|
Azad Qarabağ - 15-ci səhifə
Qarabağa
məktublar
Əvvəla
salam, Qarabağ! Halımı soruşsan, halım fərq etmir Əli Nağıyevin halından. Əli
müəllimin nazir kreslosu üçün burnunun ucu necə göynəyirsə, mən də o cür
göynəyirəm yağı tapdağında qalan elatlar üçün. Bakıda nə var-nə yox soruşma.
Canından iraq, quş qripini də gətirdilər Bakıya. İndi görək müxalifət qəzetləri
nədən yazacaq. Elə hey yazırdılar ki, ölkədə yenilik yoxdur, səhiyyə bərbad
vəziyyətdədir. İndi həm həkimlərin, həm də mollaların mobil telefonları
söndürülmür. Bu iki "zəhmətkeş" zümrə xalqa 24 saat ərzində öz xidmətlərini
təklif edirlər.
Yəqin
ki, keçən həftə sənə məktub yazmadığıma görə, nigaran qalmısan. Düşünmüsən ki,
Yetimin bir vərəqlik mürəkkəbi var idi, yazdı qurtardı. Amma məsələ sən
düşündüyün kimi deyil. Birinci məktubumu ələ keçirib oxuyan zəhmətkeşlər ordusu
gecə-gündüz bilmədən etiraz aksiyaları keçirdilər ki, bəs niyə Qarabağa məktub
yazıb bizdən şikayət etmisən. Əgər düz adamsansa, özün də cavan oğlan,
məmləkətdə qız qəhətdir mesaj yazmağa, götürüb Qarabağa məktub yazırsan? Mən də
canımı dişimə tutub, bir söz demədən dözdüm. Axı mən dözümlü millətin
nümayəndəsiyəm. Millət dedim, yadıma Milli Məclis düşdü. Gözün aydın, Qarabağ!
Müxalifət deputatları da getdi Milli Məclisə. Onsuz da müxalifət bekarçılıqdan
milçək öldürürdü. Özü də "Səs" qəzeti ilə. İndi, baxma, maaş alanda,
dominodan-zaddan alıb oynayarlar. Amma məndən olsa, onları MM-nin qapısından
içəri buraxmazdım. Çünki bilirəm, Cəlal babamın onlara qarşı allergiyası var. O
gün kişi onları görəndə necə qaşınıbsa, dişinin dibindən çıxanı desə də, yenə də
sakitlik tapmayıb. Müxalifət qəzetləri də yazırlar ki, sən demə, Cəlal bu
sözləri komitə sədrinə deyirmiş. Əsas məsələ ata olmaq deyil, atalar məsəli
bilməkdir. Bunlar bilmirlər ki, Cəlal müəllim üzünü kimə tutub desə də, sözünü
yenə də müxalifətə deyir. Atalarımızın bir yaxşı misalı var, "qızım sənə
deyirəm, gəlinim, sən eşit!" İndi ay müxalifət, sən də eşit ha, bu gündən bir
gün sənin üçün də var. Özünüz bilirsiniz ki, mənim söyüş söyməyimə "dobro"nu
rəhmətlik sağlığında vermişdi.
Bizim
bu müxalifət deputatlarına bir deyən gərək, əgər gedəcəkdinizsə, kimə naz
atırdınız? Ara yerdə Lalə xanım mandatından uzaq düşdü. Siz də utanmaz-utanmaz
getdiniz Məclisə. İndi isə maaş davası döyürsünüz ki, bəs keçən ayın da maaşını
verin alaq. Yoxsa uşaqlarımız acından kompüter oynayırlar.
Qarabağ! Özünü azad edə bilməsək də, qəzetini azad etdik. Bəzi ağzıgöyçəklər
deyirlər ki, İlham əmim yeni iş yerləri açmır. "Azad Qarabağ" qəzeti yeni iş
yeri deyil, bəs nədir. Azından 30 nəfər axşam evinə bir parça çörək pulu aparır.
İlham əmi tələsib Qarabağı tez azad etsəydi, nə "Azad Qarabağ" qəzeti olardı, nə
də 30 nəfərin gündəlik çörək pulu.
Qarabağ! Keçən həftə həm də şəhid balan Xocalının ildönümü idi. İqtidar
nümayəndələrinin ürəyi elə dolmuşdu ki, ayın 26-nı gözləməyə səbrləri çatmayıb,
25-i yığışıb ildönümünü verdilər. Görənlər deyirlər ki, ağlamaqdan gözləri
şişmiş Ramil Usubov, rəhmətlik öndərin qəbrinə and içərək deyib ki, bu qanı
yerdə qoymayacağam. Başqasını bilmirəm, mən o kişiyə inanıram. Dediyini edəndir
də bizim müxalifətdən fərqli olaraq. Deyirdi meydanda çadır qurmağa
qoymayacağam. Qoymadı da. Kişi sözünə düz adamdır. Çadır demiş, müxalifət bir
ətək qrant pulu verib, çadır almışdı ki, bəs inqilab edəcəyəm. İndi də qalıb
üstlərində. Rənginə görə alan da yoxdur. Ağıllarına da gəlmir ki, qara rəngə
boyayaraq, satıb pul eləsinlər. Yenə baxma, İsa Qəmbər öz payına düşəni sata
bilsə, bir ürəkdolusu qəlyan çəkər.
