|
Azad Qarabağ - 14-cü səhifə
"İnsanların dəstə-dəstə
İslama daxil olduqlarını gördüyün zaman..."
Zəmanəmizin
ən görkəmli
şəxsiyyətlərindən
biri, fransız mütəfəkkiri
və filosofu Roje Qarodi 1913-cü
ildə Marseldə
anadan olub. 1945-ci ildə o, Fransanın Milli Şurasına
seçilmiş, parlamentin sədr müavini, senator vəzifələrini tutmuşdur. Onun Fransa
Kommunist Partiyasından ayrılması və 1982-ci ildə İslam dinini qəbul etməsi çox
gözlənilməz oldu, axı həmin dönəmdə Qarodi öz siyasi karyerasında zirvələri fəth
etmişdir, təkcə öz ölkəsində deyil, bütün dünyada şöhrət qazanmışdır.
"...Mən
ateist ailəsində dünyaya
göz açmışam
və bunu özümə
üstün cəhət
kimi qiymətləndirirəm,
çünki bu vəziyyət
mənə hələ
uşaqlıqdan
azad düşünməyi təmin
etmişdir. Mən o qərara gəlmişdim ki, bu dünyanı
dəyişmək, qaydaya salmaq lazımdır. Ona görə də, ilk olaraq seçimim marksizmin
üzərinə düşdü. Lakin bir gün tanınmış xristian mütəfəkkiri, yezuit Karl Ranner
mənə dedi ki, marksizm mövcud problemlərin qlobal həllini təmin etməyə qadir
deyil. Onda üz tutdum xristianlığa. Siyasi baxışlarımda isə marksist olaraq
qalırdım. Ancaq kilsə də bu gün cəmiyyəti islah etmək imkanına malik deyil. Məhz
onda mən İslama üz tutdum. Dahi Hötenin dediyi kimi, biz hamımız sonda şüurlu
İslamı qəbul edəcəyik. Əgər biz Qurani-Kərimə müraciət etsək, görərik ki, İslam
- son din deyil, İslam hələ Adəm peyğəmbərin yaradılışından bu yana mövcuddur.
İslam, yəni Allaha tabe olmaq, - həqiqətən də bütün insanlar üçün bir
əlamətdir!.."
Hədislərdən seçmələr
Həzrəti Muhəmməd (s) buyurur:
1. Heç bir damla Allah yolunda
tökülən qan damlasından əziz (qiymətli) deyil.
2. Elm öyrənənin əcəli çatdıqda
şəhid kimi ölər.
3. Əgər öz yaxşı işindən
sevinib, pis işindən narahat olursansa, deməli möminsən.
4.
Qəzəbləndiyin zaman sakit ol! (dayan)
5.
Allah-təala ata və anaya yaxşılıq edən insanın ömrünü uzadar.
6.
Allah bəndəsinin Ona tərəf uzanmış əlini geri qaytarmaqdan və onu ümidsiz
qoymaqdan həya edər.
7.
Öz sübhünüzü sədəqə verməklə başlayın, çünki bəla sədəqənin üstündən keçə
bilmir.
8.
Qadının cihadı ərinə yaxşı baxmaqdır.
9.
Dostlarınızın ən yaxşısı eyiblərinizi sizə deyəndir.
10.
Heç bir işi sabaha saxlama ki, hər günün öz işi vardır.
11.
Elm ilə birgə olan yuxu, cahilliklə birgə olan ibadətdən üstündür.
12.
Allah-təala yalnız rəhmli bəndəsinə rəhm edər.
13.
Dünya möminin zindanı, kafirinsə behiştidir.
14.
Alimin iki rəkət namazı, alim olmayan adamın yetmiş rəkət namazından üstündür.
15.
Elmlə olan az əməl faydalı, cəhalətlə olan çox əməl isə faydasızdır.
16.
İnsanı üzünə tərif etmək onu qətlə yetirmək kimidir.
17.
