Azad Qarabağ - 2-ci səhifə
|
Qarabağ məhbuslarına azadlıq! |

Ramil Səfərov |

Rövşən Bədəlov |

Xızır Marqaşvili |

Fariz Hacıyev |

Müşfiq Qurbanov |

Əlirza Babayev |

Firuz Babayev |
 Yaşar
Məmmədov |
 Məmməd
Məmmədov |

Ədalət Ağayev |

Məhəmməd Məmmədov |
YA QARABAĞ YA
ÖLÜM! |
“Buna
hansi Azərbaycan oğlu dözər?”
Sizlərə
haqqında danışacağım növbəti partizan Yaşar Əsgər oğlu Məmmədovdur. Yaşar
haqqında onun bacısı Ramidə xanımın söylədikləri əsasında yazıram.
Y.Məmmədov 1974-cü ildə Bakıda doğulub. Ailədə iki bacı, iki
qardaşdırlar. 135 saylı orta məktəbi bitirən Yaşar, məktəbdə yaxşı oxusa da, ali
təhsil almağa həvəs göstərməyib. Bərbərlik sənətini öyrənərək həbs olunana qədər
elə bu işdə çalışıb. O, həm də rəssamlığa həvəs göstərib hərdən gözəl şəkillər
çəkərdi. Elə Qarabağda aparacaqları partizan müharibəsinin xəritəsini də Yaşar
çəkmişdi. Atası Əsgər kişi idman müəllimi idi. O, gəncliyində güləşlə məşğul
olub, bu sahədə müəyyən uğurlar qazanmışdı. Əsgər müəllim uşaqlarını çox
vətənpərvər böyütmüş, lap körpəlikdən onlara vətəni, torpağı müqəddəs tutub
sevməyi öyrətmişdi. Axı o hardan biləydi ki, məhz bu vətənpərvərlik, torpaq
məhəbbəti bir gün oğlunu həbsxanaya atacaq. Yaşar da digər yoldaşları kimi
Gürcüstana hərbi təlim keçməyə getmiş, ordan qayıdandan sonra tutularaq, bir
neçə il icbari iş almışdı. Daha sonra Yaşar da həmin o müdhiş kasetə baxaraq
yoldaşları kimi bu yolda ölənə qədər vuruşmağa, ermənilərə qan uddurub, türkün
kim olduğunu göstərməyə and içmişdi. O hətta bu kaseti evə gətirib ailəsinə də
göstərmişdi. Ramidənin söylədiklərindən: "Bir gün Yaşar evə ermənilərin
Azərbaycan əsirlərinin başına gətirdikləri müsibətlərin çəkildiyi kasetlər
gətirdi. O kasetdə gördüyüm dəhşətli səhnələr yəqin ki, ömrüm boyu yadımdan
çıxmayacaq. Ermənilər əsirlərə insan ağlına gəlməyən işgəncələr verirdilər.
Erməni Azərbaycan qadınlarını göstərib deyirdi: "Bir neçə ildən sonra bu
Azərbaycan qadınlarının bizlərdən doğulan oğlanları azərbaycanlılara qarşı
vuruşacaq". Onlar qadınlara üz tutub istehzayla, çağırın Azərbaycan oğullarını,
bəlkə səsinizi eşidib sizi qurtarmağa gələlər - deyib gülürdülər. Buna hansı
Azərbaycan oğlu dözər?! Necə ki, mənim qardaşım da dözmədi. Mən qardaşımı
qınamıram, kasetdə gördüyüm səhnələr məndə elə bir intiqam hissi yaradıb ki,
bacarsaydım mən də əlimə silah götürərdim".
Ramidə, sən deyirsən ki, o kasetdəki səhnələri görən Azərbaycan
oğlu dözməz. Ancaq çox təəssüf ki, buna dözən, biganə qalan oğullarımız da var.
Hamınız söyləyirsiniz ki, o kasetlərə məhkəmədə də baxdılar. Ancaq bu dəhşətli
səhnələr onların halına təfavüt etməyib, əgər etsəydi, sənin qardaşın və eləcə
də onun kimi qeyrətli oğullarımızla o cür rəftar etməzdilər.
Yaşarı da digər partizan yoldaşları kimi avqustun 13-də yenidən
həbs ediblər. Bacısının dediyinə görə, qardaşı Xırdalanda - öz evində həbs
olunub: "Qardaşımın və yoldaşlarının niyyəti bu yolda ya qazi, ya şəhid olmaq
