|
Azad Qarabağ - 11-ci səhifə
Murovdağ
əməliyyatı
İki yüz il öncə general Suvorov
Karpat dağlarını keçdi. Elə o zamandan başlayaraq, ruslar Suvorovun bu
nailiyyətini tarixə yazdılar. Hətta bunu əsarətdə saxladıqları xalqların
yaddaşına belə həkk etməyə nail oldular.
On iki il öncə yaxşı
xatırladığımız ikinci Kəlbəcər əməliyyatında isə Azərbaycan hərbçiləri Kiçik
Qafqazda "suvorovçuluq" edib 3395 metr yüksəklikdə, keçilməz və əlverişsiz
dağlarda döyüş apararaq düşməni məğlub etməyə nail oldular. Amma təəssüflər
olsun ki, indiyədək Murovdağ döyüşləri ən qorxunc və vahiməli bir hadisə kimi
xatırlanmaqdadır. Bu yer və baş verən döyüşlərlə bağlı uydurulmuş şayiələr isə
yalnız insanların "gözünü qırmaq" məqsədi güdür.
Ancaq unutmayaq ki, Murov eyni
zamanda Azərbaycan ordusunun sınaq meydanı olub.
Azərbaycan silahlı
qüvvələri hücuma keçir
1993-cü ilin sonlarında bütün cəbhə
boyu hücuma keçən ermənilər əks-həmlələrlə geri oturduldu. 1993-cü il dekabrın
ikinci yarısından başlayaraq, Azərbaycan Silahlı Qüvvələri cəbhənin müxtəlif
istiqamətlərində - cənubda Füzulidə, mərkəzdə Ağdam-Xocavənd, eləcə də şimal
hissədə Tərtər-Ağdərə və Murovdağda güclü həmlələrlə düşmənin müdafiə xəttini
yarmağa nail oldu. Qışın sərt keçməsinə, bir sıra çətinliklərin və
çatışmazlıqların olmasına baxmayaraq, hərbi əməliyyatlar uğurla həyata
keçirilirdi. Xüsusən, Murovdağda döyüşlər dəniz səviyyəsindən 2500-3000 metr
yüksəklikdə aparılırdı. 1993-cü il dekabrın 29-da başlanan hücum zamanı
Azərbaycan ordusunun bölmələri sərt şəraitin və yolların keçilməz olmasına
baxmayaraq, 3395 metr yüksəklikdə - Ömərdağ aşırımında yerləşən düşmən postunu
məhv edərək Kəlbəcərə daxil oldular.
Hücum əməliyyatının başlanması belə
olmuşdu:
Əvvəlcədən hazırlanmış plana əsasən
Tərtər-Ağdərə istiqamətindən hücuma başlanılmalı, bu istiqamətdən hücuma keçən
qüvvələr "Sərsəng" su anbarına çatdıqda Murovdağ istiqamətindən 701 saylı hərbi
hissə hücuma başlamalı idi. Tərtər, Ağdərə istiqamətindən hücuma keçən qoşun
hissələri bir qədər irəliləsə də, düşmənin ciddi müqaviməti və bölgəyə əlavə
qüvvələr cəlb etməsi səbəbindən Keçəldağ istiqamətində dayandırıldı. Ermənilər
Ağdam-Xocavənd istiqamətində əks-hücuma başladılar. Bu dəfə ermənilərin
diqqətini yayındırmaq, qüvvələrini parçalamaq və müqaviməti zəiflətmək məqsədi
ilə Murovdağ istiqamətindən hücum edilməsi haqda Baş Qərargah əmr verir.
Dekabrın 29-da Azərbaycan ordusu
birləşmələri hücuma keçərək, Ömər aşırımındakı düşmən postunu ələ keçirdi. O
zaman sözügedən hərbi hissənin komandir müavini olmuş polkovnik-leytenant
Nəriman Zeynalovun verdiyi məlumata görə, Ömər aşırımı azad olunarkən oradakı
erməni postunda 35-40 nəfər şəxsi heyəti, 2 PDM, 1 tank əleyhinə idarəolunan
raket qurğusu, 1 DŞK və 2 minaatan olub. Həmin postun məhv edilməsini 17
nəfərlik dəstə həyata keçirib. İlk plana görə, iki zabit - Sənan Məmmədov və
Əbülfət Əliyevin rəhbərlik etdiyi kiçik dəstə ilə hücuma keçərək, ermənilərin
üzərinə hərəkət etməli, birinci taburdan Elşən Məmmədov rəhbərlik etdiyi 35
nəfərlik ikinci qrupla düşmənin dayaq məntəqəsinin arxasına keçməli idi. Bərdə
taburunun əsgərlərindən ibarət üçüncü qrup isə (85 nəfər) 4-5 km düşmənin
arxasına keçib, onların ikinci xətdəki mövqelərini tutmalı və köməyə gələn
qrupların qarşısını almalı idi. Nəzərdə tutulduğu kimi sürətlə həyata keçirilən
əməliyyat zamanı 17 nəfərlik dəstə bir nəfər itki belə vermədən ermənilərin bir
hissəsini məhv edərək, Ömər postunu ələ keçirdi. Sağ qalan ermənilər isə postu
və silah-sursatı ataraq, qaçmağa çalışsalar da, E.Məmmədovun qrupunun atəşi
altına düşərək məhv edildilər. Arxaya keçmiş Gəray Əsədovun başçılıq etdiyi
Bərdə taburu isə Yanşaq istiqamətindən köməyə gələn erməniləri məhv edib, 5 km
irəliləyərək Meydançayına çatır. Həmin döyüşdə ermənilər 50 nəfərdən çox canlı
qüvvə itirir. Xeyli sayda silah və sursat qənimət götürülür.
