Bu gün: 19 İyul 2008, Şənbə

 

 
 
 

 

Azad Qarabağ - 13-cü səhifə

Qarabağın "toyu", Xocalının yası

Bu gün nədənsə yaman xəyala dalmışdım. Birdən mənə elə gəldi ki, babamın ruhu başımın üstündə dayanıb və məni qınayıcı baxışlarla süzür. Bu o babam idi ki, faşizmə qarşı döyüşüb,  Krımda bir qolunu qoyub geriyə dönmüşdü. Krım demiş. Bu babam da lap kef olub ey!

Burdan Krıma qədər gedib ki, nə var, nə var nemes öldürəcək. Özü də bilə-bilə ki, Krımda ev tikəsi, yurd salası deyil. Göz dəyməsin, amma biz burdan-bura heç Qarabağa gedib erməni öldürmürük. Özü də çox gözəl bilirik ki, orada biz həm ev tikməli, həm də yaşamalıyıq. Axı ora bizim torpağımızıdır, erməni torpağı deyil.

Xəyallar məni  uşaqlıq illərinə apardı. Xocalı alınanda mənim 12 yaşım var idi. O vaxtlar düşünürdüm ki,  kaş mənim 12 yox, 21 yaşım olaydı və mən döyüşəydim. Eşitmişdim, adam böyüdükcə daha məğrur, daha qorxmaz olur. Deyəsən tərsinə imiş… Üstündən 14 il ötüb bu düşündüyümün. Mən arzuladığım 21 yaşımı da, döyüşmək üçün arzuladığım silahı da artıq geridə qoymuşam. Amma düşmənə bir dənə də güllə atmamışam.  Axı mən əsgər olanda (soyuq müharibə) atəşkəs idi. Can sevgisi məni üstələmişdi. Həm də "böyüklərimiz"in bizə bəxş etdiyi "əmin-amanlığı" pozmaq doğru olmazdı axı. İkinci bir tərəfdən, dığaya güllə atıb həbsə getmək mənə "ar" gəlirdi. Bunların da üstündən nə az, nə çox düz iki il keçib. Toya - yasa çox getmişəm bu iki ildə. Amma Qarabağın "toyuna", Xocalının yasına getmək yadıma düşməyib nədənsə.

Babam rəhmətlik həmişə deyərdi ki, bala, xeyirdən-şərdən qalmazlar, eldən ayıbdır. Yəqin o rəhmətlik bu sözü indi desəydi, deyərdim ki, ay rəhmətliyin oğlu, söz danışdın da. Heç elin özünə gedə bilirik ki, qalmışdı xeyir-şərinə.

Sonra da düşünürəm ki, yox vallah, belə  biabırçılıq olmaz!

Bunları düşünə-düşünə hüşa getmişdim ki, bayaqdan qınadığım babam gəldi yuxuma. 1992-ci ildən yalnız yuxularıma gələn Qarabağ kimi. Amma babam qarşımda bizdən incimiş torpaqlarımız kimi lal dayanmadı. Bəlkə də dilinə gətirdiyi Qarabağın ah-naləsi idi.

"Tfu sənə, ay fərsiz oğul! Sən sahib olduğun yurdu  görüm boş qalsın. Sənin varlığınla yoxluğunda nə fərq var ki?..". diksinib ayıldım. Həm yuxudan, həm də qəflətdən. Yadıma düşdü ki, mənim yurdum onsuz da boşdu, daha doğrusu, ermənidədir. Sabir sayaq düşündüm ki, yəqin babamın qarğışı tutub. Sonra düşündüm ki, yox, babamın qarğışı tutsaydı, tək məni tutardı da, bu boyda  milləti yox ki… Sonra da babamın "varlığınla yoxluğunda fərq yoxdur" sözünü təkrar xatırladım. Tüklərim ürpəndi bu sözdən. Düşündüm ki, babam bunu təkcə mənə deyil, deyəsən qarğışından fərqli olaraq, bütün millətə şamil edib.

Sonda bütün obrazlardan uzaqlaşıb özüm olaraq hamıya  - özünü bu millətin oğlu, bu vətənin vətəndaşı hesab edən hər kəsə demək istədiyim tək bir sözüm var: Gəlin varlığımızla yoxluğumuzu özümüz ayırd edək!

Nicat


Torpaqları işğal altında olan ölkənin telekanallarında nə baş verir?

