Bu gün: 20 İyul 2008, Bazar

 

 
 
 

 

Azad Qarabağ - 10-cu səhifə

 "Müharibə etməyə bizim kifayət qədər maddi imkanımız var"

 Qarabağ probleminin indiyə qədər öz həllini tapmaması, uzun sürən atəşkəs rejimi Azərbaycan ictimaiyyəti arasında gərginlik yaratmaqdadır. 12 ildir atəşkəs  rejimində yaşasaq da, tez-tez ermənilər tərəfindən qanunsuz olaraq atəşkəsin pozulması, nəticədə əsgərlərimizi itirməyimiz xalqın onsuz da gərgin olan əsəblərini daha da tarıma çəkib. Bu məsələ Azərbaycan ziyalılarını hədsiz narahat edərək, onları Qarabağ probleminin həlli yollarını düşünməyə, özlüklərində müəyyən planlar "cızmağa" vadar edir. Ancaq çifayda, onlar cızdıqları planı həyata keçirə bilmir, 3-5 nəfər həmkarları ilə bölüşməyə, ya da uzaq başı hər hansı  qəzet səhifəsində ürəklərini "boşaltmağa" məcbur olurlar.

 Hörmətli ziyalılarımızdan olan Azərbaycan Neft Akademiyasının professoru, QAT Ağsaqqallar Şurasının üzvü Əhəd İbrahimov redaksiyamıza təşrif gətirərək, Qarabağ problemi barədə öz fikir və düşüncələrini bizimlə bölüşdü. Əhəd müəllim şuşalı olduğuna görə, bu məsələ onu daha çox ağrıdır və o danışdıqca keçirdiyi hissləri biruzə verir, həyəcanlanırdı. Həqiqətən də şuşalı olub, Şuşada boya-başa çatan, Cıdır düzündə gəzib, İsa bulağından su içən adam üçün Şuşaya kənardan baxmaqdan, Şuşa kimi bir cənnətdə mənfur ermənilərin yaşadığını görməkdən ağır əzab, böyük dərd ola bilməz. Mənim kimi Qarabağı televiziyadan seyr edən, Şuşanı Pənah xanın necə qurub-yaratdığını, onun ecazkar gözəlliyini kitablardan oxuyan adamlar üçün şuşasızlıq belə çətin və ağrılıdırsa, şuşalılar üçün bu dərdin nə qədər dözülməz olduğunu təsəvvür edirəm. Odur ki, 80 yaşlı Əhəd müəllimi başa düşməyə  çalışaraq, onun söylədiklərini siz oxucuların da nəzərinə çatdırıram.

Əhəd müəllim tarix boyu təkrarlanan erməni-müsəlman münaqişəsindən, Qarabağ probleminin yaranma səbəblərindən, bu problemin yaranmasında Qorbaçovun nə dərəcədə günahkar olmasından danışaraq, sözü acı bağırsaq kimi  uzanan atəşkəsin üstünə  gətirdi: "Atəşkəsin bu qədər uzanması Heydər Əliyev siyasətinin nəticəsidir. Atəşkəsin ömrü ya 1 ay olar, ya 3 ay,  maksimum 6 ay. Onu bu qədər uzatmaq ancaq ermənilərə şərait yaratmaqdır".

Əhəd müəllimin fikrincə, əvvəla Qarabağ probleminin həlli sülh yolu ilə mümkün deyil, ikincisi də bu məsələni sülhlə həll etmək Azərbaycan xalqı və dövləti üçün qeyri-məqbuldur. Çünki ermənilərin bizə vurduğu  maddi-mənəvi ziyanı onlara bağışlayıb, güzəştə getmək olmaz: "Birincisi, Qarabağ probleminin sülh yolu ilə həlli mümkün deyil. İkincisi, ermənilərə güzəştə gedib sülhlə bu məsələni həll etmək Azərbaycan xalqı üçün qəbuledilməzdir. Çünki ermənilər bizə yüz milyard dollarlarla ziyan vurub, dəfələrlə soyqırım törədiblər. Ən əsası isə, onlar bizim namus-qeyrətimizə toxunaraq, Azərbaycan xalqının üzünə qara ləkə vurublar. Bunu heç bir pulla yumaq olmaz. Biz nəhayət müharibəyə başlayıb, bu qara ləkəni üzümüzdən silməliyik. Ermənilər deyir ki, bir neçə rayonu sizə güzəştə gedərik, amma Qarabağdan əl çəkin. Həyasızlığın dərəcəsinə bax ki, öz torpaqlarımızı özümüzə "güzəştə gedirlər". Bunu necə bağışlamaq olar?!"

