Bu gün: 19 İyul 2008, Şənbə

 

 
 
 

 

Azad Qarabağ - 4-cü səhifə

Hər bir vətəndaşın dövlət qarşısında öz hüquqlarını tələb etməyə haqqı var

 Eyvaz Borçalı: "Azərbaycanlılar gürcü dövlətinə sadiqdirlər, heç vaxt separatçılıq mövqeyindən çıxış etməyiblər"

 Gürcüstanda yaşayan soydaşlarımızın vəziyyəti bizi narahat etməyə bilməz. Seçkiqabağı prezident Saakaşvilinin Borçalı azərbaycanlılarına verdiyi vədlərə əməl etməməsi və onların problemlərinə laqeyd yanaşması soydaşlarımızın vəziyətini daha da ağırlaşdırıb. Xüsusilə son günlər Gürcüstanda baş verən proseslər orada Ermənistan hadisələrinin təkrar olunmasına qətirib çıxara bilər. Bu isə yolverilməzdir. Borçalıları narahat edən əsas problemlər və onların yaranma səbəbləri barədə həmin problemlərin aradan qaldırılması uğrunda mübarizə aparan "Borçalı" cəmiyyətinin sədri, tanınmış ziyalı Eyvaz Borçalı ilə söhbətləşdik.

- Eyvaz müəllim, Gürcüstanda yaşayan soydaşlarımızı əsasən hansı problemlər narahat edir?

- Gürcüstanda yaşayan soydaşlarımızın bugünkü əsas problemləri - torpaq, təhsil, dil və  kadr problemləridir. Və təbii ki, ümumən bütün bölgəyə aid olan sosial problemlərlə onlar da üzləşirlər. Soydaşlarımızın sosial problemlərinin üzərinə sadaladığım problemlər daha da ağırlıq gətirdiyinə görə, onların bəziləri yurd-yuvasını tərk etmək məcburiyyətində qalır.

- Sizin fikrinizcə, bütün bu problemlərin kökündə nə dayanır? Nə üçün bu problemlərlə Gürcüstanda yaşayan digər qeyri-gürcü millətlər deyil, məhz azərbaycanlılar üzləşirlər?

- Başqa qeyri gürcü millətlərin bu problemlərlə qarşılaşmamasının səbəbi çox dərindir. Əvvəla, burada münasibət məsələsi var. Gürcüstanda azərbaycanlılar kimi ermənilər  də kompakt halda yaşayırlar. Ancaq onlar daha mübarizdirlər və gürcülərə qarşı separatçılıq  da edirlər. Nəyə görəsə, Gürcüstan hakimiyyətinin onlara münasibəti Borçalı azərbaycanlılarına olan münasibətdən fərqlənir, azərbaycanlılara ikili standartdan yanaşırlar. Görünür, bunun dini əsasları da var.

- Soydaşlarımızın hüquqi savadsızlıqları, yəni onların öz hüquqlarını bilməməsi üzündən haqqlarını tələb edə bilməmələri bütün bunlara təsir edirmi?

- Düşünürəm ki, onların hüquqi cəhətdən nisbətən savadsız olmalarının səbəbkarı da elə hakimiyyətin özüdür. Niyə? Çünki Gürcüstanda qəbul edilən qanunlar Azərbaycan dilinə çevrilib azərbaycanlılar arasında paylanmır. Azərbaycanlılar bu qanunlardan xəbərsiz olduqlarına görə, haqqlarını da tələb edə bilmirlər. Təbii ki, bilsəydilər, hər kəs qanun əsasında haqqını tələb edərdi. Bu da mənə elə gəlir ki, düşünülmüş bir siyasətdir və burada olan qərəzçilik açıq-aydın hiss olunur. Dövlətin borcudur ki, qanunlarını vətəndaşlarının başa düşəcəyi dildə onların nəzərinə çatdırsın.

- Hansı qərəzdən danışırsınız? Axı, yaxın tarixdə gürcülərlə azərbaycanlılar arasında elə bir ciddi qarşıdurma olmayıb. Ermənilər olsaydı, bu başqa məsələ. Yeri gəlmişkən,  Gürcüstanda yaşayan ermənilər borçalıların üzləşdikləri problemlərdə nə kimi rol oynayırlar?

