Bu gün: 20 İyul 2008, Bazar

 

 
 
 

 

Azad Qarabağ - 11-ci səhifə

"Mən Ağdamı şəkillərdə görmüşəm"

 Bərdə rayonunda yaşayan məcburi köçkünlərin vəziyyəti daha ağır və dözülməzdir. Onlar çiy kərpicdən tikdikləri daxmalarda 10 ildən artıqdır ki, yaşayırlar. Yolüstü palçıqdan kərpic kəsən insanlarla söhbətləşdik. Onlar dedilər ki, iş yeri olmadığına görə kərpic kəsib satırıq. Ailəmizi bununla dolandırırıq. Hazırda heç bir yardım almırıq. Kərpicin hər birini 700 manata satırıq. Onlardan ayrılıb bir az getmişdik ki, qarşımıza çadır şəhərciyi çıxdı. Dözülməz şəraitdə yaşayan həmvətənlərimizi görmək necə də ağır idi. Hakimiyyətə utanc gətirən səhnədir. Gərək, ölkə prezidenti Qarabağ bölgəsinə səfər edəndə rayon mərkəzinə yox, çadır şəhərciyinə baş çəkəydi. Regionlarımız doğrudanmı sürətlə inkişaf edir?

 Sonra "vaqon şəhərciyi" deyilən Bərdə vağzalına gəldik. Bildirdilər ki, vağzal İlham Əliyevin buraya səfərindən az əvvəl təmir olunub. Burada yaşayan məcburi köçkünlərlə görüşüb söhbətləşdik. Onlar dərdlərini bizimlə bölüşdülər. Ulduzə Yelmar qızı Əliyeva giley-güzarla söhbətə başladı:

-Bizə deyirlər ki, sizi yeni evlərə  köçürəcəyik. Amma bunun nə vaxt baş verəcəyini demirlər. Yeni tikilən evlər cəbhə xəttinə çox yaxındır. Mənim iki qızım, bir nəvəm var. Yoldaşım və oğlum yoxdur. Sabah müharibə başlayarsa, biz necə olacağıq? Bizə çatacaq yardımı nümayəndələr oğurlayırlar. 40 litr əvəzinə 35 litr neft alırıq. Qış vaxtı odun üzünə həsrətik. Soyuq havada nə ilə qızınacağımızı bilmirik. Mən xadimə işləyirəm. 160 min manat maaş alıram. Bu miqdarda pulla yaşamaq heç cür mümkün deyil.

Səbinə Yusifova söhbətə qoşularaq dedi:

-Prezident bura qatarla gəldi. Onun qatarı ilə bizim qatarın arasına qatar düzdülər. Qorxdular ki, çıxıb şikayət edərik. 300-dən çox polisi yığdılar bizim tərəfə, qoymadılar prezidentlə söhbət edib dərdimizi ona bildirək.  Etiraz edəndə, dedilər ki, İlham Əliyev sizin burada - vaqonda yaşamağınızı bilmir. Belə yaşamaqdansa ölmək yaxşıdır. Əhd etmişəm, Ağdam alınsa, Bərdədən Ağdama ayağı yalın gedəcəyəm.

Başqa bir  vaqona keçmək istədik. Sən demə, hələ Ulduzənin ürəyində sözlər var imiş:

-Bir həftəlik nəvəm dünyaya gəlib. O da xəstədir. Pulum yoxdur ki, uşağı müalicə edim. Bizimlə heç kim maraqlanmır - nə millət vəkillərimiz, nə də bu hakimiyyət. Hərdən Bərdənin icra nümayəndələri bizə baş çəkirlər. Bu on ildə buraya heç həkim də gəlməyib. Arzumuz torpaqlarımızın geri alınmasıdır. Biz öz dədə-baba yurdlarımıza qayıtmaq istəyirik.

Vaqon evinin qarşısında əyləşib, vaqona tamaşa edən yaşlı bir kişi diqqətimizi cəlb etdi. Tanış olduq. Camal Cəmil oğlu, Qarabağ müharibəsi veteranıdır. O, həyat yoldaşı və bir qızı ilə bu vaqonda yaşayır. Özü də, həyat yoldaşı da 120 min manat təqaüd alır. Camal kişi dedi ki, oduna 800 min manat pul vermişəm, o da bütün qışa çatmadı. Yenidən 80 min manat verib bir qucaq odun almışam. Dəmir vaqonu soyuq havada qızdırmaq olmur. Qışda soyuqdan, yayda isə istidən əziyyət çəkirik. Heç kəs bizim vəziyyətimizlə maraqlanmır. Qiymətlər qalxandan sonra aldığımız yardımlar da kəsilib.  Belə yaşamaqdansa, Ağdamda ölsəydim, bundan qat-qat yaxşı idi. Elə ən böyük arzum da Ağdamda ölməkdir. Çox ailələri köçürüblər, indi burada 85 ailə qalıb.