Allah yolunda bir gecə keşik çəkmək min gecə namaz qılıb, gündüzləri də oruc
tutmaqdan üstündür.
18.
İslamın zirvəsi Allah yolunda cihaddır ki, yalnız ən üstün müsəlmanlar bu
zirvəyə yetişər.
Hər
günümüzü Novruz edək
Hər bir xalqın çox qədim
dövrlərdən gözəl və maraqlı bayramları vardır.
Bu bayramlarda
insanlar daim həyatın çətinliklərini, dərd-qəmini unutmağa çalışıb və belə
bayramları hər zaman ruh yüksəkliyi ilə qeyd ediblər. Bunların sırasında Novruz
da ən qədim bayramlardan biri sayılır. Baharın gəlişinin və bir çox əlamətdar
hadisələrin rəmzi olan bu bayramın qeyd olunmasına hələ eramızdan çox-çox
əvvəldən başlanmışdır.
Tarixçilər və bir
çox digər tanınmış şəxsiyyətlər Novruz barədə öz maraqlı fikirlərini
söyləmişlər.
XI əsr mütəfəkkiri
Əbu Reyhan Biruni Novruzu təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması
bayramı adlandırmış, Nizami Gəncəvi isə özünün "Siyasətnamə" əsərində yazın
gəlişini kütləvi xalq bayramı kimi təqdim etmişdir.
Novruz elə nadir
milli bayramlar cərgəsinə aiddir ki, İslam dini onu rədd etməmiş, əksinə, onlara
yeni ruh və təravət bağışlamışdır. İslam mənbələrində Novruz bayramının
mənşəyini dini baxımdan izah edən onlarla rəvayətə rast gəlmək mümkündür.
Novruz bayramının
İslam dini ilə əlaqəsinə gəldikdə, qeyd etmək yerinə düşər ki, Şah Abbas Səfəvi
dövründə yaşamış dahi alim Şeyx Bəhai dini bayramlar siyahısında Novruzun adını
da qeyd etmişdir.
Əllamə Məclisi isə
əlamətdar dini tarixlərin məxsusi ibadət və əməlləri qeyd edilmiş "Zadül-məad"
kitabında Novruz bayramına müstəqil bir fəsil həsr etmişdir. Onun məşhur
"Biharül-ənvar" kitabında Novruzla əlaqədar onlarla rəvayət toplanmışdır.
Novruz gününün
ibadətləri barədə məlumat verən ilk alim - X-XI əsrdə yaşamış Şeyxüt-taifə Əbu
Cəfər Məhəmməd Tusi sayılır. O, "Müxtəsərül-Misbah" kitabında Novruz gününün
müstəhəb orucundan, bayram namazından və ilin təhvil olma duasından söz
açmışdır.
Eyni məlumatlara
XII əsrin mütəfəkkiri İbn İdris Hillinin "əs-Sərair" kitabında da rast gəlirik.
Məsum imamlarımız da Novruz haqqında bir çox rəvayətlər söyləmiş, o cümlədən
İmam Cəfər Sadiq əleyhissalam bu gün barədə belə buyurmuşdur: "Həqiqətən, Novruz
günü, Allah-Təala cismləri yaratmazdan əvvəl onların ruhundan əhd aldı. Onlarla
şərt kəsdi ki, Allaha şərik qoşmasınlar. Onun peyğəmbərlərinə və imamlarına iman
gətirsinlər. Bu gün Günəşin çıxdığı, ağacları tozlandıran küləyin əsdiyi, yer
üzünün gül-çiçəklə örtüldüyü ilk gündür. Həmin gün Nuh peyğəmbərin gəmisi
tufandan sonra Cudi dağında qərar tutdu. Cəbrayıl əleyhissalam Məhəmməd
peyğəmbərə ilk vəhyi gətirmək üçün nazil oldu. Novruz günündə Məhəmməd peyğəmbər
öz əshabələrini Həzrət Əliyə beyət etməyə çağırdı. Yenə o gün Osmanın ölümündən
sonra xilafət Həzrət Əliyə qaytarıldı və camaat ona xəlifə kimi beyət etdi. Yenə
Novruz günündə Əli əleyhissalam Nəhrivan müharibəsində düşməni məğlub etdi. Məhz
Novruz günündə İmam Mehdi əleyhissalam zühur edəcək və düşmənlərinə qalib
gələcək. Elə bir Novruz günü yoxdur ki, biz o gün Sahibi Zamanın zühurunu
gözləməyək...". Bu rəvayət Əllamə Məclisinin "Zadül-məad" kitabında qeyd
olunmuşdur.
