|
Azad Qarabağ - 12-ci səhifə
Kemp-Devidin əks-sədası
Ənvər Sədat çox az siyasətçilərə
xas olan xüsusiyyətlərə malik idi. O, cəsarətlə öz üzərinə riskli vəzifələri
götürür və onların yerinə yetirilməsinə nail olurdu.
Ənvər Sədat Menahem
Beqinlə birlikdə Nobel sülh mükafatını aldı. Bu mükafat
onun üçün ölüm hökmü oldu.
 |
Prezident Ənvər Sədat, Ceyms Karter və baş nazir
Menahem Beqin Misir-İsrail sülh müqaviləsinin imzalanması şərəfinə
düzənlənmiş təntənəli mərasimdə. |
Gələcək Misir prezidenti 1918-ci ildə
anadan olmuş və hərbi təhsil almışdı. O, ikinci dünya müharibəsindən sonra
milli-azadlıq hərəkatına başçılıq edən gənc zabitlər qrupuna daxil oldu. Həmin
vaxt milli-azadlıq hərəkatı monarxiya quruluşuna qarşı yönəlmişdi. 1952-ci il
iyulun 23-də "Azad zabitlər" təşkilatı başda olmaqla ordu dövlət çevrilişi etdi,
kral Fərrux devrildi.
Əbdül Nasirin hakimiyyəti dövründə
Sədat Misir hökumətində həlledici postlarda olmuş, 1973-cü ildə onun ölümündən
sonra isə dövlətə rəhbərlik etməyə başlamışdır. Yeni prezident radikal
dəyişikliklər xətti elan etdi. O, ölkənin Sovet İttifaqından hərbi və maliyyə
asılılığını xeyli azaltdı və nəzərlərini daha çox onun strateji rəqibinə -
Amerika Birləşmiş Ştatlarına tərəf yönəltdi. Ənvər Sədat Sələfinin İsrailə qarşı
barışmaz siyasətini davam etdirir, işğal altında olan torpaqları geri qaytarmağa
çalışırdı. İsrail 1967-ci ildə "altı günlük müharibə" zamanı Sinay yarımadasının
böyük hissəsini zəbt etmişdi. 1973-cü ilin oktyabrında Misir qoşunları Süveyş
kanalından keçərək İsrailin işğal etdiyi ərazilərdə hərbi əməliyyatlara
başladılar.
Tezliklə, Sədat İsaraillə müharibənin
həddindən çox xərc və itkilər tələb etdiyini başa düşdü və kompromiss yollar
axtarmağa başladı. Prezident öz xalqının rifah halını yaxşılaşdırmağa, sosial
problemləri həll etməyə çalışırdı. Bunları etmək üçün hərbi xərclərin
azaldılmasına ehtiyac var idi. Sədat Misir rəhbərlərindən ilk adam idi ki,
İsraillə dinc yanaşı yaşamağın mümkünlüyü üzərində düşünməyə başladı. O, bununla
Misiri İsrailin hədəfindən kənara çıxara, öz ölkəsinin hərbi qarşıdurmalardan
kənarlaşdırılmasına nail ola bildi. Amma həm də digər ərəb xalqlarını, birinci
növbədə fələstinliləri İsrail iddiaları qarşısında köməksiz qoydu.
Misir prezidenti 1977-ci ilin
noyabrında görünməmiş bir addım atdı. O, İsrailin baş naziri Menahem Beqinin
İsrail parlamentində - knessetdə çıxış etməklə bağlı dəvətini qəbul etdi. Bu,
Misirlə İsrail arasında razılaşmanın əldə olunması istiqamətində ilk addım idi.
1979-cu ilin mart ayında Sədat və Beqin ABŞ prezidenti C.Karterin Kemp-Deviddəki
şəhərətrafı rezidensiyasında görüşdülər. ABŞ prezidetinin vasitəçiliyi ilə
aparılan danışıqlar Misir-İsrail sülh müqaviləsinin imzalanması ilə başa çatdı.
 |
Misir prezidenti Ənvər Sədat ağ admiral
formasında namaz qılarkən. O, islam dininin bütün tələblərinə dəqiqliklə
riayət edirdi. |
Bütün dünya iki böyük düşmənin
bir-birinin əlini sıxmasını alqışlayırdı. Ənvər Sədat və Menahem Beqin Nobel
sülh mükafatını aldılar. Lakin onlardan heç biri öz ölkəsində ciddi dəstək
qazana bilmədilər.