- Mən o qərəzdən danışıram ki, Gürcüstanda mövcud olan bir sıra şovinist qruplar, hansı ki, onların əksəriyyətini də gürcü familiyası götürmüş ermənilər təşkil edir, bilərəkdən yaranmış vəziyyətdən istifadə edirlər. Bu qərəzçilik, məhz erməni-türk münasibətindən gələn bir şeydir, yəni qərəzi yaradan familiyasını dəyişib gürcüləşmiş ermənilərdir. Onlar azərbaycanlılar yaşayan bölgədə "at oynadırlar" və hiyləgərcəsinə, məkrlə öz siyasətlərini yeridirlər. Təəssüflər olsun ki, Gürcüstan hakimiyyəti buna lazımi diqqət yetirmir.

- Belə çıxır ki, Gürcüstan dövlətinin şovinist siyasəti ancaq azərbaycanlılara qarşı yönəlib.

- Dövlətin şovinist siyasəti olduğunu deyə bilmərəm. Dövlətlə hakimiyyəti qarışdırmaq olmaz. Azərbaycanlılar gürcü dövlətinə sadiqdirlər, heç vaxt separatçılıq mövqeyindən çıxış etməyiblər. Gürcüstan dövlətinin və onun torpaqlarının bölünməzliyinin tərəfdarıdırlar. Baş verən hadisələri bəzi dairələr qızışdırıb, azərbaycanlıları gürcülərə qarşı qələmə verirlər, amma əslində, bu, gürcülərə deyil, hakimiyyətdə təmsil olunan şovinist məmurlara qarşıdır.

- Sizcə, yaranmış problemləri necə aradan qaldırmaq olar? Nə etmək lazımdır ki, Ermənistan, Qarabağ hadisələri Gürcüstanda təkrar olunmasın?

- Bu problemlərin aradan qaldırılması üçün ilk növbədə Borçalı problemləriylə məşğul olan ictimai-siyasi təşkilatlar öz fəallıqlarını artırmalıdırlar. Eyni zamanda, Azərbaycan dövləti də bu istiqamətdə ciddi fəaliyyət göstərməli, siyasi konsepsiya yaradaraq, o konsepsiya üzrə hərəkət etməlidir. Bütün təşkilatlar bu işdə dövlətin yardımçısı olmalıdır. Heç vaxt imkan vermək olmaz ki, Azərbaycan və Gürcüstan dövlətləri arasında bu səbəbdən qarşıdurma yaransın. Biz kökündən bunun əleyhinəyik.  Bütün bunlarla yanaşı, Ermənistan, Qarabağ hadisələrinin Gürcüstanda təkrar olunmaması üçün, mütləq soydaşlarımızın özlərinin də fəallaşması gərəkdir.

- Bilirsiniz ki, Saakaşvilinin seçkiqabağı apardığı təbliğat nəticəsində borçalıların əksəriyyəti ona səs verdi. Ancaq Saakaşvili azərbaycanlılara verdiyi vədlərə əməl etmədi. Nə üçün? Yalan vədlər verərək, bilərəkdənmi onlara əməl etmədi?

- Bilirsiniz, seçkiqabağı təbliğatla sonrakı fəaliyyət uyğun gəlmir. Bu təbii haldır. Seçkilərdə hər bir şəxs səs toplamaq üçün çoxlu vəd verir. Təəssüflər olsun ki, Saakaşviliylə bağlı da belə bir şey oldu. O seçkiqabağı etiraf etmişdi ki, Gürcüstanda yaşayan azərbaycanlıların çoxlu problemləri var. Saakaşvili bu problemləri həll etməyə söz versə də, vədinə əməl etmədi, hər şey olduğu kimi qalır. Ancaq mən qətiyyətlə deyə bilmərəm ki, bunu bilərəkdən edir və düşünülmüş siyasətdir. Fakt budur ki, belə bir siyasət, belə bir hərəkat və fəaliyyət var. Bu da çox acınacaqlıdır və hamımızı kədərləndirir. Ona görə də biz mübarizə  aparırıq.