Əhəd müəllim bir qədər də tarixi vərəqləyərək, ermənilərin Qarabağa hansı məqsədlə gətirilməsindən danışdı: "Qədim tarixdən bilirik ki, Zaqafqaziyada bir erməni kəndi olmayıb, Qarabağda erməni yaşamayıb. Bizi təzyiq altında saxlamaq, azərbaycanlıları xristianlaşdırmaq və azəri türkləri ilə Anadolu türkləri arasında münaqişə yaratmaq məqsədilə erməniləri sonradan bura köçürüblər. Azərbaycan Respublikası yarandıqda onun sahəsi olub 114 min kv. km, Ermənistanın sahəsi  isə cəmi 9 min kv km olub. Onlar son 100 il ərzində dəfələrlə bizim torpaqlarımızı mənimsəyərək, sahələrini xeyli artırıblar".

Professorun sözlərinə görə, Müdafiə Komitəsi yaranmalı və bu Komitədə xalqın  qeyrətli oğulları toplanaraq, prezidentin ətrafında - vahid cəbhədə birləşməlidirlər: "Müdafiə Komitəsində xalqın ən qeyrətli  oğulları toplanaraq prezidentin ətrafında birləşməlidirlər. Biz hərbi texnika alıb, yeni diviziyalar, hissələr yaratmalıyıq. Əgər müharibə etsək, könüllü bir milyon adam toplanar. Neft  Akademiyasında dərs deyirəm, bilirəm ki, müharibə olsa, tələbələrim hamısı dərsi yarımçıq qoyub gedəsidir. Elə mən özüm də onlardan geri qalmaram, bu yaşda gedib müharibədə topçu ola bilərəm. Həm də bu məsələdə iqtidar, müxalifət yoxdur, hamının fikri üst-üstə düşür. Onu da deyim ki, müharibə etməyə bizim kifayət qədər maddi imkanımız var. Mən neftçiyəm, bilirəm ki, bizim bircə günlük neft gəlirimizin hesabına 500 tank almaq olar. Azərbaycanda bir gündə bir milyon barel neft çıxardılır. Barelin dünya bazarında qiyməti 60-70 ABŞ dolları arasındadır. Burada isə bir barel bizə 2-2,5 dollara başa gəlir. Bu qədər gəliri olan ölkə, iqtisadiyyatı olmayan, kasıb Ermənistanın qarşısında aciz qalar? - Heç vaxt. Bizim müharibə etmək üçün lazımi əsaslarımız da var.

Birincisi, hüquqi baxımdan bütün hüquq normaları bizim tərəfimizdədir. Çünki biz ermənilərə hücum etmirik, torpaqlarımızı azad edirik.

İkincisi, BMT-nin 4 qətnaməsi var. O qətnamələr də bizim xeyrimizədir.

Üçüncüsü, Avropa Şurasının qərarı var. Onlar erməniləri işğalçı, Dağlıq Qarabağı separatçı adlandırıblar.

Beynəlxalq təşkilatlar heç vaxt bizim müharibə etməyimizi istəməyəcəklər, çünki böyük dövlətlərin - Amerikanın, İngiltərənin ölkəmizdə, neftimizdə maraqları var. Ona görə də müharibəni biz özümüz başlamalıyıq".

Əhəd müəllim hətta müharibəni hansı yollarla aparmağı, ermənilərin nəfəsini necə kəsməyi də düşünüb: "Qarabağ dağlıq zona olduğundan, biz partizan müharibəsinə geniş yer verməliyik. Ermənistanın müharibə etmək üçün nə yanacağı var, nə gücü. Strateji vəziyyəti çətindir. Biz partizan hərəkatı ilə  o tərəfdən Şuşa -Laçın, bu tərəfdən Kəlbəcər yolunu bağlasaq, erməni Dağlıq Qarabağla əlaqəsini tamam itirir. O halda bizim əl erməniləri heç bir həftə də davam gətirə bilməzlər".

 Nüşabə Səməndər


Sorğu

Amerika İranı bombalayan zaman, Azərbaycan da Ermənistanı bombalasın

 Bu həftə Bakı sakinlərinin ABŞ-İran qarşıdurması barədə fikirlərini öyrəndik, onlar görək Azərbaycanın hansı yolu tutmasını istəyirlər.

 1. Azər Əliyev - tələbə

- Əlbəttə, istəməzdik qardaş İran müharibə meydanına çevrilsin. O ki qaldı Azərbaycana, həmişə olduğu kimi, balanslaşdırılmış siyasət aparılmalıdır.

2.Anar Həsənov - işsiz

- İranda müharibə olmasını  istəməzdik. Çünki bu müharibədən Azərbaycan da zərər çəkəcək. Verilən proqnozlara görə, müharibə baş verəcək.  Nə deyim,  bizim öz problemimiz var - Qarabağ problemi. Öz problemimizdən danışsaq və onun həll yollarını axtarsaq, daha yaxşı olar.

3.Akif Əhmədli - tarixçi

- Əgər bu müharibə baş verərsə, bu regionda böyük fəlakətlərə səbəb ola bilər.  Ona görə, istəməzdim ki, İslam ölkəsi olan İran dağıdılsın. Azərbaycan hakimiyyəti isə 30 milyonluq  Azərbaycan türkünün qayğısına qalmalıdır.