İsraillə sülh müqaviləsinin
imzalanmasına baxmayaraq, Misirdə hələ də Süveyş kanalı ətrafında 1973-cü ildə
həyata keçirilən hücumların ildönümü paradla qeyd edilirdi. Məhz bu təntənəli
mərasimdə, 1981-ci il oktyabrın 6-da Sədatın düşmənləri ona öldürücü zərbə
vurmaq qərarına gəldilər.
Ənvər Sədat paradın komandanından
raporu qəbul etdikdən sonra hökumət nümayəndələrinin və yüksək rütbəli
zabitlərin müşayiəti ilə fəxri qonaqlar üçün tribunaya qalxdı. Hamının nəzərləri
havaya dikilmişdi, hərbi hava qüvvələrinin paradı başlanmışdı. Bu vaxt hərbi
texnikanın sırası ilə irəliləyən artilleriya qoşqusu qəflətən dayandı. Desant
paltarında bir leytenant maşından tullanaraq yerə düşdü və tribunaya tərəf əl
qumbarası atdı. Qumbara hədəfə çatmamış partladı. Bir neçə saniyə sonra beş
nəfər desantçı yedək maşınının platformasından tullandılar və hökumət
tribunasını avtomat silahlarından atəşə tutdular.
Sədat "Kalaşnikov" avtomatlarından
atılan atəşə tuş gəldi, o vaxt Misir ordusunun arsenalı məhz bu sovet
silahlarından ibarət idi. Bu terror aktı zamanı daha 7 Misir dövlət xadimi
öldürüldü, 30 nəfərdən artıq yaralandı.
Prezidentin mühafizəsi dərhal cavab
atəşi açdı. Atışma 5 dəqiqəyə qədər davam etdi, tribunada dəhşətli hadisələr baş
verirdi. Hücum edənlərdən 3 nəfər və bir neçə təsadüfi adam yerindəcə öldürüldü.
Qatillərdən 5 nəfər, o cümlədən leytenant Xalid Əhməd Əl-İstambuli tərksilah
olundu və həbs edildilər.
Ölümcül yaralanmış prezident
vertolyotla hərbi qospitala götürüldü, amma bir neçə dəqiqədən sonra əməliyyat
stolunda keçindi.
İstambuli və onun 4 qatil yoldaşı
məhkəmə qarşısında dayandılar. Daha 20 nəfər misirli sui-qəsd iştirakçısı kimi
həbs olundu.
 |
Bir az əvvəl prezident Sədata atəş açlıb.
Mühafizə xidmətinin cavab atəşi ilə üç terrorçu məhv edilib. |
Qətl hadisəsindən dərhal sonra Liviya
paytaxtında fəaliyyət göstərən ekstremist qruplaşmalarından biri bu terror
aktına görə məsuliyyəti öz üzərinə götürdü. Liviyalıların terrorçularla
əlaqələrinin olması mümkün idi, amma Yaxın Şərqdə heç kəs şübhə etmirdi ki,
Ənvər Sədatı "Müsəlman qardaşları" qruplaşması qətlə yetirmişdir. Bu təşkilatın
məqsədi İsrail dövlətinin tanınmasına imkan verməmək və bu dövlətlə danışıqları
pozmaqdan ibarət idi.
Qatillər öz niyyətlərini həyata
keçirdilər, lakin Misirin siyasi kursunu dəyişdirməyə nail ola bilmədilər. Ənvər
Sədatın yerini vitse-prezident Hüsnü Mübarək tutdu. O isə bütövlükdə Sədatın
müəyyənləşdirdiyi yolu davam etdirdi.
Rəsul Aslan
|