Azad Qarabağ - 2-ci səhifə
|
Qarabağ məhbuslarına azadlıq! |

Ramil Səfərov |

Rövşən Bədəlov |

Xızır Marqaşvili |

Fariz Hacıyev |

Müşfiq Qurbanov |

Əlirza Babayev |

Firuz Babayev |
 Yaşar
Məmmədov |
 Məmməd
Məmmədov |

Ədalət Ağayev |

Məhəmməd Məmmədov |
YA QARABAĞ YA
ÖLÜM! |
Partizan qardaşlar
Bu
dəfə partizanlardan Əlirza və Firuz Babayev qardaşlarını sizlərə tanıdacağam.
Qardaşları haqqında Mətanət xanım göz yaşları içində danışırdı.
Əlirza 1965-ci
ildə, Firuz 1977-ci ildə Bakıda ziyalı ailəsində doğulublar. Ataları Məcid
müəllim institutda dərs deyirmiş, anaları orta məktəbdə. Valideynlərin hər ikisi
dünyasını dəyişib. Ailədə beş uşaq olublar - üç qardaş, iki bacı. Əlirza və
Firuz hazırda həbsxanada cəza çəkirlər, o biri qardaş, bacıları ailələri ilə
birlikdə Bakıda yaşayırlar.
Əlirza evlidir,
bir oğlu, bir qızı var. Həyat yoldaşı Sevda xanım Əlirza həbs olunduqdan sonra
oğlu Ömər və qızı Nərgizlə birlikdə Sümqayıtda valideynləri ilə yaşayır. Uşaqlar
birinci sinfə gedirlər.
Nərimanov rayonu 178 saylı
orta məktəbi bitirən Əlirza Naxçıvan Dövlət Universitetinə əsgəri xidmətini başa
vurub qayıdandan sonra daxil olub. Ancaq müharibəyə getdiyinə görə ali məktəbi
yarımçıq qoyub. Bacısı o günləri belə xatırlayır: "Ata-anamız bizi çox
vətənpərvər böyüdüblər. Əlirza həm də uşaqlıqdan hərbə çox meylli idi. O,
universitetdə qış sessiyasını başa vurub Bakıya tətilə gəlmişdi. Əlirzanın
Bakıya gəlişi Xəlil Rzanın oğlunun şəhid olduğu günə təsadüf etdi və Təbrizin
dəfnindən qayıdan Əlirza bildirdi ki, mən cəbhəyə gedirəm. Həmin vaxt Qarabağda
qızğın döyüşlər gedirdi. Və Təbrizin ölümündən çox sarsılmış Əlirza ali məktəbi
yarımçıq qoyub, könüllü müharibəyə getdi".
Əlirza atəşkəs
olana qədər müxtəlif cəbhələrdə vuruşub, dəfələrlə yaralanıb. Bacısının
söylədiyinə görə, bədənində hələ də qəlpə qırıqları var: "Bir dəfə Əlirza
müharibədən evə gələndə yaralı imiş, ancaq heç kəsə bildirmədən sakitcə
paltarını dəyişib getmişdi. Sonradan bacım onun gizlətdiyi paltarları tapıb
yuyanda görür ki, qan içindədir. Çox qorxmuşduq. Axtarıb Əlirzanı qospitalların
birində tapdıq. Sağ əlindən yaralanmışdı. Yaralanan əminin orta barmağı hələ də
tam qatlanmır, şikəstdir. Ancaq Əlirza bütün sənədlərdə sol əlindən
yaralandığını yazdırıb. Deyirdi, bilsələr sağ əlimdir, müharibəyə qoymayacaqlar.
Qospitaldan çıxıb yenə müharibəyə getdi. Bu cür vətənpərvər adamı terrorçuluqda
günahlandırırlar".
Mətanət xanım
bütün bunları yana-yana danışırdı. Göz yaşları yanağı boyu süzülür, tez-tez
qəhərdən boğazı tutulduğundan, dayanıb özünü ələ almağa çalışırdı.
Müharibədən
qayıtdıqdan bir il sonra 1994-cü ildə Əlirza ailə qurub və partizanlara qoşulana
