Bu gün: 19 İyul 2008, Şənbə

 

 
 
 

 

Azad Qarabağ - 6-cü səhifə

Faxralı sakinləri: Biz bura gəlmə deyilik, Borçalı bizim tarixi vətənimizdir

Son vaxtlar istər mətbuatda, istərsə də televiziya kanallarında Gürcüstan azərbaycanlılarının problemlərinə çox toxunulur və bu haqda cəmiyyət arasında  müxtəlif, hətta bir qədər də şişirdilmiş informasiyalar yayılır. Gürcüstan azərbaycanlılarının Azərbaycana, eləcə də Rusiyanın ayrı-ayrı şəhərlərinə miqrasiyasının artması, onların problemlərinin getdikcə inkişaf edib, Ermənistan hadisələrinin orada da təkrar oluna biləcək ehtimalı Azərbaycan ictimaiyyətində bir narahatlıq doğurur. Bilirik ki, Gürcüstan azərbaycanlıları əsasən kompakt halda Borçalı mahalında yaşayırlar. Odur ki, bu problemlərin köklərini araşdırmaq, Gürcüstan azərbaycanlılarının yaşam tərzi ilə yaxından tanış olmaq məqsədilə Borçalıya yola düşdüm.

Gürcüstan azərbaycanlılarının tanınmış, demək olar ki, vahid təşkilatı olan "Qeyrət" xalq hərəkatının sədri Əlibala Əsgərovla görüşməklə yanaşı, həm də Borçalının böyük, ağır ellərindən sayılan Faxralı kəndində oldum. Qəzetimizin bu sayında sizə Faxralıdan hazırladığım reportajı təqdim edəcəyəm. Ancaq bir qədər geri qayıdıb, bir balaca "Qırmızı körpü"də, yəni Azərbaycan-Gürcüstan sərhəddində şahid olduğum hadisələrə toxunmaq istəyirəm. Çünki bu məsələnin üstündən keçmək olmaz, elə Borçalıda görüşüb söhbət etdiyim adamlar da mütləq bu barədə yazmağımı xahiş etdilər, onların "yaralı yerlər"indən biri də məhz gömrükdə üzləşdikləri problemdir.

Axşama yaxın, saat 5-dən sonra yola düşən Bakı-Faxralı avtobusu sübh tezdən saat 5-də "Qırmızı körpü"yə yaxınlaşar-yaxınlaşmaz (axşam düşüb yolüstü yeməkxanaların birində yemək yemişdik) avtobusda bir çaxnaşma hiss etdim. İki nəfər qadın ailəsi üçün, bəlkə bir-iki şey də satıb yol xərcini çıxmaq, və ya çörək pulu etmək üçün aldığı paltarı özü geyməklə bərabər, həm də həmyerlisi olan başqa qadına geyindirir, eləcə də avtobusdakılardan əgər əşyalarının içində təzə şey yoxdursa, onun "mal"ından birini gömrükdən keçirməyi xahiş edirdi. Sərhədə çatanda hamı avtobusdan düşdü. Sürücülər demək olar ki, avtobusda heç nə qoymayıb, bütün bağlama və çantaları yerə boşaltdılar. Hər kəs yükünü gömrükdən özü keçirməli idi. Burada sərnişinlərin əməlli-başlı əziyyət çəkdiklərinin şahidi oldum. Çünki bəzilərinin bağlaması çox olduğundan, təxminən 300-400 metr məsafəni bu yükü əllə daşımaq çətin idi. Onu da əlavə etsək ki, gömrük işçiləri bu bağlamaların hamısını açıb tökərək, bircə-bircə nəzərdən keçirir və onları təzədən bağlayıb səliqəyə salmaq lazım gəlir, onda yəqin ki, bu əziyyəti təsəvvür etmək asanlaşır. Bu dəfə bayram günü (20 mart) olduğundan, bəlkə də gürcülər bunu nəzərə alaraq yoxlamanı bir qədər "üzdən" apardılar. Qadınlardan biri aldığı iki kişi köynəyini açıb köhnə paltar kimi paltarların içinə qatdığını və köynəyin qablaşdırıldığı karton kağızları ayrıca bükdüyünü söylədi. Köynəkləri hədiyyə edəcəyini deyən qadın əlindən alınan karton kağızları geri qaytarmaq üçün mənim gömrük işçisi ilə danışmağımı xahiş etdi. Gürcü dilini bildiyimə görə gömrük işçisi mənimlə nəzakətlə danışdı, ancaq buna baxmayaraq, karton kağızları qaytarmadı. (müxbir olduğumu deməyi lazım bilmədim). Dedi ki, qaytara bilmərəm, onda o, köynəkləri satacaq, hədiyyəni isə bunsuz da vermək olar. Sonradan camaatla söhbətdən öyrəndim ki, bir şeydən iki dənə təzəsi olanda bəzən gömrük işçisi birini əllərindən alır. Gömrükdən keçən gürcülərə isə təbii, bu cür ögey münasibət yoxdur. Bilirik ki, Gürcüstanın iqtisadi vəziyyəti ağır olduğundan, orada yaşayan azərbaycanlılar ərzaq və geyimi əsasən Azərbaycandan alıb aparırdılar. İndi gömrükdə gürcülər tərəfindən süni şəkildə yaradılan bu problem onların işini xeyli çətinləşdirib. Yoxlama bir neçə saat çəkdi, (deyirlər bəzən bu yoxlama axşama qədər uzanır) axır ki, özümüz də, avtobus da gömrukdən keçdi və yolumuza davam etdik.