Kəlbəcərin 12
kəndi azad olunur
Əlavə qüvvələrlə gücləndirilən
Azərbaycan ordusunun hissələri dağ yollarının qalın qarla örtülməsinə,
gediş-gəlişin və təchizatın çətinləşməsinə baxmayaraq, hücumu davam etdirir. Az
vaxt ərzində düşməni ağır itkilərə uğradaraq yanvarın sonuna kimi Kəlbəcərin 12
kəndi - Yanşaq, Qamışlı, Təkəliqaya, Bozlu, Babaşlar, Susuzluq, Çəpli, Bağırlı,
Almalı, Lev, Bağırsaq və digər yaşayış məntəqələri azad edilir. Sonuncu
istiqamətdə döyüş aparan taburlar Zod aşırımının 8 km-nə qədər yaxınlaşırlar.
Azərbaycan Silahlı Qüvvələrinin döyüş əməliyyatı apardığı əsas yüksəkliklər
aşağıdakılardır:
Ermənilərin əks -
hücum cəhdləri
Yanşaq istiqamətindən hücuma keçən
Azərbaycan ordusunun bölmələri 17 nəfər itki verir. Lakin Yanşaq kəndi azad
edilir. Qurban Qurbanovun başçılıq etdiyi dəstə Susuzluq dağındakı erməni
postlarını tutur. Yanvarın 19-da 701 saylı hərbi hissənin komandir müavini
Nəriman Zeynalov 140 əsgərlə Susuzluq dağındakı mövqelərə gəlir. Yanvarın 20-də
sağ cinahdan kəşfiyyat komandiri Rəhman İsgəndərovun, sol istiqamətdən isə
İntiqam Mirzəyevin başçılığı altında hücum başlayır, Yanşaq və Almalı kəndləri
tamamilə azad olunur.
Ermənilər postu ataraq qaçır. Bundan
sonra Qorxmaz Qarayev rəhbərlik etdiyi bölmələrlə sol, N.Zeynalov isə iki
taburla sağ istiqamətdə döyüşləri davam etdirir.
Ermənilər Kəlbəcərdə hücuma keçən
Azərbaycan Silahlı Qüvvələrinin qarşısını almaq və itirilən mövqeləri geri
qaytarmaq məqsədi ilə cəbhənin digər hissələrindən deyil, bilavasitə Ermənistan
Silahlı Qüvvələrinin ehtiyat hissələrini (555-ci motoatıcı alayı, Gümrünün 7,
Eçmiadzinin 3 hərbi hissəsini) əraziyə yeridirlər. Həmçinin bu zaman Vardenis
rayonundakı rus qoşunlarına məxsus avtonəqliyyat vasitələrindən də istifadə
olunur. Ermənilərin əks-hücum əməliyyatlarına isə rəhbərliyi baş qərargah rəisi
Andrenesyan öz üzərinə götürmüşdü.
Yanvarın 21-22-də Çəpli kəndi
istiqamətində Ermənistandan gətirilmiş taburlardan biri Azərbaycan Silahlı
Qüvvələrinin mühasirəsinə düşür. Həmin döyüşdə ermənilərin 6 maşını və 200-dən
artıq əsgəri məhv edilir. "Həmin döyüşdə əsir tutulmuş 4 yüksək rütbəli erməni
zabitin dediyinə görə, vurulmuş hər maşında 40 əsgər olub" - N.Zeynalov deyir.
Həmin gün axşam eyni ərazidə
ermənilərin zirehli qrupu pusquya düşür və 1 tank məhv edilir. 2
MTLB, 2 PDM, 6
yük maşını
və sursat anbarı ələ
keçirilir.
Təkəliqaya
istiqamətində Qurban
Qurbanov 75 nəfərlik
bölüyü
ilə ermənilərin
geri çəkilmə yolunu kəsir.
Ermənilər
panikaya düşərək qaçır.
