|
Azad Qarabağ - 7-ci səhifə
Faxralı sakinləri: Biz
bura gəlmə deyilik,
Borçalı bizim
tarixi vətənimizdir
(ardı)
Kənd sakinlərindən
Almaz Daşdəmirov kimi torpaqsızlıqdan şikayətlənənlər çox oldu: "Gürcülər
torpaqlarımızı alıb özümüzə pulla baha qiymətə satırlar. Suya da pul veririk,
əkinə də. Odur ki, bir şey qazanmaq olmur. Əhali dolanmaq üçün köçüb kənddən
çıxır. Mənim cəmi 0,4 ha susuz torpağım var. Onunla 4 uşağımı necə saxlayım?
Gürcülər bizi mədəni şəkildə deportasiya edirlər".
Kəndin digər əsas problemi dil məsələsidir. Kənd əhalisinin demək
olar ki, 99 faizi gürcü dilini bilmir və təbii ki, gürcü dilini bilməyən kəs
Gürcüstanda vəzifədə işləyə bilməz. Azərbaycanlıların vəzifələrdə
çalışmamasının, eləcə də bir çox başqa problemlərin səbəbini bəziləri, əsasən
məktəb direktoru, kənd idarə heyətinin sədri, eləcə də bir neçə ziyalı dil
bilməməkdə görsə də, şair Əli Səngərli kimi bunu yalançı səbəb
adlandıranlar da var: "Dil bilməmək yalançı səbəb, sadəcə olaraq bəhanədir. Əgər
bizim kənddə gürcü dilini yaxşı bilən yoxdursa, Marneulidə, eləcə də digər şəhər
və rayonlarda dil bilən ziyalılarımız çoxdur".
Kənddə gürcü dilini bilən olmasa da, onu öyrənməyə böyük maraq
var. Hətta yaşlı adamlar belə imkan olsa gürcü dilini öyrənmək arzusunda
olduqlarını bildirdilər. Söylədiklərinə görə, dil bilməməyin günahı daha çox
onlarda yox, əlaqədar təşkilatlardadır. Gürcülər gürcü dilini tez bir zamanda
öyrənməyi azərbaycanlıların qarşısında tələb kimi qoysalar da, bunun qayğısına
qalmırlar. 2 saylı orta məktəbin direktoru Söhbəddin müəllimin, digər
ziyalılardan - Səyyad müəllimin, Məmmədəli müəllimin dediklərinə görə,
məktəblərdə gürcü dili dərsi çox aşağı səviyyədə keçirilir, ixtisaslı kadrlar
yoxdur. Gürcülər dil öyrənmək üçün müəyyən danışıq kitabçaları, broşürlər çap
etsələr də, onların söylədiyinə görə bu kifayət deyil. Bunun üçün kəndin bir
neçə yerində pulsuz kurslar açılmalı, həmin kurslarda, eləcə də məktəblərdə
xüsusi ixtisaslı, savadlı müəllimlər dərs deməlidir. O zaman kənd əhalisinin
əksəriyyəti gürcü dilini öyrənər.
Məktəb direktoru Söhbəddin Məmmədov təhsildə elə bir
problemin olmadığını, məktəbin əsas probleminin şagirdlərin gün-gündən azalması
və təmir məsələsi olduğunu dilə gətirdi: "Gürcüstan azərbaycanlılarının
birinci problemi işsizlikdir. Ancaq bu problem elə gürcülərin özünə də aiddir.
Dolana bilməyən adamlar ya Azərbaycana, ya da keçmiş SSRİ dövlətlərinə üz tutub
gedirlər. Məktəbdə şagirdlərin sayı gün-gündən azalır. Vaxt var idi bu məktəbdə
400-dən yuxarı şagird təhsil alırdı, indi isə 268 uşaq var. 1 saylı orta
məktəbdə 800, hətta 1000, 1000-dən yuxarı şagirdin təhsil aldığı vaxtlar olub.