İndi isə Faxralıda görüşdüyüm kənd sakinləri ilə söhbətimin üstünə gəlməmiş, bir qədər oxuculara bu kənd barədə məlumat vermək istəyirəm. Faxralı Bolnisi rayonunun ən böyük, axar-baxarlı kəndlərindən biridir. Başqa kəndlərdə olduğu kimi, bu kənddə də əhali mal-qara saxlasa da, onların əsas məşğuliyyəti əkinçilikdir. Vaxtilə yeddi mindən artıq əhali yaşayan bu kənddə üç məktəb var - iki orta, bir natamam orta məktəb. Bu kənddə başqa kəndlərdən fərqli olaraq,  su məsələsi çətindir. Kəndin əkin sahələrinin çox hissəsi susuz-dəmyə torpaqlardır. Həyətyanı sahələri suvarmaq üçün su yoxdur. Əhali içməli, ümumiyyətlə, hər şey üçün istifadə etdiyi  suyu bulaqdan daşıyır. Kənddə 15-dən artıq bulaq var, hər kəs suyu özünə yaxın olan bulaqdan gətirir. Onu da qeyd edim ki, Gürcüstanda qatı millətçi Qamsaxurdiyanın prezident olduğu dövrdə Bolnisinin digər kəndləri kimi Faxralının da adı dəyişdirilib, olub Tələver. Yeri gəlmişkən,  kənd sakinləri kəndin tarixi adının dəyişdirilməsindən çox narazı qaldıqlarını söyləyərək, dəfələrlə bu barədə əlaqədar təşkilatlara müraciət etdiklərini, lakin bunun heç bir nəticə vermədiyini bildirdilər. Onların dediyinə görə,  bu məsələ Saakaşviliyə də çatdırılıb, ancaq sözügedən problemə o da maraq göstərməyib.

Faxralı camaatı sazlı-sözlü,  şair təbli xalqdır. Bu el çoxlu saz-söz ustaları, şairlər, ziyalılar - alimlər yetişdirib. Faxralı kəndinin yetişdirdiyi alimlərin hamısının adlarını sadalamaq istəmirəm, onlardan ancaq birinin adını çəkmək istəyirəm - o da mərhum millət vəkili, professor Şamil Qurbanovdur. Ş.Qurbanov da məhz Faxralıda dünyaya göz açaraq, burada boya-başa çatmışdı. Bundan başqa hazırda Azərbaycan ictimaiyyəti tərəfindən yaxşı tanınan mətbuat şurasının sədri Əflatun Amaşov və tanınmış hüquqşünas İsaxan Aşurov da məhz Faxralı kəndinin yetirmələridir.

