Bu gün: 20 İyul 2008, Bazar

 

 
 
 

 

Azad Qarabağ - 9-cu səhifə

Dönüşümüz döyüşdən keçir

Rubrikamızın budəfəki qonağı Qarabağ qazisi Firudin Məmmədovdur

O, 1970-ci ildə Ağdam rayonunda dünyaya göz açıb. Firudin bəy ilk dəfə Qarabağ uğrunda mübarizəyə 1988-ci il fevralın 22-si Ağdam-Əsgəran istiqamətində yürüşdə iştirak etməklə başlayıb. 1991-ci ilin noyabr ayında könüllü cəbhəyə yollanmış və yaralanaraq  ordudan tərxis olunmuşdur. İxtisasca iqtisadçıdır. Firudin bəylə söhbətimizdə birbaşa mətləbə keçdik.

- Necə düşünürsünüz, bizi Qarabağa aparacaq yolun "müharibə"dən başqa adı varmı? Dönüşümüzün döyüşdən keçməyən yolunu görürsünüzmü?

-O yolu görsəm belə, mən ondan imtina edərəm. Bir məsələ ki, insanın namusuna toxunacaq ləkəyə səbəb ola, o məsələni danışıq yolu ilə həll etmək millətin qeyrətinə təhqirdir. Bu günkü reallıqda müharibə qaçılmazdır. Sayı bilinməyən görüşlərin nəticəsiz qalması məni bu cür düşünməyə məcbur edir.  Tarixdə indiyə qədər müharibə ilə alınan torpağın sülh ilə qaytarılması faktı məlum deyil.  Müharibə türkün ləyaqətini, qürurunu və torpağını ona qaytara biləcək son vasitədir.

- Keçdiyiniz döyüş yolu birədə qısa məlumat verərdiniz.

-1991-ci ilin noyabr ayında şəhid olmuş Milli Qəhrəmanımız Şirin Mirzəyevin yaratdığı könüllü müdafiə batalyonuna yazıldım. Bu batalyon ermənilərə qənim kəsildiyi üçün, onlar tərəfindən Mirzəyevin başkəsənləri adı ilə mükafatlandırılmışdı.  Keçirdiyimiz əməliyyatların əksəriyyəti uğurla nəticələnirdi. 1992-ci noyabr ayında Müdafiə nazirinin əmri ilə könüllülərin ixtisarı başladı. Mən də bu fərman nəticəsində ixtisara düşdüm. Bir ay müddətinə ordudan uzaqlaşsam da, yaşadığım Bakı məni həddən artıq sıxırdı. Mənim tay-tuşlarım döyüşdüyü bir zamanda, bəziləri kimi bunu qıraqdan seyr etməyi özümə sığışdırmayıb,  dekabr ayında yenidən könüllü olaraq orduya qayıtmaq qərarına gəldim. Və hesab edirəm ki, həyatda ən düzgün addımlardan birini o vaxt atmışam. Bir müddət Pirəküşküldə orduya yeni çağırılanlara minamyotun sirlərini öyrətməklə, orduda təlimatçı kimi işlədim. Biz Bakıda Xankəndinə hücum etmək niyyəti ilə təlimlər keçirdik. Bizim briqadada hamı Xankəndinə məhz bizim briqadanın bayraq taxacağını düşünürdü. Hətta gənc əsgərləri psixoloji cəhətdən buna hazırlayırdıq. Əfsuslar olsun ki, kiminsə kiməsə vurduğu bir şapalaq, Azərbaycan ordusunu azad etdiyi torpaqlardan geri çəkilməyə məcbur etdi. Təlimlərin bitməsinə 10-15 gün qalmış, biz artıq Ağdərə rayon mərkəzinə hücum edən dığaların qarşısını almaq üçün təyinatımızı dəyişib o istiqamətə yollanmağa məcbur olduq. Məhz bizim briqada bu istiqamətdə ermənilərin irəliləməsinin qarşısını müvəqqəti də olsa, almağa nail olub, arabir onlara əks hücumla da cavab verirdik. Biz Ağdərə-Xankəndi şossesinin üstündə mövqe tutaraq, Akop Kamaridən  düz Qlobusa qədər olan ərazini qorusaq da, briqada döyüş xəttinin uzunluğuna baxmayaraq, öhdəsinə düşən vəzifəni yerinə yetirə bildi. Mart ayının 28-də yaralanmağım, mənim döyüş missiyamın sona çatması ilə nəticələndi.

