Bu gün: 5 Dekabr 2008, Cümə

 

 
 
 

 

Azad Qarabağ - 4-cü səhifə

"Nə ABŞ, nə də Rusiya ilə Qarabağ məsələsini həll etmək olmaz"
(Həmsöhbətimiz politoloq Leyla Yunusdur)

-ABŞ Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavini Daniel Fridin Bakı-Tbilisi-İrəvan və Ankara səfərində əsas məqsəd nədir?

-Məncə bu mütəmadi gəlişlərdən idi. Bu görüş bir neçə məsələyə aydınlıq gətirməli idi. Birincisi, əlbəttə ki, Qarabağ məsələsidir. İkincisi, İran, üçüncüsü isə mövcud ümumi durumla bağlı idi. Onu seçkidən sonrakı vəziyyət, demokratik azadlıqlar və iqtisadi  məsələlər də maraqlandırırdı.

-Rambuye danışıqlarından sonra regionda marağı olan ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yönündə ciddi  dəyişikliklərə çalışması yalnız İran məsələsi ilə bağlıdır, yoxsa digər səbəblər də var?

-ABŞ-ın burada əsas iqtisadi maraqları var. Onu neft, enerji resursu, Bakı-Ceyhan boru kəməri və bir də sabitlik maraqlandırır. Bölgədə müharibə başlanmasını istəmir. Digər tərəfdən Dağlıq Qarabağ kartından Rusiya istifadə edir.  Yəni, Azərbaycan-Ermənistan konfliktindən Rusiya yararlanır. Ermənistan  demək olar ki, Rusiyanın nəzarəti altındadır. Bu münaqişə Rusiyanın Cənubi Qafqazda mövqeyini möhkəmləndirir. Bu konflikt Rusiyaya sərf etdiyi üçün davam edir. Problem həll olunarsa, Rusiyanın Cənubi Qafqazdan əli kəsilər. İran məsələsi də gündəmdədir. Ancaq mən arzulamazdım ki, Cənubi Qafqazda müsəlman-xristian münaqişəsi olsun. Ümumiyyətlə, bugünədək ABŞ-ın və ya qərbi Avropa ölkələrinin köməkliyi ilə  bir sıra konfliktlər həll olun. İndi isə Cənubi Qafqazın növbəsi gəldi. Cənubi Qafqazda ən böyük konflikt Dağlıq Qarabağ konfliktidir. Abxaziyada Rusiyanın marağı çox açıq görünür.  Azərbaycan və Ermənistan isə de-yure müstəqil ölkələrdir. Onların arasındakı münaqişəni ABŞ  həll etsə, hökmən bundan yararlanacaq.

-Leyla xanım, əgər ABŞ Dağlıq Qarabağ münaqişəsini həll etsə, Azərbaycan da onun əvəzində gələcəkdə Amerikanın İranla bağlı planlarına qoşula bilərmi?

-Məncə, bu xülyadır. ABŞ və ya hansısa bir ölkə bu konflikti həll edə bilməz.  Ancaq mənim fikrimcə, bu konflikti iki xalq və iki cəmiyyət özləri həll etsələr yaxşıdır. Heç bir ölkənin təsiri ilə digər tərəf öz marağına qarşı çıxa bilməz. Nə ABŞ, nə də Rusiya ilə Qarabağ məsələsini həll etmək olmaz. Bu, Azərbaycan-Ermənistan münaqişəsidir. İki xalq bir qərara gəlməsə, Qarabağ məsələsi elə belə də qalacaq. Qaldı ki, İran məsələsinə, cənab Fridlə  görüşdük. O, bir neçə dəfə öz fikrini təkrar edərək bildirdi ki, ABŞ-ın İranla müharibə aparmaq fikri yoxdur.  Biz çalışırıq ki, diplomatik yollarla öz arzularımıza çataq. Diplomatik yolla vəziyyəti dəyişdirək. Orada həm azərbaycanlılar, həm də iranlılar yaşayırlar. Azərbaycanın geopolitik yeri bizim üçün ona görə maraqlıdır. Biz İranla müharibə etməyi düşünmürük. Dağlıq Qarabağ münaqişəsi olmasaydı, Azərbaycan bu geopolitik məsələdə ABŞ-a köməklik edərdi.

