|
Azad Qarabağ - 11-ci səhifə
İtirilmiş torpaqların qaytarılması
müharibəsiz baş tutmayacaq
Dağlıq Qarabağ ərazisindən hər ay yüzlərlə
erməni gəncinin fərarilik etdiyini, onların əsasən
İran ərazisindən keçməklə xaricə qaçdığını qeyd edirlər
Danışıqlar prosesinin heç bir nəticə
verməməsi müharibənin torpaqların azad edilməsində sonuncu və ən real təsir
vasitəsi olduğunu sübut edir. Artıq Azərbaycan ictimaiyyəti əvvəlki dövrlərdən
fərqli olaraq müharibəni ən real variant kimi qəbul edir və buna demək olar ki,
hamı inanır.
Atəşkəsin imzalanmasının 12-ci ili
tamam oldu. Bu 12 illik zaman kəsiyində atəşkəs heç də tam kəsilmədi və müharibə
bu atəşkəs adı altında davam etdi. Cəbhə xəttində mina partlayışları,
snayperlərin atəşi və digər səbəblər nəticəsində rəsmi məlumatlara görə, hər iki
tərəf birgə 10 min nəfərdən artıq canlı qüvvə itirib. Lakin buna baxmayaraq,
döyüşə hazır dayanmış ordular ciddi şəkildə silahlanma xətti götürüblər.
Bu gün müharibənin başlayacağı
təqdirdə hansı tərəfin nailiyyət qazanacağı ilə bağlı müxtəlif fikirlər
səsləndirilir. Məsələn, əhalinin bir hissəsi fikirləşir ki, Rusiyanın köməkliyi
ilə bu illər ərzində arsenalını ən yeni silahlarla gücləndirən Ermənistanla
müharibə Azərbaycana baha başa gələcək. Bir qrup isə bunun əksini fikirləşir.
Məhz bu yazımızda da tərəflərin müharibəyə hazırlaşmalarına, iqtisadi və canlı
qüvvə potensiallarına, qüvvələrin döyüş hazırlığı məsələlərinə toxunacağıq.
İqtisadi güclər
Bu faktdır ki, Qarabağda aparılacaq
ikinci müharibənin iqtisadi itkiləri birincidəkindən bir neçə dəfə çox olacaq.
Tərəflərin müharibəyə ciddi hazırlaşmaları, hücuma keçən və müdafiədə olan
qüvvələrin vəziyyətini təhlil edən ekspertlərin fikrincə, müharibənin bir günü
dövlətlərin hər birinə minimum halda 20-25 milyon dollara başa gələcək. 1 ay
ərzində isə bu itkilər təxminən 600-700 milyon dollara çatacaq. Canlı qüvvə
itkisi isə müharibənin 6 ay çəkəcəyi 1991-1994-cü il həddinə, yəni hər bir
tərəfə 15-20 min insan itirilməsi ilə başa gələcək. Ekspertlər Azərbaycan və
Ermənistanın dövlət büdcələrini müqayisə edərək belə qənaətə gəliblər ki,
başlanacaq müharibə bu dövlətlərə nəzərdə tutulduğundan da artıq itkilər gətirə
bilər. Dövlət büdcələrinin təhlilləri göstərir ki, silahlanma imkanlarına
baxmayaraq, Ermənistanın iqtisadiyyatı dövlət büdcəsi müharibəni maksimum halda
iki aya qədər davam etdirməyə imkan verir. Məlumat üçün bildirək ki,
Azərbaycanın 2006-cı il üçün dövlət büdcəsi 4 milyard dollar, Ermənistanınkı isə
1 milyard dollara yaxın olub. Nəzərə alsaq ki, Ermənistandan fərqli olaraq
atəşkəs müddətində Azərbaycana xarici sərmayə qoyuluşları da artıb, bu zaman
qeyd olunan miqyasda itkinin Ermənistanı hansı vəziyyətə salacağını da düşünmək
çətin olmaz. Ermənistan mətbuatının yazdığına görə, bu ölkənin xarici borcu ötən
il dövlət büdcəsindən xeyli çox 1,182 milyard dolları ötüb. Ölkənin əksər iri
sənaye müəssisələri dayanıb və ya Rusiyaya olan borcun müqabilində bu ölkəyə
verilib. Qondarma "Dağlıq Qarabağ Respublikasına" isə ötən il 20 milyon dollara
yaxın sərmayə yatırılıb. Ermənilər özləri də etiraf edirlər ki, qondarma
respublikaya yatırılan investisiyaların xərclənməsi istiqaməti ilə bağlı konkret
plan yoxdur. Onların investisiyaları hara xərcləmələri bilinmir və bu
istiqamətdə ciddi yeyintilər mövcuddur. Dağlıq Qarabağ separatçılarına tək
xaricdə yaşayan ermənilər deyil, dünyanın bir sıra dövlətləri də rəsmi şəkildə
yardımlar göstərirlər. Rəsmi məlumatlara görə, təkcə son 5 il ərzində ABŞ və
Rusiyanın rəsmi qurumları Dağlıq Qarabağa 45 milyon dollar investisiya qoyub. Bu
sərmayələr məktəblərin, səhiyyə müəssisələrinin, evlərin tikintisinə, qaz və su
təchizatının yaxşılaşdırılmasına yönəldildiyi iddia edilsə də, separatçı rejimin
"müdafiə naziri" Seyran Ohanyan bu yardımların bir qisminin "respublikanın"
müdafiəsi sahəsinə yönəldiyini istisna etməyib.
