|
Azad Qarabağ - 13-cü səhifə
Abid Şərifovun qəbahəti
Ermənilərin Bakıya
gələrək müxtəlif tədbirlərdə iştirakına loyal yanaşan, bunda heç bir "qəbahət"
görməyən Abid Şərifov çox böyük qəbahət edir. Abid müəllim əsasən tikinti işləri
ilə məşğul olub, ona görə də ola bilər ki, bu cür məsələlərdən başı o qədər də
çıxmır. Amma hətta bu hal da onun sözlərinə bəraət qazandırmır. Necə deyərlər,
əgər bir şeydən çıxmırsa, başını gərək zorla oraya soxmayasan. Əgər Abid müəllim
bu məntiqi də bilmirsə, onda onu o boyda vəzifəyə qoyanların başı haqqında
böyük şübhələr yaranır. Hər halda, baş-boş nazirin bu qocaman müavini özünü çox
itirmiş görsənirdi. Deyəsən, nə dediyini, nə etdiyini özü də başa düşmürdü. Abid
müəllimdə belə şeylər olur, həlledici məqamlarda, insani keyfiyyətlərin önə
keçməli olduğu anlarda düzgün qərar qəbul edə bilmir, konyuktur meyllərə
üstünlük verir. Bəlkə də, fikirləşir ki, "kaşşey" müəllim kimi elə bu dünyanı
tutub duracaq.
Yaşı çox olduğuna
görə Abid müəllimin xətrinə dəymirik, amma bəzi şeyləri başa salmağı özümüzə
borc bilirik. Ermənilər 1905, 1918, 1920-ci illərdə olduğu kimi, azərbaycanlı
qırandan, kəndlərimizi və şəhərlərimizi dağıdıb yerlə-yeksan edəndən,
torpaqlarımızı tutandan sonra münasibətləri nizama salmağa çalışır, bizi heç nə
olmamış kimi əvvəlki qaydada, dostluq və qardaşlıqda yaşamağa dəvət edir. Öz
məqsədlərinə çatmış ermənilərin bu mövqeyi başa düşüləndi. Bəs biz nə üçnü hər
dəfə hər şeyi ermənilərə bağışlamalıyıq? Bizim də dediyimiz odur ki, bu dəfə
erməninin istədiyi alınmayacaq, bizdən qoparıb aldıqlarını geri qaytarana,
törətdikləri cinayətlərə görə cavab verənə, intiqamımızı, qisasımızı alana qədər
heç bir gediş-gəlişdən, dostluqdan, qardaşlıqdan söhbət ola bilməz. Abid
müəllimi, güman ki, anlada bildik. Əgər bununla da başa düşmədisə, onda gərək
başqa şübhəyə düşək. Allah eləməsin, bəlkə bu ermənilərlə qohumluq, ya da biznes
əlaqələri var? Şeytan adamın ağlına çox şeyləri salır. Lənət şeytana. Şeytan
demişkən, bəlkə bu kişini şeytan yoldan çıxarıb, ermənilərin qulluğunda durmaq
qərarına gəlib?
Sonda Abid
müəllimin bir fikrinə də münasibət bildirmək zorundayıq. Onun dediyindən belə
çıxır ki, hökumət üzvləri heç kimə, o cümlədən mətbuata izahat, açıqlama
verməməlidir, yəni onlar heç kəsin, cəmiyyətin, xalqın qarşısında məsuliyyət
daşımırlar, kiminsə onlardan nəisə soruşmağa haqqı yoxdur. Çox qəribə məntiqdir.
Bu nədir? Savadsızlıqdı, yoxsa pul, var-dövlət bunların gözünü o qədər tutub
ki, beyinləri o qədər piylənib ki, daha heç nə haqda fikirləşə, düşünə,
sözlərinin məsuliyyətini dərk edə bilmirlər, özlərinə nəzarət hissini itiriblər.
Belə yerdə adamın əli qalır üzündə. Allah betərindən saxlasın!
Fransız
tələbələrin sağ əli...
