Bu gün: 20 İyul 2008, Bazar

 

 
 
 

 

Azad Qarabağ - 7-ci səhifə

Azərbaycan-Ermənistan müharibəsi
III mərhələ (avqust 1991- may 1992-ci illər)

Müdaxilə

1991-ci ilin avqust çevrilişi, SSRİ rəhbərliyində baş verən siyasi dəyişikliklər Qarabağda  hərbi əməliyyatların gedişinə həlledici təsir göstərdi. Sonrakı bir neçə ay ərzində böhran dərinləşdi və lokal toqquşmalardan intensiv silahlı münaqişəyə keçid baş verdi.

Avqustun sonlarından etibarən Mərkəzin daxili qoşun qüvvələri faktiki olaraq Dağlıq Qarabağda FV rejimini həyata keçirməkdən imtina etdilər. Dağlıq Qarabağdakı erməni qüvvələri yaranmış vəziyyətdən istifadə edərək açıq fəaliyyətə keçdilər və 1991-ci il sentyabrın 2-də "Dağlıq Qarabağ Respublikası" deyilən  oyuncaq qurumu yaratdıqlarını elan etdilər. Bütün silahlı qruplaşmalar (yerli dəstələr, partiya birləşmələri, Ermənistandan gələn dəstələr) "DQR-in özünümüdafiə qüvvələri" (sonralar "DQR-in müdafiə ordusu" adlandırıldı) adı altında birləşdirildi, onların ümumi sayı  15 min nəfərə çatdırıldı.

Sentyabrın ortalarında ermənilər Goranboy rayonunun qərb hissəsində XTMD-in mövqelərinə hücum edərək, əvvəl itirdikləri bəzi yaşayış məntəqələrinə nəzarəti bərpa etdilər. Oktyabrın əvvəllərində erməni quldur dəstələri Dağlıq Qarabağın bütün ərazisindən azərbaycanlıları sıxışdırıb çıxarmağa başladılar. Bu vaxt SSRİ DİN-in qoşunları açıq şəkildə erməni birləşmələrinə yardım  göstərirdilər. Oktyabrın 28-də ermənilər daxili qoşunların zirehli texnikasından istifadə  edərək, Xocavənd rayonunun yaşayış məntəqələrinə hücumlara başladılar. Noyabrın 16-da hərbi əməliyyatlar Hadrut rayonunun ərazisinə də keçirildi. 1991-ci il noyabrın 24-ə qədər erməni işğalçıları Qarabağın iri yaşayış məntəqələrinin - Şuşa və Xocalının ətraf ərazilərlə əlaqəsini tamamilə kəsdilər. Dağlıq Qarabağdan, demək olar ki,  azərbaycanlıların hamısı çıxarıldı. SSRİ  DİN-in daxili qoşunları ermənilər tərəfindən çıxış etdiyinə görə Azərbaycan DİN-in Xüsusi Təyinatlı Milis dəstələri ilə toqquşmalara  girir, itkilərə məruz qalırdı. Onların Qarabağda 1991-ci ildə 19 nəfər əsgəri ölmüş, 34 nəfər yaralanmışdı. SSRİ DİN daxili qoşunları dekabrın ortalarında regionu tərk etməyə başladılar. Bu qoşunlar çıxarkən  hərbi texnika, silah, sursatının böyük bir hissəsini ermənilərə bu və ya digər  adlar altında təhvil verirdi. Məsələn,  Daxili qoşunların 81-ci operativ polku 10 ədəd zirehli texnikanı, 1000-dən artıq atıcı  silahı erməni tərəfinin nəzarətinə verdi.

SSRİ-in ləğvi, Azərbaycan və Ermənistanın müstəqillik əldə etməsi ilə münaqişənin yeni mərhələsi başlandı. Azərbaycan bu mərhələyə hazırlıqsız daxil oldu. DİN və DTK-nin hərbləşdirilmiş birləşmələri azsaylı və zəif idi, onların dağ şəraitində döyüş təcrübəsi yox idi. 1991-ci ilin sentyabrından 1991-ci ilin yanvarına qədər Müdafiə Şurası, Müdafiə  Nazirliyi, Baş Qərargah yaradıldı. Lakin ordunun yaradılması üçün konkret addımlar atılmadı, 150 nəfərdən ibarət bir batalyon formalaşdırıldı. Müxalifətin səyləri ilə könüllülərdən, AXC fəallarından ibarət bir neçə batalyon yaradıldı və cəbhə bölgəsinə göndərildi. Artıq keçmiş SSRİ-nin Azərbaycanda olan hərbi hissələri qeyri-müəyyən vəziyyətdə qalmışdılar.

