|
Azad Qarabağ - 3-cü səhifə
Gürcüstandakı hadisələrə münasibət
QAT Gürcüstandakı azərbaycanlılara qarşı təzyiqləri pisləyən
bəyanat qəbul etmişdir. Bəyanatda bildirilir:
Son
vaxtlar Gürcüstanda yaşayan azərbaycanlılara, Borçalı əhalisinə qarşı təzyiq və
təqib kampaniyası ciddi şəkildə güclənmişdir. Gürcüstan hakimiyyət
nümayəndələrinin birbaşa iştirakı ilə azərbaycanlıların öz yurdlarından,
torpaqlarından çıxarılmasına cəhdlər göstərilir. Bəzi məlumatlara görə, bu
proseslər erməni əsilli gürcülər tərəfindən həyata keçirilir. Müxtəlif
vasitələrlə, pulla, şantajla azərbaycanlılara məxsus torpaq sahələri ələ
keçirilir, onlara isə torpaq payları verməkdən imtina edirlər. Etiraz etmək
istəyən azərbaycanlılara qarşı qəddar cəza tədbirləri görülür, həbsxanalara
atılırlar. Son hadisələr zamanı 14 azərbaycanlı həbs edilmişdir. Üstəlik gürcü
hüquq-mühafizə orqanlarının əməkdaşları yerdə qalanların da siyahısının
tutulduğunu və axtarıldıqlarını bildirirlər. Açıq-aydın hiss olunur ki,
Gürcüstan hakimiyyəti azərbaycanlıları həbs etməklə, onları daim tutulmaq
qorxusu altında saxlamaqla öz məqsədinə nail olmağa, onların haqq səsini boğmağa
çalışırlar. Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, Gürcüstan hakimiyyəti bu
hərəkətləri ilə azərbaycanlıları tam torpaqsız qoymaq, sonra isə ölkədən
tamamilə çıxarmaq məqsədi güdür. Ermənistan hakimiyyətinin qərbi
azərbaycanlılara qarşı etdiklərini indi Gürcüstan borçalıların başına gətirmək
istəyir. Bu rüsvayçı və qəddar siyasətin qarşısı alınmalıdır.
QAT
Azərbaycan hökumətindən borçalıların taleyi ilə bağlı dərhal tədbirlər
görməsini, Gürcüstan hakimiyyətinin bu yanlış siyasətinin qarşısının alınması
üçün addımlar atmasını tələb edir. Gürcüstan hakimiyyətinin bu hərəkətləri
Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə vurur. Gürcüstan hakimiyyəti bu
antiazərbaycan mövqeyindən geri çəkilməsə, Azərbaycanla Gürcüstan arasında
indiki xoş münasibətlərin saxlanılmasına heç bir ehtiyac qalmayacaqdır. QAT bu
münasibətlərin pozulması üçün öz imkanları daxilində konkret addımlar atacaqdır.
Atəşkəs döyüşləri
Az.İnfo.Büro:
Fevralın 25-də erməni silahlı qüvvələri işğal altında olan Ağdam rayonunun
Yusifcanlı kəndindən ordumuzun Çəmənli kəndindəki mövqelərini gün ərzində iki
dəfə atəşə tutdular. Cavab atəşiylə düşmən tərəf susdurulub. İtki yoxdur.
Fevralın 27-də yenə də cəbhənin Ağdam istiqamətində erməni silahlı qüvvələri
Ağdamın Başqərvənd kəndindən ordumuzun Çıraqlı kəndindəki mövqelərini avtomat və
pulemyotlardan atəşə tutub. Cavab atəşiylə düşmən susduruldu. Elə həmin gün
yenidən Ağdamın Gülçülük sovxozundan ordumuzun Sarcalı kəndindəki mövqeləri
atəşə tutuldu. Düşmən cavab atəşiylə susduruldu. İtki yoxdur.
Fevralın 28-də erməni silahlı qüvvələri Tərtər rayon işğal altında olan Qırmızı
kənd istiqamətindəki mövqelərindən Tərtərin Qapanlı kəndindəki mal-qara otaran
sakinlərini snayperlərdən atəşə tutdular. İtki yoxdur.
Martın 1-də saat 1.30 radələrində Ermənistan silahlı qüvvələri İcevan rayonu
istiqamətindən ordumuzun Qazax rayonunun Qızıl-Hacılı kəndindəki mövqelərini
atəşə tutdular. Cavab atəşiylə düşmən susdurulub. İtki yoxdur.
