Azad Qarabağ - 4-cü səhifə
 |
QAT
M.Saakaşviliyə müraciət göndərmişdir
QAT sədri Akif
Nağının Tbilisidə azərbaycanlıların incidilməsi
ilə bağlı Gürcüstan prezidentinə göndərdiyi müraciətdə bildirilir: |
 |
Gürcüstanın paytaxtı Tbilisi şəhərində Fabriçnaya küçəsi 12, Xarpuxi və Mkeravi
məhəlləsində yaşayan azərbaycanlı və gürcü millətlərinə mənsub olan bir qrup
şəxs tərəfindən mənə müraciət olunmuşdur. Həmin ünvanda yaşayan Maqsud Hüseynov,
Səadət Hüseynova, Eletyar İbrahimqızı, Niyazi Hüseynov, Rəhilə Kazımova, Zahid
Kazımov, Marina Kvirkveliya, İsrafil Hüseynov, Elmira Hüseynova, Otari
Dvalişvili, Lili Dvalişvili, İslam Məmmədov və Ketino Qaxutşvilinin imzaladığı
müraciətdə göstərilən faktlar Tbilisidə fəaliyyət göstərən ictimai təşkilatlar
tərəfindən də təsdiq olunmuşdur.
Müraciət müəllifləri bildirirlər ki, erməni millətindən olan Qarik Arutyunyan
adında şəxs qeyri-qanuni yolla onların yaşadıqları binanı özəlləşdirmiş və
hazırda müxtəlif təzyiq vasitələrindən istifadə edərək onları mənzillərindən
çıxarmağa çalışır. Tbilisi ermənisinin bu hərəkətləri kəskin qarşıdurma
yaratmış, nəticədə həmin binada yaşayan sakinlərin bir neçəsi artıq dünyasını
dəyişmiş, bəziləri isə təzyiqlərə dözməyərək qanuni mənzillərini tərk etmişlər.
Bu
hadisə Azərbaycan cəmiyyətinin ciddi narahatlığına səbəb olmuşdur. Aydın görünür
ki, Qarik Arutyunyan bəzi məmurların diqqətsizliyindən istifadə edərək öz xəbis
niyyətini həyata keçirməyə, nəticə etibarı ilə azərbaycanlıları Gürcüstan
hakimiyyətindən narazı salmağa çalışır. Bu hadisə erməni təxribatıdır və
Azərbaycanla Gürcüstan arasında xoş münasibətlərə xələl gətirmək məqsədi güdür.
Ona görə də, inanırıq ki, dərhal məsələyə müdaxilə edəcək, insanların haqlarının
bu cür kobud şəkildə pozulmasına imkan verməyəcək və haqq-ədalətin bərpasına
nail olacaqsınız.
QAT sədri
Azərbaycan-Ermənistan münasibətlərində
silahlı güc tətbiqi və zəruri müdafiə hüququ
Beynəlxalq nəzəri hüquq və beynəlxalq hüquq praktikası sərhədləri daxilində
Azərbaycan-Ermənistan münaqişəsində silahlı gücdən istifadə və zəruri müdafiə
hüququnun yerinə baxaq.
Bu
fakt beynəlxalq sənədlərdə yer almaqla bərabər, Ermənistan səlahiyyətliləri çox
vaxt bunu rədd edir, bölgədə işğal hadisəsinin mövcud olmadığını və əslində guya
"keçmiş DQMV ermənilərinin müstəqillik mübarizəsi apardıqlarını" iddia edir.
Ancaq yenə də bəzən Ermənistan dövlət səlahiyyətlilərinin işğalı qəbul
etdiklərini isbat edən ifadələr işlətdikləri də görünmüşdür. Bunun bir
nümunəsinə 17 may 2001-ci ildə şahid olunmuşdur. Bu tarixdə keçirilən Ermənistan
parlamentinin toplantısında Ermənistan Müdafiə naziri Serj Sarkisyan aşağıdakı
ifadələri işlətmişdir:
"İşğal
etdiyimiz torpaqlar var. Burada utanılacaq bir şey yoxdur. Təhlükəsizliyimizi
təminat altına almaq üçün bu torpaqları işğal etdik. Biz bunu 1992-ci il və daha
əvvəlində də deyirdik, indi də deyirik. Bəlkə diplomatik tərzdə danışmıram,
ancaq həqiqət belədir".