Azərbaycandan fərqli olaraq Ermənistan yaranmış yeni vəziyyətdən daha çox yararlandı. Həmin ana qədər o, Azərbaycanı hərbi quruculuq baxımından 3 il qabaqlayırdı. Ermənistanda və Qarabağda 30 minlik ordu artıq formalaşdırılmışdı. 1991-ci ilin payızında Ermənistan rəhbərliyi öz vətəndaşlarının yenidən SSRİ silahlı qüvvələrinə hərbi çağırışını bərpa etdi. Bu çağırışçılar hərbi hazırlıq keçmək üçün Zaqafqaziya hərbi dairəsinin təlim mərkəzlərinə, hərbi hissələrinə göndərilir, sonradan isə Ermənistan silahlı qüvvələrinin tərkibinə qaytarılırdı. Ermənistan Moskvada siyasi hakimiyyətin bəzi yeni xüsusiyyətlərindən istifadə edərək, hərbi xarakterli bir sıra məsələləri öz xeyrinə həll edə bildi.

SSRİ daxili qoşunlarının çıxarılması qısa bir müddətə Qarabağda qüvvələr nisbətinin balanslaşdırılması ilə nəticələndi. Bu şəraitdə Azərbaycanın könüllü dəstələri əkshücuma keçərək Xankəndi yaxınlığında Kərkicahan yaşayış məntəqəsini azad etdilər və Xankəndindəki erməni mövqelərinə ciddi təzyiqlər göstərməyə başladılar. Bu vaxt şəhərdən cənub və qərbə doğru yüksəkliklərdən BM-13 "Katyuşa", BM-21 "Qrad", tankəleyhinə T-12 "Rapira" topları və digər qurğulardan istifadə olunurdu. Eyni zamanda Ağdam rayonunda qüvvələrin cəmləşdirilməsinə cəhd göstərilirdi, burada Qarabağın içərilərinə doğru hücum etmək məqsədilə DİN bölmələri, ərazi batalyonları, AXC dəstələrindən ordu birləşmələri yaradıldı. Lakin bu vəzifənin yerinə yetirilməsi vahid rəhbərliyin, mərkəzləşdirilmiş idarəetmə sisteminin, rabitə və arxa ilə əlaqələrin olmaması ilə çətinləşirdi. Orduya çağırış kampaniyasının pozulması (1991-ci ilin dekabrı - 1992-ci ilin martına qədər nəzərdə tutulan 20 min nəfər əvəzinə 3614 nəfəri orduya çağırmaq mümkün olmuşdu) yeni yaradılan hissələrin komplektləşdirilməsinə imkan vermədi. Yuxarıda deyilən səbəblərdən Ağdam hərbi  qruplaşması yanvar-fevral aylarında  faktiki olaraq, fəaliyyətsiz qaldı, yalnız bir neçə uğursuz hücum cəhdləri ilə kifayətləndi. Yanvarın 25-26-da I kəşfiyyat batalyonunun da Daşaltıda əməliyyat keçirmək cəhdi uğursuzluqla nəticələndi, 100 nəfərə yaxın ölən və yaralananlarla itki verdi.