İndi isə heç 600 şagird yoxdur. Natamam orta məktəbdə şagirdlərin sayı daha
azdır. Əgər bunun qarşısı alınmazsa, axın davam edəcək. Azərbaycanda gərək
buradan gedən uşaqları məktəbə qəbul etməsinlər, bəlkə bu yolla axının qarşısını
az da olsa almaq mümkün oldu.
Məktəbin ikinci əsas problemi təmir məsələsidir. Bu bina təxminən
1985-ci ildə tikilib və o vaxtdan indiyə qədər bir dəfə də olsun əsaslı təmir
işləri aparılmayıb. Direktor işlədiyim iki il ərzində rayon təhsil şöbəsinə iki
dəfə ərizə yazıb rəsmi müraciət etmişəm. Vəd veriblər, ancaq əməl etməyiblər.
Avadanlıq sarıdan elə bir problemimiz olmasa da, əyani dərs vəsaitlərimiz azdır.
Kəndin o biri məktəbləri də elə bu vəziyyətdədir. Təbii ki, bu problemlər gürcü
məktəblərində yoxdur. Ancaq onu da qeyd edim ki, rayon təhsil şöbəsində heç bir
ögey münasibətlə qarşılaşmırıq. Əksinə, gürcü dilini bilmədiyimizə görə bizə
kömək edirlər. Gürcü dilini öyrənmək bizim üçün vacibdir. Dili bilsək,
problemlərimizin hamısını olmasa da, müəyyən qismini həll edə bilərik. Ancaq
bunun üçün məktəbdə savadlı, ixtisaslı müəllimlər çalışmalı, kurslar
açılmalıdır".
Kəndin hörmətli ziyalılarından olan, 1 saylı orta məktəbin
ədəbiyyat müəllimi Səyyad Allahverdiyev yuxarıda sadaladığımız problemlərlə
yanaşı, kəndin digər problemlərindən də söz açdı: "Kəndin ən ağrılı
problemlərindən biri də mədəniyyət evinin olmamasıdır. Bizim heç məscidimiz də
yoxdur. Belə çıxır ki, nə dinimiz var, nə mədəniyyətimiz. Kəndimizdə heç bir
abadlıq işləri görülmür. Məktəbdə də problemlər yox deyil və bu problemlərin
müəyyən obyektiv və subyektiv səbəbləri var. Belə bir şey deyirlər ki, yeni
təhsil layihəsinə əsasən, 2007-ci ildən məktəblərdə Gürcüstan tarixi və
coğrafiyası gürcü dilində tədris olunacaq. Bu isə bizim müəllimlərin hüququnu
tapdalamaqdır. Gürcü dilini bilmək bir vətəndaş kimi bizim üçün vacib olsa da,
bunun üçün zaman və şərait lazımdır. Valideynlərin uşaqlarını götürüb kəndi
tərk etməsi üzündən məktəbdə uşaqların sayı çox azalıb. Bu həm də müəllimlərin
işsiz qalmasına səbəb olur. Ancaq mən gedənləri qınamıram, çünki ailə başçısı
əgər ailəsini burada dolandıra bilmirsə, bəs nə etməlidir?! Məktəbdə olan
avadanlıq şagirdlərin yaş səviyyəsinə uyğun deyil. XI sinif şagirdi I sinif
partasında oturur. Saakaşvilinin təqaüdü və müəllimlərin maaşını artırması
təqdirəlayiq haldır, ancaq ölkədə inflyasiya o həddə çatıb ki, maaşımız yenə də
ailəmizi dolandırmaq üçün kifayət etmir".
Səyyad müəllimin fikrincə, son vaxtlar artan qətl
(azərbaycanlıların) hadisələrinə, eləcə də azərbaycanlıların üzləşdiyi bir çox
digər problemlərə milli don geydirmək düzgün deyil. Və bu problemlərin kökündə
Borçalı azərbaycanlılarının siyasi savadsızlığı ilə yanaşı, həm də Azərbaycan
dövlətinin biganəliyi dayanır: "İndi Gürcüstanda biz azərbaycanlılara qarşı
Qamsaxurdiyanın zamanında olan təzyiqlər yoxdur. Bizi buradan heç kəs zorla
qovmur, sadəcə olaraq, dolana bilmədiyimiz üçün özümüz çıxıb gedirik. Gürcüstan
azərbaycanlılarının faciələrində burada yaşayan ermənilərin rolu böyükdür.