Ötən bazar günü qərara gəldik ki, yoxlayaq görək torpaqları işğal altında olan ölkənin telekanalları nə göstərir, nədən danışırlar. Cəmiyyətin Qarabağ uğrunda mübarizəyə səfərbər olunmasında əsas yük həm də telekanalların üzərinə düşür. "Orta statistik" azərbaycanlı kimi "tarelka"mız olmadığına görə, bizimkilərin verilişlərini Rusiya və Türkiyənin bir neçə kanalı ilə müqayisə edə bildik.  Müşahidələrimizi saat 12.00-dan 20.00-dək apardıq və gördüklərimizdən, eşitdiklərimizdən dəhşətə gəldik.

Az.TV: Xarici maşınların yeni markalarının təqdimatı; Ağadadaş Ağayevin musiqili şousu; Ailə-məişət problemlərinə aid teletamaşa; Xocalı soyqırımına həsr olunmuş bir neçə dəqiqəlik ağlaşma (yəqin kiminsə qohumu hazırlayıb, ona görə gec də olsa efirə buraxıblar); Tanınmayan bir şairin həyat və yaradıcılığı; Ekologiya  problemlərinə dair diskussiya; Xalq musiqisi.

Lider TV: Xarici maşınların təqdimatı; Musiqi, yeməklərin hazırlanma qaydalarının müşayiəti ilə "Caqteks" geyim mağazasından reportaj; Estrada musiqisi; Hind kinosu; Avropada kinonun inkişafına dair veriliş; Estrada musiqisi; Multfilm; Xarici gülüş klipləri; İngiltərənin futbol çempionatı.

ATV: Yemək bişirməyə həsr olunmuş veriliş; Hind kinosu; Estrada musiqisi; Yeni Ulduz şousu; Küçədə şou (yolun ortasında hansısa bir ulduzla oturub söhbət edirdilər).

Space: Xalq musiqisi; Musiqili uduşlu oyun (tamaşaçılar quş adlarını bilməklə paltaryuyan uda bilərdilər); Elektronlaşmaya həsr olunmuş veriliş; Xarici avtomobillərin təqdimatı; Həkim məsləhəti; Şən və hazırcavabların şousu; Qadınlar üçün veriliş (dəriyə xidmət, geyimlər, musiqi); A.Qəniyevə həsr olunmuş musiqili veriliş.

İTV: Oyun saatı (uşaqlar oynadılar, güldülər və "Aylı gecə, sərin külək…" mahnısını oxudular); İngilis dilində dərs; Amerika kinosu; Rənglərin simfoniyası; Rusca multfilm; İdman icmalı; Şou xəbərlər.

ANS: Həkim məsləhəti; Maraqlı fakt; Qarabağın mənəvi dəyərlərindən bəhs edən kino; Azərbaycan dilində tammetrajlı multfilm (müharibə mövzusu); Mars planetində həyat problemləri; İspan cəngavərlərindən kino;  Rus kinosu. Yenə də sağ olsun ANS kanalı, yoxsa  adamın başına lap hava gələrdi.

Paralel olaraq Türkiyə və Rusiya kanallarında gedən verilişləri də izlədik. Onların verilişləri əsasən ölkələrinin problemlərinə, hərbi quruculuq işlərinə, dinlərarası dialoq məsələlərinə, tanınmış şəxsiyyətlərin həyat yoluna, heyvanlar aləminə, uşaqların idman və vətənpərvərlik mövzusunda yarışlarına, Avropada yaşayan gənclərin yabançı təsirlərdən qorunmasına həsr olunmuşdu. Verdikləri kinoların əksəriyyəti öz istehsalları idi, müəyyən vaxt məhdudiyyəti ilə Amerika kinoları da göstərirlər.  Bunları müqayisə üçün dedik ki, heç  kəs bütün dünyada vəziyyətin eyni olmasını, guya bütün dünya telekanallarının şou xəstəliyinə tutulduğunu deyib, canını qurtarmasın. Bizdəki biabırçılıq heç bir yerdə yoxdu. Hətta olsa da, onları başa düşmək olar. Onların ki, torpaqları işğal altında deyil.

Biz niyə bu gündəyik? Niyə bu ölkənin Qarabağ dərdi, torpaqlarımız uğrunda mübarizə xətti, düşmənə qarşı nifrət əhval-ruhiyyəsi, müqəddəs savaş ərəfəsində olan ordunun döyüş ruhu, vətənpərvərlik hissi telekanallarımızda hiss olunmur? Telekanallardakı bu çal-çağır, eybəcər şoular haramıza yaraşır? Bu mənəviyyatsızlıqla, abırsızlıq-arsızlıqla haraya gedirik?!


