Bu gün: 19 İyul 2008, Şənbə

 

 
 
 

 

Azad Qarabağ - 12-ci səhifə

Frensis Fukuyama: Neokonservatizmi indiki halında qəbul edə bilmərəm

("The Gardian", Böyük Britaniya)

ABŞ politoloqu Frensis Fukuyama dünyada çox oxunan və hər dəfə mübahisəli yazılarla çıxış edən müəlliflərdəndir. O, "Tarixin sonu?" məqaləsi ilə daha çox tanınır. Bu gün onun son günlərdə yazdığı və ətrafında müzakirələr açılan daha bir yazısını oxuculara təqdim edirik. Məqalə ABŞ və dünya münasibətlərinə, beynəlxalq birliyin aktual problemlərinə həsr olunmuşdur.

Birləşmiş Ştatlar xarici siyasət xəttini dəyişdirməli, onu "hərbi kompaniya"dan insanların əqli və ürəkləri uğrunda  siyasi mübarizəyə çevirməlidir.

Bu gün, İraq müharibəsinin üçüncü ildönümü ərəfəsində, demək olar ki, hamıya aydındır ki, bu müharibəyə və onu törədən ideologiyaya münasibətdə tarix ağır hökm çıxaracaqdır. Buş administrasiyasının həm daxilində, həm də ondan kənarda İraqın və bütün Yaxın Şərqin demokratikləşdirilməsi ideyasını daha fəal neokonservatorlar irəli sürürdülər. Müşahidəçilərin əksəriyyəti (həm tərəfdarları, həm də əleyhdarları) hesab edir ki,  İraqda rejimin dəyişdirilməsində məhz onlar əsas rol oynamışlar və məhz onların idealist proqramı yaxın aylarda və illərdə tam iflas təhlükəsi qarşısında qalacaqdır.

Neokonservatorlar nə üçün ölçü hissini o dərəcədə itirdilər ki, onların öz məqsədləri təhlükə qarşısında qaldı? Necə oldu ki, bu  qədər dərin "köklər"ə malik olan siyasi cərəyan belə bir fikrə düşdü, guya terrorizmin "ilkin səbəbi"ni Yaxın Şərqdə demokratiyanın olmamasında axtarmaq gərəkdir. Birləşmiş Ştatların isə bu problemi  həll etmək üçün müdrikliyi və bacarığı kifayət edəcəkdir və yaxud İraqda demokratiya tez və ağrısız qalib gələcəkdir? Soyuq müharibənin başa çatdığı konkret şərait olmasaydı, neokonservatizm heç vaxt bu cür evolyusiyaya məruz qalmazdı.

Soyuq müharibənin sonu İraq probleminin hərbi yolla həllinə tərəfdar olanların düşüncəsinə ikili təsir göstərdi. Birincisi, belə bir yanlış təsəvvür yarandı ki, bütün  totalitar rejimlər çox zəifdi və xaricdən bir təkanla karton evciklər kimi dağılacaqlar. Deyəsən, müharibə tərəfdarları əmin idilər ki, cəmiyyəti diktator rejimindən xilas edən kimi  dərhal demokratiya bərqərar olacaq. Uzun sürən islahatlara və müəyyən institutların yaradılmasına ehtiyac qalmayacaqdır. Təəssüf ki, bu evolyusiyadan sonra mən neokonservatizmi nə siyasi ideya, nə də intellektual cərəyan kimi qəbul edə bilərəm.