Fransada tələbələr
geniş hərəkata başlayıblar. Özü də elə bir ciddi səbəb olmadan. Sadəcə gənclərin
işə götürülməsi və işdən çıxarılması ilə bağlı qanun bir az xoşlarına gəlməyib,
torpağı işğal altında olan, amma bunu özünə təhqir hesab etməyən bizim
gənclərdən fərqli olaraq, özlərini təhqir olunmuş hesab ediblər. Vəssəlam. Bu
ağılsız tələbələr, bizim ağıllı gənclərdən fərqli olaraq universitetdən (özü də
bizim adı it dəftərində də olmayan universitetlərdən yox, dünyanın ən məşhur
universitetlərindən) qovulmaqdan, dədələrinin verdiyi yüksək təhsil haqqının
batacağından, hələ döyülməkdən, tutulmaqdan demirəm, qorxmayaraq küçələrə çıxır,
polis ordusu ilə əsil döyüşə girərək öz haqlarını müdafiə edirlər.
Maraqlıdır,
görəsən, bizim gənclər, tələbələr fransız yaşdaşlarının bu hərəkətlərini
görürlər, yoxsa gözlərini bərk-bərk yumublar? Bizim tələbələrin qayğıları həm
çoxdur, həm də yoxdu. Yoxdur, ona görə ki, qoyun sürüsü kimi səhər axışırlar ali
məktəblərə, başlarını qarışdırıb günlərini keçirirlər, oxusalar da, oxumasalar
da pullarını verib qiymətlərini alırlar. Daha nəyin qayğısını çəkəcəklər. Amma
həm də qayğıları çoxdur. Gecə-gündüz fikirləşir, baş sındırırlar ki, dədəmizin
bizi bura qoymaq üçün verdiyi pullar batmasın, birdən ayağımı kənara qoyaram,
hansısa aksiyada görərlər, sonra da institutdan çıxararlar, əsgər göndərərlər.
Budur, bizim tələbələrin qayğısı. Dədələri, nənələri də çalışırlar ki, gül
balalarının başı ayrı qayğılara qarışmasın, Qarabağ haqqında, ümumiyyətlə,
düşünməsinlər, birdən Allah ağıllarını alar, gedib Qarabağla bağlı hansısa
aksiyaya qoşularlar, erməninin qabağına çıxarlar, peşmançılıq olar,
tutub-eyləyərlər, sonra da institutdan qovarlar. Əlbəttə, nənələr, dədələr düz
eləyirlər, qoy balaları oxusunlar, onsuz da oxuyub nə olacaqları bilinmir.
Düzdür, nə olacaqları bilinmir, amma bu cür gedişlə bilinən odur ki, adam
olmayacaqlar. Nə isə/... İstəyirdik deyək ki, fransız tələbələrin sağ əli
bizimkilərin başına. Amma dədəsi, nənəsi, hökuməti, prezidenti, gənci bu olan
məmləkətdə, bu sözü deməyinə dəyərmi?
Abid
Şərifovun fikrinə cəmiyyət nə deyir?
Ermənilər
yenə də paytaxtımıza ayaq basdılar. ATƏT-in təşkil etdiyi forumda iştirak
etdilər. Baş nazirin müavini Abid Şərifov ermənilərin Bakıya gəlməsində qəbahət
görmədiyini vurğulayıb.
Abid
Şərifovun bu fikrinə münasibəti öyrənməyə çalışdıq.
Qabil Hüseynli -
Müsavat başqanının müavini
- Nə qədər ki,
ermənilər torpaqlarımızdan çıxmayıb, qondarma "soyqırım"larını təbliğ edirlər,
əlbəttə ki, əlaqə qurulmamalıdır. Abid Şərifovun çıxışı isə, onun yox,
hakimiyyətin razılaşdırılmış mövqeyidir.
İsaq Əvəzoğlu -
AXCP mətbuat katibi
- Xalq
diplomatiyası adı altında bu səfərlərə son qoyulmalıdır. Hakimiyyətin Azərbaycan
xalqına vurduğu zərbə, heç də ermənilərin vurduğu zərbədən az deyil. Ermənilərlə
Abid Şərifovun təmsil olunduğu hakimiyyətin heç bir fərqi yoxdur.
İlyas İsmayılov
- Ədalət Partiyasının sədri
- Əgər istəyiriksə
Qarabağ bizim olsun, onda biz müəyyən dərəcədə hisslərimizi cilovlamalıyıq.
Əlbəttə, ermənilərin vəhşi hərəkəti bizdə emosiya yaradır, ancaq ATƏT-in
tədbirlərinə dözməliyik. Ermənilər ATƏT-in xətti ilə Bakıya gəliblər, deməli,
dövlətin siyasətidir, buna dözümlə yanaşmalıyıq.