- Qələbinin bir addımlığında məğlubiyyətə "gəl" deyilməsinin səbəbi nə idi? Kimlər istəmirdi Qarabağ savaşının sona çatmasını?

-Hələ Sovet ordusunda xidmət etdiyim dövrlər bir türkün üç-dörd erməninin özünə tabe etdirməsinin dəfələrlə şahidi olmuşam. Bunu sovet ordusunda xidmət edənlərin hamısı təsdiq edə bilər. Ermənilər bizimlə üz-üzə gəlməkdən həmişə çəkiniblər.  Müharibəyə tam hazırlıqlı başlayan ermənilərin, hazırlıqsız könüllülərlə bacara bilməməsi dediklərimə əyani sübutdur. Ermənilər silah-sursatla tam təmin olduqları halda, bizim batalyonun 500 könüllüsü  25-30 avtomatla onların irəliləməsinə mane olurdu. Ordu xalqın hərtərəfli  dəstəyi ilə uğurlu əməliyyatlar keçirib, Qarabağın 45 faizini ermənilərdən azad etmişdi. Lakin, qiyamla hakimiyyətə gələn H.Əliyev bu uğurun əsas ağırlığını çiynində daşıyan 33 könüllü batalyonu ləğv etməklə, ordunu zəiflətdi. Bizim millətə məxsusluğu şübhəli olan insanların hakimiyyəti zəbt etməsi, Qarabağın itirilməsi ilə nəticələndi. Surət  Hüseynov kimin əmri ilə qoşunları geri çəkdiyi sualı öz cavabını tapanda, kimin müharibənin sona çatmaması marağında olduğu aşkar olunacaq.  Bizim briqada ermənilərlə döyüşə-döyüşə arxadan Surətin dəstələri onların silah-sursatla təminatının qarşısını alırdı. Nə idi bunların səbəbi?

- Yəni siz Surət Hüseynov və ermənilər tərəfindən mühasirəyə alınmışdınız?

-Bəli. Qarşıdan ermənilər, arxa hissədən isə Surətin əsgərləri yolumuzu kəsmişdi. Ermənilərin milləti məlum olsa da, Surətin milləti hələ də mənim üçün qaranlıqdır. O niyə Qarabağa gedən bütün yolları kəsib, silah-sursatın və canlı qüvvənin oraya getməsinə mane olurdu? İkinci Qarabağ savaşını başlamazdan öncə, bu sualların cavabları tapılmalıdır.

- qtidar beynəlxalq güclərin ermənilərə dəstəyini bizim məğlubiyyətə səbəb kimi göstərirlər. Bu fikirlə razısınızmı?

-Qətiyyən razı deyiləm. BMT-nin qəbul etdiyi 4 qətnamə bunun əksini göstərir. Kimsə düşünürsə ki,  dünya bizim əvəzimizə müharibə edib, Qarabağı azad edəcək, yanılır. QAT-ın xətti ilə görüşdüyümüz Fransa səfirliyində bizə açıq-aşkar dedilər ki, siz nə vaxt torpaqlarınızı müharibə yolu ilə azad etmək istədiniz, biz sizə mane olduq. Mən düşünmürəm ki, dünya ermənilərin tərəfində durmaqla onların qələbəsinə maraqlıdır. Dünya güc mərkəzlərinin əsas istəyi - sülhdür. Əgər onların Azərbaycandakı nümayəndələri bizim torpaqlarımızı hərb yolu ilə azad etmək fikrimizin olmadığını görüb, ermənilərin daha istəkli tərəf kimi müdafiə edirsə, bu bizim günahımızdır.

- Birinci Qarabağ savaşında iştirakçı olduğunuz ən uğurlu əməliyyat?