- Gürcüstanda yaşayan azərbaycanlılar konkret olaraq, Saakaşvilinin qarşısında hər hansı tələblə çıxış etməlidirmi?

- Gürcüstan azərbaycanlıları, yəni borçalılar Gürcüstanın vətəndaşlarıdır və hər bir vətəndaşın da dövlət qarşısında öz hüquqlarını tələb etməyə haqqı var.

- Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza  kömək məqsədilə hansı addımları atmalıdır? Bu məsələnin həllində Azərbaycanın Gürcüstandakı səfirliyinin üzərinə nə düşür? Onların hər hansı problemi yerindəcə həll etməyə hüquqları çatırmı?

- Mənə bəllidir ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti barədə müəyyən dərəcədə qayğılanır. Bildiyimə görə, hətta komissiya yaradılıb və bu işçi qrupu həmin problemləri öyrənərək, Gürcüstan dövləti ilə birlikdə həll etməyə çalışır. Mən də bir Borçalı övladı olaraq bu cəhəti alqışlayıram. Ancaq bu nə dərəcədə həyata keçəcək, onu gələcək göstərəcək.

Azərbaycanın Gürcüstandakı səfirliyi dünyanın başqa ölkələrindəki səfirliklərindən öz  statusuna görə xeyli dərəcədə fərqlənməlidir. Nəyə görə? Çünki başqa dövlətlərdə olan səfirlərimiz Azərbaycan dövlətinin siyasətini müdafiə edərək, onu yeritməlidir.  Gürcüstandakı səfirliyimiz həm Azərbaycan dövlətinin siyasətini yeritməlidir, həm də Gürcüstanda yaşayan yerli azərbaycanlıların hüquqlarının müdafiə olunmasında yaxından  iştirak etməlidir.

- Eyvaz müəllim, bilirsiniz ki, İqor Qeorqadze ilə Aslan Abaşidze Saakaşvili hakimiyyətinə qarşı birləşiblər. Bu il Saakaşvili hakimiyyətinin sonu da ola bilər. Hakimiyyətə gələcəkləri təqdirdə, Gürcüstandakı soydaşlarımız üçün siz onların hansını daha münasib bilirsiniz?

- Mən özüm əslən Gürcüstandan olsam da, Azərbaycan vətəndaşı olduğuma görə, bunu Gürcüstanın daxili işi hesab edirəm. Gürcüstanın daxili dövlət işlərinə münasibət bildirmək istəmirəm. Dolayısıyla onu deyə bilərəm ki, hakimiyyətə gələn hər hansı qüvvə orada yaşayan azərbaycanlıların problemlərini həll edəcəksə, biz onları müdafiə edəcəyik.

- Sonda bir daha bu məsələnin  üzərinə qayıtmaq istəyirəm. Problemlərin həlli daha çox kimin üzərinə düşür - soydaşlarımızın, yoxsa hakimiyyətin?

- Hər kəsin üzərinə kifayət qədər düşür. Camaatın fəallığı da lazımdır, dövlətin münasibəti də. Bunları bir-birindən ayırmaq olmaz.

Nüşabə Səməndər


BMT Nizamnaməsi və güc tətbiqi

Hüquqi sənədlər arasında qüvvə tətbiqi mövzusundakı ən sərt və ciddisi BMT Nizamnaməsi olmuşdur. İkinci Dünya Müharibəsindən sonra, 1945-ci ildə qəbul edilən BMT Nizamnaməsi ilə məqsəd dövlətlərin və millətlərin sülh və təhlükəsizlik içərisində yaşamaqlarını təminat altına almaq idi. Çünki   təxminən yarım əsr ərzində dünya  iki böyük müharibəyə şahid olmuş və bu müharibələrin dünyanın demək olar ki, bütün dövlətlərinə müxtəlif  şəkillərdə mənfi təsiri olmuşdu. BMT Nizamnaməsinə qədər mövcud olan beynəlxalq sənədlər İkinci Dünya Müharibəsinin qarşısını ala bilməmişdi. Buna görə də, beynəlxalq sülhün və təhlükəsizliyin təmini üçün, yəni hüquqi sənədlərin qəbul edilməsi vacib hala gəlmişdi.

