mən hava şəraitini nəzərə
almağı xahiş etsəm də, onlar əməliyyatın vacibliyini daha üstün bildilər.
Bildirdilər ki, geriyə qayıdaraq digər komandirləri də döyüşə girməyə razı
salım. İsgəndər Həmidov «Vaqauz alınacağı təqdirdə, hərənizə bir «CİP»
veriləcək» deyirdi. (hərçənd ki, bizə bu maşın yox, Qarabağın azadlığı daha
önəmli idi). Mən geriyə qayıdıb, komandirlərlə danışığa başladım. Razı olan da
oldu, narazı olan da. Axırda belə qərara gəldik ki, razılaşaq. Axşam
qərargahımıza bir «medbrat» gələrək, mənimlə qərargah rəisinin yanına getdi.
Orada mənə əsgərlərə paylamaq üçün dərman verdi. Dərmanın adı «Medetan» idi. Mən
bunun nə üçün verildiyini soruşduqda, o, «Rəhim Qazıyevin əmridir» dedi.
«Döyüşdən qabaq əsgərlərə verərsiniz ki, onlarda qorxu hissi olmasın. Səhərə
yaxın kilsənin yanında olarsınız. Sizə əlavə kömək gələcək». Mən qərargahın
həyətində 300-ə yaxın gənc əsgər görüb, bunların kimliyi ilə maraqlandım.
Dedilər ki, bunlar «desantnıy şturmavoy» batalyondur. Mən onlara yaxınlaşanda
məlum oldu ki, onlar nəinki güllə atmaq, heç komandirə müraciət etmək qaydasını
da bilmirlər. Komandirlərinə yaxınlaşıb, «sən qəssabsan, yoxsa komandir? Niyə bu
uşaqları qırğına verirsiniz?» - deyə soruşdum. O isə cavabında «mən əmrə tabe
olan komandirəm, bu yuxarının əmridir». Əsgərlərimin yanına qayıdaraq, həmin
dərmanı onlara göstərdim. İlham adlı zabit «bu dərmandan dəliləri sakitləşdirmək
üçün istifadə olunur» - dedi. Mən «hər halda, həkim sizdən çox bilir» deyib,
döyüşdən qabaq həmin dərmanı qəbul etməyi tapşırdım. Rizvan adlı zabitin
başçılığı ilə 30 əsgərimi və Mingəçevir batalyonunun komandiri Alının (türmədən
çıxıb-çıxmadığını bilmirəm, Allah qapısını açsın) mənə verdiyi 4 bələdçi ilə
Vaqauz istiqamətinə göndərdim. Səhər biz ora çatanda, uşaqların hamısı pis
vəziyyətdə idi. Onların gözləri şişmiş, yuxulu kimi görünürdü. Bunun səbəbini
soruşduqda, dərmanın onlara belə təsir etdiyini bildirdilər. Mən təcili onları
qospitala göndərmək tapşırığını verdim. Sonradan Rəhim Qazıyevə bu barədə
məlumat verəndə o, bu barədə araşdırma aparacağını bildirsə də, sonralar ondan
səs-soraq çıxmadı. Həmin dərmandan bir nümunə Bakıda vəkil Ramiz Zeynalovda var.
Maraqlana bilərsiniz. 1993-cü ilin martın 26-da mən yaralandım. Bundan istifadə
edən bəzi qüvvələr Dadaş Rzayevin əmri ilə «Qurtuluş»un varlığına son qoydu.
1997-ci ildə heç bir səbəb göstərilmədən məni ordudan qovdular. Xahiş edirəm,
elə-belə də yazın. Təqaüdə göndərmədilər, qovdular. Ordudan uzaqlaşsam da,
Azərbaycanda Şahinin varlığından qorxan qüvvələr bildiyim həqiqətləri danışmamaq
üçün məni rahat buraxmadılar. Nəticədə məcburiyyət qarşısında qalıb, İsveçə
köçdüm.
- Dediyiniz
o dərman bütün batalyonlara, yoxsa məhz sizin batalyona verilmişdi?
- Ancaq
«Qurtuluş» batalyonuna verilmişdi. Orda könüllü batalyonlar, daxili qoşunlar və
tanımadığım başqa bir polk da var idi. Dərman isə məhz bizim üçün nəzərdə
tutulmuşdu. Kimsə «Qurtuluş» batalyonunun onların məqsədlərinə mane olacağını
bildiyi məqsədilə, bizi zərərsizləşdirmək üçün bu yola əl atmışdı. Mən heç vaxt
öz döyüşçülərimi tərifləməmişəm. Ancaq onların gördüyü işləri də danmaq
istəməzdim. Onlar mənim əmrim olmadan heç bir əmrə tabe olmazdılar. Ona görə də
mənim yox olmağımı, əsir düşməyimi arzulayan qüvvələr çox idi.
- Mətbuatın
yazdığına görə Azərbaycandan kənarda bizim millətin bəzi nümayəndələri
ermənilərlə qardaşlıq münasibətləri yaradırlar. Birgə biznes fəaliyyəti
qururlar. Yaşadığınız İsveçdə bu barədə vəziyyət necədir? Bir də, belə
dırnaqarası biznes qəhrəmanlarına münasibətiniz?