-Bizim əməliyyatların uğursuzu az olsa da, ən uğurlu əməliyyat kimi, mənəvi cəhətdən Xocalı qətliamının 7-ci günü, yəni martın 3-də keçirdiyimiz Qazançı əməliyyatı idi. Rəhmətlik Şirin Mirzəyevin hazırladığı əməliyyatın iki məqsədi vardı: şəhid xocalılıların qanını almaq və əsir düşən xocalıları geri qaytarmaq üçün mümkün qədər ermənilərdən çox əsir götürmək. Qazançı kəndini tam nəzarətə götürməklə, hər iki istəyimizi reallaşdırdıq.  Erməni hərbçiləri məhv edilməklə öz cəzalarını aldılarsa, biz dinc əhaliyə toxunmadan, onların Xocalıdan olan əsirlərlə dəyişdik. Biz bu döyüşlə dığalara, onlardan fərqli olaraq döyüş meydanında amansız, dinc əhaliyə qarşı rəhmli olduğumuzu sübut etdik.

- Qarabağ qaziləri niyə hökumətin hədəfinə çevrildilər? Qarabağ qazilərinə qarşı düşmən münasibətin səbəbi nə idi?

-Hakimiyyətdaxili hansısa bir qrup tək Qarabağ qazilərinə qarşı deyil, həm də şəhid ailələri və veteranlara qarşı düşmən münasibəti bəsləyir. Təkcə bizim təqaüdlərin məbləği bunu deməyə əsas verir. Təqaüdümüzün 1994-cü il səviyyəsndən azca fərqlənməsi, mənə belə düşünməyə əsas verir. Ötən 12 il ərzində Azərbaycanın dövlət büdcəsi 40 dəfə çoxalsa da, bu artım bizim təqaüdümüzdə öz əksini tapmadı. Bizə göstərilən ögey münasibət həm də bu iqtidarın Qarabağa göstərdiyi münasibətdir. Biz Qarabağ qaziləri olaraq, üç dəfə təqaüdlərin artırılması ilə bağlı hökumət qarşısında məsələ qaldırmışıq. Amma əvəzində, qazilərin bütün güzəştləri ləğv edildi. Bu günkü parlamentdə 3-4 nəfər fərari deputat var ki, onlar da hakimiyyəti təmsil edirlər. Fərarilər hakimiyyəti qaziləri sevə bilməz. Çünki onlar yaxşı bilirlər ki, öyüşdə qoyub qaçdıqları insanlar bir gün bunun səbəbini onlardan soruşacaqlar.

- Hakimiyyətin mövqeyi bəlli. Bəs hakimiyyətə iddialı olan müxalifətin, konkret olaraq "Azadlıq" blokunun Qarabağ qazisinə ögey münasibət göstərdiyinə görə tənqid etdiyi hakimiyyət kimi öz siyahısında qazilərə niyə yer ayırmadı?

-Bu Qarabağ qazilərinə qarşı haqsızlıq olsa da, biz bundan incimirik. Seçkilərə on nəfərlik heyətlə "Azadlıq" blokunun tərkibinə qatılmaq qərarına gəlsək də, sonra blok namizədlərinin çoxluğunu nəzərə alıb, üç nəfərin üzərində dayandıq. Əfsuslar olsun ki, bizim üç namizədimizə də "Azadlıq" blokunda yer tapılmadı. Seçkiyə 49 saylı Mingəçevir-Yevlax dairəsindən müstəqil namizəd kimi qatıldım. Və YAP-ın namizədi istisna olmaqla, bütün namizədlər mənim qələbəmi etiraf etsələr də, YAP öz namizədini qalib elan etdi.

- Belə iqtidarı və ona bənzər müxalifəti olan xalqın ağatlı oğlanına çevrilmək fikrinizdən keçirmi? Həm iqtidar, həm də müxalifət öz imzaları ilə müharibə variantından çəkinəcəklərinə söz veriblər, sizsə müharibənin labüdlüyünü deyirsiniz. Belə məqamda hər şeyə yox deyib, partizan dəstələri yaradaraq, Qarabağı millətinə qaytaran ağatlı oğlana çevrilmək ideyası sizin ideyalarınızla üst-üstə düşmürmü?

