|
Azad Qarabağ - 13-cü səhifə
Səslər - Oyunlar –
Simalar
-
Oqtay Əsədov
parlamentə spiker seçiləndə elə bilirmiş ki, onun işi ağır-ağır yuxarıya
çıxıb, yuxarıdan aşağı bədbəxt deputatları nəzərləri ilə süzməkdən ibarət
imiş. Hansı ağır yükün altına girdiyini bilmirmiş, bilsəydi bəlkə də razı
olmazdı, elə qalıb sudan-zaddan satıb başını dolandırardı. İndi hamının
gözləri dikilib parlamentə ki, Milli Məclisin Xocalı soyqırımı ilə bağlı
iclası keçirilmədi. Doğrudanmı hələ işə başlamamış tətilə çıxan millət
vəkillərini 4-5 gün tez istirahətdən çağırıb müzakirə aparmaq, qərar qəbul
etmək olmazdı?! Belə qənaətə gəlmək olar ki, Oqtay müəllim Xocalı
soyqırımının müzakirə olunmasını, ümumiyyətlə, istəmir, kimlərdənsə qorxur.
Elə əvvəldən də bu tətili ona görə salıblar ki, Xocalının ildönümündə
deputatlar hərəsi bir yerdə olsunlar ki, müzakirə aparıb qərar qəbul etmək
mümkün olmasın. Deyəsən Milli Məclisin iş rejiminin müəyyənləşdirilməsində də
erməni barmağı olub.
-
Respublikanın baş
prokuroru Zakir Qaralov bildirdi ki, Xocalı soyqırımı ilə bağlı cinayət işi
yekunlaşıb, bütün sənədlər hazırlanıb və imkan yaranan kimi həmin sənədləri
beynəlxalq məhkəməyə təqdim edəcəklər. Zakir müəllimin "imkan yaranan kimi"
deyəndə nəyi nəzərdə tutduğunu bilmək olmur. Burda bir neçə versiya mümkündü.
Ya Azərbaycan hökumətinin, baş prokurorluğun pulla bağlı imkanı yoxdu ki,
təyyarəyə oturub Avropaya, məhkəməyə getsinlər, ya da başqa vacib işlərdən
Zakir müəllimin başı açılmır, vaxtı yoxdur. "İmkan" deyəndə ayrı nə ola bilər
ki?!
Bu
ölkənin iqtidarı da, müxalifəti də...
Xocalı soyqırımının
anım günündə iqtidarın və müxalifətin münasibəti çox mətləblərə bir daha
aydınlıq gətirdi. Məlum oldu ki, onların hər ikisi millətdən tamamilə uzaq bir
məkanda qərar tutublar, millətin nə dərdinə yanır, millətin dərdini öz dərdləri
hesab edirlər, nə də millətin maraqlarını düşünürlər. Bir gün əvvəl iqtidar,
həmin gün isə azman müxalifət liderləri tələm-tələsik Xocalı abidəsinə dəyib,
aradan çıxdılar, öz aləmlərində öz "borcları"nı yerinə yetirdilər.
Xocalı faciəsi
günlərində iqtidar deyilənlərin hərəkətlərini görəndə, az qala ayaqlarımızın
altından yer qaçdı. Xocalı soyqırımının törədilməsinə görə məsuliyyət daşıyan və
bu günə qədər də Azərbaycan xalqından üzr istəməyən Rusiya prezidentinin həmin
günlərdə Bakıya səfərinə bu iqtidar heç nə olmamış kimi razılıq verdi, bu
qonağın Şəhidlər Xiyabanına getməməsinə göz yumdu, yəqin bu hakimiyyət üçün
H.Əliyevin məzarının ziyarət edilməsi daha önəmlidi, minlərlə şəhidin ruhları
onları narahat etmir. Bu iqtidar Xocalı soyqırımı günündə QAT-ın mitinq
keçirməsinə imkan vermədi. Heç olmasa, özləri keçirərdilər. Axı bu
biabırçılıqdı, bütün dünyada aksiyalar keçirilir, bu ölkənin yiyələri isə ancaq
5 dəqiqəlik ziyarətlə kifayətlənirlər. Bu iqtidar ziyarəti də abırlı-başlı eliyə
bilmədi, istəmədi. Ziyarəti bir gün qabaq etdilər, yəqin fevralın 26-sı bazar
gününə düşdüyünə görə istirahətlərini pozmaq istəmədilər. Məmurlardan biri o
birinə deyirmiş ki, yadımdan çıxıb ayın 26-na şəhər kənarında məclis
planlaşdırmışam, qonaqlar, o cümlədən xarici qonaqlar dəvət etmişəm, təxirə sala
bilmərəm.