- Mənə
çatan məlumata görə Moskva və Leninqradda belə faktlar kifayət qədərdir. Hətta
bəziləri ermənilərə xoş gəlsin deyə, öz millətini söydüyündən də xəbərimiz var.
Belə insanlara azərbaycanlı demək mümkünsüzdür. Onların bir adı var –
biqeyrətlər. İsveçdə də ermənilər yaşayır. Onlar ölənəcən mənim və balalarımın
düşmənləridir. İsveçdə yaşayan azərbaycanlılar istər cənublu, istərsə də Şimali
Azərbaycandan olanlar ermənilərlə heç bir əlaqəyə girmirlər. Bir vaxtlar
eşitmişdim ki, Stokholmda belə bir cəhd olsa da, onun qarşısı alınıb. Avropada
belə fikrə düşənlərin sayı bir və ya iki nəfər ola bilər. Ancaq onu da bilirəm
ki, Bakıdan buraya erməni adı ilə gələn azərbaycanlı soydaşlarımız da olub. Guya
ki, erməni olduqlarına görə, onları Bakıda incidirlər. Ona görə İsveçdən
sığınacaq almağa gəliblər. Acı da olsa, bu faktdır.
- Yaşadığınız
İsveçin əhalisi Qarabağ problemi barədə nə kimi məlumata malikdir?
- İsveç
əhalisi demək olar ki, Qarabağ problemindən xəbərsizdir. Məlumatı olanların 90
faizi bu münaqişədə bizi günahkar bilirlər. Əsasən məlumatı olanlar da dövlət
adamlarıdır. Ermənilər etdikləri vəhşilikləri bizim adımıza yazmağa müvəffəq
olublar. Biz də indi İsveç əhalisini düzgün məlumatlandırmağa çalışırıq. Bunun
üçün onlarla görüşlər keçirib, həqiqəti əks etdirən kitabları onlara paylayırıq.
İsveçin bir çox millət vəkillərinin Azərbaycana münasibəti pisdir. Demək olar
ki, onlar bü münaqişədə tam ermənipərəst mövqedən çıxış edirlər. Biz onları
fikirlərindən döndərmək üçün əlimizdən gələni əsirgəmirik. Bu yaxınlarda İsveçdə
Gənclər Təşkilatı yaratmışıq. Xocalı faciəsi ilə əlaqədar həm mitinq, həm də zal
tədbiri keçirəcəyik. Yəqin ki, çəkdiyimiz əziyyət öz bəhrəsini verər.
- «Məğlub
millətin Milli Qəhrəmanı» ifadəsi necə səslənir? Birinci Qarabağ savaşında
məğlub olmuş millətin Milli Qəhrəmanı özünü bu statusda necə hiss edir?
- Çox
düşündürücü sualdır. Hələ ki, mən bu hökumətdən «Milli Qəhrəman» medalını alıb,
döşümə taxmamışam. Kim ki, Bakıda bu medalı yaxasına taxaraq gəzirsə, mənim
onlara bir mesajım var: «Məğlub millətin qəhrəmanı olmur!» Əgər sənin millətin
məğlubdursa, sən nəyə görə qəhrəmansan? Məğlubdan qəhrəman olmaz. Həmişə
demişəm, mənə Milli Qəhrəman deməyin.
- Çeçen
mücahidlərinə belə bir sual verilmişdi: Azərbaycan niyə birinci Qarabağ
savaşında məğlub oldu? Döyüşən ordusu olmadı, yoxsa yaxşı sərkərdəsi? Həmin
mücahid əli ilə papağını göstərib, bütün milləti təhqir edərək, «papağınız
olmadı» demişdi. Bəs siz necə düşünürsünüz? Doğrudanmı, müharibəni udmaq üçün bu
millətin papaq gəzdirməyə layiqli kişiləri olmadı?
- Azərbaycan
döyüşçüləri kişi kimi döyüşüblər. Bunu danmaq, olanların üstündən xətt çəkmək,
ən azından şəhidlərin ruhuna hörmətsizlikdir. Kimsə bu sözləri deyirsə, böyük
səhvə yol verir. Qarabağ və onun uğrunda döyüşənlər çirkli siyasətin qurbanı
oldular. Rəhim Qazıyev, Surət Hüseynov, Ələkrəm Hümbətov 1993-cü ildə Heydər
Əliyevlə görüşdükdən sonra, öz mövqelərini 180 dərəcə dəyişərək, o vaxtkı
hakimiyyətə və xalqa xəyanət etdilər. Qarabağ uğrundakı döyüşlərdə əldə olunan
məğlubiyyətimizin birbaşa məsuliyyəti Nəcməddin Sadıqovun üzərinə düşür. Əgər
cəsarəti çatırsa, kimin əmrini yerinə yetirdiyini açıqlayıb xalqa bəyan etsin.
(ardı var)
Yetim
Qacar
|