Qeyd etdiyimiz fikirlər BMT Nizamnaməsinin giriş qismində də öz əksini tapmışdır. Nizamnamənin 1-ci və 2-ci maddələrində BMT-nin məqsəd və prinsipləri əks olunmuşdur. 2-ci maddənin 3-cü bəndində bütün üzvlərin beynəlxalq münaqişələrini, beynəlxalq sülhə, təhlükəsizliyə və ədalət prinsiplərinə zərər vermədən, sülh metodları ilə həll edəcəkləri qeyd edilmişdir. Qüvvə tətbiqinin əsaslarına aid olan 2-ci maddənin 4-cü bəndi isə, bütün üzvlərin, beynəlxalq münasibətlərdə həm digər dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı, həm də BMT-nin məqsədlərinə uyğun  olmayacaq şəkildə qüvvə tətbiqi ilə qorxutmalarını və birbaşa qüvvə tətbiq etmələrini qadağan edir.

BMT Nizamnaməsindəki bu əsaslar, xüsusilə də 2-ci maddənin 4-cü bəndi dövlətlərin beynəlxalq münasibətlərdə qüvvə tətbiqi metoduna müraciət etmələrini açıqca qadağan edir. Bu qadağanın sərhədləri və çərçivəsi ilə əlaqədar müxtəlif mübahisələr yaşanır. Bəzi araşdırmaçılara görə, BMT-nin məqsədlərinin başında "Beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və bu məqsədlə: Sülhə istiqamətlənmiş təhlükələrin qarşısını almaq və bu təhlükələri ortadan qaldırmaq, sülh vəziyyətinin hücum və yaxud da başqa yollarla ortadan qaldırılması hərəkətlərinə mane olmaq; sülh vəziyyətinin ortadan qaldırılmasına səbəb ola biləcək mahiyyətdəki beynəlxalq münaqişələrin həllinin sülh metodları ilə, beynəlxalq hüququn təməl prinsiplərinə və  ədalət prinsiplərinə uyğun şəkildə həyata keçirilməsi" gəldiyinə görə, qüvvə tətbiqi qadağası mütləq bir qadağadır və istisnaları ola bilməz.

Digər bir qrup araşdırmaçıya görə isə, qüvvə tətbiqi qadağasına dair bu məhdud çərçivəli izah, dövlətləri mövcud haqsızlıqlara və hüquqa zidd hərəkətlərə qarşı qeyri-müəyyən müddət boyunca dözmək məcburiyyətində qoya bilər. BMT Nizamnaməsinə görə, beynəlxalq hüquqa hörmət, ədalət, sərhədlərin qüvvə tətbiqi yoluyla dəyişdirilə bilməməsi və digər bir çox prinsipin açıqca ayaqlar altına alındığı vaxtlarda, hüququ  çeynənən dövlətin bu duruma razı olmasını gözləmək, bu prinsiplərin varlığını, dolayısıyla BMT Nizamnaməsinin varlığını sual altında qoymaqdır.

BMT Müqaviləsində qüvvə tətbiqi və zəruri müdafiə mövzusuyla əlaqədar digər bir maddə olan 51-ci maddədə bu hökmlərə yer verilmişdir.

"Bu Müqavilənin heç bir hökmü, Birləşmiş Millətlər Təşkilatı üzvlərindən birinin silahlı bir hücuma məruz qaldığı vaxt, Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün lazımi tədbirləri görənə qədər, bu üzvün təbii olan fərdi, ya da ümumi zəruri müdafiə tədbirləri hüququna xələl gətirə bilməz. Üzvlərin bu zəruri müdafiə hüququndan istifadə edərkən gördükləri tədbirlər təcili olaraq Təhlükəsizlik  Şurasına bildirilməlidir və bu tədbirlər Şuranın bu Müqaviləyə görə beynəlxalq sülh və təhlükəsizliyin qorunması və yaxud yenidən təsis edilməsi üçün lazım görəcəyi şəkildə hər an hərəkət etmək səlahiyyət və vəzifəsinə heç bir şəkildə təsir etməz".

