Bu gün: 20 İyul 2008, Bazar

 

 
 
 

 

Azad Qarabağ - 6-cü səhifə

XOCALI - qanlı soyqırım

(Əvvəli ötən sayımızda)

Sentyabr ayında respublika təşkilat komitəsinin rəhbəri V.Polyaniçko azərbaycanlıları kəndlərdən bütünlüklə çıxarmağın çətin olduğunu, qanlı qırğınlar törətməyin vaxtının çatdığını görüb, komandası ilə Xankəndini tərk edir.

10 sentyabr - Xocalı yaşayış məntəqəsi müxtəlif istiqamətlərdən atılan raket atəşinə məruz qalır. Ölən və yaralananlar var;

24 sentyabr - Xocalı şəhəri iriçarxlı pulemyotlardan və müxtəlif tipli raketlərdən atəşə tutulur;

25 sentyabr - Ağdamdan Xocalıya fəhlə gətirən avtobus Əskəranda daş-qalaq edilərək, aşırılır. Sürücü  və sərnişinlər ağır yaralanır. Xocalı polisinin cəsur əməkdaşlarının, o cümlədən Əli Vəliyevin, Əhliman Ağayevin hadisə yerinə gəlişindən sonra sərnişinlər sağ-salamat oradan uzaqlaşdırılır.

26 sentyabr - Xocalı polis şöbəsinin əməkdaşları Əli Əliyev, Natiq Əhmədov ermənilərin "sarı BTR" adlandırdıqları Əliyə məxsus 7207 AQS 06 markalı şəxsi minik maşınında erməni quldurları tərəfindən qətlə yetirilirlər.

Avtobusa baxış keçirilərkən, avtobusda 57 güllə deşiyi aşkar olunur;

26 sentyabr - Şuşa şəhəri, Topxana, Daşaltı və Şuşikənd istiqamətindən raket atəşinə məruz qalır;

30 sentyabr - 2 oktyabr - Şuşa şəhəri və Kərkicahan qəsəbəsi müxtəlif istiqamətlərdən raket atəşinə tutulur;

9 oktyabr - Kərkicahan qəsəbəsi Cəmilli kəndi və Xocalı yaşayış məntəqələri müxtəlif istiqamətlərdən atəşə tutulur;

29 oktyabr - Azərbaycan Hava Yolları Konserninin Yevlax Şirkətinə məxsus olan AN-2 təyyarəsi Əskəran rayonunun Xanabat kəndi ərazisində qəzaya uğrayır;

30-31 oktyabr - Tuğ kəndi ermənilər tərəfindlən işğal olunur;

1-3 noyabr - Xocalı özünümüdafiə dəstəsinin döyüşçüləri, kəşfiyyatçılar, polis əməkdaşları qorxu bilmədən döyüşürlər;

Noyabrda Xocalı camaatı Stepanakertə ötürülən 100 vaqon 700 ton benzin dolu qatarın qarşısını kəsir. Həmin yanacaq Ağdama qaytarılır. Çox keçmir ki, bu yanacaq gizli yolla həm də hərbçilər vasitəsilə Stepanakertə çatdırılır.

12 noyabr - Xocalıdan Ağdama gələn UAZ avtomobili Nuraguh kəndi yaxınlığında ermənilər tərəfindən atəşə tutulur. T.Məhərrəmov aldığı yaradan ölür;

12 noyabr - Ağdam- Xocalı marşrutu ilə uçan Mİ-8 vertolyotu Əskəran yaxınlığında atəşə tutulur. Çətinliklə olsa da, vertolyotu Xocalı aeroportuna endirmək mümkün olur;

19 noyabr - Xocavənd kəndi ermənilər tərəfindən işğal olunur;

20 noyabr - Qarakənd səmasında içərisində dövlət rəsmilərinin olduğu vertolyot erməni quldurları tərəfindən vurulur;

22 noyabr - 40-a yaxın erməni yaraqlısı Xocalı aeroportuna basqın etsə də, yenidən geri çəkilməyə məcbur olur;

28 noyabr - Əskəranda UAZ markalı maşında 3 nəfər azərbaycanlı qətlə yetirilir. Yol bağlanır…

Noyabrın sonunda Tofiq Hüseynovun, Adil Quliyevin köməyi ilə 18 hərbçi girov götürülür. Az sonra bura gələn Zaqafqaziya üzrə 4-cü alayın komandiri Popov da girov kimi saxlanılır. Bir gün sonra ruslar polis şöbəsini tuturlar. Ancaq Tofiqlə Aqilin dəstəsi bir saat içərisində şöbənin binasını ruslardan azad edir. Ruslar hərbi sursatı almağa cəhd edir. Tofiq isə onlara deyir: "Teper ya budu komandovat".