-Əgər Azərbaycan müharibəyə başlasa, Türkiyənin müharibəyə girişmədən, Ermənistandakı rus hərbi birləşmələrinin əməliyatlarına təsir etmək imkanı varmı?

-Rusiya Ermənistana mütləq kömək edəcək. Çünki Rusiyanın orada güclü bazası var. Türkiyə isə bunu edə bilməz. Ona görə ki, Türkiyə NATO-nun üzvüdür. Müqaviləyə əsasən, NATO-nun üzvü olan ölkələrdən biri hər hansı müharibədə iştirak etmək hüququna malik deyildir.  Ona görə də, Türkiyə təkbaşına münaqişədə iştirak etməyəcək. Ümumiyyətlə, Azərbaycan gərək başa düşsün ki,o, tək vuruşacaq. Heç bir ölkə ona kömək edə bilməyəcək. Mən demirəm ki, bütün rus ordusu ermənilər tərəfindən vuruşacaq. Əbəttə ki yox. Əgər Azərbaycanın güclü ordusu, peşəkar hərbçisi olsa, bir əsgəri bir rotaya bərabər olsa, hərbi yolla bu məsələni həll etmək olar. Təəssüf ki, bu gün əsgəri xidmətə kasıbların balaları aparılır. Onlardan rüşvət alınır. Başlarına min cür oyun gətirərək tuturlar. Müharibədə iştirak edən vətənpərvər gənclərimizi 15 gündən 15 ilə qədər türmələrə salıblar. Əsgəri, zabiti, OMONçuları bu vaxta kimi sorğu-suala tutub, həbs ediblər.  Belə vəziyyətdə hərbdən və müharibədən söhbət açmaq olarmı?

-İnanırsınızmı, bu il Dağlıq Qarabağ münaqişəsinin həlli ili olacaq?

-Xeyr, inanmıram. Qarabağ məsələsinin həllində bu gün sülh variantı ağlabatmazdır. Bu variant hər iki cəmiyyətdə müharibə ruhu aradan qalxandan sonra mümkündür. Bu müharibədə azərbaycanlılar kimi, onlar da itki veriblər. Necə ki, biz onlara düşmən gözü ilə baxırıq, onlar da bizə eynilə yanaşırlar. Onlar bizim torpaqlarımızı işğal edərək, uydururlar ki, bu torpaqları azad etmişik. Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz də mübarizəmizdə israrlıyıq.

-Sizcə, Qarabağ məsələsi nə vaxt həll  olunacaq?

-Tarixə nəzər yetirsək, görərik ki, Kipr, Kəşmir, Yaxın Şərq məsələləri artıq 30 ildən çoxdur ki, davam edir.  Onun üçün gərək, Azərbaycan qüvvətli və demokratik ölkə olsun. Respublikamız o qədər inkişaf etsin ki, o, Qarabağ məsələsini asanlıqla öz xeyrinə həll etsin. Nə qədər ki, neftdən gələn gəlir məmurların ciblərinə axacaq, əlbəttə, bu məsələ hələ çox uzanacaq. Camaatın yaşayış səviyyəsi yaxşılaşsa, normal iş yerləri açılsa, hərbi gücümüz artsa, iqtisadiyyat, demokratiya inkişaf etsə, Azərbaycanın şansları artar və bu məsələni dinc yolla həll etmək mümkün olar.