Qarabağ! Ölülər elə bilir ki, dirilər halva yeyir. Yəqin elə düşünürsən ki,
Şəkinin, Şamaxının əli nöyütə batıb, bircə sən qalmısan nöyütsüz/.
İki
milyon əhali tutumu olan Bakıya üç milyon yarım əhalini necə yerləşdirmişiksə,
yazıq Hacıbala müəllim, nə qədər dirək verirsə, sürüşmənin qarşısını ala
bilmir. Bakıda göydələnlərin tikilişi belə sürətlə davam etsə, bütün rayonların
əhalisini Bakıya köçürüb, oraları verəcəyik icarəyə. Nə çoxdur icarəyə torpaq
istəyən. Ermənilər deyib ki, guya sən gecə-gündüz "Naxçıvan" deyib dad edirsən.
İndi Qarabağa xatir, deyin Naxçıvanın qiymətini, verək, o da olsun bizim.
Gürcülər də Zaqatala və Balakənin behini Gürcüstandakı azərbaycanlıların əlinə
verib, bu gün-sabah göndərəcəklər üstümüzə.
Lap
yadımdan çıxmışdı, "Real" futbol klubunun prezidenti də istefa verdi. Deyirəm,
sağ əli mənim əmimin başına. Onsuz da, nə qədər Azərbaycan adlı tağımın Səfər
Əbiyev kimi hücumçusu var, rəqib qapısında top gözləməyə dəyməz. Hələ mərkəz
müdafiəçisi Eldar Mahmudovu demirəm. Lap elə Tərlan Əhmədov kimi topu öz
qapımıza vurmaqdan ləzzət alır. Ölüm ayağında olan Əli İnsanovu tutmağa nə var
ki? Bacarırsansa, gedib Koçaryanı tut. Deyim, kişinin oğlu işləyir də.
O gün
Blaxin də uşaqları ilə Bakıya gəlmişdi. Tofiq Bəhramov adına stadionunu bostana
bənzədən ötənlərin ulduzuna bir deyən olmadı ki, oynaya bilmirsənsə, demə yerim
dardır. Fateh Terimin taktikasından baş çıxarmağa nə var ki?! Bacarırsan Şahin
Diniyevin qurduğu taktikaya qarşı oyna. Öz aramızdı, Şahin Diniyevin bir sirrini
sizə açım. O gəncləşdirmə siyasətini prezidentimizdən oğurlayıb. Amma gərək
unutmasın ki, gənclərimiz arasında da üzüdönüklər olur. Deyirlər, "ilan vuran
ala çatıdan qorxar". Yəni, nazir Fərhad Əliyevi görən, qapısı Fərhad Vəliyevdən
qorxar. Düzdür, Fərhad Vəliyev hələ üzüdönüklük etməsə də, arabir meydanda rəqs
etmək bacarığını nümayiş etdirir. Yenə Allah üzümüzə baxdı ki, Şahin müəllimin
siftəsini kor eləmədi.
Qarabağ! Sözüm qurtarmasa da, məktubu tamamlamaq istərdim. Özün bilirsən, mənim
söz ehtiyatım bizim nazirlərin vəd ehtiyatı kimi tükənməzdir. Sadəcə olaraq,
vaxtım daralır. "İç xəbər"ə baxmaq istəyirəm. Deyirlər, Buzovnada yeni əyləncə
mərkəzi tikəcəklər. İndidən yerini öyrənib, deyim Əbülfəz müəllimə ki, gələn il
Xocalının ildönümündə qonaqlığı orada versin.
Özündən
muğayat ol. Koçaryanın qarınağrısı kəsilən kimi, sənin məsələni həll etməyə
çalışacağıq. Bu sözü sənə deyirəm, özgələr bilməsin. Deyirlər ki, prezidentlərin
görüşündə çay işinə baxan, bizim müxalifətin nümayəndələrindən olub. Özü
bilə-bilə Koçaryana qaynamamış çay gətirib ki, söhbəti axıra çatdıra bilməsin.
Eybi yox, qoy müxalifət bildiyindən əl çəkməsin. Elmar Məmmədyarov bu dəfə
danışıqlardan əvvəl Koçaryana pampers geyindirib, müxalifəti "mat" vəziyyətinə
salmasa, üzüm ağ olsun qazan qarası kimi. Necə ki, Sərdarla Aydının üzü qaradır
Rəsul müəllimin yanında.
Öpürəm,
YAP-çı ayağı dəyməyən, saxta seçki keçirilməyən hər qarışından.
Rauf
Mirqədimova görə narahat olma. O Azərbaycan türkü deyil, türk cildinə girmiş
tülküdür.
Torpağı
işğal olunan millət silahlanmalı,
Torpağı
işğal olunan məmləkət hərb qanunları ilə yaşamalı,
Torpağı
işğal olunan "millət"in və məmləkətin prezidenti döyüş əmri verməlidir.
