|
Azad Qarabağ - 16-cı səhifə
Ermənilər işğal altında
olan ərazilərimizdə yüzlərlə tarixi-dini abidələri məhv ediblər
Ermənistanın Azərbaycana olan
uydurma torpaq iddiaları heç bir tarixi mənbəyə söykənmədiyindən, rəsmi
Yerevanın mövqeyi daha çox cığal uşağın hərəkətlərinə bənzəyir. Erməni
alimlərinin "tarixi sübutları" əsasında yazılan əsərlər ancaq Ermənistanın
dövlət səviyyəsində yeritdiyi işğalçılıq siyasətinin tərkib hissəsi kimi
qiymətləndirilməlidir. Ermənipərəst beynəlxalq təşkilatlar isə bu cür "tarixi
sübut"ları əllərində bayraq tutaraq, məkrli siyasətlərini yeridirlər.
Azərbaycan alimləri yüksək elmi səviyyədə, çoxsaylı epiqrafik, orta əsr, arxiv
mənbələrinə əsaslanaraq sübut ediblər ki, Cənubi Qafqazda tarixən heç bir erməni
siyasi qurumu mövcud olmayıb. Sənədlərin analizi Cənubi Qafqazın yeni tarixi
konsepsiyasının işlənməsinə gətirir və Azərbaycan tarixinin sovet rus və erməni
tarixçiləri tərəfindən saxtalaşdırıldığını sübut edir. Ermənilər üçün ilk
dövləti bu regionda Sovet Rusiyası və Antanta dövlətləri 1920-ci ildə Qərbi
Azərbaycan torpaqlarında yaradıblar. Sovet İttifaqı dövründə azərbaycanlıların
bu torpaqlardan sıxışdırılıb çıxarılması ilə yanaşı onlara məxsus olan
maddi-mədəniyyət abidələri dağıdılıb, yer adları erməniləşdirilib. 1988-ci ildən
sonra kütləvi terrora məruz qalan azərbaycanlılar bu əraziləri tərk etməyə
məcbur olublar və bundan sonra bu ərazidə qalan azərbaycanlılara məxsus olan
maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıntılara, məhvə məhkum
olunub. APA ermənilərin tarixi saxtalaşdırmaq kimi bədnam əməllərini faş etmək
məqsədilə bu dəfə işğal altında olan Azərbaycan torpaqlarında erməni
vandalizminin qurbanı olan abidələr, dəyişdirilən yer adları haqqında məlumat
verir. Bu məlumatlar silsilə şəklində davam etdiriləcək.
Qarabağda yerləşən
abidələr də ermənilər tərəfindən kütləvi surətdə dağıdılıb və erməniləşdirilib.
Bu yolla öz aqressiv siyasətlərinə haqq qazandırmağa çalışan ermənilər dünya
ictimaiyyətinin nəzərini başqa istiqamətə yönəltmək məqsədi ilə
azərbaycanlıların Naxçıvanda erməni qəbiristanlıqlarını dağıtmaq haqqında cəfəng
məlumatlar yayırlar. Dağlıq Qarabağ ərazisində yerləşən alban=xristian abidələri
ermənilər tərəfindən mənimsənilir və erməni mədəniyyət abidələri elan edilir. Bu
haqda "əsərlər" rus, erməni, Avropa dillərinə çap olunur. Qeyd olunan ərazidə,
həm Dağlıq Qarabağ ərazisində, həm də ona sərhəd və ermənilər tərəfindən hazırda
işğal olunmuş zonada külli miqdarda xanəgahlar, türbələr, pirlər, monumental
tikintilər, orta əsr qəbiristanlıqları, məscidlər və s. müsəlman abidələri yaxın
zamanlara qədər mövcud idi. Lakin 15 ildir ki, bu ərazilər Azərbaycan nəzarəti
altında olmadığından bu abidələrin indiki vəziyyətindən dəqiq məlumat yoxdur. Bu
abidələrin üzərində olan yazılar memarların, alimlərin, xəttatların,
nəqqaşların, sufi şeyxlərinin, Azərbaycan memarlıq məktəblərinin banilərinin
adlarını ortaya qoyur.
