|
Azad Qarabağ - 3-cü səhifə
Qarabağ Azadlıq
Təşkilatının Ağsaqqallar Şurasının üzvü,
alim və ziyalı Teymur Novruzoğlunun 80 yaşı tamam oldu.
Qarabağa olan böyük sevgisi, qəlbindəki yüksək vətənpərvər hissi Onu QAT-ın
fəaliyyətində bütün varlfığı ilə iştirak etməyə sövq edir.
Teymur
müəllimin daxili qüruru və ləyaqəti gənclərə əsl örnəkdir.
Hörmətli Teymur müəllim, 80 illik yubileyiniz münasibətilə, Sizi ürəkdən təbrik
edir, Qarabağ torpaqlarının azad olunması uğrunda aparılan mübarizədə uğurlu
nəticələr arzu edirəm.
QAT
sədri Akif Nağı
QAT Macarıstan hakimiyyətinə xəbərdarlıq edir
Budapeşt şəhər
məhkəməsinin son qərarı ilə bağlı QAT-ın qəbul etdiyi bəyanatda bildirilir:
Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Budapeşt şəhərində aparılan məhkəmə
işinin gedişi narahatçılıq doğurur. Məhkəmə açıq-aydın qərəzli mövqedən çıxış
edir. Azərbaycan tərəfinin arqumentləri, hadisənin törənmə səbəbləri və
motivləri nəzərə alınmır. Son məhkəmə prosesində obyektivlikdən uzaq olan 4-cü
ekspertiza rəyinin qəbul olunması, 2 ekspertiza rəyinin nəzərə alınmaması isə
heç bir ölçüyə sığmır. Budapeşt şəhər məhkəməsinin son qərarını, Ramil Səfərovu
müdafiə tərəfinin vəsadətlərinin qəbul olunmamasını Ermənistan hakimiyyətinin
sifarişi ilə Ramil Səfərova divan tutmaq, ona ən ağır cəzanın verilməsi cəhdi
kimi qiymətləndiririk. Macarıstan hakimiyyəti Ermənistan rəhbərlərinin, erməni
lobbisinin təzyiqləri qarşısında dayana bilmədi, haqq-ədalət mövqeyindən deyil,
siyasi konyuktur maraqlarından çıxış etdi.
Ramil
Səfərovun taleyi ilə bağlı vəziyyətin bu həddə çatmasının məsuliyyəti Azərbaycan
hakimiyyətinin üzərinə düşür. Hakimiyyət vaxtında zəruri tədbirləri həyata
keçirmədi, diaspor təşkilatlarının imkanlarından səmərəli istifadə olunmadı.
Əksinə, Xaricdə Yaşayan Azərbaycanlılarla iş Üzrə Dövlət Komitəsinin
rəhbərliyinin məsuliyyətsiz bəyanatları diaspor təşkilatlarımızın hər hansı
addım atmaq cəhdlərinin qarşısını aldı. Erməni təşkilatlarının hərtərəfli
fəaliyyətinə rəğmən diasporamız bu proseslərdən kənara çəkildi.
Qarabağ
Azadlıq Təşkilatı Budapeşt şəhər məhkəməsinin son qərarını qətiyyətlə pisləyir
və Macarıstan hakimiyyətindən erməni təzyiqləri altında formalaşmış mövqeyini
dəyişdirməyi tələb edir. Biz Azərbaycan vətəndaşına qarşı ədalətsiz mövqeni heç
kəsə bağışlamayacağıq. Hələ vaxt var, Budapeşt şəhər məhkəməsi məsələyə obyektiv
yanaşa və ədalətli hökm çıxara bilər. Budapeşt şəhər məhkəməsi ədalətsiz hökm
çıxararsa, bu birbaşa Azərbaycan-Macarıstan münasibətlərinə ağır zərbə
vuracaqdır. Biz Budapeşt şəhər məhkəməsinin son qərarı ilə bağlı hökumət
təşkilatları səviyyəsində Azərbaycan və Macarıstan arasında istənilən əlaqələrin
dayandırılmasını tələb edir və bu qərarımızın yerinə yetirilməsi üçün istənilən
vasitələrdən istifadə edəcəyimizi bildiririk.
H.Hacızadə: İranla müharibə elə asan məsələ deyil
(Həmsöhbətimiz
politoloq Hikmət Hacızadədir)
- İran-Amerika münasibətlərinin gərginləşməsinin
kökündə uranın zənginləşməsi dayanır, yoxsa Çin-Rusiya və İranın "Şanxay
əməkdaşlıq təşkilatı"nda birləşərək Qərbə və ABŞ-a qarşı güc birliyi yaratması?