Silahlan millətim!
Yaşamını dəyiş, məmləkətim!
Döyüş
əmri ver, "millət"imin və məmləkətimin prezidenti.
Bizim
Qarabağımız işğal altındadır.
Bu
səhifəyə baş nazir Artur Rəsizadənin, Bakı Dövlət Universitetinin rektoru Abel
Məhərrəmovun, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin nəinki
oxumağı, hətta baxmağı da məsləhət deyil.
Yetim Qacar
Bayatılar
|

Əvəz Süleymanoğlu |
Gəldilər can alanlar.
Pis hallara salanlar.
Əzilən övladların,
Ölü gördü analar.
Tanklar girdi şəhərə.
Az qalırdı səhərə.
İnsanları qıraraq,
Tökürdülər Xəzərə.
Özləri bir heçdilər.
Qanımızı içdilər.
Körpə, qoca, qadını,
Taxıl kimi biçdilər.
İyirmi yanvar, gecə,
Alçaqlar gəldi necə!?
Soxularaq Bakıya,
Qırdı milləti becə.
Bir dəm rüşvət alanlar.
Özlərini qananlar.
Alacaqlar cəzasın,
Xalqa düşmən olanlar.
O
müdhiş gecə, anlar,
Məhv oldu gözəl canlar.
Xalqı qırğına verib,
Qaçdı xalqı satanlar.
Bağrında yatdılar.
Millətini atdılar.
Sapı bizdən baltalar,
Çox günaha batdılar.
Deyilənlər yalandı.
Evlərimiz talandı.
Xəyanət ucbatından,
Bakı oda qalandı.
Ərənlərmiz güdüldü.
Başları da üzüldü.
Ölkə alt-üst olaraq,
Evlər viran edildi.
İblis burda qışladı.
İşlərinə başladı.
Bir qrup alimləri,
Tank altında xışladı.
Başlara kül ələndi.
Bakıya qan çiləndi.
Analar qarşısında,
Balalar güllələndi.
Qanun təhqir edildi.
Qan dənizi çöl idi.
Maşınlar tanklar altda,
Torpağa həkk edildi.
Əlbətt görər qəzasın.
Ölü görsün əzasın.
Qarbaçovlar, Yazovlar,
Alacaqlar cəzasın.
Rəqiblərimiz uddular.
Axı onlar yaddılar!
Dinc əhaliyə qarşı,
Güclü divan tutdular.
Torpaqlardan pay olmaz.
Səmasız da ay olmaz.
Qoy car olsun düşmənə,
Qisas cavabsız qalmaz.
Bütün millət oyansın.
Bir-birinə yaransın.
Ya
özün azad etsin,
Ya
da qana boyansın.
Yanvarın qara gəldi.
Elə
bil yara gəldi.
Fələyin gərdişindən,
Tale də qara gəldi.
Əfi
ilan çalandı.
Ölkə tamam talandı.
Millət qırıldı getdi,
Bakı oda qalandı.
Yaltaqlar xalqı satdı.
Malların mala qatdı.
Evlərin talan edib,
Özlərini də atdı. |
|
Allah rəhmət eləsin |
|
Akif Nağı, QAT Ağsaqqallar Şurası və İdarə Heyəti
Abuzər Əliyevin
vəfatı ilə əlaqədar ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verirlər. |
Müsabiqə
Qarabağ Azadlıq
Təşkilatı Qarabağ mövzusunda ən yaxşı publisistik, analitik yazı, şer, plakat,
karikatura müsabiqəsi elan edir. Ən yaxşı nümunələr “Azad Qarabağ” qəzetində çap
olunacaq, ilin sonunda isə hər nominasiya üzrə qaliblər müəyyən ediləcəkdir.
Arzu edənlər işlərini qəzetimizin ünvanına göndərə bilərlər.
Təşkilat
komitəsi
|
№03
(003)
02.03.2006-cı il |
Təsisçi və baş
redaktor:
Akif Nağı
Məsul redaktor:
Adil İrşadoğlu
Baş redaktorun
müavinləri:
İlqar Mehdi, Tahir Məmmədli
Baş redaktor:
Firudin Məmmədli
web:
http://www.azadqarabag.azerall.info
e-mail:
azad_qarabag@yahoo.com |
Telefon:
510-22-39
Fax:
510-22-08
Ünvan:
Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 75 |
|
Beynəlxalq Bankın
Yasamal filialı.
Bankın kodu:
805562
M/hesabı:
0137010002944
VÖEN:
9900001881
SWIFT: IBAZAZ2X
Müştərinin hesabı:
673785 AZN 382101 |
“Turan”, “Apa”
informasiya agentliklərinin, "Qarabağ
Sənədlərdə",
medianaliz.com, inosmi.ru, arminfo.am, armenpress.am, regnum.ru internet
səhifələrinin materiallarından istifadə olunmuşdur. |
|
Qəzet redaksiyanın kompüter mərkəzində
yığılıb, "Ekspres" mətbəəsində çap edilib
tiraj 2000 ədəd |
|