Bu gün: 20 İyul 2008, Bazar

 

 
 
 

 

Azad Qarabağ - 5-cü səhifə

Qaçqınlar Ramil Səfərovun azadlığını istəyirlər

"Belə yaşamaqdansa" rubrikası yolunu yenə Dərnəgül qəsəbəsindən saldı. Bu dəfə  İqtisad Universitetinin 1 saylı, Pedaqoji Universitetin 2 və 3 saylı yataqxanalarında yaşayan məcburi köçkünlərin yaşayış tərzi, problemləri ilə maraqlandıq. Yataqxanaların hər birində Qarabağın ayrı-ayrı rayon və kəndlərindən olan 100-dən artıq ailə yaşayır. Əvvəlcə İqtisad Universitetinin 1 saylı yataqxanasına baş çəkdik. Bu yataqxananı Norveç şirkəti təmir  edib. Sakinlər, təmirdən əvvəl kanalizasiya işləmədiyinə görə çox əziyyət çəkdiklərini bildirərək, təmir işlərindən razılıqla danışıb, Norveç şirkətinə minnətdar olduqlarını söylədilər. Şirkət yataqxanada ümumi istifadə yerlərini (hamam, ayaqyolu, mətbəx), dəhlizləri əsaslı təmir edib, həmçinin otaqlarda sınmış pəncərə şüşələrini salaraq, qapıları düzəldib. İşıq sistemi dəyişdirilsə də, sakinlər işıqların tez-tez sönməsindən şikayətləndilər. Qaz, su problemi yoxdur. Burada yaşayan  məcburi köçkün ailələrinin əsas problemi evsizlik və işsizlikdir.  Onların əksəriyyətinin söylədiyi bu kimi cümlələrdən maddi vəziyyətlərinin necə ağır olduğunu hiss etmək çətin deyildi: "İş yoxdur. Dövlət hər birimizə 30 min manat çörək pulu verir. Qəndin bir kilosu isə 4 min manatdır. Bu pulla necə dolanaq? Bundan böyük problem olarmı?!"

Füzuli məcburi köçkünlərinin oxuduğu 2 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi işləyən Dilbər müəllimə yataq xəstəsi olan qoca anası ilə yataqxana şəraitində çox çətinlik çəkdiyini söylədi. O, Qaçqın və Məcburi Köçkünlər Üzrə Dövlət Komitəsinin Binəqədi rayon şöbəsinə müraciət edib kiçik bir torpaq sahəsi  istəsə də, müəllimənin xahişi nəzərə alınmayıb: "Haramının Qayıdış qəsəbəsində kiçik torpaq sahəsi istədim ki, bir otaq tikib qoca anamla yaşayım. Anam yataq xəstəsi olduğuna görə, yataqxana şəraitində yaşamaq çox çətindir. Ancaq vermədilər". Yaşlı bir xanım olan Dilbər müəllimə nə qədər ağır şəraitdə yaşayıb əziyyət çəksə də, dərs dediyi sinfə girən kimi bütün qayğılarını unutduğunu söyləyir: "Nə qədər əsəbi,  fikirli olsam da, sinfə girən kimi hər şeyi unudub, sanki başqa bir aləmə düşürəm. İşimi ürəkdən görürəm. Hər gün uşaqlara Qarabağdan, torpaqlarımızın mütləq qaytarılacağından danışıram. Biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Ancaq  istəyirəm ki, torpaqlar sülh yolu ilə qaytarılsın".

Bu yataqxanadan çıxıb 2 saylı yataqxanaya daxil olduq. Norveç şirkəti bu yataqxananı da təmir etmişdi. Onu da qeyd edim ki, yataqxanaların içərisi təmir olunsa da, ətrafı zibillik içərisində idi. 1 saylı yataqxananın arxa həyətində zir-zibildən başqa üfunətli su gölməçələri də var idi. Yəqin ki, bu zibilliyin və üfunətli gölməçələrin burada oynayan uşaqların sağlamlığı üçün nə dərəcədə zərərli olmasını təsəvvür etmək heç də çətin deyil. Əgər quş qripinin insanları hədələdiyi indiki vaxtı da nəzərə alsaq, bu məsələ tamamilə aydınlaşar. Sakinlər özləri zibillikdən narahat olaraq, onu bizə göstərib, bu haqda yazmağımızı xahiş etdilər.

APİ-nin 2 saylı yataqxanasında 4 uşaq anası olan ağdamlı yaşlı bir qadın adını deməsə də, ürəyini tamamilə boşaltdı. Məlum oldu ki, bu xanımın 4 övladından (2 oğlan, 2 qız) heç biri işləmir. Bir çox əlaqədar təşkilatlara, idarələrə müraciət etsə də, nəticə verməyib: "Eh!.. Qızım, sizin kimi o qədər  jurnalistlər gəlib-gedib ki… Yazırlar, ancaq nəticəsi olmur, problemlərimiz elə yerindəcə qalır. Böyük oğlum  Beynəlxalq Universitetin hüquq fakültəsini bitirib. Prezident Aparatına qədər yazmışam, nə olsun?! Bizi Məşğulluq Mərkəzinə göndərdilər. Orada isə deyirlər ki, getsin qarovulçuluq etsin, ya da ofisiant olsun. 125 min manat pensiya alıram, dövlət də hərəmizə  30 min manat çörək pulu verir. Bununla dolanmaq olarmı?! Uşaqlarımın üzünə baxa bilmirəm, yedirib-geyindirmək, evləndirmək lazımdır. Ancaq necə?!  Belə yaşamaqdansa, ölmək yaxşıdır. Heç olmasa, torpaqlarımızı alalar, gedib orada ölək. Bir otaqda həm yatıb-durmaq, yemək, qonaq qəbul etmək olar? Biz belə şey görməmişik axı!.. Ağdamlılar gözəl yaşayıblar. İndi burada bizə yuxarıdan aşağı baxırlar. Deyirlər ki, qaçqınlar gəlib şəhəri korladı".