Hərdən ANS telekanalı gəlib bizə baş çəkir. Qışın ilk ayında Qaçqınkoma getdim. Dedim ki, odun axtarıram. Məsləhət verdilər ki, neyləyirsən odunu. Onsuz da sizi köçürəcəyik.  Qış qurtarır, hələ də köçməkdən bir xəbər yoxdur. İndi də may ayında köçürəcəklərindən danışırlar. Hara köçürəcəklərini isə bilmirik. Qışda vaqonlarda donub, yayda istidən bişməkdənsə, Qarabağ uğrunda  vuruşlarda ölmək daha şərəflidir. O qədər problemimiz var ki, saymaqla qurtarmaz.  Nə isə, sülhlə torpaq alınmaz. Çıxış yolu yalnız və yalnız müharibə etməkdir.

Meşəçilik Institutunun ərazisində sığınacaq tapmış məcburi köçkünlərə də baş çəkdik. Onlar çiy kərpicdən tikdikləri evdə yaşayırlar. Bir evə yaxınlaşdıq. Ailənin başçısı döyüşçü olub Sədrəddin Məmmədov. Dolanışıqları ilə maraqlandıq.

-Necə olacaq, - dedi - işsiz qalmışıq. Yardımla yaşayırıq. Yardım verəndə də  qarışıqlıq edirlər ki, insanlar küssünlər. Axırda onlar da yardımdan imtina etsinlər, hamısı özlərinə qalsın. Bir döyüşçü kimi vəziyyətdən çıxış yolunu müharibədə görürəm. Səsimizi eşidən yoxdur. Vəzifə başında oturanlar hərəsi öz kefindədir. Qaçqın onların nəyinə gərəkdir. Vallah, belə yaşamaqdansa ölmək daha yaxşıdır. Televizordan bilmişik ki, Qarabağ partizanlarını həbs ediblər. İkinci dünya müharibəsində sovet hökuməti  partizanların köməyi ilə almanlara qalib gəldi. Bizim hökumət də partizanlara kömək etməli idi. Bunun əvəzində isə onları həbs ediblər. Müxtəlif qurumlar vasitəsi ilə Bakıya, Azərbaycanın bir qarış torpağına belə erməni ayağı  dəyməməlidir. Bu hərəkətlərə son qoyulmalıdır. Mən belə hesab edirəm ki, torpaqlarımızı işğal edən terrorçu erməni dığaları gəlib Bakının mərkəzində oturmamalıdırlar.

Sədrəddin bəy Meşəçilik Institutunun yaxınlığında yerləşən hərbi hissənin rəhbərliyindən də şikayət etdi. Hərbçilər tərəfindən yeni qoyulan post qaçqınların  maşınla hərəkətinə mane olur. Soruşanda ki, bu nə postdur? Cavab verirlər ki, hara istəyirsiniz gedin şikayət edin.

Çadır şəhərciyində, vaqonlarda vəziyyət olduqca ağırdır. Uşaqlar soyuq məktəblərdə dərs keçirlər. Adını öyrənə bilmədiyimiz bir şagird bildirdi ki, sinifdə odun peçi yandırırlar. Odunu isə uşaqlar evlərindən gətirirlər.

Soruşanda ki, Ağdama qayıtmaq istəyərdin? Cavabında uşaq başını yerə dikərək dilləndi: Bu sualı bizə 1-ci sinifdə oxuyanda verirdilər. İndi isə 8-ci sinifdə oxuyuram. Əlbəttə, qayıtmaq istəyirik. Mən Ağdamı şəkillərdə görmüşəm. Müharibə edib, erməni dığalarını öldürüb, doğma torpaqlarımıza qayıdacağıq.

İnşallah. Acı da olsa, deməliyik ki, vaqonlarda yaşayanlar da azərbaycanlılardır, Bakıda ucu-bucağı görünməyən “göydələn”lərdə yaşayanlar da...

 Vüsal Lənbəranlı
Bərdə

geri yuxarı irəli çap_etmək... email_kimi_göndərmək... 1 ... 10 11 12 ... 16

Sənədin sonuncu korrektə tarixi: 14/4/2006 - 13:2:9
Bütün materiallar Azad Qarabağ WEB saytına məxsusdur və istinad vacibdir.

Powered by TusiSoft© 2004, 2007 TSW_3.0.2

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.016126