2002-ci
ilin avqustunda Azərbaycan prezidenti Heydər Əliyevilə Ermənistan prezidenti
Robert Koçaryan arasında Sədərəkdə görüş keçirilərkən mətbuata fikirlərini
açıqlayan Ermənistan Müdafiə naziri S.Sarkisyan, işğal bölgəsində Ermənistan
əsgərlərinin olduğunu rəsmi olaraq ifadə etmiş və bunun normal olduğunu əlavə
etmişdir. Eyni açıqlamasında Sarkisyan keçmiş DQMV torpaqlarını heç vaxt
Azərbaycan torpaqları olaraq görmədiklərini də vurğulamışdır.
Əvvəlcə
zəruri müdafiə hüququ üçün, vacib olan hücuma məruz qalma faktını araşdıraq. Bu
gün Azərbaycan torpaqlarının işğal edilmiş olması faktı beynəlxalq aləmdə
hamılıqla qəbul edilir və beynəlxalq sənədlərdə də hər zaman yer almışdır.
Ermənistan BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndini pozmuşdur. BMT
Təhlükəsizlik Şurasının qərarlarında Ermənistanın adının açıq şəkildə işğalçı
dövlət olaraq göstərilməməsinin səbəbi, qərarların alınması prosesində Şura
üzvü olan dövlətlərin siyasi baxışlarının əhəmiyyətli rol oynamasıdır.
Xatırladaq ki, Ermənistan Parlamenti 1 dekabr 1989-cu il tarixində qəbul etdiyi,
Azərbaycan Respublikasının keçmiş DQMV-nin Ermənistan Respublikasına
birləşdirilməsi barədə qərarını hələ də qüvvədə saxlayır və ləğv etmir.
Mövzumuza işıq tutacaq bir fakt da Ermənistandakı son prezident seçkiləri vaxtı
ortaya çıxmışdır. Ermənistanın indiki prezidenti R.Koçaryanın namizədliyinin
hüquqi olmadığı barədə iddia irəli sürülmüşdür. Müxaliflərin Koçaryanın,
namizədlik üçün vacib olan "ən az on il öncədən etibarən Ermənistan vətəndaşı
olmaq" şərtini ödəmədiyini iddia etmişdir. Buna cavab olaraq Ermənistan Daxili
İşlər Nazirliyi, Ermənistan Parlamentinin 1 dekabr 1989-cu il tarixli qərarını
əsas götürərək Koçaryana vətəndaşlıq şərtinə aid sənədi vermişdir. Beləcə,
Ermənistan Daxili İşlər Nazirliyi açıq şəkildə, Azərbaycan torpaqlarını işğal
altında saxladıqlarını qəbul etmişdir.
Bütün
bu qeyd etdiklərimiz, Ermənistanın Azərbaycan torpaqlarına yönəlik təcavüzçü
fəaliyyətlərinin açıq faktlarıdır.
Ermənistanın özünün "biz bunları etmişik" dediyi məsələlər belə, Azərbaycanın
zəruri müdafiə hüququnu açıq şəkildə ortaya qoyur. Məsələn, Ermənistan
dəfələrlə, BMT Baş Məclisinin 3314 nömrəli qərarının 3-cü maddəsində sayılanlara
uyğun hərəkətlər etdiyini qəbul etmişdir. Ermənistan bəzən bu maddədə
sayılanlardan a) və b) bəndlərindəkiləri etdiyini qəbul etməsə də, ğ) bəndində
sayılan əməlləri etdiyini hər zaman qəbul etmişdir. ATƏT sədrinin xüsusi
nümayəndəsi Ancey Kaspşik bölgəni ziyarət edərkən, "işğal altındakı Azərbaycan
torpaqlarında Ermənistan Müdafiə Nazirliyinə bağlı hərbi hissələrin olduğunu,
bunu Ermənistan Müdafiə naziri S.Sarkisyanın da hər zaman qəbul etdiyini"
açıqlamışdır. Bu hərəkət, Beynəlxalq Cinayət Məhkəməsinin 1986-cı il tarixli
Nikaraqua Qərarında silahlı hücum olaraq qəbul edilmiş və qarşı tərəfə zəruri
müdafiə hüququ vermişdir.