-1995-ci illərdə fiziki vəziyyətin buna imkan verməsə də, mən bu barədə bir xeyli insanlarla söhbət etdim. Lakin söhbətlərimin nəticəsi bunun mümkünsüz olduğunu isbat etdi. Bu hakimiyyət Qarabağ partizan hərəkatına imkan verməyəcəyini bu yaxınlarda bir daha sübut etdi.  Qarabağ partizanlarının həbsi, o vaxt mənim düzgün qərar verdiyimi bir daha təsdiqlədi. Qonşu Gürcüstanda 5 min nəfərlik "Ağ legionlar" adlı partizan dəstəsi var. Hökumət tərəfindən maliyyələşən bu dəstəyə əlil arabasında oturan general başçılıq etsə də,  Gürcüstanın ərazi bütövlüyünə qarşı çıxan qüvvələr Gürcüstan ordusundan çox, bu partizanlardan çəkinirlər. Amma buna baxmayaraq, müharibə başlayacağı təqdirdə, partizan dəstəsi də olacaq, diversiya qrupları da. Dediyiniz o ağatlı oğlan o zaman özü də ağatlı oğlan formasında ortaya çıxıb, millətin qəhrəmanlarının tükənmədiyini bir daha sübut edəcək.

- Necə düşünürsünüz, 12 il əvvəlki atəşkəs sazişi və bu gün onun nəticəsi olaraq sülhməramlıların gəlişinə razılıq verilmə ehtimalı nə dərəcədə düzgündür?

-Bayaq qeyd etdiyim kimi, könüllülərin ixtisarından sonra zəifləyən ordunu nəzərə alıb, bəlkə də atəşkəsə haqq qazandırmaq olardı. Amma ən uzağı bir  il olmaq şərti ilə. Yəni, Azərbaycan ordusu bir illik fasilədən istifadə edib, tam formalaşaraq müharibəyə başlamalı idi.

O ki qaldı, sülhməramlılara, onların hətta Azərbaycan-Ermənistan sərhədlərində yerləşdirilməsinin belə əleyhinəyəm. Çünki Ermənistan adlı dövlətin varlığını belə qəbul etmirəm.

- Qarabağ həsrətinin belə uzunmüddətli olmasının günahkarı kimdir? İqtidar, bu iqtidarı dəyişə bilməyən müxalifət, yoxsa hər ikisinə təpki göstərə bilməyən xalq?

-Birmənalı olaraq bu, iqtidardır. Millət bir toplum olaraq idarə olunandır. Əgər rəhbərlik onu yaxşı idarə edərsə, idarə olunan da yaxşı nəticələrə nail olar. Bu gün avtobus sürücüsü gediş haqqını ödəmədiyinə görə əsgəri söyürsə, bu hal kiməsə gülməli gəldiyi təqdirdə, bu iqtidarın səhv siyasətinin nəticəsidir. Əgər bu dövlətin məmuru oğlunu şərəfləndirib, ona əsgər forması geyindirmirsə, demək, sürücü baba da, yalnız kasıb balalarından ibarət olan orduya qiymət verməyəcək.

- 1992-ci ildə baş vermiş bir hadisə növbəti sualımın mövzusudur. Nişanlısı ilə yanaşı gəzən bir qız, ətrafdakı qızlara acıq verirmiş kimi, hərdən ona baxaraq, onları süzürdü. Çünki onunla yanaşı addımlayan oğlan əsgər forması geymiş, bir ayağı protez olan Qarabağ qazisi idi. Bəs indi necə? Bu millətə nə oldu belə?

-Mən özüm də dəfələrlə qazilik titulunun şərəf duyulduğu hadisələrin şahidi olmuşam. O illər qazilərə bütün millət tərəfindən böyük bir ehtiram var idi. İndi isə, demək olar ki, qazilər öz şərəflilik həddini itirib.  Çünki qazilərə nə hökumət, nə də mənsub olduqları millət əvvəlki hörməti bəsləmir.

- Firudin bəy, son olaraq, "Azad Qarabağ" qəzeti vasitəsilə Qarabağsevərlərə nə demək istərdiniz?

-Mən öz millətimə müraciət edərək deyirəm: Qarabağ məsələsi bizim bir nömrəli həll olunası problemimizdir. Hər bir problemin həllini maddiyyatla əlaqədar arxa plana keçirmək olar. Amma vicdan, din, vətən problemi bu barədə istisnadır. Bu gün başı pul yığmağa qarışanlara üzümü tutub deyirəm: vətəni olmayan insanın yığdığı pul nəyə gərəkdir? Unutmayın, öncə vətən, sonra yaşa! Gəlin vətəni azad edək. Sonra pul qazanmaq barədə düşünərik. Əks halda, qiyamətdə buna görə cavab verməli olacağıq.

Yetim Qacar

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 8 9 10 ... 17

Sənədin sonuncu korrektə tarixi: 13/3/2006 - 4:34:31
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.014773