Kənd sakinləri ilə kənd idarə heyətinin binasında görüşdüm. Kəndin ziyalıları, ağsaqqalları, sadə kənd adamları burada toplaşıb, öz dərd-sərlərini mənimlə bölüşdülər.

Son illər Faxralıdan ailəliklə köçənlər artdığına görə, kənd əhalisinin sayı xeyli azalıb. İndi Faxralıda heç beş min adam yaşamır. Hər bir kəndlinin 0,5 ha həyətyanı sahəsi  var. Ancaq yuxarıda qeyd etdiyim kimi həyətyanı sahələri suvarmaq imkanı yoxdur. Əkilən, yağdı bitəcək, yağmadı yox. Faxralıda cürbəcür taxıl bitkiləri, tərəvəz əkilsə də, əsasən bu kənd üzüm bağları ilə tanınıb. Keçmişdə Faxralı sovxozunun adı da Üzümçülük sovxozu olub. Kəndin sulu, susuz 2000 (iki min) hektardan artıq əkinə yararlı sahəsi var. Sovet quruluşu dağılandan sonra, kəndin sonuncu kolxoz sədri, kənd camaatının Zuriqo çağırdığı gürcü, kəndin bütün var-dövlətini, eləcə də torpaqlarını öz adına keçirərək, özü rayon icra başçısı seçildiyindən, bunları da kəndin bir para adamlarına tapşırıb. El ağsaqqalı, 75 yaşlı Kərimov  Kərimin dediklərindən: "Mən 40 il kənddə  müxtəlif vəzifələrdə (partkom, baş zootexnik, kolxoz sədri) işləmişəm. Axırda da süpürgəçi ilə bərabər  təqaüd alıram. Dövlətdən narazılığım budur. Kənddən köçənlərin sayı son vaxtlar artıb. Kənd camaatını kənddə saxlamaq üçün onu işlə təmin etmək lazımdır. İş də torpaqdır. Torpaqlarımızı da, 70 ildə qazandığımız var-dövləti də axırıncı kolxoz sədri Zuriqo mənimsəyib öz adına keçirdi, özü gedib icra hakimi oldu, əlindəkiləri isə 5-6 nəfər kənd adamına tapşırdı. Onlar da vurub dağıtdılar. Təzə hakimiyyət gələndən sonra camaatın şikayəti əsasında Zuriqonun əlində olan 1000 ha torpaq sahəsindən 900 hektarı geri alındı. Ancaq alınan torpaqlar 5-10 nəfər kəndlinin əlindədir, camaatın əli yenə də boşda qaldı".

Söhbət əsnasında məlum oldu ki,  kənddə 400-dən artıq ailənin həyətyanı sahəsindən başqa torpağı yoxdur. Əhalinin əksəriyyətinin isə torpaq sahəsi çox azdır. Torpaqlar demək olar ki, bir para kəndli fermerlərin əlində cəmlənib. Kəndin 130 hektardan artıq torpağı isə "Xidiskuri" adlanan gürcü firmasına məxsusdur. Təbii ki, gürcülərin əlində olan torpaqlar kəndin ən yaxşı, sulu torpaqlarıdır. Torpaqsız kəndlilər torpağı kənd fermerlərindən və gürcülərdən bir illik pulla icarəyə götürürlər. Əvvəllər bir hektarı 400 ABŞ dollarına satılan sulu  torpağın dəyəri hakimiyyət təzələndikdən sonra xeyli aşağı düşərək 230 lari olmuşdur ki, bu da təxminən 130-135 ABŞ dollarına bərabərdir. Kənd camaatının əksəriyyəti kəndin əsas probleminin torpaq olduğunu deyib, torpaqsızlıqdan şikayətlənsə də, bunun günahını Saakaşvilidə deyil,  köhnə hakimiyyətdən qalmış çinovniklərdə görürdülər. Kənd ziyalısı, vaxtilə kənddə müxtəlif vəzifələrdə (məktəb direktoru, kənd sovetinin  sədri) çalışmış Məmmədəli Şərifovun söylədiklərindən: "Bizim əsas problemimiz torpaqdır. Torpaqlar mütləq yenidən bölünməlidir. Qanunda yazılıb ki, hər bir vətəndaş ölkənin istənilən yerindən torpaq ala bilər. İndi gəl görək  mənə Gürcüstanın başqa yerlərində torpaq verərlərmi? Heç vaxt verməzlər, çünki mən azərbaycanlıyam. Ancaq bizim kənd torpaqlarının nə qədəri gürcülərin əlindədir, çoxu heç becərmir də. Kənddə yaşayan 400-dən artıq torpaqsız ailənin hər birinə indi 0,2 ha torpaq verilməsi nəzərdə tutulub. 2000 metr torpaqla kəndli ailəsini necə dolandırsın? Gürcülərə isə 10 hektarlarla yer verilir. Bütün bunlarda Saakaşvili deyil, yerlərdə olan çinovniklər günahkardır".

