|
Azad Qarabağ - 7-ci səhifə
Cəbrayılın yaşayış məntəqələri
Cəbrayıl rayonu Zəngilan, Qubadlı,
Xocavənd, Füzuli rayonları və İran İslam Respublikası ilə həmsərhəddir. Rayonun
90 kəndi vardır ki, onun da 89-cu erməni işğalı altındadır (Cocuq Mərcanlı
kəndindən başqa).
Cəbrayılın yaşayış məntəqələri
Cəbrayıl rayonu Zəngilan, Qubadlı,
Xocavənd, Füzuli rayonları və İran İslam Respublikası ilə həmsərhəddir. Rayonun
90 kəndi vardır ki, onun da 89-cu erməni işğalı altındadır (Cocuq Mərcanlı
kəndindən başqa).
XVIII-XIX əsr mənbələrinə görə.
Cəbrayıl elinin 18 oymağı olmuşdur:
1.Yarəhmədli oymağı; 2.Hasanlı oymağı;
3. Hacılı oymağı; 4. Maşanlı oymağı; 5. Eyvanlı oymağı; 6. Mirəkli oymağı; 7.
Veysəlli oymağı; 8. Mirzəcanlı oymağı; 9. Furğanlı oymağı; 10. Mahmudlu oymağı;
11.Çərəkənli oymağı; 12. Məzrəli oymağı; 13. Alıkovxalı oymağı; 14. Hərəküllü
oymağı; 15. Şayıblı oymağı; 16. Havuslu oymağı; 17. Çulhı oymağı; 18. Əhmədli
oymağı.
Cəbrayıl elinin obaları bunlardır:
1. Minbaşılı; 2. Məstalıbəyli; 3.
Qovşudlu; 4. Şıxəliağalı (Şıxalıağalı); 5. Əfəndilər; 6. Əhmədağa; 7.Əlibəyli;
8. Məlikli; 9. Şükürbəyli; 10. Əbdürrəhmanlı/.
Ağtəpə kəndi rəng bildirən ağ
komponentindən və müsbət relyev ifadə edən təpə sözündən ibarətdir. Azərbaycan
və başqa türk dillərində işlənən ağ sözünün çoxlu məna çalarları vardır. Ağtəpə
oronimindəki ağ sözü təpənin ağ rəngli suxurlarının rəngini əks etdirir.
Alıkeyxalı kəndi keçmiş
Bəydili adlı yerdə salınmışdır. Yerli məlumata görə, 12-ci yüzillikdə yaşamış
Cəbrayıl adlı "müqəddəs" bir kişinin altı oğlundan birinin adı Alıkeyxa
olmuşdur. Bir çox tədqiqatçıların fikrincə, Alıkeyxalı toponimi nisbətən təhrifə
uğramışdır. Əslində kəndin adı Alıkovxalı olmalıdır. Sonralar toponim
tərkibindəki Kovxa (yüzbaşı) sözü "keyxa" formasına düşmüdür.
Aşağı Maralyan kəndi (yerli
əhali kəndin adını Maralyan şəklində tələffüz edirlər) bəzi tədqiqatçıların
fikrincə, Cənubi Azərbaycanın Maraluy kəndindən çıxmış ailələrin orta əsrdə
şimala köçərək, burada məskunlaşması nəticəsində yaranmışdır. Bəzi
araşdırıcılar hesab edirlər ki, toponim "Maraluy" sözündən və fars dilindəki -
"an" - cəm şəkilçisindən ibarət olub, "maraluylular" mənasındadır.
Maralyan toponimi "isti və ilanlıq
yerdə məskunlaşanlar" mənasındadır. Mar - "ilan" deməkdir.
Balyand kəndini vaxtilə Cənubi
Azərbaycanın Balyand kəndindən çıxmış ailələr salmışlar. İndi də Cənubi
Azərbaycanda Balyand adlı kənd mövcuddur.
Rəvayətə görə, arı şanları olan
qurumuş bal ağaclarına od düşür və o yanır. Bu hadisədən sonra el arasında
"Balyandı" deyimi formalaşır. Sonralar isə yaşayış məntəqəsi Balyand adlanır.
Bolənd fars dilində "yüksək, hündür
yer" mənasındadır. Görünür kənd yüksəklikdə yerləşdiyinə görə bu cür
adlanmışdır.
Böyük Mərcanlı kəndinin keçmiş
adı Mərcanlı olmuşdur. Bəzi araşdırmaçılar toponimi "mərdcanlı" yozumu ilə
mənalandırırlar. Mərcanlı yaşayış məntəqəsinin sakinləri XIX əsrdə Qarabağ xanı
İbrahimxəlil xanın oğlu Cəfərqulu xanın mülkü olub. Şuşa şəhərinin bünövrəsi
qoyularkən, orada Mərcanlı adlı məhəllə də olub. Mərcanlı nəslinin otuzikilər
türk tayfa birliyi ilə də qohumluğu var.