Hərbçilərin fikirləri əsasında
aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, bir gün ərzində briqadanın
apardığı orta gərginlikli döyüşdə 2 milyon dollar vəsait itkisi olur. Dağlıq
Qarabağ şəraitində isə bu bir neçə dəfə artaraq 5 milyon dollara çata bilər.
Qeyd edək ki, döyüşlərini gedəcəyi yer dağlıq ərazilər olduğundan əsgərlərin
təminat və təchizatına, texnikalara çəkilən xərclər də bir neçə dəfə artacaq.
Mənəvi psixoloji hazırlıq
Azərbaycan ictimaiyyətinin müharibəni
real vasitə kimi qəbul etməsi bu ölkədə insanların yüksək mənəvi psixoloji
ruhunun olduğunu göstərir. Dəfələrlə ictimaiyyətin müharibə tələb etməsi də
bunun göstəricisidir. Ermənistan cəmiyyətində isə vəziyyət Azərbaycandakından
tamamilə fərqlidir. Hərbi mənbələrdən daxil olan məlumatlara görə, Ermənistan
Silahlı Qüvvələrinin Dağlıq Qarabağda yerləşən birləşmələrinin mənəvi-psixoloji
durumu orta vəziyyətdədir. Buradakı hərbi birləşmələrdə kifayət qədər
problemlər mövcuddur. Daha çox isə nizamnamədən kənar hərəkətlərə rast gəlinir.
Sözügedən problem isə daha çox Ermənistandan gələnlərlə Qarabağdan olan
çağırışçılar arasında yaranır. Orduda mənəvi-psixoloji gərginliyin hökm
sürdüyünü deyən ermənilərin özləri də Qarabağdakı hərbi hissələrin "dizbat"
funksiyasını daşıdığını qeyd ediblər. Faktdır ki, bu gün Ermənistanın özündə
yerli ermənilərin Qarabağa hərbi xidmətə göndərilməsinə mənfi yanaşılır.
Ermənistanlılar daha çox Ermənistanın özündə və ətraf rayonlarda xidmət etməyə
üstünlük verirlər. Qarabağdakı hərbi hissələr birbaşa döyüş şəraitindədir.
Onlarda normal şəraitin, normal kazarmaların və lazım olan infrastrukturun
olmaması da ümumi ab-havaya təsir göstərir. Ermənilər özləri də orduda
mənəvi-psixoloji gərginliyin mövcud olduğunu bəyan edirlər. Qarabağdakı hərbi
birləşmələrə əsasən Ermənistanda məskunlaşmış Azərbaycandan köçən ermənilərin
və arxa hərbi hissələrdə cəzalandırılmış əsgər və zabitlərin göndərildiyini
iddia edən erməni əsgərləri Dağlıq Qarabağ ərazisindən hər ay yüzlərlə erməni
gəncinin fərarilik etdiyini, onların əsasən İran ərazisindən keçməklə xaricə
qaçdığını qeyd edirlər. Əsir düşmüş erməni əsgərləri bu gün Ermənistan
əhalisinin bir-biri ilə yola getməyən, bir-birinə qarşı dayanmış üç qrupa
bölündüyünü qeyd edirlər. Yerli ermənilər, Azərbaycandan gələn qaçqınlar və
Dağlıq Qarabağ erməniləri. Yerli ermənilər Azərbaycandan gələnləri və
qarabağlıları erməni saymır, əksərən azərbaycanlı adlandırırlar. Xaricdən gələn
yardımlar da bu insanlar tərəfindən mənimsənilir. Xidmətə gəlincə, ən ağır
şəraitli yerlərdə qarabağlı və Azərbaycandan gəlmiş ermənilər xidmət edir.
