Azad Qarabağ - 2-ci səhifə
|
Qarabağ məhbuslarına azadlıq! |

Ramil Səfərov |

Rövşən Bədəlov |

Xızır Marqaşvili |

Fariz Hacıyev |

Müşfiq Qurbanov |

Əlirza Babayev |

Firuz Babayev |
 Yaşar
Məmmədov |
 Məmməd
Məmmədov |

Ədalət Ağayev |

Məhəmməd Məmmədov |
YA QARABAĞ YA
ÖLÜM! |
İdmançı partizan
Bu
dəfə haqqında danışacağım partizan tanınmış idmançı,
boks
üzrə idman ustası Ədalət
Bəylər
oğlu
Ağayevdir.
Ədalətin anası Gülayə xanım redaksiyamıza gələrək, oğlu haqqında ürək ağrısıyla,
yana-yana danışırdı. O özü ilə gətirdiyi, Ədalətə məxsus 20 medalı (7 qızıl, 5
gümüş, 8 bürünc), 45 diplomu və fəxri fərmanı (hələ dedi ki, bu hamısı deyil,
yarısı evdədir) göstərib dedi: «Bunları qazanan oğul, Azərbaycanın bayrağını
həmişə dalğalandıran, onun adını dünyanın hər yerində tanıdan idmançı, bu gün
hansı günahı işlədib ki, həbsdə yatır?» Diplomlara, fəxri fərmanlara bir-bir
nəzər salıram. 1988-ci ildən başlayaraq, 2001-ci ilə qədər müxtəlif ölkələrdə
keçirilən beynəlxalq yarışların qalibiyyət göstəriciləri. Əksəriyyəti birinci
yerin diplomudur. 1988-ci ildə (VIII-ci sinif şagirdi olanda) Azərbaycan
çempionu olub. XI sinifdə oxuyanda SSRİ birinciliyi qazanıb. Həmin vaxt oxuduğu
3 saylı Sumqayıt şəhər məktəbinin şagirdinə verdiyi fəxri fərman da qarşımdakı
diplomların içərisindədir. 1991, 1993-cü illərdə Türkiyədə, dəfələrlə ayrı-ayrı
illərdə Rusiyada, İranda keçirilən yarışlarda I yerin sahibi olub. Yuxarıda
qeyd etdiyim kimi diplomlar o qədər çox idi ki, hamısına nəzər yetirib, bir-bir
bura qeyd etmək mümkün deyil. Bircə onu deyə bilərəm ki, 22 il boksla məşğul
olan, iki dəfə SSRİ idman ustası adına layiq görülən, 20 medal, çoxlu sayda
diplomla təltif olunan Ədalət Azərbaycanın nüfuzunu yetərincə qaldırıb, onun
şərəfini qoruyub.
Ədalət Ağayev 1973-cü ildə Sumqayıt
şəhərində doğulub. Sumqayıt şəhər 3 saylı orta məktəbi bitirib. Ailədə üç
qardaşdırlar – üçü də idmançı. Azərbaycan yığma komandasının tərkibində olublar.
Hər üçü ailəsinə, xalqına başucalığı gətirib. İdmana məhəbbət onlara ataları
Bəylər kişidən keçib. Bəylər kişi ali təhsilli müəllim olsa da, futbolla məşğul
olub. Sumqayıtın «Xəzər» komandasında bir neçə il oynayıb. Oğlanları atalarından
fərqli olaraq, boksu seçiblər. Hazırda Bəylər kişi təqaüdçü olmaqla yanaşı, həm
də Sumqayıtda – kimyəvi kombinatda briqadir işləyir.
Boksla əvvəlcə böyük qardaş Malik
məşğul olub. Sonra kiçik qardaşlarını da həvəsləndirərək ardınca aparıb. Malik
də dəfələrlə beynəlxalq yarışlarda birinci yerə çıxıb, SSRİ çempionu olub. Ana
oğlanlarından qürurla danışır: «Malik beynəlxalq yarışlardan qayıdanda heç vaxt
soruşmurduq ki, neçənci yeri tutub. Çünki bilirdik, o həmişə birinci yeri tutur.
Oğlanlarımın üçü də heç vaxt xarici ölkələrdə keçirilən beynəlxalq yarışlardan
uduzub qayıtmayıblar, ən aşağısı 3-cü yerə sahib olublar. Kiçik oğlumun bir gözü
görmür, boksda zədə alıb. Balalarım həmişə Azərbaycanın adını yüksəldiblər».
Orta məktəbi bitirdikdən
sonra Ədalət Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub. İnstitutu
bitirəndən sonra bir il əsgəri xidmətdə olub. Həbsə alınana qədər idmanla məşğul
olaraq, gömrükdə və AzPetrol-da işləyib. Partizan yoldaşlarından fərqli olaraq,
Ədalət Gürcüstana hərbi təlim keçməyə getməyib. Anasının dediyinə görə, partizan