Söhbətləşdi: Qalib İbrahimoğlu


Kanada azərbaycanlılarının konkret təklifləri

"Kanada Azərbaycanlıları Assosiasiyaları Federasiyası"nın icraçı direktoru Əkbər Məcidov Qarabağ, diaspora və digər məsələlərlə bağlı ölkə başçısı İlham Əliyevə müraciət etmişdir. APA informasiya agentliyinin yaydığı müraciətdə bildirilir:

Dünya Azərbaycanlılarının II qurultayını keçirmək ilə əlaqədar sizə təmsil etdiyim federasiya  adından səmimi təşəkkürlərimizi bildirir, dünyada lobbiçilik fəaliyyətinizi və eləcə də diaspora quruculuğu yönündə çalışmalarınızı təqdirlə qarşılayırıq. Mən də bu qurultaya dəvətliyəm və bu möhtəşəm tədbirdə xalqımızın və dövlətimizin gələcəyi üçün mühüm qərarlar qəbul ediləcəyinə inanıram.

Artıq dünyada yeni münasibətlərin formalaşdığı kimsəyə sirr deyil. Elmi-texniki nailiyyətlər nəticəsində getdikcə yeni vüsət alan qloballaşma prosesi dünyanı kiçik bir kənd halına gətirməkdədir. Məhz qloballaşma prosesi öz varlığını qoruyub saxlamaq istəyən bütün xalqların qarşısında çox mühüm və qaçılmaz vəzifələr qoyur: Lobbiçilik fəaliyyətinin təşkili, diaspora quruculuğunun gücləndirilməsi.

Elə düşünürəm ki, bu gün Qarabağ müharibəsi beynəlxalq  miqyasda aparılan diaspora fəaliyyəti və yeni münasibətlərin qurulması ilə davam edir. Mən gəzdiyim ölkələrdə bədxah qonşularımızın bu sahədə ciddi çalışmalarını görmüşəm. Onlar məhz diaspora təşkilatlarının köməyi ilə öz yalanlarını dünyaya gerçək kimi sırıyıb tərəfdarlarının sayını artırmağa çalışırlar. Amma elə düşünürəm ki, biz diaspora fəaliyyətini gücləndirsək, ermənilərin bütün arqumentlərini asanlıqla çürüdə bilərik. Nə qədər acı da olsa, etiraf edim ki, bəzi Avropa ölkələrində bizim Qarabağ müharibəsində haqlı olduğumuz bir yana qalsın, Vətənimizin adını belə çoxları eşitməyib. Yaşadığım Kanadada və eləcə də ABŞ-da ermənilərin formalaşdırdığı ictimai rəy bəzi  siyasi dairələrdə insanları çaşdırıb. Siyasətin mənafelər üzərində qurulduğu məlum həqiqətdir, ancaq bəla ondadır ki, biz hələ öz həqiqətlərimizi insanlara inandırmaqda xeyli geri qalmışıq, bu mövzuda görüləsi işlərimiz çoxdur. Amma icraçı direktoru olduğum federasiyanın fəaliyyətindən və keçirdiyi görüşlərdən bu qənaətə gəlmişəm ki, məsələyə düşünülmüş şəkildə yanaşanda və təbliğat vasitələrini doğru-düzgün, vəziyyətə uyğun tənzimləyəndə məqsədə nail olmaq heç də çətin olmur. Ümumiyyətlə, dünyada hər hansı bir dövləti mütləq erməni dostu kimi qəbul etməyimiz doğru deyil və bu məsələdə hər bir siyasi təşkilatdan tutmuş beynəlxalq qurumlara qədər hər kəslə iş aparmaq bizim qaçılmaz vəzifəmizdir. Bunun üçün  hər şeydən əvvəl milli diaspora fəaliyətinin konsepsiyası hazırlanmalıdır. Həmin konsepsiyada bir çox zəruri vəzifələr öz əksini  tapmalıdır. Bu mövzuda bəzi düşüncələrimi sizinlə paylaşmağı özümə vətəndaşlıq borcu hesab edirəm:

  • İkili vətəndaşlıq məsələsinin həll olunmasını;

  • Bütün səfirliklərimizin nəzdində Qarabağ masası açılmasını;

  • Diaspora fəaliyyətinə xidmət edən xüsusi nəşriyyat və mətbəə qurulmasını;