qədər çox gözəl, mehriban yaşayıblar. Bacı bir qədər sakitləşəndən sonra yenə
danışmağa başlayır: "2001-ci ilin mart ayında anam rəhmətə getdi. Anamın qırxını
verəndən sonra Əlirza dedi ki, mən Rusiyaya işləməyə gedirəm. O gedəndən
təxminən yarım ay sonra Təhlükəsizlik Nazirliyindən zəng vurub Əlirzanın harada
olduğunu soruşdular. Biz də cavab verdik ki, Rusiyaya gedib. Yəni bildiyimiz bu
idi. 2002-ci ilin yanvar ayında televiziyadan Əlirzanın axtarışda olduğunu
eşitdik. Guya cinayət törədib qaçıb. Bundan bir neçə gün sonra yenidən
Təhlükəsizlik Nazirliyindən zəng vurub bildirdilər ki, qardaşınız həbsdədir.
Sən demə, həmin vaxt Əlirza artıq Bakıda imiş və axtarışda olduğunu bilərək özü
gedib demişdi ki, gəlmişəm, deyin görüm mənim günahım nədir? Onu tutub
saxlamışdılar. Məlum oldu ki, Əlirza bu müddət ərzində Gürcüstanda bir qrup
adamla hərbi təlim keçirmiş. Məhkəmə ona 3 il icbari iş kəsdi".
Üç il icbari iş
alandan sonra Əlirza ailəsinə qayıdıb. İcbari cəza çəkdiyinə görə, özünə yaxşı
iş tapa bilməyərək, fəhləlik edib ailəsini dolandırmağa başlayıb. Bacısının
dediyinə görə, onun Qarabağa getməyə hazırlaşdığını ailə də heç kim bilməyib.
Çünki bu çox gizli saxlanılırmış. Partizanların əksəriyyəti, o cümlədən
Əlirzanın qardaşı Firuz 2003-cü il, avqustun 13-də tutulsa da, Əlirza bir ay
sonra, sentyabrın 12-də, səhər işə gedərkən tutulub. 2004-cü ilin fevral ayında
Ağır Cinayətlərə Dair Məhkəmədə Əlirzanın qapalı məhkəməsi olub və o, dövlət
çevrilişinə, eləcə də metronu, Təhlükəsizlik Nazirliyini partlatmağa cəhd
göstərməkdə təqsirləndirilərək 14 il həbs cəzası alıb: "Əlirza kimi vətənpərvər
oğulu, təhsilini yarımçıq qoyub vətən uğrunda qanını tökmüş bir adamı, vətənini
partladıb dağıtmağa cəhd göstərməkdə günahlandırmaq olarmı? Qardaşımın Əmiraslan
adında bir dostu var idi. Gecə-gündüz onlardan çıxmır, bəzən 3-4 gün qardaşımın
evində qalırdı. Sən demə, KQB-nin işçisi imiş və məhkəmədə yalandan qardaşımın
üzünə durub şahidlik etmişdi".
Məhkəməsindən
bir az sonra Əlirza Apellyasiya məhkəməsinə müraciət etsə də, heç nə dəyişməyib.
Hazırda qardaşı üçün yeni vəkil tutduğunu söyləyən Mətanət xanım Əlirzanın
günahı olmadığına əmin olsa da, ondan incikdir: "Qardaşım Qarabağ uğrunda
vuruşub borcunu ödəmişdi. Dövlət bunun üçün ona nə qədr-qiymət qoyurdu ki, sonra
da partizan olmaq fikrinə düşdü? Məhkəmədə nə veteran olmasını, nə də iki körpə
uşağı olduğunu nəzərə almadılar".
Əlirzanın
qardaşı Firuz isə qanunsuz silah saxlamaq və dəstə yaratmaqda
təqsirləndirilərək 6 il həbs cəzası alıb. Həmişə böyük qardaşından ibrət
götürərək, ondan geri qalmamağa çalışan Firuz, hələ 9-cu sinifdə oxuyarkən yay