Pənah Hüseyn -
millət vəkili
- Əlbəttə, çox
ziddiyyətli bir məsələdir. Azərbaycan bu tədbirləri keçirməsə, beynəlxalq
əlaqələrin bir qismindən təcrid oluna bilər. Ancaq etiraz edən insanların, o
cümlədən QAT-ın mövqeyi başa düşüləndir və təqdir olunmalıdır. Mən şəxsən QAT-ın
və başqa etiraz edən ictimai təşkilatların mövqeyini təqdir edirəm.
Xəzər Teyyublu -
AXCP funksioneri
- Hakimiyyət bu
məsələlərə diqqətlə yanaşmalıdır. Çünki burada milli hissə toxunmaq məsələsi
var. Torpaqlarımızı işğal ediblər, ortada düşmənçilik var. Nə vaxt
torpaqlarımızı düşmən əsarətindən azad edərik, o zaman da ermənilərlə əlaqə
qurmaq olar. Qanunlar da işləmir ki, A.Şərifov cəzalandırılsın. Ordan bura,
Azərbaycandan da Ermənistana olan səfərlərə son qoyulmalıdır.
Çingiz Qənizadə
- hüquq müdafiəçisi
- Respublika
ərazilərini işğal etmiş ermənilərin Bakıya ATƏT-in xətti ilə gəlməsini məqbul
hesab etmirəm. Neytral ölkədə keçirilsəydi, buna o qədər də pis baxmazdım. Belə
tədbirlər, görüşlər keçirməkdənsə, ATƏT üzərinə götürdüyü münaqişənin həlli
istiqamətində iş görsün. Dövlət çox güman ki, ermənilərin gəlməsinə razılıq
verib. Abid Şərifovun fikri isə şəxsi fikir ola bilər.
Vidadi Fərəcov -
Vəhdət Partiyasının sədr müavini
- Baş
nazir müavini vəzifəsində çalışan bir şəxsin - ermənilərin gəlməsi qəbahət
deyil - deməsinə pis baxıram. O, bu sözləri deyərkən, işğal olunmuş əraziləri,
şəhidləri gözünün qarşısına gətirib, heç olmasa xəcalət çəkməli idi. bizim
ermənilərlə hansı nəqliyyat əlaqəmiz var ki, hələ onun təhlükəsizliyi də
müzakirə olunur? Bizdən də ora gedənlərə ar olsun - deyirəm. Vəhdət Partiyası
olaraq bu əlaqələri pisləyirik.
Samir Əsədli -
VHP siyasi Şurasının üzvü
- Ümumiyyətlə,
işğalçı ölkə ilə heç bir əlaqə qurulmamalıdır. Azərbaycandan terrorçu ölkəyə
səfər edən insanlar Azərbaycan vətəndaşlığından çıxarılmalıdır. Biz QAT-ın
mövqeyini dəstəkləyirik.
Amil Məmmədov -
hüquqşünas
- Prezident
söyləyir ki, sülh danışıqları nəticə verməsə, müharibə edəcəyik. Ermənilərin də
ölkəmizə gəlişləri adi hala çevrilir. Bəs sabah prezident ermənilərlə müharibəni
necə aparacaq? Məncə, Abid Şərifov dərhal istefa verib, İrəvana üz tutmalıdır.
Ermənilərin gəlməsi, onun sözlərinə görə, qəbahət deyilsə, onda Ruslanı niyə
həbs edirdilər?
Elgiz Quluzadə -
işsiz
- Ermənilər Abid
Şərifova heç nə etməyib, ona görə də o, onların gəlişini qəbahət saymır. Bəs
Qarabağda, Xocalıda insana xas olmayan vəhşiliklərlə qətlə yetirilən insanlar
azərbaycanlı deyillər? Bu vəhşilikləri törədənlər də ermənilər deyil? Bakıda
keçirilən forumda iştirak edən də həmin ermənilərdəndir. Mən bu hakimiyyətin bu
hərəkətlərini başa düşməkdən imtina edirəm.
Solmaz Vəliyeva
- müəllimə
- Maraqlıdır,
ermənilərin Azərbaycana gəlişinə pis baxmayan, onlara ziyafət verən, İrəvana
səfər edən insanların qardaşı, əmisi, bacısı, yaxud da hər hansı bir əzizi
şəhid olubmu? Əgər olsaydı, onlar yenə də Ermənistana səfər edərdilər? Bunlar
vətəni pula satan məxluqlardır. Gün gələcək, şəhidlərimizin ruhu onları tutacaq.
Hazırladı:
Vüsal

|