Cəfərabad yaşayış məntəqəsinə
İbrahimxəlil xanın nəvəsi, Məhəmməd Hüseyn ağanın oğlu, general mayor Cəfərqulu
xana məxsus olan ailələr burada yaşadıqları üçün bu adı veriblər. Yerli məlumata
görə, Cəfərqulu xan Nəva bu torpaqları aşıq Mücrüm Kərimə bağışlamışdı. O da bu
kəndə Cəfərqulu xanın adını verib.
Çaxırlı yaşayış məntəqəsi
Çaxırlı/ Çakərli oğuz-türk tayfasının adı ilə bağlıdır. Çaxırlı oykonimi qazax
tayfa ittifaqına daxil olan 57 ailədən ibarət Çaxır (Çakar -Çəkər) tirəsinin adı
ilə əlaqədardır. Çəkərlilər eranın əvvəllərində Şimali qafqazda yaşamış qədim
türkdilli bulqarların çakar tayfasından təşəkkül tapmışlar.
Çapand kəndinin adı ilə bağlı
müxtəlif fikirlər var. Çapand toponiminin dəqiq izahı isə hələlik tam
araşdırılmayıb. Qədim türk sözü olan çap - termini "yamac", "yarğan",
"sıldırım", "yüksəklik", "eniş" və başqa mənalarda işlənir.
Çələbi (Allahı sevən, bilici,
şair, yazıçı, mövlanə) "mövləvi dərviş ordeninin başçısı" deməkdir. Çələbi sözü
əski türk dilində "Allah" mənasını daşıyır. Osmanlı türk dilində "Çələbi" sözü
"ağa, cənab" mənasındadır. Dini və dünyəvi termin olan "Çələb" sözü hakimlərin,
şahzadələrin ləqəbi kimi də işlənib.
Çərəkən kəndi öz adını
yaxınlıqda axan Çərəkən çayından alıb. Bir qisim tədqiqatçıların fikrincə,
Çərəkən oykonimi əslində "Çərəkənd" şəklində olmalıdır. Adın tərkibindən "d"
səsi görünür, sonralar düşüb. Bəzi mütəxəssislərin yürütdükləri fikirlərə görə,
toponim "otlaq yeri", "örüş" mənasını verən çərə (çörə) sözündən əmələ
gəlmişdir. "Çərə" sözünün "xəstəlik, azar" mənası da var; "çərək" sözü fars
dilində üç mənada: 1) "dörddə bir"; 2. Batmanın dörddə biri; 3. "yara"
mənalarında işlənir.
Cocuq Mərcanlı kəndi bəzi
sənədlərdə Cocuqmərcanlı formasında qeyd olunub. "Cocuq" - kiçik, balaca, xırda
deməkdir.
Çullu oykoniminin ilkin forması
Çollu şəklində olub. Çol etnonimi özündə hun mənşəli qədim türkdilli çöl
tayfasının adını əks etdirir. Xalq etimologiyasına görə isə, çullu toponimi çul
istehsalı ilə bağlıdır.
Dağtumas kəndinin keçmiş adı
Tumas olub. Bu kənd Dağtumas dağının yamaclarında yerləşdiyinə görə Dağtumas
adlandırılıb. Oykonim kəndin yuxarısında yerləşən qəbiristanlıqdakı Tumas Ata
qəbir-pirinin adı ilə bağlıdır. Tumas adını "Tomris" sözü ilə bağlayanlar da
var. Kənddəki Tumas ata abidəsi bütpərəstlik dövrünün nişanəsidir.
Daşkəsən oykonimi "daş kəsilən
yer", "daş karxanası" mənasındadır. Daşkəsən yaşayış məntəqəsi Daşkəsən təpəsi
adlanan yerin yaxınlığında salındığına görə belə adlanmışdır.
Daşveysəlli sözü daş
komponentindən və veysəlli etnonimindən ibarətdir. "Daş" sözü "qayalıq, daşlıq"
mənası kəsb edir. Veysəlli sözü isə tirə, nəsil adıdır. Bu tirənin adı onun
əsasını qoymuş Veysəl şəxs adı ilə bağlıdır.
Dəcəl kəndi yerli məlumata
görə, Şıxalıağanın qardaşı Əhmədxan (Vəli ağanın oğlu) tərəfindən XVIII əsrdə
salınıb. Bir fikrə görə, kənd adamları vergidən boyun qaçırdıqları üçün onları
"dəcəl" adlandırıblar. Ərəb dilindəki "dəccal" sözü ilə əlaqələndirməyə
çalışırlar.