Bu xanıma deyəndə ki, əgər müharibə olsa, oğlanlarınızı müharibəyə qoyarsınızmı? Qürurla cavab verdi: "Niyə qoymuram! Oğul elə düşmən çəpəridir. Oğlanlarım özləri də müharibəyə hazırdırlar. Ancaq istərdim ki, müharibə olsa, varlıların, vəzifə sahiblərinin uşaqları da kasıb balaları ilə yanaşı vuruşsun. Bu vətən, torpaq təkcə kasıb üçün deyil ki?!"

Bir başqa sakin (nədənsə əksəriyyəti adının qəzetdə yazılmasının əleyhinə olduqları üçün, tanışlıq vermirdilər): "Vəziyyətimiz necə olacaq, bir otaqda ki 8 nəfər yaşaya?! Altı uşağım var. İşləyəni də var, işləməyəni də. Axşamlar döşəmədə yerləri açanda və yatanda bir-bir hamını ayaqlayıb  keçməli olursan. Bir mən yox, qaçqınların hamısı bu vəziyyətdə yaşayır. Bundan böyük problem olar?!"

İfadə xanım adlı birisi həyat yoldaşının Əfqanıstan müharibəsi veteranı olduğunu deyərək, ona heç bir diqqət, qayğı göstərilməməsindən şikayətləndi.

APİ-nin 3 saylı yataqxanasına daxil olanda, girişdə belə bir yazılı lövhə diqqətimizi cəlb etdi:  Azərbaycan Pedaqoji Universitetinin 3 saylı yataqxanası Qaçqın və Məcburi Köçkünlərin Sosial İnkişaf Fonudunun vəsaiti hesabına təmir edilmişdir.

Ancaq doğrusu, yataqxananın təmir edildiyindən xəbər verən ancaq o lövhə idi. Çünki  yataqxananın təmir edilməsini göstərən başqa əlamətlər gözə dəymirdi. Sakinlər özləri də təmirdən şikayətləndilər: "Təmiri çox başdansovdu elədilər. Onlar gedən kimi hamısı uçub töküldü. O təmirdən bizə qalan ancaq kanalizasiyanın işləməsi oldu. Əvvəllər kanalizasiya işləmədiyindən müsibət çəkirdik. İşıqlarımız tez-tez sönür. İşıq problemimiz olanda hər ailədən 1000 manat yığıb, kabel alaraq özümüz problemi həll edirik. Elə ailə olur ki, bu pulu verməyə belə imkanı yoxdur".

Bir o yaxşı idi ki, yataqxanalarda su, qaz probleminə rast gəlmədik. Ancaq ümumi hamamlardan istifadə etmək heç də asan deyil. 3 saylı yataqxanada öyrəndik ki, hər mərtəbədə hamam var və hər gün 3 ailənin çimmək günüdür. Hər mərtəbədə yaşayan 21, 22 ailə həftə ərzində bir dəfə çimib, yuyuna bilir. Təbii ki, heç kəs öz növbəsindən kənar yuyuna bilməz.

Bu yataqxana sakinləri "Azad Qarabağ" qəzetinin Qarabağ Azadlıq Təşkilatına məxsus olduğunu bilərək, təşkilatdan ancaq bir şey xahiş etdilər: "Problemimiz lap çoxdur - evsizlik, işsizlik, imkansızlıq və s. Ancaq bütün problemlərimizə birtəhər dözərik, təki Ramil Səfərov həbsdən qurtarsın. Qarabağ Azadlıq Təşkilatından hamımız xahiş edirik ki, bu işdə Ramilə dəstək və yardımçı olsun".

Qeyd edim ki, hər üç yataqxanada yardım kimi ancaq ildə bir dəfə - Qurban bayramında bir kiloqram ət aldıqlarını söylədilər: "Bizi ancaq ildə bir dəfə - Qurban bayramında yada salırlar. Elə eşidirik ki, yardım gəlib, bilmirik kim alır, hara gedir. Yardımın adı var, özü yoxdur".

Məcburi köçkünlərlə söhbətimdən bir şeyi aydınlaşdırdım ki, onlar əlacsızlıqdan vəziyyətləri ilə barışıb birtəhər yaşasalar da, hamısının ürəyi ancaq və ancaq torpaq eşqi, vətən məhəbbəti  ilə döyünür. Öz yurd-yuvalarına qayıtmaq ümidi onlara dözüm, dəyanət verir.

Allah ümidlərinizi doğrultsun! Başqa nə deyim?!

N.Orxan

Fotolar Vüsalındır

 

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 4 5 6 ... 17

Sənədin sonuncu korrektə tarixi: 13/3/2006 - 4:35:29
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.011424