Bu gün: 20 Avqust 2008, Çərşənbə

 

 
 
 

 

Azad Qarabağ - 6-cü səhifə

Bütün xalq QAT ətrafında birləşməlidir

Cəlal Allahverdiyev: Biz hamımız ancaq bir şeyə əmin ola bilərik ki, müharibə etsək, heç bir xalqın, heç bir dövlətin bizi qınayıb ittiham etməyə əsası olmayacaq. Çünki  biz torpaqlarımızı itirmişik, bizə xəyanət ediblər.

Artıq 14 ildir ki, Qarabağ işğal altındadır.  Damarlarında təmiz türk qanı axan hər birimizi bu suallar düşündürür: Görəsən bütün bunlar nə vaxta qədər davam edəcək? Torpaqlarımızı necə və nə vaxt qaytaracağıq? Müharibə lazımdırmı? Bu və digər bu kimi suallarımızı cavablandırmaq, Qarabağ probleminə ziyalılarımızın münasibətini öyrənmək məqsədilə tanınmış ziyalı, QAT Ağsaqqallar Şurasının üzvü, akademik Cəlal Allahverdiyevlə görüşdük.

- Cəlal müəllim, bilmək istərdik, bir  ziyalı kimi Qarabağ probleminin həllini nədə görürsünüz? Bu istiqamətdə dövlətin yürütdüyü siyasəti bəyənirsinizmi? Yəni Qarabağ problemini sülh yolu ilə həll  etmək üçün onun beynəlxalq təşkilatlarla apardığı danışıqların nəticə verəcəyinə inanırsınızmı?

- Mən Qarabağ probleminin həlli istiqamətində iqtidar, müxalifət ayırmadan bütün xalqın, hamımızın fəaliyyətindən çox narazıyam. Çünki 12 il ərzində biz heç bir irəliləyişə nail olmamışıq, hətta bu məsələni - faciəmizi dünya xalqları arasında kifayət qədər təbliğ də edə bilməmişik. Bu istiqamətdə dövlətin Avropa təşkilatları ilə apardığı danışıqlarda da heç bir nəticə görmürəm. Onlar haqlı  olaraq düşünə bilərlər ki, gedib bizim əvəzimizə torpaqmı azad edəcəklər? Torpaq bizimdir, onu biz özümüz azad etməliyik. Bunun üçün isə ermənilərə güclü təzyiq göstərmək lazımdır. İstər bizim tərəfdən, istərsə də beynəlxalq ictimaiyyət tərəfindən ermənilərə ardıcıl güclü təzyiq göstərilməsə, onlar o torpaqları qaytarmaq istəməzlər. Azərbaycan xalqı o güclü təzyiqi bütün sferalarda - həm hərbi, həm siyasi, həm iqtisadi blokadada təşkil etməli və dünya masştabında ermənilərin iç üzünü açıb göstərməlidir. Qarabağ probleminin həllini mən ancaq bu cür görürəm.

- Necə bilirsiniz, Azərbaycan artıq müharibəyə başlamalıdırmı? Bunun üçün zəmin yaranıbmı?

- Düzdür, bu barədə deyənlər çoxdur. Mən bugünkü hərbi gücümüzün səviyyəsini səhih bilmirəm. Təbii ki, bu hərbi sirrdir. Odur ki, hərbi gücümüzün bugünkü səviyyəsinin müharibə başlamaq üçün kifayət edib-etmədiyini də tamam əminliklə demək düzgün olmaz. Ancaq onu deyə bilərəm ki, ölkəmizin, Azərbaycan xalqının təzyiq göstərmək, qalib gəlmək üçün kifayət edən hərbi gücə nail olmaq imkanları tamamilə var. Bizim müasir dünya səviyyəsində silahlanmış güclü, professional ordumuz olmalıdır. Bunun üçün isə yalnız siyasi iradəyə malik olmaq və iqtisadiyyatımızı daha da gücləndirərək, bütün imkanlarımızı bu istiqamətə yönəltmək lazımdır. Danışıqlar vasitəsilə nəyə isə nail olmağımıza inana bilmədiyimdən, müharibəni qaçılmaz görürəm. Yəni müharibəyə zərurət var. Ancaq müasir, professional ordu yaratmaqla.

- Azərbaycan atəşkəsdən nə qazandı? Həmin  dövrdə bu lazım idi, ya yox?