Zəngilan:
Türbələr
Şərəkə çayının hövzəsində yerləşən
bir sıra türbələr öz memarlıq-konstruktiv formasına görə seçilir. Bunlardan
Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən Yəhya ibn Məhəmməd türbəsi,
Cəbrayıl rayonunun Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi (XIV əsr). Türbənin
ətrafında orta əsr qəbiristanlığı yerləşir. Türbədən bir qədər aralı Şeyxzadə
Şeyx abd as-Salam ibn Şeyx Qiyas əd-Dinin (759 h. - 1358 il) məzarı yerləşir.
Türbənin ətrafında şeyxin davamçılarının baş daşları pərakəndə şəkildə yerləşir.
Yazıların paleqrafik xüsusiyyətlərinə, bədii tərtibatına görə Şıxbaba Qədiriyyə
sufi xanəgahının fəaliyyət dövrünü XIII-XIV əsrlərə aid etmək olar. Bu
ərazilərdə XIII-XIV əsrə aid sənduqə, başdaşı formalı, qoç, at heykəlli qəbir
daşları ərəb-fars-azərbaycan dilli yazılarla və müxtəlif relyeflərlə Azərbaycan
xalqının həyat, məişətinin müxtəlif tərəflərini əks etdirir, xalqın tarixinə,
toponimikasına, xalq təbabətinə, etnogenez məsələlərinə aydınlıq gətirir,
Azərbaycanın orta əsr mədəni həyatına dair bir sıra məsələləri işıqlandırır.
Zəngilanın memarlıq
abidələrindən biri də, Məmmədbəyli kəndindəki türbədir. Səkkiz tilli prizma
şəklində tikilən bu türbənin yuxarısı piramidalı günbəzlə tamamlanır. Divarları
xaricdən və daxildən yonulmuş daşla çox səliqəli şəkildə üzlənib. Türbənin
sərdabə hissəsi içəridən kvadrat planda tikilib. Türbənin giriş qapısı üstündə
nəsx xətti ilə yazılmış ərəbcə kitabə var. Həmin kitabədə Qurandan ayə, türbənin
kimə məxsus olduğu və nə vaxt tikildiyi göstərilib. Türbənin 678 yaşı var. O,
Yəhya ibn Məhəmməd Əl-həcc Seyid Əlinin türbəsidir. Haçalı qülləsi Məmmədbəyli
kəndinin yaxınlığında dağın döşündə yerləşir. Kəndin qəbiristanlığı da
buradadır. Qüllənin bünövrəsi və gövdəsinin divarları çay daşı, qaya daşı və
kirəc məhlulu ilə hörülüb. Üst örtüyü tağ şəklindədir və bişmiş kərpiclə
tikilib. Silindr formasında olan bu qüllə yuxarıya qalxdıqca daralır.
Zəngilan:
Qəbiristanlıqlar
XIV əsrdə yaşamış
məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvinin yazdığına görə, Zəngilanın
əsası hicri tarixinin 15-ci ilində, yəni 6336-cı ildə qoyulub. Deməli,
Zəngilanın 1360 ilə yaxın yaşı var. Rayonun ərazisində Xudafərin su qovşağının
yaradılması ilə əlaqədar olaraq burada 1974-cü və 1979-cu illərdə arxeoloji
qazıntı işləri aparılıb və məlum olub ki, ərazi arxeoloji və memarlıq abidələri
ilə zəngindir. Bunlardan biri Şərifan kəndində yerləşən Şəhri-Şərifan
abidəsidir. Bu abidənin böyük bir hissəsini Həkərə çayının selləri uçurub
dağıdıb və yuyub aparıb. Şəhər qalığının ərazisi 9 hektara yaxındır. Şəhər
təbii, coğrafi və strateji baxımdan əlverişli mövqedə yerləşib, qərb tərəfdən
dağ silsiləsi, şərqdən Həkərə çayının sıldırım sahili ilə əhatə olunub. Burada
aparılan tədqiqat zamanı şəhər ətrafında iki qəbiristanlığın olduğu müəyyən
edilib. Onların biri şəhərin varlı əhalisinə məxsus sərdabə tipli qəbirlərdir.
Bu qəbiristanlıq təqribən 1 km şimalda yüksək dağın döşündə salınıb. Onlar ağ
daşla inşa edilib, əksər hallarda qapı üstü və ya mehrabvari hissədə həndəsi və
nəbati formada naxışlanıb. İkinci qəbiristanlıq isə şəhərin cənub-qərbində olub
üstü dirəklərlə örtülən qəbirlərdən ibarətdir. Hər iki qəbiristanlıqda dəfn
islam adəti üzrə aparılıb.