Bizimlə gürcü dilində danışan kəsin gürcü və ya erməni olduğunu ayırd edə
bilmirik. Ona görə də, üzləşdiyimiz kobud rəftarı gürcülərin ayağına yazırıq.
Ancaq mən inanıram ki, bizimlə kobud rəftar edən gürcülərin çoxu soyadını
dəyişib gürcüləşmiş ermənilərdir. Onu da qeyd edim ki, gürcülər əgər bizi
buradan qovsalar, bu onların öz faciəsi olacaq. Çünki biz azərbaycanlılar
Borçalını tərk etsək, Gürcüstanda çoxluq təşkil edən erməniəsilli gürcülər
erməniləşib Borçalını alacaqlar, necə ki, indi Cavaxetiyanı almaq istəyirlər.
Bizim burada müəyyən mənada hüquqlarımız pozulsa da, hər şeyə, eləcə də baş
verən qətl hadisələrinə milli məsələ kimi baxmaq düzgün deyil. Qətl
hadisələrində, eləcə də təhsil problemlərində heç bir qərəz görmürəm. Mən bütün
bu problemlərimizin günahını təşkilatlanmamağımızda və siyasi savadsızlığımızda
görürəm. Düzdür, hüquqlarımız pozulanda səsimizi çıxartmalıyıq, ancaq milli
mənsubiyyətimizi qorumaq üçün sivil yolla mübarizə aparmalıyıq. Konstitusiyanı
bilmədiyimizdən, qanuni yolla mübarizə aparmağı da bilmirik. Təşkilatlanmağımıza
da özümüz mane oluruq. Gürcüstan azərbaycanlılarının mənafeyini müdafiə edən
yeganə təşkilat "Qeyrət" xalq hərəkatıdır ki, biz onun ətrafında toplaşa
bilmirik. "Yuxarı"dan müəyyən təşkilatlar yaradılır ki, bu da bizim "Qeyrət"in
ətrafında birləşməyimizə mane olur. "Yuxarı"dan məqsədli şəkildə qurulan
təşkilat isə heç vaxt xalqın mənafeyini müdafiə edə bilməz. Məni ən çox ağrıdan
Azərbaycan dövlətinin biganəliyi, onun, Gürcüstan azərbaycanlılarının
problemlərini ölkənin daxili işi adlandırmasıdır. Necə olur ki, Avropa ölkələri
Gürcüstandakı azsaylı xalqların müdafiəsinə qalxır, amma Azərbaycan hakimiyyəti
bu xalqın müdafiəsinə qalxmır. Bu çox acınacaqlıdır. Yaxınlarda mən "Gürcüstan"
qəzetindən belə bir şey oxudum. Orada belə sual qoyulmuşdu: Gürcüstanda yaşayan
azsaylı xalqlar (bu bütün qeyri-gürcülərə aid idi) burada yaşayıb gürcü dilini
öyrənsinlər, yoxsa öz tarixi vətənlərinə getsinlər? Mətbuatda belə bir sualın
qoyuluşu düzgün deyil. Buna Azərbaycan hakimiyyəti rəsmi münasibət bildirməli
idi. Başqa bir tərəfdən, bizi rus və ermənilərlə müqayisə etmək olmaz. Çünki biz
bura gəlmə deyilik, bizim tarixi vətənimiz buradır".
Səyyad müəllimin fikrincə, ermənilər həm gürcüləşdiyinə, həm də
xristian olduqlarına görə azərbaycanlıların üzləşdikləri problemlərlə
üzləşmirlər.