Müxalifət də ki,
lap bədbəxt gündədi. QAT-ın təkidlərindən sonra saat 12.00-də gəlib çıxdılar
abidənin yanına. Çoxu dostlarımızdı, amma belə olmaz axı. Ətraflarında 20-30
adam, hərəsi də üzünü tutdu bir yana, ziyarətə ayrı-ayrılıqda getdilər.
Sədrlərdən biri müavininə deyir ki, adamları öz yanımıza çağır, birdən elə
bilərlər ki, onları Akif Nağı gətirib. Bax belə…
Qısası. Bu iqtidar
heç nəyə yaramır və hakimiyyətdən getməlidir. Onların yerinə gəlmək istəyənlərin
də düşüncəsi salamat deyil, bu müxalifət də heç nəyə yaramır. Millət nə
etməlidir? Sel gəlməlidir, müharibəyə başlamalıyıq, onda ağ turpla qara turp
bilinəcək, millətə layiq övladlar ortaya çıxacaqlar. Ayrı yolumuz yoxdu.
Əbülfəz
Qarayev Xocalı soyqırımını ziyafətlə yad edib
Biz demişdik axı bu
adam yerində deyil. Yerində olmadığına görə də Xocalı soyqırımı günündə, həmin
gün hansı faciənin baş verdiyinin fərqinə varmadan Rostropoviçin şərəfinə böyük
ziyafət düzənləyib. Çoxlu sağlıqlar deyilib, alqışlar səsləndirilib, rəqslər
edilib. İndi aydın olur ki, iqtidar mənsubları nə üçün Xocalı abidəsini faciə
tarixindən 1 gün əvvəl qeyd elədilər. Bəli, məhz qeyd elədilər, onlar üçün bu
gün də digər faciə günlərimiz kimi adicə bir "quşla" qeyd olunan gündür. Deməli,
onların fevralın 26-da tədbirləri var imiş, ona görə belə tələsirmişlər.
Deyilənlərə görə, bəzi məmurlar bu tədbirə qatılmaqdan imtina ediblər. Buna da
şükür, deməli, hələ onların da içində vicdanını itirməyənlər var. Nə isə Xocalı
soyqırımı günündə kef məclisi quran Əbülfəz Qarayevin nazirliyi başına dəysin.
Ehtiyac
qul edir jurnalisti də
Ehtiyac Rauf
Mirqədirovu da ermənilərin ayağına apardı. Özü ilə gənc jurnalist Əkbər
Həsənlini də götürüb, pis yola saldı. Yaşlılar bir yana, bu gənclərin eybəcər
yola çəkilməsi adama ağır gəlir. Hər ikisinin qələminə və ağıllarına hörmətimiz
var. İndi Ermənistana gedib-gələndən sonra qələmlərinə, ağıllarına nə qədər güc
verib özlərini təmizə çıxarmağa çalışırlarsa alınmır. Ermənilərə misal
çəkdikləri divar onların özləri üçün çoxdan qurtarıb, kor kimi əlləri havadan
asılı qalıb, bilmirlər nə etsinlər. Ermənilərin guya başlarını itirməsi ilə
bağlı tezisləri də lap gülünc görünür. Başını itirən gedib Ermənistana, düşmən
yuvasına çıxanlardı ki, ayaqlarının onları hara apardığının fərqinə varmırlar.