Rus hərbçilərindən silah alınaraq Gəncəyə göndərilir.

1 dekabr - Kərkicahan qəsəbəsi güclü atəşə tutulur.  2-nə keçən gecə ermənilər rus hərbçiləri ilə birgə kəndə soxudurlar.

2 dekabr - Dadaş Rzayev Tofiqi yanına çağırır. Texnikanın, hərbi sursatın, silahların qaytarılmasını tələb edir. Çox mübahisədən sonra iki ədəd BRDM və silah-sursat qaytarılır.

4 dekabr - Kərkicahanın bir hissəsini tutmuş erməni quldurları qovulub çıxarılır.

10 dekabr - Kərkicahan qəsəbəsində şiddətli döyüşlər gedir. Kənd sakinləri əsil qəhrəmanlıqla vuruşur.

11 dekabr - Xocalı şəhərinə 50-dən çox raket atılır;

12 dekabr - Xocalı şəhəri  "Alazan" raketlərindən, toplardan, qrad qurğularından, iriçarxlı pulemyotlardan atəşə tutulur. Xocalı mühasirə vəziyyətindədir. Şəhərdə ərzaqa böyük ehtiyac var.

16 dekabr - Cəmilli kəndi düşmən caynağına keçir. Xocalı şəhəri atəşə tutulur. İctimai binalar və yaşayış evləri dağıntıya məruz qalır.

19-20 dekabr - Kərkicahan qəsəbəsi strateji raketlərdən atəşə tutulur.

23 dekabr - Meşəli kəndi ermənilər tərəfindən işğal edilir.

24 dekabr - erməni silahlı birləşmələri Meşəli kəndini yandırır;

26 dekabr - Şuşa şəhəri Topxana və Şuşikənd istiqamətlərindən top və raket atəşlərinə məruz qalır;

27 dekabr - Xocalı rayon prokuroru A.Atakişiyev respublika prezidentinə, respublikanın baş prokuroruna təcili teleqram ünvanlayır;

28 dekabr - Erməni birləşmiş qoşunları Kərkicahan qəsəbəsinə hücum edir. Ölənlər və yaralananlar var;

29-31 dekabr - Xocalı yaşayış məntəqəsi müxtəlif istiqamətlərdən atəşə tutulur. Xocalı mühasirə vəziyyətindədir;

1992-ci il…

Xocalı hələ də mühasirədədir. 2-si yanvar Xocalıda elektrik xətti tamam kəsilir.

Yanvar ayından etibarən Xankıəndi ətrafında güclü hərbi qüvvələr toplanır.

22 yanvar - Azərbaycanın hərbi birləşmələri Xocalı yolunu açmaq məqsədi ilə Əskərana hücum edir. Ammma bu hücum qələbə ilə nəticələnmir. Xocalı mühasirədə qalmaqdadır.

28 yanvar - Xocalı şəhərini "böyüdüb" fərmanla rayon elan edirlər. Ağdam-Şuşa hava xətti ilə uçan vertolyot tutulur.

29 yanvar - Xocalıdan sonuncu vertolyot uçur. Xocalı mühasirədə qalmaqda davam edir.

11 fevral - Malıbəyli faciəsi baş verir. Əskərana hücum hazırlansa da, respublika rəhbərliyi buna imkan vermir. Ağdamdakı hərbi qüvvələrin gücündən yetərincə istifadə olunmur.

12 fevral - Gəncədən Xocalıya ərzaq və yanacaqla yüklənmiş bir hərbi vertolyot gəlir.

Marşal Şapoşnikov azərbaycanlı deputat nümayəndələrinə alayın çıxarılması ilə bağlı razılıq bildirmir.

13 fevral - Xocalı şəhəri erməni təhlükəsi ilə təkbətək, üz-üzə qalır… Xocalı şəhəri Noraguh və Mehdikənd istiqamətlərindən atəşə tutulur; MTN-nin Şuşa bölməsi faciələrin törədiləcəyi günü, vaxtı müəyyənləşdirərək, məlumatları mərkəzə ötürür. Lakin bu məlumatlar da cavabsız qalır.

16 fevral - iki Xocalı sakini öz mal-qaralarını Ağdama keçirə bilir.

17 fevral - Xocavənd rayonunun Qaradağlı kəndi işğal olunur;

19 fevral - Xocalı atəşə tutulur… B.Yeltsin, L.Ter-Petrosyan və Şapoşnikov Moskvada məxfi görüşürlər;

23 fevral - Uzundərədə hərbi texnika və sursat anbarı  dağıdılır;

Xocalı ilə birləşmək məqsədi ilə Əskərana Ağdamdan gözlənilən hücum əməliyyatı nədənsə baş tutmur;

24 fevral - Saat 21.15-də 4-cü ordunun 23-cü diviziyasının 366-cı alayının komandiri polkovnik Y.Zarviqarova general rütbəsi verilir.