Kənd idarə heyətinin sədri Qara Gülməmmədov əvvəlki illərə
nisbətən kənddə müəyyən yaxşı dəyişikliklərin olduğundan söz açdı: "Mən il
yarımdır ki, işləyirəm. Bu il yarım müddətində hələ bir nəfər kənd sakininin
evini qeyri-qanuni yoxlamayıblar, gürcülər tərəfindən kiməsə böhtan atılmayıb.
Milis-polis tərəfindən heç bir təzyiq yoxdur. Kəndin əsas problemlərindən biri
də su problemi idi ki, artıq həll olunub. Su nasosları işləmirdi, dövlət
büdcəsindən pul ayırıb təmir etdirdilər. İşıq problemi müəyyən qədər həll
olunub. Yəni bu problemin həlli tam özümüzdən asılıdır, əgər işıq pulunu
vaxtlı-vaxtında ödəyəriksə, bu problem olmaz. Kəndin yollarını təmir etməyə söz
veriblər, artıq kənddə uçub-dağılmış bir neçə körpü təmir olunub. Bizim ən
çatışmayan cəhətimiz gürcü dilini bilməməyimizdir. Dil məsələsi düzəlsə müəyyən
problemlərimizi özümüz həll edərik, daha başqasına ehtiyacımız olmaz".
Kənd sakinlərinin söylədiklərinə görə, Ermənistan hadisələri
Borçalıda təkrar oluna bilməz. Çünki əvvəla, gürcü xalqı ilə Azərbaycan xalqı
tarixən dostdurlar və yenə də dost olaraq qalırlar. Bu problemlər isə
erməniəsilli gürcülər tərəfindən süni şəkildə yaradılan problemlərdir. İkinci
tərəfdən, borçalılar torpağa bağlı zəhmətsevər xalqdır. Onlar heç vaxt tamamilə
Borçalıdan köçmək fikrinə düşməzlər. Gedənlər əsasən, təhsil dalınca gedib, geri
qayıtmayanlar və maddi vəziyyəti ağır olduğundan dolana bilməyən şəxslərdir.
Axının qarşısını almaq üçün isə kənddə müəyyən iş yerləri açılmalı, fabriklər
tikilməlidir.
Bunun qayğısına qalmaq isə daha çox o torpaqdan çıxıb
Azərbaycanda və başqa yerlərdə yaşayan imkanlı şəxslərin və müəyyən qədər
Azərbaycan hakimiyyətinin üzərinə düşür. Məmmədəli müəllim: "Ermənistan
hadisələrinin burada təkrar olunmaması üçün Azərbaycan hakimiyyəti bunun
qayğısına qalmalıdır. Azərbaycan dövlətindən xahiş edirik ki, bir gözü daim
bizim üstümüzdə olsun. O qədər şeyləri Bakıda tikməkdənsə, gəlib burada
tiksinlər, burada işçi qüvvəsi çoxdur".
Faxralı kənd
sakinlərinin bir problemi də ölkədə baş verən ictimai-siyasi proseslərdən
vaxtında xəbər tutmamaları, yəni informasiyasız qalmalarıdır. Onlar gürcü dilini
bilmədiklərindən Gürcüstanda baş verənləri də Azərbaycan televiziyasından
öyrənirlər. Azərbaycan dilində çıxan "Gürcüstan" və "Maarif" qəzetlərini ala
bilmirlər.
Bir sözlə, Gürcüstan azərbaycanlıları Gürcüstanda yaşasalar da,
ümid və pənahları ancaq və ancaq Azərbaycandır. Onlar haqlı olaraq
problemlərinin həllində Azərbaycandan böyük dəstək gözləyirlər. Necə deyərlər,
"uman yerdən küsərlər". Onu da qeyd edim ki, Qarabağ probleminin həllinin bu
qədər uzanması onları da çox narahat edir. Gürcüstan azərbaycanlılarının
dediklərinə görə, bu problemin həllini Azərbaycanda yaşayan azərbaycanlılardan
daha çox istəyirlər. Çünki nəhayət bu problem həll olunsa, Azərbaycan dövləti
onlara da diqqət yetirməyə vaxt tapar.
Nüşabə Səməndər
|