-
Mənə elə gəlir ki, söhbət nüvə silahından gedirsə, bu çox təhlükəli
məsələdir. Xüsusilə də radikal anti-demokratik hökumətin əlində. Bu hamıya
təhlükə yarada bilər. Onu da qeyd etmək istərdim ki, son zamanlar Rusiya və Çin
də Qərbin bu tələbinə qarşı birləşiblər. İndi bu proyektə qarşı vahid bir cəbhə
var. O cəbhədə Qərb də, Çin də, rus da var. Onlar İrandan bu məsələnin
müharibəsiz həllini xahiş edirlər. İranda ki, öz işindədir.
- Müharibə başlayacağı təqdirdə, region dövlətlərinin,
xüsusən Azərbaycanın vəziyyətini necə görürsünüz?
-
Bu Azərbaycan üçün çox böyük təhlükədir. İranı bombalamağa başlasalar,
təsəvvür edin, dünyanın yarısı ilə əlaqəmiz kəsiləcək. Çünki bunlar İran
vasitəsilə həyata keçirilir. Naxçıvana yük maşınları, avtobuslar İran
ərazisindən keçir. Şimaldan şərqə gedən yük maşınları və gəmilər var. İran və
dünya ilə ticarət əlaqələrimiz də dayanacaq. Bizim üçün çox pis nəticələr ola
bilər. Mən belə olacağını istəməzdim.
- İran-Amerika müharibəsi bu il labüddürmü?
-Müharibə son mərhələdir. Ondan əvvəl diplomatik, siyasi-iqtisadi sanksiyalar
olacaq. Ondan sonra uzaqdan raket buraxma olacaq. İrimiqyaslı müharibə kimi
qoşun olmayacaq. Hələ ki, ona çox var. Bu il ancaq saknsiyalar ola bilər.
- ABŞ-ın İran rejiminə qarşı Azərbaycan türklərinin
istifadə etməsini necə qiymətləndirirsiniz?
-Bu,
əlbəttə ki, var. Çalışacaqlar ki, ən pis variantda İranı parçalasınlar. Orada
müxtəlif millətlərdən, Azərbaycan türklərindən, kürdlərdən və digərlərindən də
istifadə olunacaq. Amma bu sonuncu mərhələdir. Məsələ dərinləşsə, müharibə
başlasa, çalışacaqlar ki, onlardan da istifadə etsinlər.
- Hikmət bəy, İran uzaqvuran raketlərlə İsraili və
digər özünə düşmən saydığı ölkələri vura bilərmi? Ümumiyyətlə, İran özünümüdafiə
qüdrətinə malikdirmi?
-
Yox. Mənə elə gəlir ki, İran Amerika silahı qarşısında dayana bilməz.
Amma İranın bir-iki raketi harasa çata bilər. Müharibə müharibədir. Elə uçmadı,
belə uçdu. Elə şeylər ola bilər. Amma tək Amerika yox, bütün Qərb burda
vuruşacaq. Bunların qarşısında İran dayana bilməz. Onun kəşfiyyatı, peykləri
var. Amerikanın elə təyyarələri var ki, onlar şüalar buraxacaq ki, raketlər
uçmasın. Onlarda qrafik bombaları var ki, partlayanda bütün elektrik xətləri
sıradan çıxır. Necə ki, Yuqoslaviyada oldu. Bütün elektro-stansiyalar sıradan
çıxacaq. Yəni, Qərbin imkanları çoxdur. İndiki müharibə kinolarda gördüyümüz
müharibə deyil. Heç kəs əlində qranat tankın altına atılmaycaq. Artıq yeni
müharibə üsulları mövcuddur.
- İran rejimi dağıldıqdan sonra burada yeni bir
demokratik dövlətin qurulması, insan hüquq və azadlıqlarının yaranması baş
verəcəkmi? Bir sözlə, milli-azadlıq hərəkatı yaratmaq mümkün olacaqmı?
-Müharibə başlasa, demokratiyadan danışmaq çətin olacaq. Bütün xalq çalışacaq
ki, bir yerə toplaşsın və işğalçılara qarşı vuruşsun. Bu elə asan məsələ deyil.
Amerika gəldi, İranda demokratiyanı bərqərar elədi. İraqda gördük də. Hələ də
bir-birini öldürür, partladırlar.
