Bu gün: 20 İyul 2008, Bazar

 

 
 
 

 

Azad Qarabağ - 5-cü səhifə

Qarabağ veteranları ögey münasibətdən gileylənirlər

"Belə yaşamaqdansa" rubrikası bu dəfə öz qəhrəmanlarını Bakı Dövlət Universitetinin (BDU) 5 saylı yataqxanasında axtardı. Yataqxananın həyətində rastlaşdığımız oğlandan burada yaşayıb-yaşamamasını soruşduq. Müsbət cavab aldıqda, özümüzü təqdim edib, bizə bələdçilik etməsini xahiş edərək, əvvəlcə komendant və burada yaşayan Qarabağ müharibəsi veteranları ilə maraqlandıq. O, komendantın hazırda burada olmadığını deyərək, bizdən bir az aralı dayanmış ortayaşlı, arıq bir kişini göstərdi:

"Baxın, bu kişi Qarabağ müharibəsi veteranıdır, onunla danışa bilərsiniz". Ancaq kişi "mən veteran deyiləm"- deyə söhbətdən boyun qaçırdı. Yazımın əvvəlində bunu qeyd etməkdə məqsədim var, çünki hələlik danışmaq istəməyən və bunun üçün müəyyən əsasları olan kişi sonradan dərdini bizimlə bölüşmək məcburiyyətində qalacaq. "Bələdçi" oğlanın zarafat etdiyini düşünüb, (çarəmiz nə idi, kişini güclə danışdıra bilməzdik) özümüz yataqxanaya daxil olduq.

Binanın içərisinə daxil olanda ilk baxışda elə təsir bağışlayırdı ki, guya burada yaşayan sakinlərin problemləri yoxdur, yəni heç olmasa,  onlar insanın normal yaşaması üçün ən vacib şərtlərlə (burada maddiyyat deyil, şərait nəzərdə tutulur) təmin olunublar. Girişə, birinci mərtəbənin dəhlizinə döşənən ağ metlax, təmiz divarlar, ilk gözə dəyən plastik qapı burada "əsaslı təmir" işləri aparıldığından xəbər verir. Ancaq bu barədə də bir qədər sonra.

Yataqxananın komendantı ilə yenidən maraqlandıqda, öyrəndik ki, o, yataqxanada yaşamadığı üçün həmişə burada olmur, ancaq hər gün gəlib-gedir. Məlum oldu ki,  bu yataqxanada Ağdam, Zəngilan, Xocalı, Laçın və əksəriyyəti Cəbrayıldan olan təxminən 80 məcburi köçkün ailəsi məskunlaşıb. Binada otaqların sayı 100-dən çox olsa da, qalan otaqlarda  universitetin tələbələri yaşayır. Bir neçə mərtəbənin dəhlizlərini dolaşıb gördüyümüz adamlara özümüzü təqdim edib, söhbət etmək istədiyimizi bildirdikdə, ümidsizliklə  başlarını bulayıb, danışmaq istəmirdilər. Bu cür qarşılanmağımızın səbəbləri barədə əvvəlki sayımızda da yazdığımıza görə çox xırdalamaq istəmirəm. Artıq necə deyərlər, belə münasibətə adətkar olmuşduq. Nəisə. Öyrəndik ki, ikinci mərtəbədə Qarabağ əlili yaşayır və bir nəfər bizə bələdçilik edib onun ailəsinə gətirdi.

Veteranın özü evdə olmasa da, həyat yoldaşı  bizi mehribanlıqla qarşıladı. O, ailə başçısının həyətdə olduğunu deyib, yoldaşını çağırmağa getdi.

Cəbrayıl məcburi köçkünü, bir ayağı dizdən aşağı protez olan Abbasquliyev Səyyadla söhbətimiz səmimi keçdi. O, bir ilə yaxın vuruşduğunu, əsasən Qaradizin 22 kəndinin alınmasında iştirak  etdiyini söylədi. Qızğın döyüşlər gedən günlərin birində isə ayağı minaya düşüb: "Gündüz gedən döyüşlər axşama yaxın səngimişdi. Yoldaşlarımla posta gedirdik. Yolda ayağım minaya düşdü. Ayağımı qoparıb atan partlayış özümü də bir neçə metr kənara atdı. Yoldaşlarım özlərini itirmədilər, tez ayağımı möhkəm sıxıb bağladılar ki, çox qan itirməyim. Ayağım getsə də, heç qorxmadım, huşumu itirəndə bircə onu fikirləşdim ki, ya ölüm, ya da ayılanda başımın üstə həkim görüm. Elə də oldu, ayılanda həkimi yanımda gördüm. Yoldaşlarım məni BTR-ə qoyub Əhmədbəyliyə gətirmişdilər. Bir gecə orada qaldım, ilk yardım göstərildi. Səhəri gün məni vertolyotla Papaniyə gətirdilər".