Rauf müəllimlə Əkbər kişi ha çalışırlar ki, səfərlərin nəticələri ilə bağlı bir
elmi, analitik, əndirəbadi yazı yazsınlar, alınmır.
Amma deyir
səfərləri yaxşı keçib, Ermənistanın görməli yerlərinə baxıblar, həbsxanalarda
azərbaycanlıların saxlanma şəraiti ilə tanış olublar, sonra da restoranlara baş
çəkib, erməni dostları ilə erməni konyakından nuş eləyiblər. Rauf müəllim,
deyirlər evcanlıdı, hər səfərdən pay-püşlə qayıdıb gəlir. Evinə nə aldığını
bilmirik, amma iş yoldaşlarına yaxşı süvenirlər gətirib. Bəzilərini ermənilər
havayı bağışlayıblar, bir qismini də canını dişinə tutub pulla alıb. Redaksiya
işçilərinin hamısına, xüsusilə də Xəqani adında müxbirlərinə göz muncuğu gətirib
ki, yaxşı yazılar yazırsınız, göz dəyər. Göz muncuğunun üstündə katalikos
Qareyinin şəkli var. Baş yazarları Elçin müəllimə yekə bir kişi sırğası gətirib
ki, bir çox mətləbləri, keçmişi ilə bağlı sirləri qulağında sırğa edib saxlasın,
yaddan çıxarmasın. Nə isə Bunlar ağıllıdılar, ya dəli, bilinmir. Amma hər halda
özlərini yığışdırmalıdırlar. Yoxsa axırı pis olar.
Elmar
Məmmədyarov bir daha öz yerində olmadığını göstərdi
Azərbaycanın bəxti çox şeydə, o
cümlədən xarici işlər nazirində gətirmir. İnfantil nazirimizi ədəbiyyat müəllimi
əvəz eləmişdi, indi də qalmışıq Elmar müəllimin əlində. Bu adam rəhbərlik etdiyi
qurumun nə işlə məşğul olmalı olduğunu, deyəsən, heç başa düşmür. İşğal altında
olan rayonların heç adlarını da bilmir, danışıqlarda söhbətin nədən getdiyini,
deyəsən, erməni həmkarlarından soruşur. Erməni də olsa, Vardanın yanında
nazirimiz çox bədbəxt görsənir. İndi də elan edir ki, Dağlıq Qarabağa
gedib-gələnlərin qarşısını almaq lazım deyil, nə qədər çox getsələr,
xeyrimizədir. Görəsən nədir xeyrimiz?! Elmar müəllim bu məntiqlə xarici işlər
naziri yox, bahalı restoranların birində şveytsar işləyəydi gərək, qaş-gözü ilə
müştəriləri yaxşı başa salardı.
Sibel Canın erməni
məhəbbəti
Türk müğənnisi Sibel Can gəncliyindən
ermənilərlə bağlı olub. Onları necə sevibsə, ya da onlar bunu nə qədər
seviblərsə, bu günə qədər o "xoş" xatirələrini yaddan çıxara bilmir. Bu
məhəbbət onu Los-Ancelesə aparıb çıxarıb ki, "vətən həsrəti" ilə yanan
ermənilərə konsert versin. Amma Allah da göydən baxır, Xocalı soyqırımı günündə
Sibelin belə bir günah işlətməsinə, ermənilərin feyziyab olmasına razı olmayıb.
Sibel bu səfərdən təəssüf hissi ilə qayıdıb. Bizim çörəyimizin duzu yoxdu, bu
xanıma nə qədər sevgilər izhar etmişik, başına altunlar yağdırmışıq, deməli,
xeyri olmayıb. Amma bircə dəfə erməninin əli dəyən kimi dönüb olub ermənisevər.
Olsun. Amma onu da bilsin ki, Azərbaycanın qapıları onun üzünə həmişəlik
bağlanıbdır.
|