Arm.İnfo.Büro:
Fevralın 22-də saat 13.00-da Azərbaycan tərəfindən atəş nəticəsində Noembryan
rayonunun Baqanis kəndinin sakini Armen Karapetyan güllə yarası almışdır. Həmin
gün saat 18.50-də Movses kəndinin ətrafı da atəşə tutulmuşdur.
Qarabağ münaqişəsinə yeni yanaşma tərzi
ATƏT-in Dağlıq Qarabağ
üzrə nümayəndəsi Heykki Talvitie öz müvəqqəti postunu tərk edərkən, münaqişənin
həllinə "yeni formada yanaşmaq" fikrini irəli sürmüşdür. Lakin o, bu "forma"nın
məhz hansı şəkildə olması barədə bir söz deməmişdir. Düşünmək olar ki, bu tezis
H.Talvitienin öz beyninin məhsulu yox, onun təmsil etdiyi təşkilatın ən azı ATƏT
dəhlizlərində gedən fərdi müzakirələrin ümumi yekununun prelüdüdür. "Sülh"
danışıqlarının Ki-Uest və Praqa danışıqlarından sonra Rambuyedə keçirilən 3-cü
cəhdinin də boşa çıxmasından dərhal sonra Minsk qrupuna daxil olan siyasi
"yengələr" qısa bir müddət ərzində müzakirələrin növbəti gedişatını
müəyyənləşdirmək üçün Vaşinqtona yığışacaqlar. Uzun illərin təcrübəsi sübut
edir ki, bu məsləhətlərdən məzmunca yeni nəsə gözləmək sadəlövhlükdür. Bu
məqamda hadisələrin gözlənilməz gedişatı da bunu göstərir: V.Putinin Ermənistan
prezidenti Koçaryanı Moskvaya çağırmaq vədi və bundan bir gün öncə ABŞ-lı
"yengə" Stiven Mənnin "2006-cı ildə razılaşma əldə olunması, bu faciə ilə
nəticələnəcəkdir" hipotezi ilə Azərbaycanı hədələməsi Vaşinqtonda başlanacaq
məsləhətləşmələri bəri başdan sıfra endirir.
Açıq-aydın görünür ki, imkanlar limiti tükənib və Azərbaycan üçbucaqlı (Rusiya,
ABŞ, Aİ) od arasında çırpınır. Rusiya və ABŞ-ın mövqeyi nə qədər açıqdırsa,
qılaflı Avropa Birliyinin mövqeyi bir o qədər sürüşkəndir. Avropa İttifaqı
nəinki Azərbaycana qarşı, hətta öz kampanyonlarına münasibətdə də ikili
standartlar tətbiq etdiyindən, əksər vaxt öz-özünü təkzib edir və mat
vəziyyətində qalır. Bəs bu nə vaxta qədər davam edə bilər? Birinci variant:
Azərbaycan iqtidarı diz çökənə qədər; ikinci variant - Azərbaycan xalqı ayağa
qalxana qədər.
Bu
vaxtadək "minskli yengələr" birinci variant üzrə çalışıblar və bu variantdan əl
çəkmək fikrində deyillər. Niyə? Ona görə ki, apardıqları "ikili standart"
xarakterli siyasətlərinə haqq qazandırmaq və regionda mövqelərini
möhkəmləndirmək üçün. Və bu siyasətin çanağı əvvəl-axır Azərbaycan iqtidarının
başında sınacaqdır.