Yanvarın sonunda erməni işğalçı dəstələri Dağlıq Qarabağda azərbaycanlıların son yaşayış məntəqələrini zəbt  etməyə başladılar. Bu vaxt onlar 23-cü motoatıcı diviziyanın 366-cı polkunun, keçmiş Sovet ordusunun Xankəndi qarnizonunun əlahiddə kimyəvi müdafiə batalyonunun, həmçinin 42-ci sərhəd dəstəsinin köməyindən istifadə edirdilər. Fevral  ayının ilk yarısında ermənilər Kərkicahanı, Şuşa-Xocalı yolu və Şuşa ətrafındakı yaşayış məntəqələrini ələ keçirdilər. Xocalı şəhəri tam mühasirəyə alındı, erməni artilleriyasının daimi atəşləri ilə hava  əlaqəsi də kəsildi.  Şəhərin azsaylı qarnizonu XTMD-nin rotası, ərazi batalyonu və minomyot batareyasından ibarət idi. Fevralın 25-dən 26-na keçən gecə ermənilər 366-cı motoatıcı polkun bölmələrinin iştirakı ilə hücuma keçdilər, Xocalını və yaxınlıqda yerləşən aeroportu zəbt etdilər. Bu hücum zamanı ermənilər xüsusi qəddarlıqla dinc əhalini qətlə yetirdilər, 613 nəfər öldürüldü, 1000-dən artıq adam yaralandı. Azərbaycan hərbi dəstələri martın 5-6-da Əsgəran, Xocalı istiqamətində əks-hücum keçirməyə cəhd göstərdilər, bir neçə tank Əsgəranın hüdudlarına çıxa bildi. Lakin hücum dayandırıldı, dəstələr əvvəlki yerlərinə qaytarıldı. Bu vaxt Zaqafqaziya hərbi dairəsinin rəhbərliyi tələsik 366-cı polkun şəxsi heyətini münaqişə zonasından çıxardı, həmin polkun 25 tankı, 87 BMP, 28 BTR və BRDM, 45 artilleriya-minomyot sistemi erməni tərəfinə verildi. Polkun 180 hərbi qulluqçusu, o cümlədən 22 zabiti erməni birləşmələrinin tərkibinə keçdi.

Qarabağda ermənilərin böyük hərbi qüvvəsi formalaşdırıldı, şərq və cənub-şərq istiqamətlərində (Əsgəran, Martuni, Hadrut) möhkəmləndirilmiş ərazilər yaradıldı. Möhkəmləndirilmiş ərazilər bir neçə müdafiə  hüdudundan, uzunmüddətli atəş qurğularından, mühəndis istehkamlarından ibarət idi. Qarabağdakı işğalçı qruplaşmaların silah, sursat, yanacaqla təminatı, şəxsi heyətin  rotasiyası hava yolu ilə Ermənistandan  təyyarə və vertolyotlarla təmin olunur, Xocalı aeroportundan, Xankəndi və Kolataqdakı vertolyot meydançalarından istifadə edilirdi.

May ayının əvvəlində Şuşanın müdafiəsi xeyli zəiflədi, şəxsi heyətin bir hissəsi şəhərdən çıxarıldı. Şəhərdə qalan qüvvələr Şuşa briqadasının qərargahı, reyd dəstəsi, 3 tankı olan "Səbayıl" tank  batalyonu, respublikanın 5 rayonundan gəlmiş könüllülərin dəstələrindən və yerli milislərdən ibarət idi. Ermənilər mayın 7-dən 8-nə keçən gecə Şuşa üzərinə hücuma keçdilər. Düşmən hücuma çoxlu sayda canlı qüvvə cəlb etməklə, artilleriya, tank və BMP-lərdən geniş şəkildə istifadə edirdi. Şuşanın  müdafiəçiləri bir neçə dəfə əkshücuma keçməyə cəhd göstərdilər, lakin 3 tərəfdən mühasirəyə alındıqlarına görə şəhəri tərk edib Laçına tərəf çəkilməli oldular.  Sonrakı 7 gün ərzində ermənilər hücumlarını davam etdirdilər. Mayın 18-də erməni qüvvələri Ermənistanın Gorus rayonu tərəfdən və Şuşa istiqamətindən eyni vaxtda hərəkətə başlayaraq Laçını zəbt etdilər. Laçın ərazimüdafiə alayı döyüşə-döyüşə cənub istiqamətində geri çəkildi. Bununla erməni işğalçıları Ermənistanla Qarabağ arasında 20 km enində dəhlizi ələ keçirdilər. Ermənilər Naxçıvanın Sədərək rayonu istiqamətində hücuma keçərək, əlavə gərginlik mənbəyi yaratdılar.

Cəbhədəki məğlubiyyətlər Azərbaycanda hakimiyyət böhranına səbəb oldu, siyasi rəhbərlikdə dəyişikliklər baş verdi.

Hazırladı: Adil İrşadoğlu


Qarabağ toponimi

Qarabağ toponimi türk mənşəlidir. Əcəmilər qədimdən Qarabağa Sisaqan deyirdilər. Sonralar əraziyə Səlcuqlar tərəfindən Qarabağ adı verilmişdir. Qara sözünün dilimizdə 20-yə qədər mənası ("böyük, geniş, uca, əzəmətli, qüdrətli, hündür, pis, nəhəng, qaranlıq, qəm, xalq, yaraşıq, sevinc, keyfiyyətsiz, sıxlıq, şimal çox, rəng" və s.) vardır. Toponimi əsasən, "çoxlu, böyük, bağlı-bağatlı yer" kimi mənalandırırlar. Bəzən qara  terminini qora ("üzüm") kimi də izah edirlər.