Xocalı hələ də mühasirədədir. Vəziyyət son dərəcə gərgindir.

Nazim Tapdıqoğlu


Qarabağ Azadlıq Təşkilatının Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanatında tələb olunur:

1. Azərbaycan Respublikasının Milli Məclisində ictimai və siyasi qurumların nümayəndələrinin iştirakı ilə dinləmələr keçirilməli, Xocalı soyqırımına siyasi qiymət verilməlidir.

2. Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları Xocalı soyqırımı ilə bağlı cinayət işini az vaxt ərzində başa çatdırmalı, günahkarlar haqqında qiyabi hökm çıxarmalı, onların həbs edilərək Azərbaycana təhvil verilməsi üçün interpola müraciət etməlidir.

3. Beynəlxalq təşkilatlar dünya dövlətlərinin parlamentləri Xocalı soyqırımı ilə bağlı müzakirələr keçirməli, erməni-rus qüvvələrinin törətdikləri qanlı hadisələrə qiymət verməlidirlər.

4. Bakının mərkəzi  yerlərinin birində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş abidə ucaldılmalıdır.

5. Azərbaycan Respublikası Milli Məclisi tərəfindən Xocalı soyqırımı qurbanlarına, onların ailə üzvlərinə xüsusi status verilməlidir.


Xocalı soyqırımının ildönümü anıldı

26 fevral Xocalı soyqırımı ilə bağlı Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə "Xocalı" abidəsi ziyarət olundu. Ziyarətdə Müsavat, AMİP, ADP, AİP, ALP, AXCP və AXCP (k) iştirak edirdi. Xeyli sayda insan Xətai metrostansiyasının qarşısından "Vətən harayı" abidəsinə tərəf irəlilədilər. Abidənin qarşısına əklillər qoyuldu. Şəhidlərin ruhuna dualar oxundu.  Xeyli sayda polis ziyarəti kənardan izləyirdi. Daha sonra QAT sədri və fəalları Əlövsət Qasımovun (General Əli bəy) hazırladığı fotosərgiyə baxış keçirdilər. KİV nümayəndələri müxtəlif suallarla Akif Nağıya müraciət etdilər. Akif bəy qeyd etdi ki, hakimiyyətlə qarşıdurma olmaması üçün mitinq keçirilmədi. Ziyarətə gələnlərin sayının çox olduğunu bildirən Akif bəy, ermənilərin təlaş keçirdiyini qeyd etdi. Çünki dünyanın hər yerində azərbaycanlılar etiraz aksiyası keçirirlər. Ermənilər isə bundan çox narahatdır.

Bir qrup Xocalı sakini Qat-çılara yaxınlaşaraq, öz giley-güzarlarını bildirdilər.

Quliyev Kərəm bildirdi ki, Xocalı faciəsi bu gün olub. Amma mən bu gün burada bir nəfər də olsun, dövlət nümayəndəsi görmürəm. Heç Xocalı şəhərinin icra başçısı da burada iştirak etmir. Belə çıxır ki, bu hakimiyyət Xocalı soyqırımını ört-basdır etmək istəyir.

Kərim bəy maşınların hərəkətinin dayandırılmamasından da şikayət etdi. Maşınların gedişinin heç olmasa bu gün bu abidənin yanında məhdudlaşdırmaq gərək idi.

Əminə Mahmudova isə atasının adının Xocalı şəhidlərinin adlarının həkk olunmuş lövhəsində olmamasından gileyləndi. Biz bununla bağlı Xətai rayon icra hakimiyyətinin nümayəndələri ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən bir nəfər məsul şəxs, adın lövhəyə salınacağına söz verdi.

Beləcə tədbir yekunlaşdı.

Xocalı soyqırımı regionlarda da anıldı

Xocalı soyqırımının 14-cü ildönümü ilə bağlı Qarabağ Azadlıq Təşkilatının Bərdə, Naxçıvan, Lənkəran, Mingəçevir, Şəki, Gəncə və digər şöbələri anım mərasimləri keçirmişlər.

Azərbaycan hakimiyyətinə və beynəlxalq təşkilatlara ünvanlanmış sənədlər qəbul olunmuşdur.

Vüsal

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 5 6 7 ... 16

Sənədin sonuncu korrektə tarixi: 3/3/2006 - 17:48:31
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.016435