4.Orxan Səfərov - usta

- Əvvəllər istəməzdim ki, Amerika İranı bombalasın. Ancaq İran səfirinin son çıxışlarından sonra başa düşdüm ki, İranın bizə xeyrindən çox ziyanı var.

5. Təbriz Məmmədli - tələbə

- Məncə, müharibə olacaq. Bu müharibənin Ermənistana ziyanı, Azərbaycana isə xeyri var. Güney və Quzey Azərbaycanın birləşməsi üçün yaxşı şans var. Hər iki tərəf bu situasiyadan istifadə etməlidir.  Heç olmasa, güneyli soydaşlarımız muxtariyyat əldə edə bilər.

6. Əminə Soltanova - tələbə

- Müharibə olmasını  arzulamazdım.  Heç olmasa sanksiya tətbiq etməklə, İranı yola gətirmək olar. Müharibə olsa, cənublu qardaşlarımız çox əziyyət çəkəcək.

7.Telman Aslanbəyli - tarixçi

- Belə səfiri olan bir məmləkəti bombalamaq lazımdır.  Amma 30 milyonluq soydaşlarımızın ziyan çəkməsindən ehtiyat edirəm.  Azərbaycan dövləti cənublu qardaşlarımıza həmişə dəstək olmalıdır.

8. Şəfəq Əhmədova - müəllimə

- İran İslam ölkəsidir, həm də Azərbaycanın qonşu dövlətidir. Ona görə də istəməzdim ki, müharibə baş versin. Amerika işğalçılıq siyasətinə son qoymalıdır. Bu işlərə isə Azərbaycan tərəfinin qarışması düzgün deyil.

9. İlhamə Bəşirova - işsiz

- Düzünü desəm, mənə Qarabağ probleminin tezliklə həll olunması daha çox maraqlıdır.  Azərbaycan dövləti Amerikanın qarşısına belə bir şərt qoysun ki, mən səni dəstəkləyirəm, ancaq Qarabağı geri qaytarmağa köməklik et.

10. Ceyhun Əliyev - tələbə

- Azərbaycan dövləti bu münaqişə olacağı təqdirdə, cənublu soydaşlarımıza dayaq olmalıdır. İnşallah, prezidentimiz bu məsələdə onlara yardımçı olar.

11. Təranə Ağayeva - müəllimə

- Mən Amerikanın siyasətini heç cür başa düşmürəm. Müsəlman ölkələrindən nə istədiyini də başa düşmürəm. Bu məsələdə isə Azərbaycan dövləti Amerikaya heç bir dəstək verməməlidir.

12. Murad Atakişiyev - tələbə

-Mən təklif edirəm ki,  Amerika İranı bombalayan zaman, Azərbaycan da Ermənistanı bombalasın. Məncə, dövlətimiz bu haqda yaxşı düşünməlidir.

Hazırladı: Vüsal


Təranə Məmmədovanın Azərbaycan Respublikasının
prezidenti İlham Əliyevə açıq məktubu

 Qarabağ partizanlarından birinin, ömürlük həbs cəzası almış Məmməd Məmmədovun anası prezidentə açıq məktubla belə müraciət etmişdir:
        Cənab prezident!
Sizə bir ana kimi müraciət edirəm. Mən tənha anayam. Yeganə oğlum Məmməd Əli oğlu Məmmədov 2003-cü ilin avqust ayında MTN-in əməkdaşları tərəfindən həbs olunub. Oğlum "Qarabağ partizanları" deyilən dəstənin içində olub və yaşca onların ən kiçiyidir. Ancaq oğlumu qanunsuz olaraq o dəstədən ayırıb, ona qapalı məhkəmə keçirərək, ömürlük həbs cəzasına məhkum ediblər. Mənim oğlum heç kimi öldürməyib. Bununla əlaqədar olaraq dəfələrlə sizə məktub və teleqramla müraciət etmişəm. Mart ayının 22-dən aprelin 1-ə qədər hər gün sizə teleqram göndərmişəm, ancaq heç bir cavab almamışam.
        Hörmətli prezident!
Xahiş edirəm, oğlumun və mənim vəziyyətimi başa düşəsiniz və öz humanistliyinizi göstərəsiniz. Həyat yoldaşımı tez itirdiyimə görə, oğlumu tək böyütmüşəm. Ailədə mənə baxası ikinci adam yoxdur. Xahiş edirəm, oğlumu əfv edəsiniz, çünki bunu ancaq siz edə bilərsiniz.

Qabaqcadan sizə bir Azərbaycan qadını və vətənpərvər oğul anası kimi öz minnətdarlığımı bildirirəm.

Ömürlük həbs cəzasına məhkum olunmuş Məmməd Məmmədovun anası Təranə Məmmədova 

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 9 10 11 ... 16

Sənədin sonuncu korrektə tarixi: 14/4/2006 - 13:0:19
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.014322