|
Azad Qarabağ - 5-cü səhifə
Qabil Hüseynli:
Atəşkəsin tez-tez pozulmasını provakasiya kimi səciyyələndirirəm
- Rambuye görüşündən sonra
atəşkəsin tez-tez pozulması müşahidə olunur. Sizcə, bu təsadüfdürmü?
- Atəşkəsin
tez-tez pozulmasını provakasiya kimi səciyyələndirirəm. Yəni, Rambuye görüşündən
sonra Azərbaycan tərəfindən səslənən, sülh danışıqları bitərsə, biz
torpaqlarımızı hərb yolu ilə geri alarıq, kimi şüarlar görünür. Bu, ermənilər
tərəfindən qıcıqla qarşılanır, onlar sanki əzələ nümayiş etdirmək istəyirlər.
Amma bunun təkcə ermənilərin beyninin məhsulu olduğu qənaətində deyiləm. Qarabağ
probleminin həlli yolunda başlıca maneə Rusiya tərəfinin tutduğu
qeyri-konstruktiv mövqedir. Həm Rambuye, həm də İstanbul görüşlərində Rusiya
açıqca əngəl olacaq mövqe nümayiş etdirdi. Bütün bunlar onu göstərir ki,
Ermənistan tamamilə Rusiyanın təsiri altındadır və bəzi məsələlərdə onun
tövsiyələri ilə hərəkət edir.
- Qabil bəy, Ermənistanın sabiq DİN-i hesab edir ki, Ter-Petrosyanın hakimiyyətə
qayıdışı qaçılmazdır. Sizcə bu mümkündürmü? Əgər bu mümkün olarsa münaqişənin
həlli istiqamətində addım atılarmı?
- Hər halda,
nəzərə almaq lazımdır ki, bu fikri Ermənistanın keçmiş daxili işlər naziri irəli
sürüb və sözsüz ki, Ter-Petrosyan siyasətdən silinməmiş və siyasi
perspektivlərini qoruyub saxlayan siyasi xadimdir. O, Ermənistan siyasiləri
içərisində Qarabağ məsələsinə ən konstruktiv münasibət bəsləyən liderlərdən
biridir, amma Ermənistan kimi bir ölkədə siyasi olimpin zirvəsinə gətirilmə
xalqın iradəsi ilə deyil, bu dövlətə hegemonluq etmək istəyən ölkələrin təsiri
altında baş verir, ona görə bu barədə proqnoz vermək çox çətindir.
- Prezident İlham Əliyev Qarabağa, yəni cəbhə bölgəsinə səfər etdi, bəziləri
bunu Azərbaycan hakimiyyətinin hərbi əməliyyata başlamaq istəyi ilə izah
edirlər. Sizcə Azərbaycan hakimiyyəti bu il müharibəyə başlaya bilərmi?
- Mən bunu qəti
surətdə istisna edirəm. Belə hesab edirəm ki, hələ müharibəyə başlamağın zamanı
yetişməyib. Yəni mən həmin zamanı o zaman hesab edirəm ki, qələbə qazanacağımıza
və müharibənin nəticələrinin bizim xeyrimizə olacağına yüz faiz əmin olmalıyıq.
- İlham Əliyevin Rusiya ilə isti münasibət qurması, deyirlər ki, Amerika səfiri
Rino Harnişin geri çağırılmasında önəmli rol oynayıb. Bu versiya doğru ola
bilərmi?
- Sözsüz ki, Rino
Harnişin geri çağırılmasında əsas amillərdən biri də budur. Yəni, bir çox
amillər var, əsas təsir edən amil məncə budur.
- İranla Azərbaycan arasındakı diplomatik qalmaqal, sizcə Güney Azərbaycanla
bağlıdır, yoxsa ABŞ-ın İranla etmək istədiyi müharibədə Azərbaycanın vasitəçi
olacağından ehtiyatlanaraq rəsmi Tehran Azərbaycana hədə-qorxu gəlir?
- İranla
Azərbaycan arasında siyasi gərginlik Dünya Azərbaycanlılarının
II
qurultayından əvvəl baş vermişdir. Ona görə də, Əfşar Süleymaninin qeyri-etik və
diplomatik normalara sığmayan hədələri məncə bir qədər Güneylə bağlı olsa da,
qlobal məsələlərlə daha çox bağlıdır.
- Qabil bəy, sizcə müharibə başlayacağı təqdirdə Güney Azərbaycan az itgi
verməklə, ən azı bu münaqişədə müxtariyyət əldə edə bilərmi?
- Əgər elə olarsa,
yəni müharibənin nəticəsi olaraq təkcə soydaşlarımız deyil, digər milli azlıqlar
da ən azı milli mədəni muxtariyyət qazana bilərlər.