Canlı qüvvələr nisbəti
Müdafiə Nazirliyinin mühüm
idarələrindən birində çalışan zabitin verdiyi məlumata görə, Ermənistan
ordusunda hər il çağırışla bağlı böyük problemlər yaranır. Ermənistanın insan
resurslarının az olması səbəbindən yaranan bu problemləri aradan qaldırmağın
mümkün olmadığını hətta bu ölkənin Silahlı Qüvvələrinin Baş qərargah rəisi
Mikael Arutunyan da etiraf edib. Qeyd edək ki, bu gün Ermənistan SQ-də
ümumilikdə 61 min nəfərin xidmət etdiyi bildirilir. Bunun təxminən 5 min nəfərə
qədəri mülki vətəndaşlar, 3 min nəfəri isə Hərbi Hava və Hava Hücumundan Müdafiə
Qüvvələrinin hərbi qulluqçularıdır. İldə iki dəfə orduya çağırış həyata
keçirilir və hər dəfə də 15-17 min nəfər silahlı qüvvələrə xidmətə çağırılır və
ehtiyata buraxılır. Ermənistan SQ-də xidmət müddəti keçmiş Sovet ordusunda
olduğu kimi 2 ildir. Əsgər çatışmazlığı ilə əlaqədar, bəzən ehtiyatda
buraxılmalı olan əsgərlər orduda bir neçə ay artıq xidmət etməli olurlar. Buna
görə də, ermənilər başqa regionlardan orduya muzdla xidmət üçün insanlar cəlb
edirlər.
Azərbaycanda isə vəziyyət əksinədir.
Məlum olduğu kimi, Azərbaycan SQ-də xidmət il yarımdır və il ərzində 4 çağırış
prosesi həyata keçirilir. Hər çağırış mövsümündə isə 25-30 min nəfər gənc ordu
sıralarına çağırılır. Bu gün Azərbaycan SQ-də ümumilikdə 150 min nəfərin xidmət
etdiyi bildirilir. Lokal səfərbərlik olarsa Azərbaycan əhalinin 10 faizi
qədərində, 800 min nəfərdən artıq vətəndaşı orduya cəlb etmək iqtidarındadır.
Ermənilərin özləri də etiraf edirlər
ki, onlar real təhlükəni Azərbaycandan "Dağlıq Qarabağ Respublikası"
istiqamətindən gözləyirlər. Hərbi mənbələrdən əldə etdiyimiz məlumatlara görə,
qeyd olunan istiqamətdə Ermənistan bütün qüvvələrinin və arsenalının 3/4-nü
cəmləşdirib. Məlumat üçün bildirək ki, Ermənistanın 1254 km sərhəddinin 62
faizi, yəni 787 kilometr Azərbaycanladır. Bu istiqamətdə Azərbaycanın öz hərbi
potensialının 80 faizini saxladığını iddia edən Ermənistan rəsmilərinin
fikrincə, "Azərbaycanın siyasi hakimiyyəti Ermənistan üzərində hərbi üstünlüyünü
hiss edən kimi müharibəyə başlayacaq".
Ermənilərin Qarabağ
müharibəsi planı
Ermənilər başlanacaq ikinci Qarabağ
müharibəsi ilə bağlı xüsusi planlarının olduğunu da tez-tez bəyan edirlər.
Qondarma respublikanın müdafiə naziri S.Ohanyanın "gecə gündüz" car çəkdiyi
plana görə, müharibəyə başlayan Azərbaycan ordusunun həmlələri az bir zamnada
dəf ediləcək və "düşmən" ağır itkilərə məruz qalaraq əvvəlki mövqelərinə
çəkilməli olacaqdır. Ohanyan planına görə, Azərbaycan Silahlı Qüvvələri
müharibəyə başladığı ikl gündən aviasiya və artilleriyanın dəstəyi ilə
ermənilərin çağırışçılardan təşkil olunmuş ön xətdəki mövqelərini yarmağa nail
olacaq. Bu zaman onlar böyük itkilər hesabına müəyyən qədər irəliləyəcəklər.
İkinci və üçüncü müdafiə xəttinə çıxarılan birinci müharpibənin iştirakçıları,
döyüş görmüş, ehtiyatda olan hərbçilər çox asanlıqla Azərbaycan ordusunun
qarşısını alacaq və onları ağır tələfata uğradacaqlar.
Hərbi mənbələrin məlumatlarına görə,
Qarabağdakı erməni ordusu 3 korpusda cəmləşdirilmiş 25 min nəfərdən ibarətdir.