- Həmin dövr üçün atəşkəs çox güman ki,  lazım idi. Ancaq bu qədər uzun atəşkəs olarmı?! Biz, atəşkəsdən bir-iki il istifadə edib, professional, güclü ordu yaratmalı və torpaqlarımızı azad etməli idik. Bu necə atəşkəsdir ki, ermənilər onu tez-tez pozur və biz əsgər itirərək onları susdurmaq məcburiyyətində qalırıq. Bundansa, onları birdəfəlik susdurmaq daha yaxşı olmazdımı?!

- Əgər müharibəyə başlasaq, Azərbaycanın hərbi müttəfiqləri sırasında hansı ölkələri görürsünüz?

-  Mən konkret  ölkə adı çəkmək istəmirəm və onu deyə bilmərəm ki, müharibə etsək, hansı xalq, hansı ölkə ürəkdən bizə müttəfiq olar. Heç onlara arxayın olmaq da lazım deyil. Biz hamımız ancaq bir şeyə əmin ola bilərik ki, müharibə etsək, heç bir xalq, heç bir dövlət bizi qınayıb ittiham edə bilməz. Buna onların əsasları yoxdur. Çünki  biz torpaqlarımızı itirmişik, bizə xəyanət ediblər. Ona görə də, ədalət prinsipi, indiyə qədər dünyada qəbul olunmuş düşüncə  tərzi, beynəlxalq qanunlar, BMT-in uyğun qərarları bizim tərəfimizdədir. Odur ki, ədalət hissini itirməmiş bütün dünya xalqları bizim tərəfimizdə olmalıdır.

- Qarabağ probleminin həllində ölkə ziyalıları, eləcə də elm, mədəniyyət xadimləri nə kimi rol oynayır və ya oynamalıdır?

- Bütün xalq, ziyalılar da onun içində, ancaq bu problemin həlli məsələsinə xidmət etməlidir. Xalqı siyasi cəhətdən maarifləndirmək, onların baş verən prosesləri düzgün qiymətləndirib dərk etməsi üçün kömək etmək, vəziyyətdən çıxış yolunu göstərmək isə bu günün ziyalılarının üzərinə düşür. Yəni, xalqın düzgün təsəvvür əldə etməsi üçün, biz hər şeyi onlara olduğu kimi izah etməliyik.

- Xalqın Qarabağ uğrunda mübarizəyə səfərbər olunmasında KİV-in fəaliyyətini necə  qiymətləndirirsiniz? Ümumiyyətlə,  bu problemin həllində KİV-in üzərinə nə düşür?

- Mən kütləvi informasiya vasitələrinin bu günə qədər olan fəaliyyətində xeyli nöqsanlar görürəm. Xüsusilə, elektron KİV, radio və televiziya bu məsələyə çox az diqqət verir, bu haqda az danışırlar. Halbuki, onlar bütün fəaliyyətlərini bu istiqamətə yönəltməlidirlər. Onlar da əgər bu xalqın nümayəndələridirsə, bu xalqa  xidmət edirlərsə, bütün diqqətlərini və fəaliyyətlərini Qarabağ probleminin həllinə yönəltməlidirlər.

- Bu problemin həllində müxalifət hansı addımı atmalıdır?

- Bayaq da qeyd etdim, indi yenə deyirəm. Bu illər ərzində heç bir irəliləyişə nail olmadığımız üçün müxalifətin fəaliyyətindən də kifayət qədər narazıyam. Bu ləkə hamının üstündədir, istər müxalifət olsun, istər iqtidar. Hamının bircə borcu var - xalqı maarifləndirmək, onların vəziyyəti düzgün dərk etməsinə kömək etmək. Ümumiyyətlə, mənim üçün iqtidar, müxalifət yoxdur. Mənim üçün bir düz adam var ki, gördüyünü deyir, bir də əyri adam - bir cür görür, başqa cür deyir. Beləsi müxalifətdə də var, iqtidarda da. Xalqı iqtidar və müxalifət tərəfdarlarına bölmək, xalqa çox ziyandır.

- Qarabağ Azadlıq Təşkilatının bu istiqamətdə gördüyü işlər barədə nə deyə bilərsiniz?

- Qarabağ Azadlıq Təşkilatının gücü çox azdır. Ancaq o, az gücünü məqsədyönlü sərf edir. Bu təşkilat gərək bütün əhalini öz ətrafına toplasın. Hamı bu təşkilatın ətrafında Qarabağı azad etmək məqsədilə birləşməlidir.

- Cəlal müəllim, xalqımıza deyiləsi başqa sözünüz varmı?