Novruz bayramı
barədə çox söz söylənmiş, çox əsərlər yazılmışdır. Novruz - küsülülərin
barışdığı bir bayramdır. Novruz - insanları bir-birinə yaxınlaşdırdığı,
səmimiləşdirdiyi bir bayramdır. Novruz bahar fəslinə təsadüf etdiyindən, demək
olar ki, əhval-ruhiyyəmizdə də yeni həyat səhifəsinin açıldığı bir məqamdır.
Novruzda çoxdandır bir-birilə görüşməyənlər bir-birini ziyarət edir, imkanlılar
ehtiyacı olanlara əl tutur. İnsanlar sözlə belə olsa, bir-birilə bayramlaşaraq
bir-birinə xeyir-dua diləyirlər. Bütün bunların hamısı dinimizin bizə öyrətdiyi
dəyərlər, ilahi buyuruqlarıdır.
Rəvayət olunur ki,
Novruz bayramında Həzrət Əliyə bir sovqat gətirirlər. İmam soruşur: Bu nədir?
Cavabında isə deyirlər: Bu gün Novruz bayramıdır! İnsanlar bir-birlərinə qarşı
mehriban olmağa, qəlblərini açmağa çalışırlar. Bu gün insanların bir-birlərini
sevindirib sovqat hədiyyə etdikləri bir gündür... Bu zaman İmam buyurdu: Onda
hər günümüzü Novruz edin!
Həqiqətən də,
sevimli peyğəmbərimizin "bilik şəhərinin qapısı" adlandırdığı İmam Əli hər zaman
insanlara bir-birlərinə yaxşılıq etməyi, kasıblara əl tutmağı, bir-birlərinə
sevinc bəxş etməyi tövsiyə edirdi. Novruz bayramı da bu saleh əməlləri yerinə
yetirməyə geniş imkanlar yaradan bir fürsətdir. Lakin İmam buyurduğu kimi, bu
bayramı yalnız Novruzla məhdudlaşdırmamalıyıq.
Bizlər də bu böyük
şəxsiyyətlərdən nümunə götürməliyik. Çalışmalıyıq ki, ilin bütün günlərini
özümüzə Novruz sayıb bir-birimizin qəlblərini sındırmayaq, pis davranışlarla
uzun müddət küsülü qalmayaq. Ömür çox qısa, əməl dəftərimiz isə demək olar ki,
boşdur. Kin-küdurət, qəzəb, intiqam hisslərilə yaşamayaq. Əlimizə düşən fürsəti
əldən verməyib yaxınlarımıza, ata-analarımıza, qohum-əqrəbaya, qonum-qonşumuza
gözəl sözlər söyləyib könüllərini açaq. Belə olduqda həyatımız da daim günəş
saçacaq, qəlbimiz sevinəcək və sevindirəcək. Qoy bizim də həyatımız Novruz
gülütək çiçəklənsin və çiçəkləndirsin!
Rəvayətlərdə
ilin təhvili aşağıdakı duada öz əksini tapır:
Ey qəlbləri və
gözləri
haldan-hala salan!
Ey gecə ilə gündüzü
tədbirlə
nizamlayan!
Ey ili dolandıran
və əhvallara
yaxşılıq, pislik
verən!
Bizim əhvalımızı
yaxşılığa
doğru dəyiş!
Novruz
bayramınız mübarək olsun!
"Mənəvi
Saflığa Dəvət"
İctimai
Birliyi
|