Administrasiya və onun neokonservativ tərəfdarları beynəlxalq birliyin də reaksiyasını düzgün hesablaya bilməmişdilər. Əlbəttə, soyuq müharibə illərində çox vaxt Vaşinqton əvvəlcə hər hansı addımı atır, sonra isə köhnə tarixlə bu hərəkətlərin legitimliyinin müttəfiqlər tərəfindən tanınmasına nail olurdu. Lakin soyuq müharibədən sonra beynəlxalq münasibətlərin xarakteri o dərəcədə dəyişdi ki, Vaşinqtonun birtərəfli güc aksiyalarına müttəfiqlər çox böyük şübhə ilə yanaşmağa başladılar. SSRİ dağılandan sonra bir çox neokonservator yazarlar belə bir ideya ilə çıxış etdilər ki, Birləşmiş Ştatlar gücündən istifadə edərək, "eybəcər dövlətlər"in hərəkətləri, yaxud kütləvi qırğın silahlarının yayılması ilə bağlı problemləri bütün beynəlxalq birliyin maraqlarına uyğun olaraq həll etməli və özünəməxsus "xoşniyyətli dünya hegemonluğu"na nail olmalıdır. ABŞ-ın hegemon rolunda digər dövlətlərə nisbətən daha "xoşniyyətli" olacağı ilə bağlı  fikrin özünü o qədər də absurd hesab etmək olmaz, lakin bu fikri həyata keçirməyə çalışanlar nəzərə almırdılar ki, hələ İraq müharibəsindən xeyli əvvəl dünyanın ABŞ-a münasibəti kəskin şəkildə dəyişmişdi. Birləşmiş Ştatlar istənilən digər ölkə ilə müqayisədə böyük dövlətçilik ambisiyaları ilə çox irəliyə getmişdi. 

Hər halda dünya Amerikanın "xoşniyyətli hegemonluğunu" həm də digər səbəblərə görə qəbul etmirdi. Birincisi, bu siyasət belə bir ideyaya söykənirdi ki, ABŞ digər dövlətlərdən hansısa "mənəvi üstünlüyə" malik olduğuna görə, başqalarından fərqli olaraq istədiyi vaxt, istədiyi yerdə güc tətbiq edə bilər. Amerikanın "xoşniyyətli hegemonluğu" ilə bağlı digər problem  daxili siyasətlə əlaqəlidir. Amerika cəmiyyəti  bütövlükdə İraqın bərpası üçün hər şey etməyə hazırdı, amma bu cür bahalı müdaxilələrin təkrar olunmasına o qədər də rəğbətlə yanaşmır.

Başlıcası isə, ABŞ üçün İslam radikalizmi təhlükəsinin həddindən artıq şişirdilməsi ilə ciddi səhvə yol verdilər. Düzdü, kütləvi qırğın silahına malik olan fanatik terrorçularla qarşılaşmaq perspektivi görünürdü, lakin müharibə tərəfdarları səhv olaraq bu perspektivi "İraq təhlükəsi", həmçinin "eybəcər dövlətlər" və kütləvi qırğın silahlarının yayılmaması problemləri ilə qarışıq saldılar.

Bu gün Birləşmiş Ştatlar artıq xarici siyasətində dəyişikliklər etməlidir. Birincisi, "terrorla qlobal müharibə" deyilən siyasətdən imtina edilməli və digər xarici siyasət vasitələri işə salınmalıdır. Biz Əfqanıstan və İraqda üsyançılara qarşı döyüşürük, beynəlxalq cihad hərəkatına qarşı müharibə aparırıq və bu mübarizəni qələbə ilə başa çatdırmaq lazımdır.

Lakin onu "müharibə" adlandırmaqla baş verənlərin miqyasını kiçildirik. Cihad elan edənlərin hərəkətlərinə cavab hərbi kompaniya deyil, bütün dünyada sadə müsəlmanların əqli və ürəyi uğrunda siyasi yarışdan ibarət olmalıdır.  Fransa və Danimarkadakı son hadisələr göstərdi ki, bu məsələ ilə bağlı əsas "döyüş meydanı" Avropa olacaqdır.