Qarabağdakı silah və texnika ilə birgə Ermənistanın arsenalında 316 tank, 324
zirehli transportyor, 322 artilleriya qurğusu, 44 yaylım atəş reaktiv sistemi
("Qrad" qurğusu) var. İşğal olunmuş Azərbaycan ərazilərində ermənistanlı
çağırışçılarla yanaşı 3200 muzdlu da xidmət edir. Xaricdəki erməni diasporunun
xətti ilə maliyyələşən muzdlu əsgərin hər birinə ayda 200 dollar məvacib
verilir. Məlumatlara görə, Qarabağda xidmət edənlərin 7 min nəfəri ermənistanlı
çağırışçılardır. Məlumatlarda o da bildirilir ki, 1994-cü ildən indiyə qədər
Qarabağdakı hərbi birləşmələrdən 5 min nəfərdən çox əsgər və zabit fərarilik
edib, "Avropada adi silahların yayılmasına dair müqavilə"ni pozaraq.
Ermənistan Rusiyadan
əlavə silahlar almaqla arsenalını gücləndirir
Təkcə 1992-1996-cı illərdə Rusiya
Ermənistana saziş çərçivəsində 8 operativ taktiki R-17 raket kompleksi, 27
"Kruq" zenit raket kompleksi, 84 T72 tankı, 50 BMP 1 və BMP 2, 36 ədəd D30, 18
ədəd D20 qaubitsası və 18 "Qrad" qurğusu verib. Bütün bu silahlar işğal altında
olan Azərbaycan ərazilərində yerləşdirilib.
Ermənilər sözügedən müharibə planının
birinci müharibənin uğur və uğursuzluqlarının təhlili əsasında hazırladıqlarını
bəyan edirlər. Buradakı səngərlərin qazılmasından artilleriya və zirehli
texnikanın tətbiqinə qədər bütün məqamlar birinci müharibədə nəzərdən keçirilib.
Məsələn, erməni generalları dağ döyüşlərində tanklardan istifadənin effektsiz
olduğunu əsas gətirərək piyadaların döyüş maşınlarından (PDM), reaktiv atəş
sistemlərindən, kiçik ölçülü qaubitsalardan və minaatanlardan istifadənin
mümkünlüyünə inanırlar. Lakin hərbi ekspertlər dağlıq şəraitdə PDM-lərin də
imkanlarının məhdud olmasını əsas gətirərək ermənilərin belə olan təqdirdə
külli miqdarda hərbi texnika itirəcəyini istisna etmirlər. Eyni zamanda
ermənilər 1992 və 1994-cü illərdə Azərbaycanın ordusunun bütün cəbhə boyu
hücumu zamanı qazandığı uğurların səbəblərini də araşdırıb, bunların əsasında
müdafiə istehkamlarını yaradıblar. Qarabağ cəbhəsinin şimalında, Murovdağda 3395
metr hündürlükdə yerləşən və şimaldan Qarabağın giriş qapısı sayılan Ömər
aşırımı ermənilərin ən çox təhlükə gözlədiyi ərazi hesab edilir. Xatırladaq ki,
1994-cü ilin dekabrında Azərbaycan ordusu bölmələri çətin hava şəraitinə
baxmayaraq həmin mövqeni itkisiz ələ keçirib. Bunun da nəticəsində Kəlbəcər
istiqamətində yol açılmışdı. Sözügedən istiqamətdən irəliləməklə Laçın dəhlizinə
və Zod aşırımına çıxmaq, Dağlıq Qarabağdakı qüvvələri təchizatdan məhrum etmək
mümkündür.
Ermənilərin ən güclü istehkamları isə
cəbhənin mərkəzində Tərtərdən Xocavəndə qədər ərazidə yaradılıb. Buradan əsas
zərbəni gözləyən və relyefi nəzərə alan ermənilər bir neçə qat dərinliyində
istehkamlar inşa ediblər. Eyni zamnada 1992-ci ilin Ağdərə əməliyyatı zamanı
uğursuzluqların təkrar baş verməməsi üçün onlar cəbhədən xeyli uzaq Aterk,
Qlobus, Çıldıran, Kirs və s. yüksəklikləri də möhkəmləndiriblər. Xatırladaq ki,
o zaman həmin yüksəkliklərin tutulması ilə Xankəndinə yol açılmışdı.