idi. Onlar bunun üçün heç kimdən mükafat gözləməyərək, ölümü gözləri önünə
almışdılar. Ancaq Azərbaycan hakimiyyəti tərəfindən həbs olunacaqları ağıllarına
belə gəlmirdi".
Yaşar ailəlidir, iki oğul atasıdır. Böyük oğlu Əsgər V, kiçik
oğlu Hüseyn isə II sinifdə oxuyur. Ramidə üstündən artıq iki il yarım keçdiyinə
baxmayaraq, hələ də qardaşının həbsinə inanmadıqlarını söyləyir: "Hələ də inana
bilmirik ki, Yaşar həbsdədir, yoldaşını, iki övladını tək qoyub gedib. Hər gün
yatıb-duranda, bunun yuxu olmasını arzulayırıq. Uşaqları artıq böyüyüb, başa
düşürlər. Onlar deyirlər ki, atamı yaxşı olub tutublar, əgər o gedib Qarabağda
ölsəydi, biz neylərdik?!"
Ağır Cinayətlərə Dair Məhkəmə Yaşara 6 il həbs cəzası kəsib.
Sonradan Ali Məhkəmə digər partizanlar kimi onun da cəza müddətini bir il
azaldıb. Hazırda o, Güzdəkdə yerləşən 13 saylı kalonda cəza çəkir. Atası Əsgər
müəllim bu haqsızlığa dözməyib infarkt keçirərək dünyasını dəyişib. Ramidə o
günləri xatırlayıb kədərlə əlavə etdi: "Atam ölüm ayağında Yaşarı çağırırdı.
Xahiş etdik ki, Yaşarı heç olmasa bir-iki saatlığa buraxsınlar, atam görsün.
Ancaq icazə vermədilər. Atamın bu dünyadan niskillə, oğlundan nigaran köçməsi
bizi daim ağrıdacaq. Qardaşım bu yolda atasını itirsə də, ailəsindən ayrı düşüb
orada çox əziyyət çəksə də, tutduğu işdən peşman olmayıb. Çünki bilir ki, düzgün
yoldadır, onun hərəkəti Allaha xoşdur. Biz bacılar da həm qardaşımızla, həm də
onun partizan yoldaşları ilə fəxr edirik. Gücümüz isə həm onlara, həm də onların
yaxınlarına Allahdan səbr diləməyə çatır".
Yaşarla ayda iki dəfə gedib həbsxanada görüşmək mümkündür. 3
aydan bir isə ailəvi görüşdə ailəsi 3 gün onun yanında qalır.
Hələ də yaxınları, qohumları əlaqədar təşkilatların Qarabağ
partizanlarını yada salıb onları əfv edəcəyi ümidi ilə yaşayır. Allah
ümidlərinizi doğrultsun!
Orxan
Əsir və girovların axtarışı ilə əlaqədar layihə geri qaytarılıb
24 mart 2006-cı ildə "Həsrət Yolu" Əsir və Girovlara Kömək
İctimai Birliyinin qərargahında "Ermənistanın Azərbaycan Respublikasına qarşı
hərbi təcavüzü nəticəsində əsir və girov götürülmüş şəxslərin valideynləri, ailə
üzvləri, qohumları və yaxınları ilə görüş" adlı dəyirmi masa keçirilib. Tədbiri
İctimai Birliyin sədri Esmira Orucova açıb. O, birliyin yaranma səbəbi, məqsəd
və vəzifələri haqqında məlumat verib. Esmira xanım əsir və itkin düşmüş, girov
götürülmüş şəxslərin taleyinin, onların ailələrinin problemlərinin çox az adamı
maraqlandırdığını qeyd edib. Onu da vurğulayıb ki, Azərbaycanda fəaliyyət
göstərən xarici təşkilatlar hər sahəyə aid qrantlar ayırdıqlarına baxmayaraq,
Birliyin təqdim etdiyi əsir və girovların axtarışı ilə əlaqədar 3 əhəmiyyətli
layihəni geri qaytarıb, görüşmək məqsədilə İnsan Haqları Üzrə Müvəkkil
Ombudsman Elmira xanım Süleymanovaya 21 fevral 2006-cı il tarixdə göndərilmiş
məktuba hələ də cavab almayıb.