Zəngilan: Qədim
Şərifan şəhəri
Şərifanda aparılan
qazıntılarda xeyli miqdarda maddi-mədəniyyət qalıqları aşkar edilib. Əldə
olunan arxeoloji materiallara əsasən, şəhər tipli yaşayış məskəni olan Şəriban
XIV əsrdə salınmış və XVII əsrə kimi burada intensiv yaşayış olub. Şəriban
türbəsinin ancaq tağları qalıb. Giriş yolu, mehrabı və divarları nisbətən yaxşı
vəziyyətdədir. Maraqlıdır ki, giriş və mehrab olan tağ naxışlanıb, digər
tağlarda belə naxış yoxdur. Türbə içəridən və çöldən dördkünc formalıdır.
Üstünün uçuğundan məlum olur ki, künclərdə boşluqları doldurmaq üçün saxsı
qablardan istifadə olunub. Bu da içəridə dua oxunan zaman səsin ahəngdar
səslənməsinə və təsirli olmasına imkan yaradırdı.
Laçın: At
heykəlli qəbirlər
Azərbaycanın Laçın
rayonunun Malıbəy kəndində aşkarlanmış üç at heykəlli qəbir daşında (XVI-XVII
əsrlər) və Almazzisxevndə yerləşən (XIV əsr) at heykəlli abidənin bud tərəfində
həkk olunan üç horizontal və bir vertikal xətt çox maraqlıdır. Qarabağ
abidələrindəki epiqrafik məlumatlardan və təsviri incəsənət motivlərindən Cənubi
Qafqazda Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamış qədim türk
tayfalarının məskunlaşmasını müəyyən etmək olar. Laçın rayonunun Malıbəy,
Güləbird kəndlərində at heykəlli qəbir daşlarında günəş simvolunun və əlində
quş tutmuş insanın təsvirləri var. Məlumdur ki, qədim türk xalqlarının tanrısı
Humay quşu idi və bunun abidələrin üzərində təsvir olunması, güman ki, abidələri
dağılmaqdan qoruma məqsədi daşıyırdı. Laçın rayonunun Cicimli kəndində
1790-1791-ci ildə çaylaq daşından düzbucaqlı planda tikilmiş məscid binası
mövcud olub. Laçının Ağoğlan məbədinə gedən yolun sağında XVI əsrin at heykəlli
və sənduqəformalı qəbir daşları var idi.
Füzuli: Şeyx
Babi Yaqub türbəsi
Epiqrafik abidələr
Qarabağda gedən tikinti işlərindən, Qarabağ xanlarının mədəni-maarif
fəaliyyətindən xəbər verir. Bu abidələr sırasına Füzuli rayonunun Babı kəndində
yerləşən səkkiz guşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini aid etmək olar.
Füzulinin Əhmədallar kəndində, orta əsr qəbiristanlığının yerində sənduqəformalı
qəbir daşı qalıb. Qarğabazar kəndində, "Şah Abbas" karvansarasından yuxarı,
qayanın üstündə "Qiyas əd-Din" məscidi durur. Yerli əhali onu "Şah Abbas"
məscidi adlandırırdı. Kənddə yerləşən bulağın üzərində üç sətirli ərəbdilli yazı
var. Yazıda deyilir ki, bulağı 1305-ci ildə Gəncəli Əmir Qarğabazarlının oğlu
tikdirib. Bərdədə bir türbə və Axsadanbaba türbəsinin bünbvrəsinin qalıqları
var. Bu naxçıvanlı memar Əhməd bin Eyyub əl-Hafiz Naxçıvaninin işidir.
Cəbrayıl: Tarixi
abidələr
Cəbrayıl rayonunun
Xocalı kəndində, köhnə qəbiristanlıqda yazının bir parçası aşkar olunub. Həmin
yerdə, yolun qırağında iki başdaşı aşkarlanıb. Başdaşlarının yuxarı hissəsində
heyvan təsvirləri - dağ keçiləri və Qobustanda, Abşeronda olan qayaüstü
təsvirləri xatırlayan müxtəlif tamqalar həkk olunub. Cəbrayılın ətrafında
müxtəlif bədii formaya malik qəbir daşları qalıbdır, onlardan ikisi qoç
heykəllidir və Azərbaycanın digər dağətəyi rayonlarında mövcud olmuş abidələrin
analogiyasıdır. Ümumiyyətlə, Cəbrayıl uyezdində 15 məscid və 16 məscid prixodu
mövcud olub.