- Azərbaycan hakimiyyətinin Güney Azərbaycana dair siyasətini necə
qiymətləndirirsiniz?
- Bu siyasət
əlbəttə ki, milli dəyərlərə önəm verən bu partiyanın nümayəndəsi kimi məni qane
etmir. Görüləsi işlər çoxdur, məsələn güneyli soydaşlarımızın mədəni
intellektual, milli dəyərlərin inkişafına ciddi töhvələr vermək olar, onların
milli şüurunun formalaşmasında iştirak etmək olar. Adi misallar gətirim.
Güneydən olan tələbələrin sayını artırmaq olar, mədəni nailiyyətlərimizi radio,
internet, televiziya vasitəsi ilə güneyli qardaşlarımıza çatdırmaq olar, yəni
bütün bunlar beynəlxalq hüquq normalarının icazə verdiyi işlərdi və güman edirəm
ki, Quzey Azərbaycan hakimiyyəti bütöv millət, bütöv milli şüur istiqamətində
yetərincə iş görmür.
Söhbətləşdi:
Vüsal
Din xadiminin həbsi narahatçılıq doğurur
Tanınmış din
xadimi Höcətülislam Qədim Əzimi 1 il yarım müddətə azadlıqdan məhrum
edilmişdir.
O, bir müddət
əvvəl Ərdəbildə Cümə məscidində işləyərkən erməni adamlarının Ərdəbilə dəvət
olunmasının qarşısını almaq üçün etiraz mitinqinin təşkilatçılığında suçlanaraq
Qum şəhərinə göndərilmişdi. O, bu il fevralın 26-da Qum şəhərində Xocalı
soyqırımının ildönümü mərasimində iştirakına görə 24 saat ərzində tutulub
saxlanılmışdı.
Höcətülislam Qədim
Əziminin hərbi Azərbaycan cəmiyyətində narahatçılıq doğurmuşdur. Bəzi gümanlara
görə, o, ermənilərin məkrli niyyətlərinə qarşı çıxdığı üçün onların hiylələrinin
qurbanı olmuşdur.
Qarabağa məktub
Əvvəla salam, Qarabağ! Halını
soruşsam, yəqin deyəcəksən ki, sənin kimi bivec övladı olanın halı necə ola
bilər axı? Ona görə soruşmuram halını, sən də soruşma halımı. Gücü ancaq məktub
yazmağa çatan "kişi"nin halını deməsəm də, bilərsən. Desəm inanmazsan, o gün
Bakıda bir atəşfəşanlıq var idi ki, gəl görəsən, az qala sənin işğalda
olmamağına özüm-özümü inandıracaqdım. Hələ az qalmışdı televizoru söndürməmiş
özümü dənizkənarı parkda şənlənənlərə yetirmək üçün taksi tədarükü görüm. Qəfil
ağlıma gəldi ki, əl telefonuna zəng edim. Zalım operator, "Bu nömrəyə zəng
çatmır, telefon ya sındırılıb, ya da söndürülüb" cavabı ilə bütün xəyallarımı
alt-üst etdi.
Qarabağ, bilmirəm
nədəndir, heç xoşum gəlmir bu mart ayından. Atalar - mart çıxdı, dərd çıxdı -
deyəndə, görünür Kəlbəcərin işğalını nəzərə almayıblar. Kimsə məni qınasa belə,
deyəcəyəm: Mart ayı kasıba sərf edən ay deyil. Qədəmini qoyan kimi, 8 mart
tıqqıldadır boş cibimizi. Qadınları razı salmamış, uşaqlar şəkərbura-paxlava
deyib dad edirlər. Mən hələ qoz-fındığı demirəm. Bu mart gedəndə də qapını bərk
çırpıb gedir. Hər il martıq 31-i ağlamağa adət etmişik. Guya ki, bununla
soyqırım qurbanlarını yad edirik. Yazıq Kəlbəcər də 13 ildir ki, gözünü yola
dikib bizi gözləyir. Biz də hər aprelin 2-si Şəhidlər Xiyabanını ziyarət etməklə
işimizi bitmiş hesab edirik. Daha qorxmuruq ki, bir gün şəhid qəbirləri dilə
gəlib "utanın" deyəcək bizlərə.
Qarabağ, deyəsən
İlham əmi sənin həkimini dəyişmək fikrinə düşüb. Deyilənə inansaq, ATƏT-in
savadsızlığını bəhanə gətirib Avropa Birliyini müalicəyə cəlb etmək istəyir.
Belə yerdə deyiblər ki, kişinin oğlu asqırıb ayılıb. Deyirəm, indi Mənn qardaşla
Fuşye bacı işsiz qalsalar, balalarını nə ilə dolandıracaqlar. Arada gəlib öz
dəyərli məsləhətləri ilə bizi feyziyab edib gedirdilər. Allah bilir,
dəlləkliklərini başımızda öyrənmək üçün Avropa Birliyi indi kimi göndərəcək?!