Ermənistanla dövlət sərhəddində
Gədəbəydən Qazaxın Məzəm, Qızılhacılı kəndinə qədər ərazidəki əksər yüksəkliklər
isə Azərbaycan ordusunun nəzarətində olduğu üçün ermənilər sözügedən istiqamətdə
o qədər də aktivlik göstərə bilmirlər. Keçən ilin yayında Qazaxın Məzəm və
Qızılhacılı kəndlərində iki aya yaxın baş verən döyüşlərdə Azərbaycan ordusu
Ermənistanın Tavuş rayonunun Berkaber kəndinin yaxınlığındakı yyüksəkliyi ələ
keçirib. Qeyd edək ki, buradakı yüksəkliklərdən Tavuş rayonunun Sevkar,
Sarıgöy, Açacur kəndləri habelə İcevan rayon mərkəzini nəzarətdə saxlamaq
mümkündür. Tovuz rayonundakı Çənlibel yüksəkliyindən isə Ermənistanın Çinar,
Qulakənd, Qızılbulaq, Qaraqaya, Movses, Yuxarı Çinar kəndlərinin və Berd rayon
mərkəzini nəzarətdə saxlamaq imkanı var.
Hərbi ekspertlərin fikrincə,
ermənilərin müharibə taktikasında onların özlərinin səsləndirdiyi kimi qeyri-adi
nə isə yoxdur. Ermənilərin işğal altında olan ərazilərdə güclü müdafiə
istehkamları yaratdıqlarını təsdiqləyən ekspertlər hesab edirlər ki, bu heç də o
istehkamların "keçilməz" olması demək deyil. Sadəcə olaraq ermənilər bu müdafiə
istehkamlarına özlərinin mövqeləri arasındakı boş ərazilərdə plansız minalanmış
sahələri, məftil çəpərləri də aid edirlər.
Qarabağda hansı
formada döyüşlə qələbə qazanmaq mümkündür
Hərbi ekspertlərin fikrincə, Qarabağın
relyefi orada aparılacaq hərbi əməliyyatları mürəkkəbləşdirir. Digər tərəfdən
ərazidən azərbaycanlı əhalinin tamamilə deportasiya olunması burada tez-tez
səsləndirilən partizan müharibəsi taktikasının tətbiqini heçə endirir. Sosial
bazanın olmaması partizan müharibəsini çətinləşdirdiyi kimi, ermənilərin də
döyüş aparma imkanlarını məhdudlaşdırır. Yəni, onlara psixoloji təsir göstərir.
Özündən arxada yerli əhalinin olmadığını düşünən əsgər və zabitlərdə mənəvi
psixoloji ruh düşkünlüyü yaranır. Nəticədə qarşıya çıxan adi çətinliklər onların
ruhdan düşməsi ilə nəticələnir.
Ekspertlərin fikrincə, Azərbaycan
ordusu hücuma keçən tərəf olduğundan itkiləri də çsox olacaq. Bunu ermənilərin
coğrafi üstünlükləri də deməyə imkan verir. Partizan müharibəsindən fərqli
olaraq, Azərbaycanın düşmən arxasında kiçik qruplar vasitəsi ilə diversiya
əməliyyatları aparması, düşmənin qərargahlarına, təminat və təchizat sisteminə
sarsıdıcı zərbələr endirmək imkanları yüksəkdir. Eyni zamanda Azərbaycan Silahlı
Qüvvələrinin üstünlüyü aviasiyaya malik olması ilə bağlıdır. Birinci müharibədə
də Azərbaycanın Hərbi Hava Qüvvələri ermənilərin cəbhənin dərinliklərindəki
mövqelərinə zərbələr endirərək məhv edib.
Hərbi ekspertlərin gəldiyi qənaətə
görə, Ermənistanın hazırkı şəraitdə nə iqtisadi potensialı, nə insan
ehtiyatları, nə də bu ölkədə mövcud olan mənəvi psixoloji durum Azərbaycanla
müharibə aparmağa yetərli deyil.
Sonda bir məsələni də qeyd etmək
lazımdır. Müharibədə uduzacağımızı iddia edənlər bilməlidirlər ki, Azərbaycan da
atəşkəsin mövcud olduğu müddətdə "boş dayanmayıb". Azərbaycan Silahlı
Qüvvələrinin maddi texniki bazası gücləndirilib. Ermənistandan fərqli olaraq
iqtisadi imkanlarımız yüksələn xətt üzrə gedir. İtirilmiş torpaqların
qaytarılması müharibəsiz baş tutmayacaq. Ən azından ona görə ki, ermənilər də bu
müharibədə qan töküblər. Torpaqların azadlığı müharibədən keçir. Buna isə hər
bir Azərbaycan vətəndaşı hazır olmalıdır. Bunun üçün isə müharibədən qorxmaq
deyil, müharibəni sevmək lazımdır.
Rəşad Süleymanov
|