S.Abbasquliyev sağalana qədər -  iki ay Papanidə qospitalda yatıb. Burada ayağı əməliyyat olunub.  Həkimi Rzayev Şəmsəddindən çox razılıq edir. Xəstəxanadan çıxandan sonra həkiminin məsləhəti ilə 2-3 ay qoltuqaltının köməyilə gəzib. Sonra onu Dərnəgülə protez düzəldilən xəstəxanaya göndəriblər. Burada 15 gün yatıb, ayağına müəyyən qulluq ediləndən sonra protez taxıblar. İki ildən bir protezi təzələdiyini söyləyən veteran qeyd etdi ki, heç vaxt ondan pul istəmirlər. Ona həmçinin 2000-ci ildə dövlət maşın verib və bu zaman da o, heç kimə "şirinlik" verməyib.

S.Abbasquliyev 13 ilə yaxındır bu yataqxanada həyat yoldaşıyla birgə yaşayır. Onun əsas şikayəti binadakı səs-küydən oldu: "Mənim dövlətdən elə böyük bir istəyim yoxdur. Burada az-çox remont ediblər. İşıq, su, qaz var,  istilik sistemləri işləyir. Ancaq mən əliləm, əsəblərim pozulub, səs-küyə dözə bilmirəm. Mənə sakitlik lazımdır. Dövlət mənə ya ayrıca birotaqlı mənzil, ya da içində bir otaq tikməyə kiçik torpaq sahəsi versin. Daha burada yaşaya bilmirəm".

Əmək qabiliyyəti olmadığına görə təbii ki, S.Abbasquliyev işləmir. O, ayda 197000 manat təqaüd alır. Bundan başqa, əlillərə edilən güzəştlər (kommunal xərclər) ləğv olunduğundan, onun əvəzinə ayda 130000 manat kompensasiya və ayda 30000 manat çörək pulu alır. O, bildirdi ki, onların hər birindən ayda 15000 manat (iki nəfər  olduqlarına görə ayda 30000 manat) kommunal xərclər üçün pul tutulur. Bundan əlavə, onun ildə iki ayının - iyun və dekabr ayının kompensasiyasını tutub vermirlər. Səbəbini isə bilən yoxdur. Söylədiyinə görə, maraqlananda Sosial Təminat İdarəsində cavab verirlər ki, gedin Qaçqınlar Komitəsindən xəbər alın, çünki bu pulu kommunal xərclər üçün onlar tuturlar: "Axı iki nəfərlik ailəmdən hər ay 30000 manat kommunal xərclərə pul tutulur. İki ayın pulu - 260000 manat kompensasiya bizim üçün az pul deyil. Qaçqın Komitəsi axı niyə  əlilin puluna göz dikib? Həm də bu pulu ancaq qaçqın rayonlarının əlillərindən tuturlar".

Heç kəsin müharibədə gedib onun kimi əlil olmasını, şəhid olmasını istəməsə də, müharibənin qaçılmaz olduğunu vurğulayır: "Mən prezidentin siyasətinə inansam da, erməninin torpağı sülh yolu ilə verəcəyinə inanmıram. Versə bu 13 ildə verərdi. Heç kimin balasının gedib mənim kimi əlil olub "lazımsız" vəziyyətə düşməsini istəmirəm, ancaq torpaqlarımızı da qaytarmaq lazımdır. Düzdür, torpaqdan əlini üzənlər də var, ancaq ümidlə, həsrətlə gözləyənlər də.  Bir ayağımı vermişəm, lazım gəlsə, müharibə başlayarsa, o biri ayağımı da verərəm, təki torpaqlarımız qayıtsın. Belə yaşamaqdansa, gedib kənddə qamışdan bir koma tikib, orada yaşayarıq".

Veteranla söhbətimizi yekunlaşdırırdıq ki, özünü Sahib müəllim kimi təqdim edən (əsl adını demək istəmədi) qonşu içəri daxil olub, qonşular adından danışaraq, Səyyad Abbasquliyevə kömək etmək üçün bizim sosial təminat nazirinə məktubla müraciət etməyimizi xahiş etdi: "Mən özüm də Qarabağ müharibəsində iştirak etmişəm. Mənim fikrimcə, prezidentin siyasəti nəticəsində torpaqlarımızı sülh yoluyla qaytara bilərik. Ancaq bu cür mümkün olmasa, biz kişilər də, qadınlarımız da müharibəyə hazırdır. Problemlərimizlə maraqlanırsınızsa, ən böyük problemimiz uğrunda vuruşduğumuz torpaqlarımız, orda qalan abidələrimiz, mülkümüzdür. Burda rastlaşdığımız problemlər nisbətən kiçikdir, dözmək olar. Ancaq  mümkünsə, siz sosial təminat nazirinə məktub yazın ki, bu Qarabağ əlilinə ya ayrıca bir otaq, ya da torpaq sahəsi versin. Əsəbləri pozulub, buradakı səs-küyə dözə bilmir, gündə təcili yardım çağırırıq".

"Sahib" müəllim BDU-nun rektoru Abel Məhərrəmovun qayğıkeşliyindən, onlara hər vasitə ilə kömək göstərib, yeni ailə quranları otaqla təmin etməsindən danışdı.