Qeyd edim ki, Gürcüstanda prezident seçkiləri zamanı Faxralı kənd sakinləri böyük  aktivlik göstərərək, əksəriyyəti Saakaşvilini dəstəkləyib. Seçkiqabağı təbliğat kampaniyası zamanı Saakaşvili özü bir neçə dəfə bu kəndə gəlib əhaliyə müxtəlif vədlər versə də, hələlik heç birinə əməl etməyib. Prezident seçiləndən sonra Saakaşvili bu kəndlə maraqlanmasa da, əhali ona olan ümidini itirməyib, hər şeyin yaxşıya doğru dəyişəcəyini gözləyir. Danışanlar kənd əhalisinin təzyiqlərdən deyil, sadəcə olaraq maddi vəziyyəti ağır olduğuna görə ailəsini dolandıra bilməməsi səbəbindən köçdüyünü bildirdilər. Məmmədəli müəllim "əgər Faxralı camaatı burdan tərpənsə, bütün Borçalı əhalisi köçəcək" deyə, şair Zəlimxan Yaqubun bu misralarını söylədi:

 

Bu kənd daha mən gördüyüm o kənd deyil,

Nə ocaq var, nə tüstülü baca qalıb.

Oğul-uşaq səpələnib uzaqlara,

Ortalıqda qarı qalıb, qoca qalıb.

 

Yetim evlər qəlbə ağrı, ürəyə yük,

Qıfıllanmış qapıların dərdi böyük.

Gedənlərin çoxu sönük, çoxu dönük,

Qalanların çoxu başıuca qalıb.

 

Uzun müddət kənddə müəllim işləmiş, 80 yaşlı el ağsaqqalı, şair Əli Səngərli həmyerlilərindən fərqli olaraq daha kəskin danışdı:

"Gürcülər hələ 60-cı illərdən biz azərbaycanlılara ögey münasibət bəsləyirlər. Hətta 1962-ci ildə onlar bizə qarşı təşkilat da yaratmışdılar, sonradan qarşısı alındı. Sovet quruluşu dağıldıqdan sonra gürcülər yenə bizə qarşı meydan açıblar. Qonaqsınız - deyib dururlar. Kəndin hektarlarla sahəsinə yiyələniblər, bəzisi nə özü becərir, nə də xalqa verir. Bu, kənd əhalisinə iqtisadi zərbə vurmaqdır. Sovet quruluşu dağılandan sonra vəzifədə olan bir gürcü mənə demişdi ki, biz azərbaycanlıları buradan ermənilər kimi zorla qovmayacağıq, onların çörəklərini alacağıq, onda məcbur olub özləri gedəcəklər. İndi məhz həmin zaman  gəlib. Saakaşvili yollarda dinclik yaradaraq, xalqı polis rejimindən qurtardı. Bu məsələdə hamı ondan çox razı qaldı. Ancaq xalqın vəziyyətini yaxşılaşdırmaq üçün torpaqları yenidən bölmək, qanunları Azərbaycan dilinə tərcümə edib, xalqa çatdırmaq lazımdır. Bilmirəm, Saakaşvilinin bundan xəbəri  var, ya yoxdur, ancaq Bolnisidə bizim xalqa yenə də pis, qərəzli münasibət bəsləyirlər".

 

 

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 5 6 7 ... 16

Sənədin sonuncu korrektə tarixi: 2/4/2006 - 16:26:54
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.010308