hərəkatına başlamaq istədiklərini yoldaşları kimi o da ailəsindən gizli
saxlayıb. Bu fikrə necə düşdüyünü Gülayə xanım sonradan öyrənib: «Ədalət bir
gün yoldaşlarıyla birlikdə ingilislərin Qarabağ əsirlərindən, onların başlarına
açılan müsibətlərdən çəkdikləri kadrlara baxıb. Onlar gördüklərindən –
ermənilərin qız-gəlinlərimizin başlarına gətirdikləri vəhşiliklərdən dəhşətə
gəlib sarsılmışlar. Və hamısı bir yerdə and içib ki, Qarabağ alınana qədər
vuruşub ermənilərdən heyf çıxacaqlar. Həmin lent məhkəmədədir. Onların heç
birinin günahı yoxdur. Bu cür qeyrətli oğullarla mən fəxr edirəm. Oğlumdan
bircə ona görə incimişəm ki, bunları məndən gizlin edib».
Ədalət evlidir. İki oğlu var. İkinci
oğlu dünyaya təzə gəlib, hələ adını belə qoymayıblar. İstəyirlər ki, adını
Ədalət özü qoysun. Böyük oğlu Abdulhaq doğulandan bir neçə gün sonra, 2003-cü il
avqustun 13-də Sumqayıtda, dəniz sahilində idmanla məşğul olduğu zaman Ədaləti
həbs ediblər. Elə həmin gün onun həm atası, həm də qayınatası evində axtarış
aparıblar. Anasının dediklərindən: «Evdə oturmuşduq. Birdən qapı döyüldü. Qapını
açanda evə 25 nəfərə qədər adam girib, yorğan-döşəyin içinəcən töküb axtardılar.
Silah axtarırdılar, ancaq Qarabağın xəritəsindən və Ədalətin sənədlərindən başqa
əllərinə bir şey keçmədi. Sən demə, oğlumun qayınatası evində də axtarış
aparıblar, heç nə tapmayıblar».
Ədalət həbs olunanda da üstündə silah
olmayıb. Ana sonradan öyrənib ki, oğlu silah-sursat almaq üçün maşınını satıb və
əlavə olaraq 3 min ABŞ dolları verib. Partizanlar aldıqları silahdan hələ
istifadə etməsələr də, bir dəfə Qarabağa gedib, oranın xəritəsini çəkərək,
özləri üçün müəyyən plan hazırlamağa müvəffəq olublar. Axtarış zamanı Ədalətin
evindən tapılan da elə həmin xəritə olub: «Oğlum Ədalət türk vətəndaşıdır.
İstəsə gedib orada da yaşaya bilərdi, ancaq qeyrəti götürməyib, partizanlara
qoşuldu. Oğlum başqa cür hərəkət edə bilməzdi, şəhidlərimizin qanı yerdə
qalmamalıdır. Ədalət özü də məhkəmədə hərəkətindən peşman olmadığını dedi. Elə
hamısı belə danışdı, tək Ədalət yox. Nə pis iş tutublar ki, peşman olalar».
Ağır Cinayətlərə Dair Məhkəmə Ədaləti
əvvəlcə dövlət çevrilişində günahlandıraraq 11 il iş kəsib. Baş prokuror Zakir
Qaralovun qəbulunda olduğunu söyləyən ana, işin təzədən araşdırılaraq, QAT-ın,
hüquq müdafiəçilərinin, millət vəkillərinin səyi nəticəsində həbs müddətinin 8
ilə endirildiyini bildirdi. Sonra Apellyasiya Məhkəməsinə müraciət edilib və
onlar cəmi 6 ay güzəşt ediblər: «Mən heç 6 ay güzəştə razı olmadım. Azərbaycanın
adını yüksəklərə qaldıran idmançı üçün 6 ay güzəşt nədir ki?! Bu mənirm oğlum
üçün təhqirdir. Apellyasiya Məhkəməsindən sonra Ali Məhkəməyə müraciət etdik.
Onlar da mənim xəstə olduğumu (şəkər xəstəsiyəm) nəzərə alıb, bir il cəzanı
azaltdılar, 6 il yarımı qaldı».
Artıq iki il yarımdır, Ədalət
həbsxanadadır, hələ dörd il cəza çəkməlidir. Ancaq Ədalətlə ayda iki dəfə baş
çəkib görüşmək mümkündür. Üç ayda bir dəfə isə ailəsi üç günlüyə onunla birlikdə
qala bilər. Ancaq ayda iki dəfə oğlunu görmək ana üçün kifayətdirmi? Vətən üçün
canını əsirgəməyən, torpaq təəssübü çəkən qeyrətli oğullar böyüdən ana, indi
iztirab içərisindədir: «Oğlumu həbsxanada müxtəlif bəhanələrdə tez-tez karserə
salırlar. Ordan çıxanda ciyəri xəstə olacaq. Mən xəstə oğul böyütmüşəm?!»
Orxan
|