Uca boylu komandan, tosqun nazir və arıq əsgərlər

Ali Baş Komandan cəbhə bölgələrinə səfər etdi, dava paltarını da geyindi. Amma medaldan, saatdan paylayandan sonra tələm-tələsik qayıtdı arxa tərəfə, hansısa, yaxşı-yaxşı örtülmüş otaqda zabitlərlə söhbətləşdi və tez də dava paltarını soyunub getdi abidə açmağa. Yəqin abidə açmaq, boynu bükük, yazıq (rəiyyətin içərisində əzrayıla dönürlər) icra başçılarına nəsihət vermək, onların yaltaq, qorxaq sifətlərini görmək daha asan məşğuliyyətdi. Doğrudan da, dava paltarı komandana yaraşırdı, amma görünür o, hələ bu paltarı geyinməyə hazır deyil. Nə vaxtsa, hazır olacağı da inandırıcı görünmür. Daha maraqlısı başqa mənzərə idi. Bir tərəfdə boynunun yoğunluğu "Bakı-Ceyhan" "durbası"na oxşayan, eni ilə uzunu bərabərləşmiş müdafiə naziri, icra başçıları dayanmışdı. O biri yanda, arıq, əyrəmçə, boynu sapdan nazik, aclıq çəkdikləri hiss olunan Azərbaycan əsgərləri. Görəsən, ali baş komnadan (neçə ildi əlində atəşkəs zurnası erməninin qabağıycan qaçan ali baş komandanı böyük hərflərlə yazmağa adamın əli gəlmir) bu mənzərənin fərqinə vara bildimi? Bildisə, səbəbləri barədə düşündümü? Çətin.


Əvəz Həsənovun uzunqulaq inadkarlığı

Özünü hələ də hüquq müdafiəçisi kimi təqdim edən Əvəz Həsənov yenə də Xankəndinə səfər edib. Əvəz Həsənov və onun kimiləri başa düşmək istəmirlər ki, onlar "hüquq müdafiəçisi" anlayışına heç yaxın deyillər, sadəcə, ermənilərlə kimisə görüşdürmək lazımdı, özünə hörmət edənlər bu xəyanətə getmirlər, onda dərisi beş qəpiyə dəyməyən bu əvəzlər işə düşür.

Bunlara pul ver, nə deyirsən etsinlər, atalarını da satsınlar. Əvəz Həsənovun necə "hüquq müdafiəçisi" olduğunu, Arzu Abdullayevanın onu Svetlana Qannuşkinaya nə cür sırıdığını hamı bilir. Əvəz Həsənov bir müddət əvvəl özünə bəraət qazandırırdı ki, Xankəndində S.Qannuşkina ilə birlikdə əsirləri axtarır (bu günə qədər onun hər hansı  əsiri tapması haqda heç bir məlumat yoxdu). Bəs indi nə üçün Xankəndinə gedib? Orda "Akkord" jurnalının təqdimat mərasimində iştirak edib. Bu təqdimat mərasimində iştirak edənlər bildirirdilər ki, Dağlıq Qarabağ ciddi və müstəqil hərbi-siyasi tərəfdi, "Dağlıq Qarabağın erməni icması" və "Dağlıq Qarabağın azərbaycanlı icması" kimi yalan terminləri işlətmək, tarixi faktları təhrif etmək, münaqişəni Ermənistan-Azərbaycan müstəvisinə keçirmək yolverilməzdir. Xüsusilə vurğulanmışdır ki, Dağlıq Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir. Əvəz Həsənov bütün bunları uzun qulaqlarını və yox başını aşağı salaraq dinləmiş, heç bir etiraz etməmişdir. Sonra da ordakıların hüzurunda bildirmişdir ki, Bakıda ona hücumlar edir, işləməyə (yəni ermənilərə işləməyə) qoymurlar.

Əvəz Həsənov burada həmçinin İngiltərənin "Barışıq resursları" və "Beynəlxalq həyəcan" qurumlarının təşkil etdikləri regional inteqrasiyaya dair müzakirələrdə də iştirak edib və bildirib ki, Cənubi Qafqaz ölkələri hüquq müdafiəsi, gənclər siyasəti, mədəni mübadilə, hətta təhsil sahəsində əməkdaşlıq edə bilərlər. Bu axmağın dediklərindən belə çıxır ki,  biz işğalçı Ermənistanla artıq əməkdaşlığa başlamalıyıq.


QARA LÖVHƏ

Vətən qarşısında üzü qara olanlar

Əvəz Həsənovun uzunqulaq inadkarlığı
? ? ? ? ? ?

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 12 13 14 ... 17

Sənədin sonuncu korrektə tarixi: 13/3/2006 - 4:33:34
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.015796