ABŞ başqa ölkələrə münasibətdə hərəkətlərinə legitimlik vermək üçün indiki "könüllülər koalisiyasından" daha məqbul başqa bir şey təklif etməlidir. Dünyada kollektiv aksiyalara legitimlik verəcək səmərəli beynəlxalq institutlara ehtiyac yaranmışdır. Konservatorların BMT-nin ünvanına söylədikləri tənqidlər tamamilə haqlıdır: bu təşkilat bəzi sülhməramlı əməliyyatların keçirilməsində və dövlət quruculuğuna yardım göstərilməsində müsbət rol oynayır, lakin ciddi beynəlxalq təhlükəsizlik məsələlərinin həllində bu qurumun demokratik legitimliyi və sadəcə səmərəliliyi kifayət etmir. Problemin həllinə "kollektiv orqanlar çoxluğu" - regional yaxud funksional prinsiplər əsasında təşkil olunan və bir-birini qismən əvəzləyən, bəzən isə bir-biri ilə rəqabət aparan beynəlxalq institutların yaradılması ilə nail olmaq olardı.

Nəhayət, demokratiyanın yayılması ilə bağlı məsələnin ABŞ-ın xarici siyasətində yerinin müəyyənləşdirilməsinə yenidən baxılmalıdır. Məsələyə yanlış yanaşma ABŞ-ın üzdə dost münasibətlər bəsləyən avtoritar rejimlərlə müttəfiqlik əlaqələrinə gətirib çıxara bilərdi. Ölkələrsə onların öz vətəndaşlarına münasibətinə uyğun olaraq qurulan əlaqələr, Vudro Vilsonun ruhuna uyğun olaraq qurulan siyasət prinsip etibarı ilə düzgündür. Lakin bu siyasətə daha çox realizm elementləri əlavə olunmalıdır. Corc Buşun birinci prezidentlik müddətində məhz bu cəhətlər çatmırdı.

Yaxın Şərqin demokratikləşdirilməsi və modernləşdirilməsi cihad terrorizmi problemini həll etməyəcəkdir. Radikal islamçılıq müasir, plüralist cəmiyyətə keçid zamanı identikliyin itirilməsi ilə yaranır. Ona görə də, bu regionda demokratiyanın yayılması həm də "yadlaşma", radikalizm və terrorizmin yayılması deməkdir. Bundan başqa, biz nə etsək də, Yaxın Şərq ölkələrinin siyasi həyatında islam qruplaşmalarının fəal iştirakı qaçılmazdı və yalnız bu yolla müsəlman cəmiyyətinin qanı və hüceyrəsindən islam radikalizmi zəhərini çıxarmaq olar. Bizimlə dost olan avtoritar hakimlərin müti xalqlarını itaətdə saxladıqları dövr artıq çoxdan arxada qalmışdır.

Buş administrasiyası tədricən birinci  prezidentlik müddətinin mirasından yaxasını qurtarır. İranın və Şimali Koreyanın nüvə proqramları ilə bağlı ehtiyatlı xətt, kollektiv hərəkətlərə üstünlük verilməsi dediyimizə  sübutdur.


Nazim İbrahimov ermənilərin mövqeyindən çıxış edir

"Ramil Səfərov Qurgen Mardaryanı öldürməklə qəhrəmanlıq etməyib. O, ermənini yatdığı yerdə qətlə yetirməklə düşmənə yox, bizə zərbə vurub. Dünya erməniləri bu hadisədən bizim əleyhimizə istifadə edirlər. Bu məsələdə biz qlobal şəkildə uduzduq". Bunu jurnalistlərə verdiyi açıqlamasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. Komitə sədri bildirib ki, bu onun prinsipial mövqeyidir və vaxt keçdikcə, Azərbaycanda hər kəs bu mövqe ilə razılaşacaq. N.İbrahimov deyib ki, R.Səfərov törətdiyi əmələ görə Macarıstanın qanunları ilə cavab verəcək: "Bu hadisə baş verəndə Azərbaycan cəmiyyətində çox yanlış mövqe oldu və bu bizim uduzmağımızla nəticələndi. Ermənilər isə bu faktordan düzgün istifadə edə bildilər. Biz hadisəyə sakit yanaşmalı idik. Ramildən Milli qəhrəman düzəldəcəyimizdən qorxub, onu Azərbaycana ekstradisiya etmədilər".

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 11 12 13 ... 17

Sənədin sonuncu korrektə tarixi: 13/3/2006 - 4:33:39
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.011377