- Başqa sözüm odur ki, biz təhsil haqqında fikirləşməliyik. Bu heç də Qarabağ problemindən az önəm daşımır. Mən təhsilin indiki səviyyəsindən razı deyiləm və narahatam. Bir anlığa, təhsili iki il dayandırmağı təsəvvür edək. Əgər iki il təhsili dayandırsaq, bu bizi bir xalq kimi 50 il dala atar. Biz bir xalq olaraq, xəstə vəziyyətindəyik və dərmanımız təhsildir. Hesab edirəm ki, biz bu problemə ciddi yanaşmalıyıq, əks təqdirdə bunun acısını sonra  və uzun vaxt çəkəcəyik. Bu yaxınlarda mən mətbuatdan öyrəndim ki, Milli Məclisdə elmi adların verilməsi istiqamətində də nə isə dəyişikliklər müzakirə olunur. Mən düşünmürəm ki, elmi dərəcənin adını dəyişməklə (yəni elmlər namizədinə fəlsəfə doktoru adı verməklə) elmin inkişafına kömək etmək olar. Bu çox bəsit düşüncədir. İki səviyyəli elmi adların verilməsi (elmlər namizədi, elmlər doktoru) elmin inkişafının zəruri nəticəsidir. Bu məsələdə  mən akademik Cəlal Əliyevi tamamilə dəstəkləyirəm və imkan tapan kimi bu barədə uyğun mətbuatda mütləq çıxış edəcəyəm.

Nuşabə Səməndər


Dırnaqarası qəhrəmanlar

Yenə tarix təkrar olunur. Dünən Göyçədə axan qanımızın üstündən keçib İrəvana səfər edənlərin nəvəsi bu gün də bizlərə babalarının yolunu göstərirlər. Qanı hələ qurumamış Qarabağ yaramıza "xalq diplomatiyası" adlı məlhəmi son vasitə kimi göstərirlər. Bizə yenə olanları unutmağı, ermənilərlə qardaşlıq əlaqələri yaratmağı tövsiyə edirlər. Özlərini qaranquşa döndərib, tez-tez uçurlar həsrət qaldığımız Qarabağa - Göyçəyə, İrəvana. Özlərini hamıdan ağıllı kimi göstərib, bizi arxalarınca aparmaq istəyən dırnaqarası qəhrəmanların ermənilərə belə isti münasibəti görəsən nədən qaynaqlanır?! Ömür boyu "türk sənin düşmənindir" deyən, yüz minlərlə türkü öz dədə-baba yurdundan didərgin salan ermənilər görünür bu "qəhrəmanlar"ı türk saymırlar. Türk saysaydılar, çoxdan onları göndərərdilər gedər-gəlməzə. İndiyə kimi eşitməmişəm ki, erməni türkə qulluq etməkdən şərəf duysun. Demək, ya bu qəhrəmanlar türk  deyil, ya da qulluq olunmağa yox, qulluq etməyə dəvət ediliblər. Artıq zəmanə dəyişib. Əvvəl edilən xəyanətlər gizlicə edilərdi. Kimsə öz millətinə xəyanət edib, düşmənə işləməyə qərar verərdisə, bundan kölgəsinin xəbər tutmayacağı qədər ehtiyatlı tərpənərdi. İndiki xainlər nəinki bunları gizlədirlər, hətta etdikləri hərəkətləri televiziyadan bizə qəhrəmanlıq kimi təqdim edirlər. Əvvəl  belə "ürəkli" insanlar üçün "filankəs qurd ürəyi yeyib" - deyərdilər. İndi bilmirəm ermənilər bunlara nə ürəyi yedirdiblər ki, xəyanət etdiyi xalqın qarşısına çıxmağa cəsarət belə edirlər. Yəni  onlar milləti bu qədər sönmüş hesab edirlər? Düşünmürlər ki, erməniyə qulluq edən, ermənidən də betərdir, fikri ilə hansısa bir gənc göndərər bunları Qurgen qardaşlarının yanına. Əl saxla "qardaş"! İşi görməmişdən qabaq yaxşıca fikirləşməyi unutma, imkan vermə ki, kiminsə səbr kasası daşıb aldığın qrantları burnundan gətirsin. Atan səni qrant hesabına böyütdü? Nəyə görə Allahın "mən səni azad yaratdım", deyimini unudub, özünü qrant quluna çevirirsən? Qorxmursan gələcəkdə övladlarına "qrant balası" deyib, lağ  edərlər? Məndən demək, əməl edib-etməmək sənin öz işindir. Bir atalar deyimini unutma:

Bu dünyaya bircə dəfə gəlirsən,
Yaşa kişi kimi, öl kişi kimi/.

Vüsal

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 5 6 7 ... 17

Sənədin sonuncu korrektə tarixi: 13/3/2006 - 4:35:20
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.027412