Memar Kərbəlayı
Səfi xan Qarabağlı tərəfindən inşa edilən abidələr
Şuşa şəhərində
memar Kərbəlayı Səfi xan Qarabağlı tərəfindən inşa edilən iki məscid və iki
mədrəsə binası var. Bu haqda məlumatı məscidin üzərindəki kitabə xəbər verir.
Memarın adına Füzuli rayonunun mərkəzində yerləşən məscidin, Bərdə və Ağdamda
olan məscidlərin, Şuşa şəhərinin bir sıra məhəllə məscidlərinin üzərində də
rast gəlmək olar. Bütün bu abidələr əsrin ikinci yarısına aiddir.
Şuşa: Məscidlər
XIX əsrin sonunda
Şuşada 17 məscid fəaliyyət göstərirdi. Bunlar Yüxarı Came, Aşağı Came məscidi,
Təzə məhəllədəki məscid, Malıbəyli, Gülablı, Şelli, Yusifcanlı, Mərəzəli,
Xəzəristan, Lembran, Ağcabədi, Xəlil Fəxrəddinli, Xunaşın kənd məscidləri idi.
Şuşa uyezdində Hacı Yusifli, Heydəri, Hamam, Cula Məriyanlı, Rahatlı, Dəmirçi,
Hacı Mircanlı, Çoluçağa, Məhəli, Çuxur, Quyluq, Dövrlər qurdu, Qapan kəndlərində
də məscidlər var idi. 1904-cü ildə Şuşa uyezdində 28 məscid, Cəbrayıl uyezdində
10 məscid fəaliyyət göstərirdi. 1911 ildə məscidlərin sayı Şuşa uyezdində
50-yə, Füzuli uyezdində isə 19-a çatıb. İndi bu abidələrin böyük qismi
dağıdılıb, bəziləri isə erməniləşdirilib. A.A.Xaçatryan "Korpus arabskix
nadpisey Armenii XIII-XVI vv. Yerevan, 1987 q" kitabında çap etdiyi abidələri
görmədiyi halda belə Naxçıvan, Zəngəzur, bütün Azərbaycan, Qars, Anadolu
abidələrini bu kitaba salıb, erməni abidələri kimi iddia edir. 1828-ci ildən
Azərbaycana köçürülən ermənilər hələ sovet hakimiyyəti zamanı yaşadıqları
Ordubadın Der kəndində azərbaycanlılara məxsus orta əsr qəbiristanlığını erməni
qəbiristanlığına çeviriblər.
Erməni
bərpaçılarının "bərpa işləri"
Bərpa idarəsində
işləyən erməni inşaatçı ustaları Bakıda Came məscidi kompleksində olan mədrəsə
kitabəsini torpağa basdırıb, Came məscidi bünövrəsindəki Şirvan ordusunun baş
komandanı şəhid Əbu Yaqub Yüsifə həsr olunan kufi yazılı xatirə lövhəsini ovub,
oxunmaz hala salıb, Bakı qala hasarında daşnak partiyasının emblemini həkk
ediblər.
Cəbrayıl:
Xudafərin körpüsü
Xudafərin körpüsü
haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi
Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan
ticarət yolu üzərində tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət kəsb
edir. Araz çayının ən dar, qayalıqla əhatələnən bir yerində inşa edilmiş ilk
körpü isə VIII əsrin sonu - IX əsrin əvvəllərindən başlayaraq XIX əsrə kimi
fəaliyyət göstərib. Kərpic körpü isə XII əsrdə tikilib.
Ümumiyyətlə, son
200 ildə Azərbaycan xalqı, onun maddi mədəniyyət abidələri ermənilər tərəfindən
genosidə məruz qalıb. Azərbaycan torpaqlarının işğalının ardınca kütləvi surətdə
abidələr məhv olunur, erməniləşdirilir, maddi-mədəniyyət abidələri ilə yanaşı
Azərbaycan xalqının bu yerlərdə köklü xalq olduğunu sübut edən toponimlər
dəyişdirilir.
|