Dəccal 1) "Qiyamət günü eşşəyə
tərsinə minərək zühur edəcək əfsanəvi şəxs"; 2) "on ikinci imam Mehdinin zühuru
ərəfəsində zühur edəcək yalançı Mehdi"; 3) xristianlarda: "İsanın düşməni
antixrist"; 4) yalançı, fırıldaqçı; 5) "dəcəl" mənaları daşıyır.
Dərzili yaşayış məntəqəsi XIX
əsrin ikinci yarısında Zəngəzur qəzasında əsasən maldarlıqla məşğul olmuş
dərzili tayfasının adını özündə əks etdirir. Əfşar və şahsevən qarışığı olan bu
tayfanın Qapanat (qafan) eli ilə qohumluğu vardır.
Doşulu kəndinin adı Doşu şəxs
adı və-lu mənsubiyyət şəkilçisindən ibarət olub. Doşunun nəslindən olanlar
"doşulular" mənasındadır. Yerli məlumata görə, vaxtilə Cənubi Azərbaycandan
gəlmiş Doşu və Şəybəy adlı iki qardaş burada məskunlaşaraq indiki Doşulu və
Şəybəy yaşayış məntəqələrinin əsasını qoyublar.
Əfəndilər kəndi əvvəllər
Kühülyataq adlanıb. Yaşayış məntəqəsi bir müddət sonralar Əfəndilər adlanıb.
Mənbələrin məlumatına görə, Əfəndilər nəsli soy kökü etibarı ilə İmam Hüseynə
bağlanır. Oykonimin kökü olan "Əfəndi" sözü ruhanilərin adlarına qoşulan sözdür.
Bu sözü hörmət xatirinə oxumuş adamlar üçün də işlədirlər.
Əmirvarlı kəndinin (bəzən Tinli
Əmirvarlı da deyilir) digər adı Hüseynbəyli olmuşdur. Kənd Əmirvarlı nəslinə
mənsub olan ailələrin burada məskunlaşması nəticəsində yaranıb. Əmirvarlı
toponimini "Əmirin yurdu", "Əmirin yeri" mənaları ilə izah edənlər də var. "Var"
sözü divar, şəhər, qala, qazma, ev, nəsil, yurd, qışlaq, otlaq, məskən və s.
mənalarında işlənir. Bu söz "köç yeri", "alaçıq yeri", "hansı isə bir icmanın
yurdu" mənalarında da işlənir. Əmirvarlı toponimini imirli türk tayfası adı ilə
bağlayanlar da var.
Əsgərxanlı yaşayış məntəqəsinin
adı Əsgər (Əsgərxan) şəxs adı ilə əlaqədar yaranıb.
Fuqanlı kəndinin keçmiş adı
İmambağı olmuşdur. Bəzi ədəbiyyatlarda səhvən bu yaşayış məntəqəsinin adı
İmambaş formasında qeyd olunmuşdur. Kəndin adı Fuğani ağanın adı ilə bağlıdır.
Göyərçin Veysəlli toponimi
Göyərçin sözündən və Veysəlli etnonimindən ibarətdir. Toponimin tərkibindəki
göyərçin sözünü peçeneqlərin küyərçi tayfası ilə bağlamaq istəyənlər də var. XVI
əsrdə Anadoluda Boz Ulus türk tayfa birləşməsinin bir tayfası kuqar/kuxar
adlanırdı. Kuqar etnonimindən kuyarçı/küyərçi etnonimi düzəlmişdir. Qədim
peçeneqlərin dilində başqa türk dillərindəki "r" səsi "y" kimi tələffüs
olunurdu. Quraqçı tayfasının adı toponimlərdə Göyərçi, Göyərçinli formasında əks
olunub. Həmin sözü göyərçin quş adı ilə də əlaqələndirənlər var.
Hacıisaqlı oykonimi Hacı İshaq
şəxs adından və mənsubluq bildirən - "lı" şəkilçisindən ibarətdir. Hacıisaqlılar
Əhmədlilərin qoludur. Səfəvi-Osmanlı müharibələrində osmanlılara dəstək
olduqları üçün 1615-ci ildə Şah Abbas Əhmədli obası tayfalarını - çələbiləri,
şahvəliləri, hacıisaqlıları, isaqlıları, tatarları Mazandarana sürgün etmişdir.
Hacılı yaşayış məntəqəsi
(Pirəyatağı) Dübar adlı sahədə hacılı türk tayfa tirəsinə mənsub olan ailələrin
burada məskunlaşması nəticəsində yaranıb. Hacılı Cəbrayılın qədim kəndlərindən
biridir. Hacılı tirəsi Zülqədər qızılbaş tayfasına mənsubdur.
(Ardı var)
Nazim Tapdıqoğlu
(Vəlişov)
|