tətilində cəbhədə vuruşan Əlirzanın yanına gedib, odlu-alovlu döyüşlərin şahidi
olub.
Mətanət xanım
qardaşı Firuzdan danışan zaman mənə bir qəzet səhifəsi də göstərdi. Bu, "Zaman"
qəzetinin 1993-cü il 12-18 avqust tarixindəki buraxılışından kseroks edilmiş
"Biz də döyüşürük" məqaləsi idi. Firuza və onun kimi məktəbli Zamin adlı gənc
döyüşçülərə həsr olunmuş məqalədə onların əllərində avtomat birlikdə
çəkdirdikləri şəkil də verilmişdi. Hər iki yeniyetmə müxbirin suallarını
qürurla cavablandıraraq, döyüşlərə həmişə hazır olduqlarını bildiriblər.
Uşaqların yeganə narazılıqları o olub ki, hər cür silahdan istifadə etməklərinə,
özlərinin avtomatları olmasına baxmayaraq, onları kəşfiyyata və digər çətin
işlərə göndərmirlər. Məktəbli ikən iki ilə yaxın müxtəlif cəbhə bölgələrində
olmuş, hərbi təlimlər keçərək, necə deyərlər, "kişilik məktəbi"ndə bişib
yetişmiş bir gənc təbii ki, partizan qrupu yaradıldıqda da böyük qardaşından
geri qalmazdı. Orta məktəbi bitirdikdən sonra Müstəqil Azərbaycan
Universitetinin tibb fakültəsinə daxil olan Firuz IV kursda təhsilini yarımçıq
qoyub, evdə heç nə demədən yoldaşlarıyla birlikdə Gürcüstana hərbi təlim
keçməyə getmişdi. 2002-ci ilin əvvəllərində qardaşı Əlirza Bakıda həbs
olunduqdan sonra Firuz da Tiflisdə həbs olunub. Mətanət xanımın dediyinə görə,
Firuzu Azərbaycana təhvil veriblər və burada məhkəmə ona 4 il icbari iş kəsib.
2003-cü il avqustun 13-də isə Firuz digər partizan yoldaşlarıyla birlikdə
yenidən həbs olunub və artıq yuxarıda qeyd etdiyimiz səbəblərə görə, 6 il həbs
cəzası alıb. Qeyd edək ki, Firuz həbs olunan zaman qardaşı Əlirzanın 3 yaşlı
oğlu Ömər də onunla olub. Kiçik Ömər də bir gecə "həbsdə" qalandan sonra, səhəri
gün evə zəng edib uşağı gəlib aparmalarını bildiriblər. Firuzun işinə də Ağır
Cinayətlərə Dair Məhkəmədə baxılıb. Ancaq Əlirzadan fərqli olaraq, onun
məhkəməsi açıq keçib. Bacısı Firuzun məhkəmədə dediyi sözləri ağlaya-ağlaya
danışdı: "Firuz məhkəmədə dedi ki, əgər vətənpərvər olmaq cinayətdirsə, gərək
bizimlə birlikdə valideynləri də, müəllimləri də həbs edəsiniz. Çünki vətəni
sevməyi, vətənpərvər olmağı onlar bizə öyrədiblər".
Bacılar ayda iki
dəfə həbsxanaya Firuzun görüşünə gedirlər. Əlirzanın isə "cinayəti daha ağır
olduğuna" görə onunla ayda bir dəfə görüşmək mümkündür.
Mən gəncləri bu
qardaşların, eləcə də digər partizan yoldaşlarının başlarına gələn qəzadan
deyil, onların qeyrətindən, vətənpərvərliyindən ibrət almağa çağırıram. Necə
deyərlər, "uğrunda ölən yoxdursa, vətən, vətən deyil". Ancaq biz gənclər
qarşımıza məqsəd kimi ölməyi deyil, torpaqlarımız uğrunda vuruşub, Azərbaycanı
yenidən bütövləşdirməyi qoymalıyıq.
Orxan
|