Burada açıqca göründüyü kimi, BMT Nizamnaməsi qüvvə tətbiqi mövzusunda ümumi bir qadağan gətirmiş, fəqət, Nizamnamə çərçivəsində buna istisna təşkil edən hallar da nəzərdə tutulmuşdur.

Qüvvə tətbiqi qadağasının BMT Müqaviləsi ilə gətirilmiş olan dörd istisnası vardır (tədqiqatçıların çoxuna görə):

1. Təhlükəsizlik Şurası qurulana qədərki istisnalar;

2. İkinci Dünya Müharibəsində düşmən qəbul edilən dövlətlərə qarşı tətbiq ediləcək addımlar;

3. Zəruri Müdafiə;

4. Təhlükəsizlik Şurası qərarıyla tətbiq olunan məcburi tədbirlər (bəzi tədqiqatçılar bu tədbirləri istisnalardan biri kimi yox, Təhlükəsizlik Şurasının normal hüququ kimi qəbul edirlər).

Bunlardan ilk ikisi heç istifadə edilməmiş olan istisnalardır və bundan sonra istifadə ediləcəklərinə də ehtimal verilmir. Zəruri müdafiə və Təhlükəsizlik Şurası qərarıyla tətbiq olunan məcburi tədbirlər isə çox az da olsa tətbiq edilmiş olan və tətbiqi bu gün də davam edən istisnalardır.

Zəruri müdafiə hüququ tarix boyunca heç bir vaxt qadağan edilməmiş haqq olub, BMT Müqaviləsində də bu vəziyyət davam etmişdir. Sadəcə olaraq, bəzi addımlar atılaraq bu hüququn hüquqi sərhədləri və şərtləri müəyyən edilmişdir. Zəruri müdafiə hüququnun şərtləri ümumi olaraq belə sadalana bilər:

  • Silahlı hücuma məruz qalmaq;

  • Təhlükəsizlik Şurasına məlumat vermək və onun məsələyə dair konkret tədbirlər planı qəbul etməsindən sonra zəruri müdafiə hüququndan istifadəni dayandırmaq;

  • Nisbilik;

  • Zaman bağı.

Silahlı hücuma məruz qalmaq: Zəruri müdafiə mütləq daha əvvəl baş vermiş bir hücum aləminə qarşı həyata keçirilməlidir. BMT Nizamnaməsinin 51-ci maddəsində də müəyyən edildiyi kimi, bu hüququn ortaya çıxması üçün mütləq bir dövlət silahlı hücuma məruz qalmalıdır. O da var ki, silahlı hücumun nə olduğu mövzusunda, BMT Nizamnaməsinin heç bir yerində dəqiq bir izahat verilməyib. Hətta, bu mövzudakı problemləri ortadan qaldırmaq məqsədilə alınan 3314 nömrəli 14 dekabr 1974-cü il tarixli Hücumun Mahiyyətinin Müəyyən Edilməsi Haqqında Baş Məclis Qərarında da, bu mövzuya tam mənasıyla açıqlıq gətirilməyib. Çünki bu qərarda, birbaşa silahlı hücumun deyil, ümumi olaraq hücumun tərifi verilmişdir. Bunlarla bərabər, irəlidə üzərində daha geniş olaraq duracağımız çərçivədə silahlı hücumun gerçəkləşmiş olması, dövlətə, ya da dövlətlərə zəruri müdafiə hüququ verir. Burada gücə ilk müraciət edən dövlət işğalçı olur və bu fakt ikinci tərəfə zəruri müdafiə hüququ verir. Bu mövzuda da bəzən problemlər olur. Kimin ilk öncə güc tətbiq etdiyi məsələsinin müəyyənləşdirilməsi asan deyil. Fəqət, bu məsələnin mübahisəli olduğu vəziyyətlərdə, əlaqədar beynəlxalq quruluşların araşdırmaları nəticəsində lazımi qərarlar alına bilər. Məhz, mövzuya aid çoxlu mübahisəli məsələ Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) tərəfindən açıqlığa qovuşdurulmuşdur.

Araz Aslanlı
Türkiyə

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 3 4 5 ... 16

Sənədin sonuncu korrektə tarixi: 3/3/2006 - 17:49:22
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.013845