Həmin döyüşdə
qənimət
kimi ermənilərdən
1 MTLB və 1 Ural markalı
maşın, 1
tank, 1 "Şilka" qurğusu,
2 PDM, KŞM,
sursat anbarı, 2 səhra
mətbəxi, 10-dan
artıq müxtəlif
təyinatlı yük
maşınları ələ
keçirilir.
Fevralın
12-də yağan
güclü qar Azərbaycan
Silahlı Qüvvələrinin
vəziyyətini xeyli çətinləşdirir.
Təchizat işlərində
problem yaranmağa başlayır.
Digər tərəfdən
də əlavə qüvvələrlə
gücləndirilən
Ermənistan ordusu 3 istiqamətdən
- Zod-Yanşaq,
Kəlbəcər-Qamışlı
və Ağdaban-Meydançay
istiqamətində hücuma
keçir. Birinci və
ikinci istiqamətdə
ermənilər
yenidən güclü
itkilərə
məruz qalaraq geri çəkilməli
olur. Qamışlı
istiqamətində
müdafiə mövqeyi
tutmuş Azərbaycan Silahlı
Qüvvələrinin
bu bölüyü
ermənilərin
hücuma keçən 4
tankından 3-nü
vurmuş, piyadalarını
isə tam məhv
etmişdi. Sözügedən
döyüşdə
cəmi bir nəfər
Azərbaycan zabiti həlak olur.
Geri çəkilən
ermənilərin 1
KAMAZ, 2 UAZ və 1
NİVA maşını
da kəşfiyyatçılar
tərəfindən
sıradan çıxarılır.
Azərbaycan
Silahlı Qüvvələri
geri çəkilir
Fevralın
13-də Ağdaban-Meydançay
istiqamətindən əks-hücuma
keçən ermənilər
yolu bağlayaraq Azərbaycan
ordusu hissələrini təchizatdan
məhrum edir. Vəziyyət
çətinləşdiyindən
mühasirədə
olan bölmələr
dağ yolları ilə
Xanlar və Daşkəsən
istiqamətində geri çəkilməyə
məcbur olur.
Fevralın 18-dən
başlayaraq Ömər
aşırımı
da daxil olmaqla, Kəlbəcərin
şimal hissəsi ermənilərin
nəzarəti altına
keçdi.
Qeyd etməliyik
ki, sonu uğursuzluqla bitsə
də, Murovdağ əməliyyatında
Azərbaycan ordusunun 2 mindən
artıq əsgər
və zabiti iştirak edib.
Ümumilikdə Azərbaycan
ordusu Murovdağda 200 nəfərdən
çox itki verib ki, onların
da bir qismi soyuqdan, donvurmadan,
qar uçqunundan həlak
olub. Ermənilərin
itkisi isə təxminən
1000 nəfərə
yaxındır.
Ermənistan Silahlı
Qüvvələrinin
bir çox taburları və
çoxlu sayda zirehli texnikası döyüşlərdə
məhv edilib.
Rəşad
Süleymanov
Rino
Harnişin fikrincə, münaqişə
bu il həllini tapmasa, müharibə başlaya bilər
"Martın 6-da həmsədrlərin Vaşinqtonda
keçirilməsi planlaşdırılan görüşündə Rambuyedə əldə olunan nəticələr əsasında
gələcək addımlar müzakirə olunacaq. Buna görə də, həmsədrlərin Vaşinqton
görüşündə hansısa irəliləyiş gözləmək düzgün deyil". Bu sözləri jurnalistlərə
açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş deyib. ABŞ Dövlət
katibinin müavini Nikolas Börnsın bəyanatına münasibət bildirən R.Harniş
münaqişənin həllinin uzaqda olmadığını bildirib: "Mən ümid edirəm ki, Birləşmiş
Ştatlar bütün tərəflərin iştirakı ilə konkret nəticənin əldə olunmasına nail
olacaq. Bir qədər əvvəl Stiven Mənn də qeyd etmişdi ki, 2006-cı il münaqişənin
həlli ili olacaq. Bu il heç bir ölkədə seçkilər keçirilmir və şərait
siyasətçilərə çətin məsələlərin həlli imkanı açır".
Qeyd edək ki, N.Börns rəsmi
Vaşinqtonun Rambuye görüşündən çox şey gözlədiyini qeyd etməklə yanaşı,
danışıqların nəticəsiz başa çatmasını təəssüflə qarşıladığını vurğulayıb.
R.Harniş onu da bildirib ki, Dağlıq Qarabağ münaqişəsi bu il həllini tapmasa,
digər variantlardan istifadə olunması mümkündür ki, bunlardan biri də üzərində
ən çox dayanılan müharibədir: "Müharibə Qafqaz regionu üçün faciədir. Ona görə
də, biz bütün siyasətçiləri, xarici işlər nazirlərini, prezidentləri çağırırıq
ki, fürsətdən istifadə edərək çıxış yolu tapsınlar".
|