Təsəvvür edək ki,
İqtidar Qərbin və Rusiyanın təzyiqləri qarşısında diz çökərək, separatçı "sülh"
müqaviləsinə imza atır. Bundan sonra, elə həmin Qərb və Rusiya indiki
hakimiyyətin müdafiəsində maraqlı olacaqmı? Qətiyyən! Əksinə, separatizmin
bütün çirkinliklərini iqtidarın üzərinə atıb, onun dəyişdirilməsinə
çalışacaqdır. Bu, onlara dünyadakı "demokratiklik, ədalətlilik" imiclərini və
"fövqəldövlətçilik" prinsiplərini mühafizə etmək üçün lazımdır. Bəs bunun əksi
baş verən halda nə gözləmək olar? Yeni Azərbaycan iqtidarı "iki ayağını bir
başmağa dirəyib" "yengələr"in təklif etdikləri bütün birtərəfli planları (gün
kimi aydındır ki, bunlar ermənilərin xeyrinə çalışırlar) rədd etsə necə? Yenə də
eyni ssenari -hakimiyyətin dəyişdirilməsi məsələsi gündəliyə çıxarılacaqdır. Və
"yengədaşlıq" edən dövlətlərin həmrəy olacaqlarına şübhə yoxdur. Demək,
hadisələrin inkişafının təhlili zamanı belə bir məntiqi nəticə ortaya çıxır ki,
ola bilsin yaxın gələcəkdə Minsk qrupu ölkələrinin Azərbaycan iqtidarına
münasibətində ciddi dəyişikliklər baş versin. Baş verə biləcək ehtimalı bu gün
zəif "görünən" ikinci variantın həyata keçəcəyi təqdirdə bizi nə gözləyir:
yoxsulluq içərisində yaşasa da vətən məhəbbətindən usanmayan, "Ya Qarabağ, ya
ölüm" nidası ilə çağlayan xalq yalan vədlərdən təntiyərək ayağa qalxır! Belə
olan təqdirdə, daim əzab çəkən, itirəcəyi zillətdən başqa heç nəyi olmayan
xalqın kükrəyən qəzəbini iqtidar çətin ki, idarə etsin. Həm də nəinki idarə edə
bilməyəcək, çox güman ki, bu qəzəbin qurbanı olacaq. Ən qorxulusu isə, idarə
olunmayan qüvvənin mənasız dağıntılar törətmək "bacarığıdır".
Dağlıq Qarabağ
münaqişəsinin həlli yolunda bu mümkün gedişatı və dünya siyasətində millətçi
ekstremizm meyllərinin artması, habelə, əhalinin yarısı etnik azərbaycanlı olan
qonşu İran dövlətinin sistemsiz, ikibaşlı və mürtəce siyasət yürütməsi,
Azərbaycanda ictimai-siyasi vəziyyətin get-gedə gərginləşməsi qənaətini
yaradır. Siyasi görüşlərin resurslarının tükənərək mənasız "siyasi get-gəl"ə
çevrildiyi indiki şəraitdə yeganə çıxış yolu daim zəngin potensiala malik xalqın
özünün siyasi fəallığının artırılmasıdır. Xalqdan üz çevirmiş iqtidarın, üzünü
xalqa çevirməsi, əslində öz siyasətində neftlə, pulla alınan xarici dəstəyi yox,
xalqa arxalanmasıdır. İlk növbədə H.Talvitie demişkən, Dağlıq Qarabağ
münaqişəsinin həllinə yeni yanaşma nümayiş etdirilməlidir.
Birinci addım,
çoxdan öz absurdluğunu sübut etmiş Minsk qrupundan imtina etməkdir. Özü də bu
qrup Azərbaycanın siyasi orbitinə zorla gəlsə də, Azərbaycan ondan demokratik
yolla, yeni müvafiq referendum keçirməklə imtina etməlidir. İkinci addım
Ermənistanı sülh danışıqları stoluna çağırmaq olmalıdır. Əgər Ermənistan bundan
boyun qaçırsa və ya ədalətli sülhə qol qoymasa, üçüncü addım olaraq, müharibəyə
tam hazır vəziyyətdə İran və Ermənistan əraziləri boyunca sərhəd xətti ilə yürüş
edib, ərazimizin təhlükəsizliyini təmin etmək üçün sərhədlərimiz boyunca
Azərbaycan qoşunları yerləşdirilməlidir. Əsas Azərbaycan Konstitusiyasının
müvafiq maddəsi və BMT-nin müvafiq qətnamələridir. Təbii ki, qarşı tərəf atəş
açarsa, buna atəşlə cavab verilməlidir. Bu gün artıq Azərbaycan Milli Ordusu
düşmənə lazımi cavab verməyə hazırdır. Belə olan halda xarici müdaxilədən
çəkinmək gərəksizdir. Çünki nə Rusiya, nə ABŞ, nə də Aİ bu gərgin ocaqda
(Qafqazda) müharibə aparmaq arzusunda olacaqdır. Çünki bu münaqişəyə üçüncü
qüvvənin qoşulması, Dünya müharibəsinə səbəb olacaqdır ki, indi buna kimsənin nə
həvəsi, nə də ehtiyacı vardır. Neft boru kəmərindən də ehtiyat etməyinə dəyməz.
Kim boru kəmərlərini müharibənin olmamasının qarantı hesab edirsə, səhv edir.
Azərbaycan öz siyasətində hücum mövqeyi tutarsa, neft kəməri onun qələbəsinə
təminat olacaqdır və bu, iqtidarın iradəsindən asılı olacaqdır.
Tural Bəyli,
Fransa
|