İşğalçı
hərəkətlərin artdığı və Azərbaycan təkbaşına bunun qarşısını ala bilmədiyi üçün,
Azərbaycanın atəşkəs müqaviləsi (sülh müqaviləsi deyil) imzalamaqdan başqa yolu
qalmamışdır (bu mövzuda da fərqli fikirlər ola bilər, ancaq bu əsərdə daxili
siyasi fikirlərə aid nüanslar üzərində durulmayacaqdır). Fəqət keçən müddət
ərzində, Azərbaycan səlahiyyətliləri daim torpaqlarını Ermənistan işğalı altında
qoymayacağını, torpaqlarını işğaldan qurtarmaq üçün hərbi gücdən istifadə etmək
də daxil olmaqla, bütün yollara müraciət edəcəyini açıqlamışdır. Ermənistan
işğala başlayarkən, Azərbaycanın özünü müdafiə etmək üçün lazımi gücə sahib
olmaması və bu səbəbdən atəşkəs müqaviləsi imzalamaq məcburiyyətində qalması;
Azərbaycan, işğalı heç bir vaxt qəbul etmədiyi, torpaqlarını Ermənistan
işğalından xilas etmək üçün hərbi yol da daxil olmaqla bütün yollara müraciət
edəcəyini mütəmadi açıqladığı, yəni bu istiqamətdəki iradəsini ara vermədən
davam etdirdiyi üçün, zəruri müdafiə üçün zaman əlaqəsinin problem olmadığı
ortaya çıxır.
Bütün
bunlarla yanaşı, Ermənistanın müxtəlif səviyyədəki səlahiyyətli nümayəndələri
Azərbaycanın torpaq bütövlüyünü heç bir vaxt tanımayacaqlarını, işğal altında
tutduqları Azərbaycan torpaqlarının (onlar bu torpaqların əsasən keçmiş DQMV
coğrafiyasındakı hissəsini "Dağlıq Qarabağ" adıyla ifadə edirlər) Azərbaycana
birləşməsinə heç vaxt icazə verməyəcəklərini qeyd edirlər. Sadəcə bu belə,
dövlətin mövcudiyyətinə və bütövlüyünə qarşı hücumların zəruri müdafiəyə haqq
qazandırdığı bugünkü dünyada, Azərbaycana zəruri müdafiə hüququ verməkdədir.
Nəticə
olaraq qeyd etməliyik ki, beynəlxalq hüquq, Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına məlumat verərək və sadəcə Ermənistanın işğal altında tutduğu
torpaqlarını xilas etmək məqsədilə hərbi gücdən istifadə etməsinə icazə verir.
Bunu ifadə edərkən şübhəsiz məqsədimiz müharibələri ya da ümumiyyətlə, hərbi
gücdən istifadəni təbliğ etmək deyil. Biz də dövlətlər arasındakı məsələlərin
mümkün qədər sülh yoluyla, yəni silahlı gücdən istifadə etmədən həllinin
tərəfdarıyıq. Çünki, silahlı gücdən istifadənin insanlıq və mədəniyyətlər üçün
nə qədər təhlükəli nəticələr ortaya çıxaracağını bilirik. Ancaq, işğal faktına
bu qədər göz yummağın, beynəlxalq sülh və təhlükəsizlik üçün, dolayısı ilə də
insanlıq və mədəniyyət üçün daha böyük təhlükələr meydana gətirəcəyi də
unudulmamalıdır.
Bütün
bunlar nəzərə alınaraq, Azərbaycanın ərazi bütövlüyü və Ermənistanın Azərbaycan
torpaqlarını işğal etməsindən zərər görən etnik mənşəyindən asılı olmayaraq
bütün Azərbaycan vətəndaşlarının normal həyata dönmələri bir an əvvəl təmin
edilməlidir. Bunun üçün, Azərbaycan əvvəlcədən altı ay yaxud da bir il kimi
müəyyən vaxt tanıyaraq, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını tərk
etməsini istəyə bilər. Bu mövzuda, BMT Təhlükəsizlik Şurasının 1990-91-ci
illərdəki İraqın Küveyti işğalı hadisəsində olduğu kimi, dəqiq tarix və
proqramlar da müəyyən edilə bilər. Belə bir vəziyyətdə Azərbaycanın proqramın
bitiş tarixini və nəticələrini gözləməsi məqsədəuyğun olar. Fəqət əgər belə bir
proqram, bu gündən etibarən altı ay ya da bir il kimi müəyyən vaxt ərzində
ortaya qoyulmazsa, yaxud da ortaya qoyulmuş proqram qeyd edilmiş vaxtda lazımi
nəticəni verməzsə, Azərbaycan BMT Nizamnaməsinin 51 maddəsinin ona tanıdığı
zəruri müdafiə hüququndan istifadə etməlidir. Bu dövlətimiz üçün sadəcə öz
xalqımız yox, həm də beynəlxalq hüquq və dünya ictimaiyyəti qarşısında
öhdəlikdir.
Araz
Aslanlı
Türkiyə
|