Bunlardan ayrılıb gəlmək istəyirdik ki, bayaq bizimlə danışmaq istəməyən sakinlər başımıza yığışıb bir-birinə aman vermədən yataqxanada təmir işlərinin başdansovdu görülməsindən və bunun nəticəsində bir çox fəsadların yaranmasından danışdılar. Onlar bizə mətbəxi və "ayaqyolu"nu göstərdilər. "Ayaqyolu" bərbad, demək olar ki, istifadəyə yararsız vəziyyətdə idi. Nəmişlikdən uçulub tökülmüş tavandan su damcıladığına görə, döşəmə su içində idi. Sakinlər bildirdilər ki, kanalizasiyası da işləmir. Üfunətdən içəridə durmaq mümkün deyil. Biz gördüyümüz "mənzərə" binanın üçüncü mərtəbəsində idi. Onlar  dördüncü və beşinci mərtəbələrdə də "ayaqyolu"nun bu vəziyyətdə olduğunu söylədilər. Oxucular yəqin ki, bu problemi belə qabartmağımızı üzürlü hesab edərlər, çünki yataqxana sakinlərinin əsas dərdi "ayaqyolu" məsələsi idi. Gənc ana kiçik yaşlı uşağını göstərib, hiddətlə deyir: "Uşağımı həkimə aparmışdım. Həkim yoxlayıb deyir ki, infeksiya keçib. Belə yerdə yaşayanda infeksiya keçər də!.."

Sonra mətbəxə baxdıq, burada da vəziyyət pis idi. Həmçinin sakinlər işığı yandıranda tez-tez baş verən qığılcımlardan uşaqlarına görə qorxduqlarını bildirərək nəticədə işığın sönməsindən, qazın partlayışla yanmasından şikayətləndilər. Bir neçə ay öncə edilən təmirin indiki nəticələri hər  şeyi aydın edirdi. Necə deyərlər, "üstü bəzək, altı təzək". Sakinlər bu barədə komendanta və yataqxanaya baxan bəzi məsul şəxslərə dəfələrlə şikayət etsələr də, heç kim bununla maraqlanmamışdır. Onlardan soruşduqda ki, Abel müəllim bu haqda bilirmi? Cavab verdilər: "Heç bizi qoyan var ki, o kişini görək? Abel müəllim pis adam deyil, buranı təmir etdirdi, ancaq fəhlələr bizi aldadıb, işi başdansovdu gördülər. Burada işləyən adamlara deyəndə "İç xəbər"ə çəkdirəcəyik, cavab verirlər ki, bu yataqxanaya "İç xəbər" heç vaxt gəlməz, çünki bizi tanıyırlar. İşıqlar partlayıb tez-tez sönür, qaz partlayır, qapıları guya dəyişdiriblər. Ancaq onları açıb-örtmək üçün 2-3 saat çalışmalı oluruq. İcra hakimiyyəti prezidentin gəlişinə görə tələm-tələsik yataqxananı təmir etdirdi, sonra prezident də gəlmədi. Tələsik görülən iş də belə olar". Adlarını soruşduqda demək istəmirdilər. Problemlərimizi yazın, adımızı neynirsiz? - deyə cavab verirdilər.

Xocalıdan olan Cəmilə adlı gənc qız atasının Qarabağ əlili olduğunu, əmilərinin və bir çox yaxın qohumlarının şəhid olduğunu deyərək, 10 nəfərlik ailələrinin bir darısqal otaqda yaşadığını bildirdi.  Otaqlarına baş çəkmək istədikdə xəstə anasının yatdığını bilib xəstəni narahat etmək istəmədik. Bu zaman atası gəldi və gördük ki, bu həyətdə bizimlə danışmaq istəməyən kişidir. Sən demə, bu kişinin dərdi lap ağır imiş. Xocalıdan olan, ikinci qrup Qarabağ əlili Əzimov Musəvi yataqxanada altı qızı, həyat yoldaşı və iki qohumuyla birlikdə yaşayır. Otaq özləri üçün kifayət qədər dar olduğuna baxmayaraq, yersiz qalan qohumlar da bunlara sığınıb. Musəvi kişi döymədiyi qapı qalmayıb,  hətta Əli Həsənovun qəbuluna düşüb, ancaq dərdinə əlac edən olmayıb. Bu laqeydlikdən yorulmuş veteran artıq belə yaşamaqdan bezdiyini söylədi: "Belə yaşamaqdansa, yaşamamaq yaxşıdır. Uşaqlarımın üzünə baxa bilmirəm. Əli Həsənovun qəbulunda olub dərdimi demişəm. Deyir ki, gücüm çatmır. Bəs onda dərdimizi kimə söyləyək?! Prezidentə də gedib çatmaq olmur axı Mən özüm bayaq sizinlə qəsdən danışmaq istəmədim, çünki danışmaqdan yorulmuşam".

N.Orxan

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 4 5 6 ... 16

Sənədin sonuncu korrektə tarixi: 3/3/2006 - 17:48:53
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.03602