8 may 1992-ci ildə Şuşa işğal olunan zaman əsir götürülmüş tankçı
Rəfael Abbasovun atası - Ermənistandan məcburi köçürülmüş Abbasov Sultan öz
çıxışında Əsir və İtkin Düşmüş, Girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət
Komissiyasının İşçi Qrupunun fəaliyyətindən narazı olduğunu, 1996-cı ilin may
ayından bu günə kimi heç bir əsirin qaytarılmadığını qeyd edib. Sultan müəllimin
şikayətinə eyni tarixdə əsir götürülmüş döyüşçülərin - Azərbaycan Tibb
Universitetinin V kurs tələbəsi, könüllü olaraq Qarabağın müdafiəsinə getmiş
Hüseynov Ağasinin anası - Svetlana Hüseynova, Neft Akademiyasının II kursundan
könüllü olaraq döyüşə getmiş Bədəlov Vüqarın atası - Bədəlov Hamlet və Bayramov
Ramizin anası - Bayramova Zinyət də qoşuldular.
Şuşanın işğalı zamanı əsir götürülmüş Tofiq Rzayevin (Tofiq
Oğuzun) həyat yoldaşı - 3 uşaq anası Hüseynova Güləsər də əsir və girovların
axtarışı ilə məşğul olan əlaqədar təşkilatların laqeydliyindən gileyləndi.
Hüseynova Güləsər həyat yoldaşının axtarışı istiqamətində demək olar ki,
Azərbaycanın bölgələrində yerləşən bütün hərbi hissələrdə olduğunu söylədi.
Məmurların laqeydliyindən gileyləndi.
Əsir və girovluqda olanların yaxınları Dövlət Komissiyasının İşçi
Qrupunun, BQXK, Azərbayacn Qızıl Aypara Cəmiyyəti, Beynəlxalq İşçi Qrupunun
işindən narazı olduqlarını bildirdilər.
1 ay 5 gün erməni əsirliyində olmuş Xocalı şəhər sakini Ağayev
Səttar Muxtar oğlu hələ də iki oğlunun - şəhid olmuş Ağayev Zahid və Ağayev
Allahverdinin meyitlərinin qaytarılmadığı haqqında göz yaşlarından boğula-boğula
danışdı. Talelərinə 3-cü dəfə qaçqınlıq həyatı yazılmış, Xocalı işğal olunan
gün ailəliklə girov götürülmüş, 2 oğlu - Cabbar və Alişer Binaliyevlər bu günə
kimi erməni əsirliyindədir. Hazırda Dəvəçi rayonunun Udulu kəndində yaşayan
Binaliyevlər ailəsinin başçısı Gülali Binali oğlu əsirlikdə olarkən Ermənistanın
indiki prezidenti R.Koçaryan tərəfindən qışın soyuğunda, yarıçılpaq vəziyyətdə
ağır işgəncələrə məruz qaldığını hönkürə-hönkürə qeyd edib.
Tədbirdə iştirak edən milliyyətcə ahıska türkü olan tədqiqatçı
alim Sevil Piriyeva erməni əsirliyində olan 15 ahıska türkünün ailəsi və
qayıtmış 50 nəfərin adından birliyin sədri Esmira Orucovaya cəmiyyət tərəfindən
unudulmuş hər qayğıya ehtiyacı olan bu insanları bir araya toplayıb, onların
dərdinə şərik olduğu üçün öz dərin təşəkkürünü bildirdi.
Xocalı sakini Allahverdiyev Sovet, atası - Allahverdiyev Saleh,
qardaşları Novruz və Ziyadxan, qardaşı oğlu Mahirin indiyə kimi erməni
əsirliyində olduğundan danışdı və Esmira Orucovaya belə bir təşkilatı yaratdığı
üçün minnətdarlıq etdi.
Tədbirin sonunda işğal olunmuş Xocavənd rayonu, Qaradağlı kənd
sakini Axundov Əmir, Babayev Kamran, Şuşa sakinləri, erməni əsirliyində olan
Bağırov Ruslan və Bağırov Nasirin qardaşı - Bağırov Elman və şəhid Hacıyev
Azərin atası - Hacıyev Nəriman Esmira Orucovaya belə bir təşkilatı yaratdığı
üçün minnətdarlıq etdi.
|