Bu gün: 19 İyul 2008, Şənbə

 

 
 
 

 

Azad Qarabağ - 9-cu səhifə

Qarabağ uğrunda döyüşənlər çirkli siyasətin qurbanı oldular
 (Əvvəli ötən sayımızda)

Bəlkə öldürdüyümüz ermənilərin qisasını alırlar bizlərdən? Qarabağ qazisinə "surətçi" damğası vurub, həbs etdirən insanın ağlının olmasına şübhə edirəm. Bu rejimin öz qəhrəmanları var. 200 nəfərin üstünə 1000 nəfərlə hücum edib, təslim olan insanları güllələməklə qiyam yatırdan Rövşən Əkbərovdan nə general, nə də milli qəhrəman olardı.  O, Əliyev tayfasının qəhrəmanı idi. 125 şəhidi, 250-dən çox qazisi olan qurtuluş batalyonunun komandirini evsiz qoyub, bulvarda yatmağa məcbur edən iqtidardan Qarabağ sevgisi ummaq, eşşəkdən cüməaxşamı soruşmağa bərabərdir. Mən heç vaxt problemlərimi qabartmağa cəhd etməmişəm. Sadəcə, bu rejimin iç üzünü açmaq üçün, bunları deməyə məcburam. Köhnə döyüşçülərə və onların ailələrinə, yaxınlarına belə münasibət göstərən mövcud iqtidarla kimin müharibəyə gedəcəyi çox maraqlıdır. Düzdür, torpaq iqtidara yox, xalqın özünə məxsusdur.  Amma mənim sualım barədə də düşünməyə dəyər. Biz 7 ay bir qəpik belə almadan vuruşduq. Maaş barədə düşünməyi belə ağlımıza da gətirmədik. Kimsə bizim qanımızın üstündən keçərək hakimiyyətə gəlib, bizi vətəndən didərgin salıbsa, əlavə şərhə ehtiyac da yoxdur.

- Rusların etiraf etdiyi kimi, onlar Çeçenistana yalnız gündüzlər nəzarət edirlər.  Gecələr isə nəzarət tamamilə çeçen partizanlarının əlində olur. Bu 12 ildə ürəyinizdən keçmədimi, partizan dəstəsi yaradaraq, heç olmasa Qarabağa gecələr nəzarət edəsiniz?

- Axşam Akif bəylə müsahibə barədə danışandan sonra, nə danışacağım barədə xeyli düşündüm. Elə bu fikirlə də yuxuya getdim.  Yuxuda görürəm ki, İlham Əliev sülhməramlıların gəlişinə razılıq verib. Mən də internet vasitəsilə sizə müraciət edirəm ki, bağışlayın, daha dözməyə səbrim çatmır. Gedirəm Qarabağda - öz yurdumda ölməyə. Sualıma cavab verin: məgər siz Azərbaycanda yaşamırsınız? Qarabağ partizanlarının aqibəti göz öündə deyilmi? QAT-ın xətti ilə keçirdiyim görüşlərin birində  köhnə döyüşçülər mənə müraciət etdi ki, onların Şuşaya gedib-gəlmək imkanları var.  Azərbaycanın partizan müharibəsi aparmağa hər cür imkanı var. Qarabağda aparacağımız partizan müharibəsi danışıqlarda Azərbaycanın mövqeyini gücləndirə, erməniləri isə güzəştə getməyə məcbur edər. Bunu başa düşən hökumət əslində belə insanların hərəkətinə dövlətçilik naminə göz yummalı, yeri gələndə köməyini belə əsirgəməməlidir. Çox təəssüf ki, bu rejimin tayfa təhlükəsizlik xidmətləri o cür insanları dərhal həbs etdirir.

- Ermənilərlə döyüşməyi bacaran Şahin Tağıyev niyə bu hakimiyyətlə sona qədər mübarizə aparmağı bacarmayıb, vətəni tərk etdi?

- Əgər mənim qaçdığımı düşünürsənsə, yanılmaqla bərabər, həm də xətrimə dəyirsən. Görünür, Şahin Tağıyevi yaxşı tanımırsan. Şahin ölər, ancaq düşmən qabağından qaçmaz. Bu gedişim sadəcə olaraq özümü ikinci Qarabağ savaşına qədər qorumaq məqsədilə atılmış addım kimi qiymətləndirilməlidir. O ki qaldı bu iqtidara, onlar indi də internet vasitəsilə mənə təzyiqlər edirlər. QAT-ın internetdəki otağında özünü Kəmaləddin, Əli Nağıyev adı ilə təqdim edənlər məni söyüş və təhqirlərə qonaq edirlər. Qəzetiniz vasitəsilə onlara müraciət edirəm. Cəsarətiniz çatırsa, öz adınızı deyin. Onsuz da sifarişçinin adı mənə məlumdur. Mən bu hakimiyyətin sərt siyasətinə qarşı həmişə öz etirazımı bildirmişəm və bundan sonra da onunla barışmaz olacağam.  Amma gərək səsimə səs verənim də ola.

- Bölgəyə sülhməramlılarının gətirilməsinə ehtiyac varmı? Məgər özümüz Qarabağda sülhün təminatçısı kimi çıxış etmək iqtidarında deyilik?