  • Dünyanın müxtəlif ölkələrinə yayılmış soydaşlarımızın və onların övladlarının dilimizdən, əxlaqımızdan, milli-mənəvi dəyərlərimizdən uzaq düşməməsini təmin etmək üçün xüsusi nəşrlər buraxılması və təbliğat işi aparılmasını;

  • Səfirliklərimizdə bu məsələ ilə məşğul olan xüsusi ştat vahidi açılmasını;

  • Səfirliklərimizin nəzdində mədəniyyətimizi təbliğ edən xüsusi bürolar açılması, orada həftəlik və ya aylıq görüşlər, müzakirələr keçirilməsini;

  • Milli və dini bayramlarımız, tarixi günlərimiz haqqında xüsusi məlumatlar, bukletlər çap olunması, tariximiz və mədəniyyətimizlə bağlı açıqcalar nəşr edilməsini;

  • Azərbaycan üçün mühüm strateji əhəmiyyət daşıyan ölkələrdə yaşayan soydaşlarımızın diaspora fəaliyyətinə cəlb olunması üçün tədbirlər paketi hazırlanıb həyata keçirilməsini;

  • Diaspora fəaliyyətində qardaş ölkələrlə əlaqələrin uzlaşdırılmasına nail olmaq üçün işlər görülməsini;

  • Diaspora fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi mütəxəssislərin seçilərək yetişdirilməsini, həmin mütəxəssislərin ən müxtəlif ölkələrdə və dillərdə media fəaliyyəti ilə məşğul olmasını məqsədəuyğun bilirik.

Konkret  olaraq Kanada dövləti ilə münasibətlərimizə gəlincə, onu deyə bilərəm ki, biz "Kanada Azərbaycanlıları Assosiasiyaları Federasiyası" olaraq bu ölkənin sabiq baş naziri cənab Paul Martin ilə görüş keçirmiş və bu görüşdə Azərbaycanda Kanada səfirliyinin açılması, parlamentlərarası dostluq qrupunun yaradılması kimi məsələlər üzərində uğurlu müzakirələr aparmışıq. Bəzi Kanada parlamentariləri ilə səmimi münasibətlərimiz var və onlar da bu məsələyə səmimi yanaşırlar.

Biz Xocalı soyqırımı ilə əlaqədar silsilə tədbirlər həyata keçirdik və xüsusi açıqca çap edib o açıqcaları Kanadanın parlamentinə, müvafiq orqanlarına və bir çox beynəlxalq təşkilatlara göndərdik. Bundan əlavə qeyd etmək istəyirəm ki, qarşıdan Mart soyqırımının növbəti ildönümü ilə bağlı tədbirlərə indidən başlamışıq. Bu məqsədlə 4 səhifəlik xüsusi açıqca çap etdirmişik və o açıqcalar yuxarıda qeyd edilən ünvanlara göndərilməkdədir. Bu cür tədbirlər ilə yanaşı biz tarixi günlərdə toplantılar, disskusiyalar keçirir və Kanada vətəndaşlarını, xüsusilə də media nümayəndələrini ora dəvət edirik. İndiyə qədər yerli mətbuatda  Azərbaycan gerçəkliklərini əks etdirən çox sayda yazılarımız çap olunub.

Elə düşünürəm ki, beynəlxalq miqyasda gedən Qarabağ savaşında qalib gəlməyimiz üçün hər cür imkanımız var. Əmin ola bilərsiniz ki, sizin bu sahəyə həssas münasibətiniz dünyanın ən müxtəlif ölkələrində yaşayan soydaşlarımızda böyük ruh yüksəkliyi oyatmışdır. Son illərdə Azərbaycan həyatında əldə olunmuş  böyük iqtisadi uğurlar və həyata keçirilən islahatlar, gerçəkləşmədə olan beynəlxalq əhəmiyyətli layihələr qələbəyə ümidimizi daha da artırır.

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 3 4 5 ... 16

Sənədin sonuncu korrektə tarixi: 17/3/2006 - 10:31:55
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.021868