Üzüm Merzlyakova elə öyrəşib ki, ayda bir yol səsini eşitməsəm, hamamı işləməyən
insanlar kimi qaşınma tutacaq məni.
Qarabağ, qorxuram
axırda adımı bədxəbər Qacar qoyasan. Sənə bir şad xəbər vermək istəyirəm. Gözün
aydın, Mirmahmud ağa da partiyasının adını dəyişdi. İndən belə Əli Kərimli rahat
nəfəs ala bilər. Eşitdiyimə görə, YAP-da da dəyişiklik gözlənilir. Deyirlər
Siyavuş Novruzov partiyanın adını dəyişib Yep Yeni Azərbaycan Partiyası qoymaq
istəyir. Düz də eləyir. Axı, partiyada çoxlu dəyişikliklər baş verib.
Yadındadırmı, sovet məktəblərində keçirilən dərslərdən birinin adı "Ən yeni
tarix" idi. məndən olsa, "Ən Yeni Azərbaycan Partiyası" ən uğurlu seçimdir.
Əslinə qalsa, o partiyanın adı gördüyü işə uyğun olaraq ya "Yalançı
azərbaycanlılar partiyası", ya da maraqlarını müdafiə etdiyi bölgənin şərəfinə
"Yeraz adamlar partiyası" adlandırılmalıdır. Birdən Siyavuş hirslənib - Bəyəm
müxalifət yalan danışmır - desə, deyərəm ki, danışır, amma normasını bilir.
Məsələn mənim yadıma gələni İsa Qəmbər cəmi iki dəfə yalan danışıb. Bir dəfə
1992-ci ildə karıxıb demişdi ki, 1993-cü il quruculuq ili olacaq, amma qırıcılıq
ili oldu. Elə bu yalanına görə İsa Qəmbər 1992-ci ilin yalançısı seçildi.
Ağzıyanan İsa Qəmbər bir də 2003-cü ildə İlham Əliyevi siyasətdən süpürüb
atacağını demişdi, amma əksinə oldu. Hacıbala onun özünü mərkəzdən süpürüb
kənara atdı. Hesablasaq, İsa bəy on ildən bir yalan danışır ki, bu da beynəlxalq
normalara tam uyğun gəlir.
Qarabağ, o gündür
ki, "Bakı-xəbər" qəzetində oxuyuram ki, Heydər Əliyev erməni həmkarları ilə düz
21 dəfə görüşüb-dərdləşib. Desəm inanmazsan, mən heç qonşum Məmişlə 21 dəfə
dərdləşə bilməmişəm. Sən sevginin gücünə bax ey. Bunu vaxtında bilsəydim Heydər
Əliyev rəhmətə gedən kimi Ermənistan dövlətinə və onun prezidentinə baş vermiş
faciə ilə əlaqədar başsağlığı verərdim. Şübhə etmirəm ki, bu itki bizdən çox
onları yandırıb. Zarafat deyil, rəhmətlik cavanlığında da ermənilərə çox görüm
- baxım edib. Mənə təəccüblü gələn odur ki, nə əcəb ermənilər Yerevanda
indiyəcək onun heykəlini ucaltmayıblar?! Ya da heç olmasa, adına şəhər, yaxud
küçə verməyiblər?!
Qarabağ, ayağı yer
tutan Azərbaycandan qaçır. Bircə bu millətin üzünü Xankəndi istiqamətinə
döndərə bilsəydim heç dərdim olmazdı. Onda ayağımı rahat uzadıb "Qurdlar
vadisi"nə baxardım.
Qarabağ, öpürəm
bizdən fərqli olaraq səni tərk etməyən sərçələrinin gözündən. Atalar bilib,
deyiblər ki, insanlar gəldi-gedərdi, ümidini sərçəyə bağla.
Qarabağ boyda
dərdi olan məmləkət döyüş meydanına çevrilməlidir.
Qarabağ boyda
dərdi olan "millət"in və məmləkətin prezidenti Bakının küçələrini yox,
səngərlərini gəzməlidir. Özü də təkcə bayram günləri yox!
Şənlənmə millətim!
Döyüş meydanına
çevril, məmləkətim!
"Millət"imin və
məmləkətimin prezidenti səngərlərə get, səngərlərdə yat. Bəlkə onda döyüş əmrini
tez verəsən.
Bizim Qarabağ kimi
Zəngəzur, Təbriz, Borçalı, Dərbənd dərdlərimiz də var.
Qeyd: Bu yazını
Müsavat naziri İsa Qəmbərin və Yeraz adamlar partiyasının funksioneri Siyavuş
Novruzovun oxuması məsləhət deyil.
|