- Sülhməramlılar sülhü deyil, erməniləri qorumaq üçün gətirilir. Hakimiyyət hakimiyyət olsaydı, sülhməramlılara nə ehtiyac var?! Danışıqlara ümid olmaqdansa, Azərbaycanda peşəkar ordumuzun yaradılmasına çalışmaq lazımdır. Başlayacağımız müharibə 18 yaşlı əsgərlərin müharibəsi olmamalıdır. Mənim fikrimcə, Azərbaycan bir il ərzində Qarabağı azad edə biləcək peşəkar ordunu yarada bilər. Ehtiyatda olan peşəkar zabitlər, Şamaxının, İsmayıllının dağlıq əraziləri bizim köməyimizə gələ bilər. Rusların başlayacaq müharibədə erməniləri dəstəkləməsi, bizi o qədər də qorxutmamalıdır. Xarici siyasətin düzgün qoyulacağı təqdirdə, biz də müttəfiqsiz qalmayacağıq. 1992-ci ildə döyüşməyi bizdən öyrənən çeçen mücahidləri sübut etdi ki, rus ordusu güclü olsa da, məğlubedilməz deyil. Belə olan təqdirdə, biz niyə rusların ermənilərə edəcəyi gizli köməkdən çəkinərək, müharibəyə başlamayaq?

- 12 yaşlı atəşkəsi necə qiymətləndirmək olar? İtirilmiş illər, yoxsa  ordumuzu tam formalaşdırmaq üçün götürülmüş taym-aut kimi?

- 12 ili yalnız və yalnız itirilmiş illər kimi qiymətləndirmək olar. Atəşkəs ermənilərə daha çox sərf edirdi, nəinki bizlərə. İstər canlı qüvvə, istərsə də maliyyə baxımından ermənilər uzunmüddətli müharibə aparmaq iqtidarında deyillər. Bu 12 ildə güclənən ermənilər indi istədiklərini bizlərə diqtə edirlər. Çünki müharibənin olmayacağı barədə öz "dayı"larından tam təminat alıblar. Atəşkəs olmasaydı, bu rejim də ermənilər kimi öz yerini bərkidə bilməzdi. Atəşkəs sazişində  maraqlar üst-üstə düşdüyündən, ermənilərin Qarabağ, Əliyev sülaləsinin isə qalan torpaqlar üzərində nəzarət müddəti belə uzunömürlü oldu.

- Birinci Qarabağ savaşında ən unudulmaz döyüş əməliyyatı hansı oldu? Hansı ki, o döyüş bizim ordumuzun bacarığını bütün varlığı ilə ortaya qoydu.

- Şübhəsiz ki, Kasapet əməliyyatı. Kasapet ermənilərin Qarabağda ən güclü istehkamlarından biri sayılırdı. Əsrin əvvəllərində bizə köməyə gəlmiş türk qoşunlarının Kasapeti ala bilməməsi dediklərimə sübutdur. Bizdən əvvəl Əlikramın əsgərləri Kasapetə hücum etsə də, canlı qüvvə və texnika sarıdan xeyli itki verib geri çəkilmişdilər.  Nəcməddin Sadıqov mənə Kasapeti götürmək tapşırığı verəndə, cəmi 57 döyüşçüm qalmışdı. Canlı qüvvəmin azlığı barədə məlumat verəndə, onun cavabı belə oldu: "Bilirəm, amma onu da bilirəm ki, Kasapeti yalnız "Qurtuluş" batalyonu azad edə bilər". Əsgərlərimin təkidi ilə döyüşə girməyib, onlara rabitə vasitəsilə rəhbərlik etsəm də, əməliyyat uğurla nəticələndi. Cəmi bir nəfərin yaralanması hesabına iki günlük hücumdan sonra düşmən Kasapeti boşaldıb qaçdı.

- Şahin bəy, sonda qəzetimiz vasitəsilə Qarabağsevərlərə nə demək istərdiniz?

- Üzümü bütün Qarabağsevərlərə tutub deyirəm. Müharibə hələ bitməyib. Mübarizədən bir anlıq da olsun, kənara çəkilməyin. QAT-ın fədailərinə isə bu yolda nəinki əlinizdən gələni, hətta əlinizdən gəlməyəni də edin - deyə xahiş edirəm. Əgər İ.Əliyev sülhməramlıların gəlişinə razılıq versə, Bakıya qayıdacağam. Bunu Şahin Tağıyev olaraq söz verirəm. Bakıdan əli silahsız Tərtərdən keçməklə gedəcəyəm Qarabağda ölməyə. Mənim ana torpağımın işğalı rəsmiləşərsə, mənim İsveçdə oturub internetlə məşğul olmağa heç cür haqqım yoxdur. Millətim bununla razılaşacaqsa, deməli, şərəfsizliyi ilə razılaşacaq.

- Şahin bəy, Bakıya qayıtmaq fikriniz çox gözəldir, bircə "ölmək" fikri istisna olmaqla. Biz Qarabağa ölməyə yox, öldürməyə gedəcəyik. Babamız Xətai, öz sərkərdələrinə həmişə "əsgərini döyüşə ölməyə yox, öldürməyə aparın" deyirdi. Biz də babamızın layiqli davamçıları olacağıq. Müsahibəyə görə təşəkkür edirik.

Dönəcəyik Qarabağ

And içirik Tanrıya.

Gəl ölməyi saxlayaq

Qələbədən sonraya.

Yetim Qacar


"Azad Qarabağ" qəzetinə abunə yazılmaq istəyənlər aşağıdakı ünvanlara müraciət etsinlər:

  1. Azərmətbuatyayım İstehsalat Birliyi.
    Ünvan: Bakı şəhəri, AZ-1007, C.Hacıbəyli küçəsi 30,
    Əlaqə telefonları: 440-10-35,  440-39-83, 440-27-85. Respublikanın rayon və şəhərlərində isə "Mətbuatyayımı" şöbələrinə müraciət edin.

  2. "Qasid" Açıq Səhmdar Cəmiyyəti. Ünvan: Cavadxan küçəsi 21 a.
    Telefonlar:  493-14-06, 493-16-43,  493-23-19

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 8 9 10 ... 16

Sənədin sonuncu korrektə tarixi: 3/3/2006 - 17:48:1
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.015088