Söhbətləşdi:
Qalib İbrahimoğlu
Atəşkəs döyüşləri
Az.info.Büro
-
Ermənistan silahlı qüvvələri martın 6-da saat 02.00 və 03.10 radələrində
İcevan rayonunun Berkaber kəndinin 1,5 km şimal-şərqində yerləşən
mövqelərindən Azərbaycan ordusunun Qazax rayonu Qızılhacılı kəndindəki
mövqeləri avtomat və pulemyotlardan atəşə tutulub. Bundan başqa ermənilər saat
02.10-da Qazax rayonunun Cəfərli kəndinin 1,6 km cənubunda yerləşən
mövqelərindən silahlı qüvvələrimizin mövqelərini atəşə məruz qoyub. Qazaxın
Aşağı Əskipara kəndinin 0,5 km cənubunda yerləşən mövqelərindən də Azərbaycan
ordusunun üzbəüz mövqeləri atəşə tutulub. İtki yoxdur.
-
Martın 6-sı saat 12.00-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri Füzuli
rayonunun işğal edilmiş Aşağı Seyibəhmədli kəndi sahəsində yerləşən
mövqelərindən Silahlı Qüvvələrimizin üzbəüz mövqeləri atəşə tutulub. Nəticədə
hərbi qulluqçumuz, əsgər Nazimov Mühiddin Vəli oğlu yaralanıb. Hazırda onun
vəziyyəti ağırdır.
-
Martın 7-də saat 4.45-də Ermənistan Silahlı Qüvvələri bölmələrinin Tərtər
rayonunun Qızıloba kəndiin cənub-qərbində yerləşən mövqelərindən açdığı atəş
nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Cahangirov
pərviz Akif oğlu həlak olub.
-
Martın 9-u Ermənistan Silahlı Qüvvələri İcevan rayonunun Berkaber kəndindəki
mövqelərindən Silahlı Qüvvələrimizin Qazax rayonunun Qızılhacılı kəndindəki
mövqelərini atəşə tutub. Cavab atəşiylə düşmən susdurulub. İtki yoxdur.
-
Martın 9-da silahlı qüvvələrimiz bir əsgəri - Ələkbərov Rasim Əlövsət oğlu
Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında minaya düşüb. Nəticədə əsgərimiz
bir ayağını itirib.
-
Murovdağ istiqamətində Silahlı Qüvvələrimizin bir əsgəri Əliyev Elmir xidməti
borcunu yerinə yetirərkən həlak olub.
Erm.info.Büro
-
Martın 2-də Azərbaycan tərəfindən atəşkəs pozuldu. Həmin gün saat 17.50-də
Baqanis-İcevan magistral yolu atəşə tutulmuşdur. Zərər çəkən yoxdur.
-
Martın 2-də saat 22.30-da erməni mövqeləri atəşə tutulmuşdur. İtki yoxdur.
-
Martın 3-də saat 11.00 radələrində İcevan hərbi hissəsinin mövqeləri atəşə
tutulmuşdur. Sıravi Arsen Zakevosyan başından güllə yarası almış, 12.55-də
dünyasını dəyişmişdir.
-
Martın 4-də saat 17.30 radələrində Azərbaycan tərəfindən Mehrab hərbi
hissəsinin mövqeləri atəşə tutulmuşdur. Martın 5-də saat 00.20-dən 04.40-a
qədər İcevan, 23.30-dan 03.30-dək Vaykdakı mövqelər atəşə tutulmuşdur. İtki
yoxdur.
-
Martın 6-da saat 19.05-də Vaykda, 21.40-da Berddə, martın 7-də 2.50-də
İcevanda erməni mövqeləri atəşə tutulmuşdur. İtki yoxdur.
Vaşinqtonda keçirilən görüş başa çatıb
ATƏT-in
Minsk Qrupunun həmsədrləri Stiven Mənn (ABŞ), Yuri Merzlyakov (Rusiya), Bernar
Fasie (Fransa) və ATƏT-in hazırkı sədrinin şqəxsi nümayəndəsi Angey Kaspşikin
Vaşinqtonda keçirilən görüşü başa çatıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin
həllinə dair Azərbaycan və Ermənistan prezidentlərinin Rambuye danışıqlarının
nəticələri təhlil edilib, bundan sonra atılacaq addımlar müəyyənləşdirilib. Üç
gün davam edən görüşdə müzakirə olunan məsələlər barədə heç bir açıqlama
verilməyib, bildirilib ki, müzakirələrin nəticələri, eləcə də, münaqişənin
nizamlanması istiqamətinhdə hansı addımların atılmalı olması haqqında rəsmi
Bakıya, İrəvana və Vyana məlumat veriləcək. Amerikalı həmsədr S.Mənn bildirib
ki, ABŞ Dövlət katibinin müavini Daniel Fridlə Azərbaycan və Ermənistana səfəri
zamanı iki ölkənin prezidentlərinə Vaşinqton görüşündə müzaikrə olunan məsələlər
barədə ətraflı məlumat verəcəklər.
|