Praazərbaycan teonimlərindən  olan baq slavyan dillərində boq, boğ, buq formasında işlənir. Qədim hind dilində "paylayan" anlamlı "bhaq" sözü də məlumdur. Orxon-Yenisey yazılarında "bağa" sözü teonim determinativi kimi işlədilir. Midiyada Tanrıya Bağa  deyilirdi. Baq teonimi ən çox türk xalqları və onlarla  yaxın əlaqədə olan tayfaların dillərində işlədilir. Bu teonimin sonrakı semantik dəyişmələrdə bağ, bağa, bah, beq, bay və s. fonetik variantları ortaya çıxmışdır. Bəzi türkdilli xalqların qədim mifologiyasında bağa müqəddəs yer, torpaq rəmzidir. Elə Azərbaycanın özündə də bağa müqəddəs heyvan hesab olunur.

Alimlərdən Konstantin Baqryanarodnı və Qiyasəddin Qeybullayev Qarabağ terminini peçeneq tayfalarından birinin adı kimi səciyyələndirirlər.

İ.Şopen Qarabağ adını Xaraqa sözü ilə bağlayır. Bu sözü "xaraba" kimi də yozanlar var. S.Aşurbəyliyə görə, toponim bak, baq, baği qəbiləsinin adı ilə əlaqədar yaranmışdır. Ş.Sədiyev Qarabağ sözünü qara (rəng) və bağ (bağça, bağat) hissələrinə ayırır. Ə.Fərzəli qara sözünü "böyük, sevinc, xalq, qaranlıq", bağ sözünü isə "Tanrı" kimi mənalandırır. M.Seyidov  qara sözünü "rəng, pis, bədbəxt, güclü, başçı", bağ komponentini isə "düyün, ip, meyvə ağacı əkilmiş sahə" anlamı ilə səciyyələndirir/.

Tarixdən o da məlumdur ki, A.Olearinin xəritəsində 39 şimal en dairəsi 82, 21 uzunluq dairəsinin kəsişdiyi nöqtədə Qarabağ şəhəri (indiki Füzuli rayonunun Horadiz dəmir yol stansiyasından azacıq şərqdə) də göstərilir.

Mən Qarabağ ərazisində on mindən çox coğrafi adı tədqiq edən toponimçi  kimi  tam məsuliyyətlə deyə bilərəm ki, ümumiyyətlə, Qarabağ toponimiyasının 95 faizi azəri türkcəsindədir. Elə DQMV - Dağlıq Qarabağın ərazisindəki 222 yaşayış məntəqəsinin adlarının 70 faizi də Azərbaycan türkcəsindədir. Vilayət ərazisindəki 23 çaydan 15-i azərbaycanca olan adlardır (biri hibrid, yeddisi isə mənası qismən aydın olan adlardandır). Zəligöl, Çallugöl, Qaragöl, Qanlıgöl, Qamışgöl, Sarışıngöl, Köndələngöl) hamısı dilimizdə mənası aydın olan adlardır. Ümumiyyətlə, Dağlıq Qarabağ ərazisində tədqiq etdiyim 2000 toponimin (222 oykonim, 1320 oronim, 110 zootoponim,  210 fitotoponim, 38 etnotoponim, 60 antroponim, 5 paleotoponim, 35 hidronim) 90 faizə qədər Azərbaycan dilindədir.

Tarixin tədqiqində yer adlarının xüsusi rolu var.  Hər toponim özlüyündə canlı bir tarixdir. Ermənilər işğal etdikləri Qaradağ ərazisində yaşayış məntəqələrinin adlarını dəyişib erməni dilinə uyğunlaşdıraraq yenisi ilə əvəz edirlər. Onlar ona görə belə edirlər ki,  min illərlə, yüz illərlə yaşı olan tarixi adlarımız yaddaşlardan silinsin, gələcək nəsillər onları təzə adları ilə tanışın. Amma buna nail ola bilməyəcəklər.

Nazim Tapdıqoğlu

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 6 7 8 ... 16

Sənədin sonuncu korrektə tarixi: 3/3/2006 - 17:48:13
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.910655